Boran Əziz AZƏRBAYCAN QAÇQINLARI (1918-1920-ci illər) XX yüzildə azərbaycanlılar erməni millətçilərinin antiinsani fəaliyyəti nəticəsində bir neçə dəfə soyqırıma məruz qalmış, öz ev-eşiklərindən məhrum edilmiş, ata-baba torpaqlarından qovulmuşlar. Xalqımızın üzləşdiyi belə fəlakətlərdən biri də 1917-1920-ci illərdə baş vermişdir. Bu dövrdə yüz minlərlə azərbaycanlı Ermənistandan və Azərbaycanın özündən - Naxçıvan, Qarabağ və digər rayonlardan didərgin düşməyə məcbur edilmişdir.

Bu konu 2331 kez görüntülendi 0 yorum aldı ...
Boran Əziz AZƏRBAYCAN QAÇQINLARI (1918-1920-ci illər) 2331 Reviews

    Konuyu değerlendir: Boran Əziz AZƏRBAYCAN QAÇQINLARI (1918-1920-ci illər)

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2331 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Boran Əziz AZƏRBAYCAN QAÇQINLARI (1918-1920-ci illər)

    Boran Əziz
    AZƏRBAYCAN QAÇQINLARI (1918-1920-ci illər)



    XX yüzildə azərbaycanlılar erməni millətçilərinin antiinsani fəaliyyəti nəticəsində bir neçə dəfə soyqırıma məruz qalmış, öz ev-eşiklərindən məhrum edilmiş, ata-baba torpaqlarından qovulmuşlar. Xalqımızın üzləşdiyi belə fəlakətlərdən biri də 1917-1920-ci illərdə baş vermişdir. Bu dövrdə yüz minlərlə azərbaycanlı Ermənistandan və Azərbaycanın özündən - Naxçıvan, Qarabağ və digər rayonlardan didərgin düşməyə məcbur edilmişdir. 1917-1918-ci illərdə Ermənistanın təkcə Yeni Bəyazit, Eçmiədzin və İrəvan qəzalarından olan qaçqınların sayı 200 minə çatmışdı. Təkcə İrəvan quberniyasında 211 azərbaycanlılar yaşayan kənd məhv edilmişdi1. Ermənilər polkovnik Pirumov və komissar Dronun başçılığı ilə dörd gün ərzində, yəni 17-21 fevral 1918-ci ildə İrəvan quberniyasının 21 kəndini yerlə yeksan etmişdilər. Ümumiyyətlə, erməni qəddarlığı və təcavüzü sayəsində 1918-1919-cu illərdə İrəvan, Zəngəzur, Şuşa və Şamaxıdan 300 mindən çox Azərbaycanlı qaçqın var idi. Ümumiyyətlə, tarixi tədqiqatlar və müqayisəli təhlillər göstərir ki, əsrin əvvəllərində olduğu kimi sonunda da xalqımızın deportasiya və soyqırıma məruz qalması səbəbləri demək olar ki, eyni olmuşdur. Bu səbəblər aşağıdakılardan ibarətdir:
    · Azərbaycanın əlverişli geostrateji mövqedə yerləşməsi;
    · Azərbaycanın zəngin təbii sərvətlərə malik olması;
    · Bu səbəbdən I Dünya Müharibəsi zamanı istər bir-biri ilə döyüşən bloklardakı iri dövlətlərin, istərsə də blok daxilindəki iri dövlətlərin Azərbaycana sahib olmaq istəmələri;
    · Rusiyanın Azərbaycana münasibətdəki təcavüzkar siyasəti və buranı həmişəlik olaraq özlərinin bir quberniyasına çevirmək istəmələri;
    · Burada yaşayan əhalinin müsəlman, xüsusilə türk olmaları və onların Rusiyanın müstəmləkə siyasətindən narazılığı;
    · Ermənilərin "Dənizdən-dənizə" kimi sərsəm ideyalarını həyata keçirmək və bunun üçün Azərbaycanın əzəli torpaqlarına sahib olmaq istəkləri;
    · Ermənilərin turklərə qarşı düşməncəsinə münasibəti;
    · Bu işi həyata keçirmək üçün ermənilərin böyük dövlətlərin, xüsusilə Rusiyanın əlində alətə çevrilmələri;
    · Rusiyanın Azərbaycan siyasəti ilə xalqımızın, o cümlədən o dövrdə genişlənən milli hərəkatın məqsədlərinin üst-üstə düşməməsi, daban-dabana ziddiyyət təşkil etməsi;
    · Cəbhədən qayıdan rus əsgərlərinin yerli müsəlman türk əhaliyə qarşı törətdiyi terror və soyğunçuluqla məşğul olması;
    · İstər çarlıq, istərsə Müvəqqəti hökümətin dönəmində erməni və gürcü milli ordu hissələrinin təşəkkülünə imkan verdiyi halda azərbaycanlılara bu imkanın verilməməsi. Azərbaycan milli ordusunun olmaması.
