Abbas Əhməd oğlu Qəhrəmanov 25 avqust 1960-cı ildə İrəvan şəhərində doğulub. Bakının Binəqədi qəsəbəsindəki 30 saylı məktəbi 1977-ci ildə bitirib. Həmin il Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olub.
Rejissor Fikrət Sultanovun kursunu 1981-ci ildə bitirərək təyinatla Akademik Milli Dram Teatrına göndərilib (22 sentyabr 1981). Bir ay sonra hərbi xidmətə çağırılıb və 1983-cü ilin mayında Vətən qarşısında borcunu verərək Bakıya qayıdıb.
Sentyabr ayının 1-də yenidən Akademik teatrın truppasına qəbul edilib. Altı il bu kollektivdə işləyib və 1989-cu ildə istedadlı rejissor Hüseynağa Atakişiyev Dövlət Gənclər Teatrını yaradanda Abbas Qəhrəmanov aprel ayının 1-dən etibarən həmin dəstəyə qoşulub. Burada 1991-ci il avqust ayının 26-na kimi işləyən Abbas Qəhrəmanov kifayət qədər sanballı rollarla öz yaradıcılığını zənginləşdirə bilib.
İstedadı həmişə diqqət mərkəzində olan Abbas Qəhrəmanov 29 oktyabr 1991-ci ildən yenidən Akademik Milli Dram Teatrının aktyor heyətindədir. Arada Rüstəm İbrahimbəyovun “İbrus” antrepriza teatrında bu dramaturqun özünün “Şirə bənzər” dramının tamaşasında Murad rolunu oynayıb.
Hətta həmin tamaşa ilə bir sıra xarici ölkə şəhərlərində qastrol səfərlərində olub. Bununla belə, Abbas Qəhrəmanovun əlvan və kifayət qədər sanballı yaradıcılığının əsas dövrü Akademik teatrla bağlıdır. Aktyorun burada ifa etdiyi rollar janr, üslub və məzmununa, psixoloji ölçülərinə görə çox müxtəlifdir.
Onun oynadığı rolların siyahısını təqdim etməmişdən əvvəl xatırladım ki, aktyor işlədiyi kollektivdə yeni il şənliklərində uşaqlar üçün “Qış nağılı” və “Şıltaq şahzadənin nağılı” tamaşalarını hazırlayıb, bir neçə əsərdə rejissor köməkçisi olub.
Aktyor Azərbaycan Dövlət Televiziyasında hazırlanmış bir sıra teletamaşalarda da oynayıb. Onlardan Andrey Rasputinin “Rudolfio” (Rudolf), Şahin Səfərovun “Nişan üzüyü” (Şahin), İlyas Əfəndiyevin “Mənim günahım” (Xansu), Anton Çexovun “Altıncı palata” (Raqin), Elçin Mehrəliyevin “Yurd yeri” (Üçüncü qardaş), “Dədəm Qorqudun Kitabı” dastanının Dirsə xan oğlu Buğac xanın boyu əsasında “Dirsə oğlu Buğac” (Dirsə xan), Anatoli Dudarevin “Astana” (Draqun), İsi Məlikzadənin “Hədiyyə” (Rasim) əsərlərinin tamaşalarında iştirak edib. Abbas Qəhrəmanov müxtəlif illərdə “Ailə” (Ər), “Vahimə” (Xəstə), “Odla qol-boyun” (Bəy) filmlərinə çəkilib.
Sərkərdə. “Atabəylər”, Nəriman Həsənzadə.
Nəzər. “Sehrli alma”, Yozef Lada.
Mərvan. “Fəryad”, Bəxtiyar Vahabzadə.
Anri. “Səməndər quşu”, Firudin Ağayev. Kiçik səhnədə.
Xəstə və Şair. “Qətl günü”, Yusif Səmədoğlu.
Virtuoz. “Avtobus” (“Çarəsiz sərnişin”), Stanislav Stratiyev.
Mirzağa. “Dadaşbala əməliyyatı”, Rəhman Əlizadə.
Sultanqulu. “Sultanqulu körpüsü”, İsi Məlikzadə.
Neron. “Neron oynayır və ya İblisin komediyaları”, Mikloş Xubai.
Rasim. “Çahargah fantaziyası”, Kərim Kərimov.
ƏIi bəy. “Vaqif”, Səməd Vurğun.
Çinar. “Qarabağ əfsanəsi”, Qeybulla Rəsulov.
Sezar Puf və Aşbaz. “Böyük Romul”, Fridrix Dürrenmatt.
Dönməz və Birinci ərəb. “Od gəlini”, Cəfər Cabbarlı.
Jurnalist. “Şeyx Xiyabani”, İlyas Əfəndiyev.
Nağılçı. “Məlik Məmməd”, nağıl-tamaşa.
Küçə müğənnisi. “Üç quruşluq opera”, Bertolt Brext və Kurt Vayl.
Səməd bəy. “Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə.
Əkbər. “Mənsiz dünya”, Nəbi Xəzri.
Yavər. “Tufandan əvvəl”, Arif Süleymanov.
Prokuror. “Kərgədan buynuzu”, Maqsud İbrahimbəyov.
Qara. “Qızıl teşt”, Seyran Səxavət.
Fransua. “Dəfn edilməmiş ölülər”, Jan Pol Sartr. Kiçik səhnədə.
Oyunbaz. “Qədr gecəsi”, Eldar Baxış.
İlqar. “Əcəb işə düşdük”, Şıxəli Qurbanov.
Edin Kebot. “Qarağaclar altında ehtiraslar”, Yucin ONil.
Dərviş. “Min illərin işığı”, Kamil Abdullayev.
Ər. “Müəmmalı bir qətlin üç versiyası”, Ryunesko Akutaqava. Kiçik səhnədə.
Aparıcı. “Şıltaq şahzadənin nağılı”, nağıl-tamaşa.
Şöklü Məlik. “Burla xatun”, Nəbi Xəzri.
Sahib. “Köhnə ev”, Əli Əmirli.
Andronik. “Hələ “sevirəm” deməmişdilər...”, Ramiz Novruz.