Növhə
Könlüm quşu geyib yenə matəm libasını,
Ağaz edibdi nəğmeyi-möhnətfəzasını.
Gəlmiş fəqanə ney tək ucaldıb nəvasını,
Bərpa qılıb nə növ müsibət əsasını,
Ta bir doyunca saxlaya millət əzasını.
Millət vücudu fani olub, iki göz qalıb,
İslam dini tərk olub, ancaq ki, söz qalıb,
Xaki-vətən həvayə gedib, bəlkə toz qalıb,
Sönmüş təməddün atəşimiz, bircə köz qalıb,
Söndürmək istəyirlər onun ziyasını.
Olduq cəhalətilə əcəb dəstgiri-qəm,
Hər səmtdən bizə yetişir möhnətü ələm.
Tab eylədik nə zillətilə, yetdi hər sitəm,
Məhsub qıldı bizləri əğyari-kələdəm,
İndi rəva bilir bizə hər bir cəfasını.
Bihümmət olduq, olmadı bizlərdə bir xəyal,
Əğyar içində olduq odur kim füsürdəhal.
Çün əmr edibdi hümmət üçün mürşidi-kəmal,
“Han təqləül-cibal məə hümmətül-rəcal”,
Hümmətlə kəsb ediblə, təməddün səfasını.
Hər millət öz hüququna çün mail oldular,
Hər bir rəşadət eylədilər, sail oldular,
Axırda istədiklərinə nail oldular.
Qanlar töküldü, gərçi, vəli xoşdil oldular,
Çox kimsə çün məmatdə tapmış bəqasını.
Qismət gər istəsən sənə abi-həyat ola,
Zülmatə qoy qədəm, gər içində məmat ola,
Heyhat o kəs ki, nərdi-məarifdə mat ola.
Lazimdi nərdbaz olan aqil zəvat ola.
Millət yolunda gözləyə ta həq rizasını.
Hər millət öz təriqinə hürriyyət axtarır,
Kəsb etdiyi məarifə bir qiymət axtarır,
Hər növ olursa, öz işinə surət axtarır,
Cəhl ilə müslimin özünə töhmət axtarır,
Geymiş həmişə əyninə qəflət libasını.
Gözdən rəvadı su yerinə xuni-dil gələ,
Qan ağla, ey bəlalı göz, aramsən hələ?
Aləm köçüb, yatıbdı bizim miri-qafilə,
Va həsrəta əcəb işimiz düşdü müşkilə,
Bu işlərin fəna görürəm intəhasını.
Örgətdi bilmirəm bizi kim bu cəhalətə?
Vəhşilik irs olub bu gün əbnayi-millətə.
Mötad ediblə yaxşı bizi xabi-qəflətə.
Biz millətin ayılmağı qaldı qiyamətə,
Baislərin xuda özü versin cəzasını.
Oldu əcəb bu əsrdə pəjmürdə halımız,
Lal oldu qəflətilə lisanü məqalımız,
Nə ar var, nə elmü hünər, nə kəmalımız,
Yox bircə məktəb açmağa əsla xəyalımız,
Ta görməyək bu halilə millət bəlasını.
Həll eyləmək qabaqca gərək tez bu müşkili,
Bilsin vətən çocuqları əvvəl vətən dili.
Gəlməz nəvayə görməsə bülbül çəmən güli,
Təsdiq edər danışdırasan hər bir aqili,
Hər millət öz dilində tapıb müddəasını.
İşlər fənadı, bir neçə məktəblər olmasa,
Onlarda can verən mütəəllimlər olmasa,
Qafqazda yox müəllimimiz, digər olmasa,
Bunlar ki var, səlahidi vallah gər olmasa,
Mütləq xərab ediblə təməddün binasını.
İslamdən qalan bizə bir ad olub fəqət,
Cəhlilə mərifət evi bərbad olub fəqət,
Əbnayi-millət öz dilinə yad olub fəqət,
Cansız vücudlar bizə ustad olub fəqət.
Viran ediblə zülm ilə millət əsasını.
Bu xoş zamanda üz çevirib bəhcət aləmi,
Qalmış əhatə neməti-hürriyyət aləmi,
Huşyar olun, amandı, gedib qəflət aləmi,
Ləğv oldu müstəqillə olan dövlət aləmi,
Şimdi hamı ucaldır ədalət livasını.
Xan, bəy zəmanı getdi, ədalət zəmanıdır,
Keçdi cəhalət aləmi, qeyrət zəmanıdır,
Xam olmayın ki, mütləqə dövlət zəmanıdır,
İndi maarif əsri, səadət zəmanıdır,
Hər millət öz hüququnun istər bəhasını.
Qafqazda fikr qılsala sahibkəmallər
Artıq tənəbböh artırı bu qilü qallər,
Hər bir könüldə nəqş olunub min xəyallər,
Öz cəhlimizlə yetdi bizə infiallər,
Seyr etdik elmsizliyin axır vəfasını.
Oldu bəlayi-millətə hər kəs ki, mübtəla,
Əhli-vəfadı, bişək, olub layiqi-bəla.
Dilxun olubdu Saliki-biçarə bərməla.
Millət qəmilə az qalıb axır cünun ola,
Hər dəm odur ki, ney tək ucaldır nəvasını.
Xeyirxahi-millət: H. Rasizadə
“İrşad” 18 yanvar 1906
Məqalə 1043