    ADR hökumətinin qaçqınları yerləşdirmək sahəsindəki fəaliyyətini tədqiq edərkən məlum olur ki, hökumət özü ağır vəziyyətdə olmasına baxmayaraq bu problemə ciddi qayğı və həssaslıqla yanaşmışdır. Azərbaycan hökuməti istər Qərbi Azərbaycan, qonşu Gürcüstandan və Dağıstandan, istərsə öz ərazisindən didərgin düşmüşlərə, qanlı toqquşmalarda evsiz-eşiksiz qalmışlara yardım göstərmiş, onlara öz ərazisində sığınacaq vermişdir. Onlara isti yemək, ərzaq, pal-paltar vermiş, bu insanları işlə təmin etmək üçün əlindən gələni etmişdir.
    1918-ci ilin axırlarında respublikamıza pənah gətirmiş qaçqınlar əsasən aşağıdakı rayonlarda yerləşmişlər:
    1. Gəncə və onun ətrafında-500 ailə, yaxud 2500 nəfər
    2. Gəncə qəzasının Xanbulaq rayonunda 1420 ailə, yaxud 7100 nəfər
    3. Gədəbəy rayonunda - 500 ailə, yaxud 2500 nəfər
    4. Qazax qəzasında - 1100 ailə, yaxud 5500 nəfər
    5. Şuşa qəzasında - 1461 ailə, yaxud 8340 nəfər
    6. Cavanşir qəzasında - 415 ailə, yaxud 2423 nəfər
    7. Zəngəzur qəzasında- 98 ailə, yaxud 573 nəfər
    8. Cəbrayıl qəzasında - 84 ailə, yaxud 448 nəfər
    9. Şamaxı qəzasında - 270 ailə, yaxud 1357 nəfər2
    Avropa dövlətlərinin nümayəndələrinin Zaqafqaziyaya gəlməsindən sonra da İrəvan quberniyasından 150 mindən çox qaçqın Azərbaycana gəlmişdir. 1919-cu ilin oktyabrın 1-nə kimi Azərbaycanda təkcə İrəvan quberniyasından 5848 ailə, yaxud 30741 nəfər qaçqın var idi.
    Qaçqındar Azərbaycanın mərkəzində - Bakıda hakimiyyəti öz əlinə keçirmiş S. Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin antiazərbaycan siyasəti nəticəsində daha da artmışdı. Azərbaycanlı qaçıqnlara kömək etmək üçün ilk dəfə Zaqafqaziya Seymində olan müsəlman fraksiyasının tələbi ilə qaçqınlar şöbəsi yaradılmışdı. 3 Lakin bir sıra səbəblərdən bu şöbə işin öhdəsindən gələ bilmədi.
