Ramiz Qəmbərov
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Qənbərov Ramiz Bulud oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Qəmbərov Ramiz Bulud oğlu 2 iyul 1962-ci ildə Şuşa şəhərində anadan olub. 1979-cu ildə Şuşa şəhər orta məktəbi bitirmiş və Kolxozlararası Tikinti İdarəsində əmək fəaliyyətinə başlamışdır. 1980-ci ildə hərbi xidmətə çağırılmış, hərbi xidməti başa vuraraq, Şuşaya qayıdır.
1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olur və işləyə-işləyə təhsilini davam etdirir.
1988-ci ildən Xalq Hərəkatına qoşulur və erməni təcavüzünə qarşı mübarizə aparır. 1992-ci ildə könüllülərdən ibarət batalyon yaradır və həmin batalyona başçılıq edir.
Kərkicahan, Kosalar, Nəbilər, Qaybalı, Quşçular və digər kəndlərin müdafiəsində mərdliklə vuruşur. 1992-ci il 29 apreldə Kosalar və Kərkicahan kəndləri yaxınlığında gedən qızğın döyüşdə qəhrəmanlıq göstərir və aprelin 30-da həlak olur.
Subay idi.
Bakı şəhərində dəfn edilmişdir