    Bakı şəhəri də daxil olmaqla ölkə ərazisinin bir hissəsi yadelli işğalçılar tərəfindən işğal edildiyi vaxt Gəncədə fəaliyyətə başlayan Azərbaycan hökuməti qaçqınlara kömək etmək üçün dərhal ciddi fəaliyyətə başlamış və bu problemi həll etmək üçün X. Rəfibəyovun başçılığı altında Səhiyyə və Himayəçilik Nazirliyi yaratmalı olmuşdu. Milli hökumət Bakı da daxil olmaqla ərazisini işğalçılardan azad etdikdən və paytaxta - Bakıya köçdükdən sonra qaçqınların işi ilə daha da ciddi şəkildə məşğul olmaq imkanı əldə etdi. Problemin dərinliyini və ciddiliyini nəzərə alan hökumət 1918-ci ilin oktyabrında Səhiyyə və Himayəçilik Nazirliyini ayıraraq iki məstəqil nazirliyə çevirdi. Qaçqınların problemi ilə Himayəçilik Nazirliyi məşğul olmalı idi.
    Müharibənin, hərc-mərcliyin və Azərbaycanda xüsusilə 1918-ci ildə güclənən erməni təcavüzü nəticəsində evsiz-eşiksiz, yaşayış yeri məlum olmayan, qazancsız, tamamilə müflisləşmiş, ölkədə sərgərdan dolaşan on minlərlə adam meydana gəlmişdir və onlar öz fiziki varlığını yalnız Dövlət tərəfindən göstərilən qayğı, yardım vasitəsilə qoruya bilərdilər. Hökumət təkcə onların müdafiəsini deyil, həmçinin gələcəkdə onlarvn yerləşdirilməsi üçün tədbirlər görülməsini, köçürüldükləri yerlərdə öz əvvəlki dinc məşğuliyyətlərinə qaytarılmalarını, eləcə də yetim və valideynləri tərəfindən atılmış uşaqların ölümdən xilas edilməsi məqsədilə bəzi daimi idarələr yaratmalı oldu. Bütün bunları nəzərə alan Azərbaycanan höküməti iki əsas məsələni: qaçqınlar və himayəçilik məsələsini həll etməli oldu.
    Qaçqınlar məsələsi sahəsində hökümətin qarşısında duran başlıca vəzifə qonşu xarici dövlətlərdən gələn qaçqınların qəbul edilməsinə qayğı və diqqət, onların ilk zəruri ərzaq və qida maddələri ilə təchiz edilməsi, təsərrüfatlarını təşkil edə bilməsi üçün faizsiz ssuda, əkin üçün toxum, iş heyvanları verilməsi və beləliklə, həm də işlə təmin edilməsindən ibarət idi.
    Qeyd edək ki, hökumət həm də himayəçiliklə də məşğul idi. Bu sahədə görülən əsas iş yetimxanaların və azyaşlı yetimlər üçün koloniyaların təşkili, yetim qalmış azyaşlı uşaqların yerləşdirilməsi və himayə edilməsini təşkil edib ona nəzarət etmək, himayə evlərinin açılması, əhalinin yoxsul hissəsi üçün gecəqondular, qida məntəqələri və ucuz yeməkxana təşkil etmək, xüsusi və ictimai xeyriyyə işlərini təşkil etmək və onu genişləndirmək, bu işə nəzarət etməkdən ibarət idi.
    Bakı şəhərindən kənarda qaçqınların yerləşdirilməsi həyata keçirilərkən hökumətlə yanaşı yerli ictimai qüvvələrin köməyindən istifadə olunurdu. Yerlərdə qaçqınların və yerli əhalinin nümayəndələrindən ibarət qaçqın komissiyaları təşkil edilirdi. Bu komissiyalar qaçqınların işə düzəlməsi, yerləşdirilməsi üsulları axtarır, çox zaman bu istəyinə nail olurdu.
    1918-ci ilin sonlarında qaçqınların əsas kontingentini Yeni Bəyazit, Eçmiədzin və İrəvan qəzalarının müsəlman əhalisi təşkil edirdi. Repressiya və təqiblər nəticəsində Ermənistandan doğma yurdlarını tərk edən müsəlmanlar Qazax, Gədəbəy, Gəncə şəhəri və qəzasında, həmçinin 2000 min nəfərə yaxın adam isə Şamaxı dairəsində və bu dairənin Mədrəsə kəndində yerləşmişdilər.
    Onu da bildirək ki, hökümət 1919-cu ilin ortalarından Bakı şəhərindən kənarda yardım kimi nağd pul verilməsindən tamamilə imtina edərək pul müavinətləri verilməsi işini dayandırmışdı. Bunun əvəzində natura şəklində ərzaq payları müəyyən edildi. Bu orta hesabla adambaşına 20-25 funt buğda və arpa, çəltik, yaşından asılı olmayaraq sabun, duz, parça, paltar və s. ibarət idi. Bu zaman müstəsna hal kimi işləmək imkanından məhrum edilmişl işsizlər nəzərə alınırdı.
    Bundan başqa Şamaxı və Lənkəran qəzalarında daşnak-bolşevik-ağqvardiyaçılarının vəhşiliyi nəticəsində tamamilə müflisləşmiş, qaçqınlar kimi müəyyən dərəcədə köməyə ehtiyacları olan minlərlə insan var idi. Əhalinin belə vəziyyəti diqqətdən kənarda qalmır, yerlərdə hərtərəfli araşdırılır, onlara qaçqınlarla bərabər 1919-cu ilin aprel ayından məhsul yığımınadək ərzaq yardımları edilirdi.
    Azərbaycan hökümətinin ayrı-ayrı bölgələr üzrə işinin nəticələri aşağıdakı kimi olmuşdur:
    I. Gəncə dairəsi: qaçqınların sayı 21098 nəfər. Onların cəmləşdiyi və yardım göstərilən yerlər - Gəncə və qəzası. Bu yerlərdəki qaçqınlara 18. 000 pud dənli bitkilər (buğda və arpa) paylanmışdı. Bundan başqa Gəncədə 3, Gədəbəydə 1, Qazaxda 1 qidalanma məntəqəsi, Gəncədə 100 nəfərlik 2, Gədəbəydə 100 nəfərlik 1, Qazaxda 50 nəfərlik uşaq sığınacaq evləri açılmışdır. Gəncə stansiyasında dezinfeksion kameralı 60 çarpayılıq, ayrıca lazaret, ambulator məntəqəsi açılmış, şəhər xəstəxanasının kəskin yoluxucu şöbəsində 20 çarpayı ayrılmışdı. Bundan əlavə Gəncədə məxsusi olaraq ermənilər üçün 25 nəfərlik uşaq sığınacaq evi, 30 çarpayılıq lazaret, 700 nəfərlik qidalanma məntəqəsi açılmışdır.
    II. Şamaxı dairəsi: qaçqınların sayı 26877. Bu qaçqınlara yeyinti və toxumluq (buğda, arpa, darı, çəltik) üçün 18. 241 pud dənli bitkilər paylanmışdır. Burada 13 qidalanma məntəqəsi açılmış, Şamaxıda 80 nəfərlik uşaq evi və 30 çarpayılıq xəstəxana, Göyçayda 100 nəfərlik uşaq evi fəaliyyətə başlamışdır. Bundan başqa Şamaxı şəhərində 415 ev tikilmiş və təmir edilmiş, İrəvan qaçqınlarının tarla işləri üçün 58 baş öküz alınmışdır.
    III. Nuxa dairəsi: qaçqınların sayı 5100 nəfər. Onların cəmləşdikləri yerlər və yardım məntəqələri Nuxa şəhəri, Ağdaş, Seyidlər, Nic, Bartaşen idi. Himayəçilik Nazirliyi təkcə Zaqatala və Qax kəndi üzrə 2623 pud ərzaq məhsulları vermişdir. Bu dövrdə maya dəyərin 25 faizi güzəştlə 1730 pud taxıl Nuxa şəhər idarəsi üçün almışdır. Eyni zamanda, Nuxada 500 nəfərlik qidalanma məntəqəsi, 50 nəfərlik müsəlman, 290 nəfərlik 2 erməni uşaq evləri açılmışdır.
    IV. Qarabağ dairəsi: Ərazinin böyüklüyünü və qaçqın kütlələrinin ən çox cəmləşdiyini nəzərə alaraq Nazirliyin işi Cavanşir, Şuşa və Cəbrayıl qəzasının bir hissəsini əhatə edən müfəttişliyə və Zəngəzur qəzasını əhatə edən Xüsusi İdarələrarası Komissiyaya tapşırılmışdır.
    Azərbaycan hökuməti Parlamentdən Zəngəzur qaçqınları üçün üç aylıq yardım və qidalanma da daxil olmaqla 187. 500 manat həcmində xüsusi kredit ayrılmasını xahiş etmişdir. Bu vəsaitlər Parlament tərəfindən ayrıldı və komissiyanın sərəncamına verildi. 1919-cu ildə - Şuşa, Cəbrayıl, Cavanşir, Ağdam, Qaryagin (indiki - Fizuli rayonu), Şuşa və Bərdə kəndində məskunlaşan 20 minədək qaçqına yardım edildi.
    Paylanmış yardımın ümumi miqdarı Zəngəzur hesaba alınmazsa aşağıdakı rəqəmlərlə ifadə olunur: 7524 pud buğda, 2000 pud çəltik, 1770 pud arpa, 3284 pud darı, 48 pud sabun, 60 pud duz, 55 pud şəkər, 1000 cüt alt paltarı, 240 arşın parça və bundan əlavə Ağdamda adambaşına 1 funt çörək verildiyi qidalanma məntəqəsi, mayın 10-dan sonra isə Qaladərəsi kəndində 50 nəfərlik uşaq evi açılmışdır. Bundan başqa Dərələyəzdə səpin üçün nəzərdə tutulmuş toxumluq taxıl paylanmışdır.
    Lənkəran dairəsi: Qeyd edək ki, digər qəzalardan fərqli olaraq burada müfəttişlik 1919-cu ilin sentyabrından fəaliyyətə başlamışdır. Qısa müddət ərzində bu müfəttişlik 8205 nəfərə ərzaq yardımı etmişdir. Bundan başqa 1184 pud buğda, 2963 pud arpa və 33 puddan artıq çəltik paylanmışdır ki, bunun da ümumi məbləği 446. 000 manat olmuşdur. Eyni zamanda müfəttişlik Lənkəranda gündəlik isti yeməklə təmin edilən 500 nəfərlik uşaq evi açmışdır. Əkinlə məşğul olmaq istəyən qaçqınlar üçün 34 baş öküz əldə edilərək ictimai istifadədən ötrü onlara verilmişdir. Bununla bərabər mənzil tikintisi üçün 1600 ev sahibinə tikinti materialları, o cümlədən 2437 ədəd taxta lövhə və şalban, həmçinin mismar ayrılmışdır4.
    Qaçqınların əsas kütləsi əkinçi olduğundan 1920-ci ilin baharınadək onların Ərəş və Nuxa qəzalarındakı məskünlaşdırılmış müsəlman kəndlərində yerləşdirilməsi məqsədəuyğun hesab edilirdi. Belə ki, bu qəzaların 49 kəndinin sakinləri könüllü olaraq 500 nəfərə sığınacaq verməyə razı olmuşdur.
    1919-cu ilin yayında istilərin düşməsi ilə əlaqədar Azərbaycan hökuməti onları Nuxa, Ərəş, Göyçay və Şamaxı qəzalarının boş torpaqlarında yerləşdirmişdi. Qalan köçürülməli olan qaçqınların minimal miqdarı 16. 000 nəfər olmuşdur. Onların 5000 nəfəri yuxarıda göstərilən 49 kənddə yerləşdirilmiş, qalan 11. 000 nəfər isə Göyçay, Şamaxı, Ərəş və Nuxa qəzalarının digər yerlərində və Gəncə şəhəri və qəzasında yerləşdirilmişdir.
    Ermənistanda müsəlmanlara qarşı həyata keçirilən soyqırımla əlaqədar olaraq xüsusilə Naxçıvan, Sürməli, Eçmiədzin qəzalarında, həmçinin 1919-cu il yayın axırlarında Vedibasarda, Cənub-Qərbi Azərbaycanda müsəlman əhalisinin vəziyyəti xeyli pisləşmişdi. Bu hadisələr nəticəsində Ermənistandakı müsəlmanların əsas hissəsi əzab-əziyyətlərə düçar olaraq, ev-eşiklərini itirərək qaçqınlıq taleyi yaşamağa məhkum edildilər. Bir müddət sonra az sayda müsəlmanlar öz doğma yurdlarına qayıtdıqdan sonra da onlar yenidən ermənilər tərəfindən təqiblərə məruz qaldılar. Himayəçilik Nazirliyinin Ermənistandakı səlahiyyətlisinin məruzəsinə görə, İrəvan quberniyasında müsəlman əhalisinin vəziyyəti xüsusilə açınacaqlı idi. Bu əhalinin nə bir çörək ehtiyatı, nə toxumu, nə də mal-qarası qalmış, əksəriyyəti isə ev-eşiyindən didərgin düşüb, öz siyasi vəziyyətləri ilə ən çıxılmaz və ümidsiz olan insanlar idi.
    Mərkəzi qaçqınlar komissiyasının oktyabrın 9-da iclası keçirilən vaxt İrəvan quberniyasının Eçmiədzin qəzasından Qazax qəzasına qaçqınların yeni axını başladığı haqqında məlumatlar daxil olmuşdur. Orada ürək ağrısı ilə qeyd edilmişdir ki, "məlumata görə müsəlman əhalisinin ardıcıl, mütəşəkkil şəkildə qırılması, onlara qarşı soyğunçuluq, yerlərindən qovulması həyata keçirilir".
    Bu səbəblərdən Azərbaycan hökuməti 1919-cu ilin mayında parlamentə Ermənistanın müsəlman əhalisinə yardım edilməsi barədə qanun layihəsi təqdim etmişdir. Parlament bu qanun layihəsini çox da ləngitmədi, vəsaiti ayırmaq barədə qərar qəbul etdi. Ayrılmış 3 milyon vəsait hesabına İrəvana 1919-cu il iyulun sonlarında 15 vaqon un, taxıl, darı və arpa göndərilmiş və əhalinin hər nəfərinə bir aylıq 10 funt hesabı ilə paylanmışdır.
    Bundan əlavə İrəvanda 1 sentyabr 1919-cu ildən müsəlmanlar üçün ambulatoriya açıldı. Elə orada da 85 nəfərlik uşaq evi açılmış və sonralar Amerika Komitəsinin himayəsinə verilmişdir.
    Qeyd edək ki, Bakı və sənaye rayonu üzrə yardımlar yalnız qaçqınlara deyil, həmçinin bütün yerli yoxsul əhaliyə, ən imkansız adamlara və mədən fəhlələrinə də göstərilirdi. Adətən belə köməklər qidalanma və paylayıcı təşkilatın Mərkəzi Evi tərəfindən həyata keçirilirdi. Bu məntəqələrdə əhaliyə pulsuz, bir hissəsi kiçik ödənişlə - öncə 50 qəpikdən, sonradan isə 1 manatdan verilən isti xörəklər və çay, həmçinin zəruri gündəlik tələbat məhsulları da paylanılırdı. Ərzaq çatışmazlığı və artmaqda olan bahalıq dövründə belə tədbirlər böyük əhəmiyyət daşıyırdı.
    Azərbaycan hökuməti ilə yanaşı xalq da öz isti ocaqlarından məhrum edilmişləpə hər vasitə ilə yaxından köməklik edirdi. Bu köməklərdən ən mühümü maddi yardım idi. 1919-cu ildə təkcə Bakı şəhəri və mədən rayonlarında qaçqınlar üçün yığılan vəsaitin ümumi miqdarı 308. 000 manat olmuşdu5.
    Burasını xüsusi qeyd edək ki, Ermənistan və Gürcüstan respublikaları hökumətindən fərqli olaraq Azərbaycan Cümhuriyyəti milliyyətindən asılı olmayaraq bütün didərginlərə kömək etmişdi. Belə ki, hökumət 1919-cu ildə aşağıda adı qeyd olunan cəmiyyətlərə 2. 114. 501 manat pul vermişdi: 1. Müsəlman qadın xeyriyyə cəmiyyətinə - 220 nəfərlik müsəlman uşaqsığınacağı üçün; 2. Erməni Milli Şurasına - 517 nəfərlik 2 sığıncaq üçün; 3. Rus xeyriyyə cəmiyyətinə - 517 nəfərlik sığınacaq və əlillər evi üçün; 4. Uşaq evi cəmiyyətinə - 80 nəfərlik sığınacaq üçün; 5. 9-cu sahə komitəsinə - 30 nəfər yaşlı adam üçün; 6. Yəhudi milli şurasına - ucuz yeməkxana üçün; 7. Yəhudi xeyriyyə cəmiyyətinə - qocalar və əmlakı olmayanlar üçün sığınacağa görə6.
    Yeri gəlmişkən bildirək ki, Azərbaycan hökuməti 1918-ci il mart qırğınları və Bakının yadelli işğalçılardan, o cümlədən Mərkəzi Xəzər Diktaturasından (Sentrokaspi) azad edilməsi dövründə zərər çəkmiş şəxsləri də yaddan çıxarmamışdı. Hökumət belə şəxslərə birdəfəlik pul yardımları göstərmişdi. Bu müavinətlər üçün çəkilən xərclərin ümumi məbləği isə 300. 000 manat həcmində olmuşdu.
    Azərbaycan hökumətinin qaçqınlarla bağlı gördüyü işin bir istiqaməti də onların öz doğma yurd-yuvalarına qaytarılması idi və bu zaman bütün xərcləri də hökumət çəkirdi. Azərbaycan hökuməti Erməni və Rus Milli Komitələrinin rəyinə uyğun olaraq 5000 erməni və 2500 rus yola salmışdı. Bundan başqa 4000 müsəlman və 1000 nəfər də digər millətlərin nümayəndələri yola salınmışdı.
    Onu da bildirək ki, pulsuz gedişdən əlavə bu qaçqınlara yolda qidalanmaq üçün də müavinətlər verilmişdir.
    Məlumdur ki, o dövrdə ermənilər rus qoşunlarının köməyi ilə Anadoluda - Qarsda, İqdırda və s. ərazilərdə də yerli türk əhalisinin evlərini dağıtmış, on minlərlə günahsız qoca, qadın, uşağı öldürmüş və nəticədə insanları öz ev-eşiyindən didərgin salmışdılar. Azərbaycan Cümhuriyyəti bu insanları da yaddan çıxarmamışdı. Belə ki, Müsəlman Xeyriyyə Cəmiyyətinin vasitəçiliyi ilə Himayəçilik Nazirliyi Qars əyalətindən qaçqın düşərək o dövrdə Bakıda Ermənikənd adlanan yerdə məskunlaşan 700 nəfərin gündəlik çörəklə təminatına çəkilən xərcləri öz üzərinə götürdü. Bu işə hökumət 1919-cu ilin noyabrından 1920-ci ilin yanvarın 1-dək olan dövrdə 526. 195 manat məbləğində pul xərcləmişdi.
    Himayəçilik Nazirliyinin nümayəndəsi Qars vilayətindən və İravan quberniyasından gəlmiş müsəlman qaçqınlara yardım üçün 1919-cu ilin noyabrında Tiflisə ezam edilmişdir. Bu müfəttiş qaçqınların yolüstü qısamüddətli qidalanma məntəqələrinin yaradılmasını təşkil etmək və onların yolda qidalanması üçün pul müavinətləri verməli idi. Tiflis yaxınlığında 300 verstdə və Aşağı Cəral stansiyasında iki belə məntəqə açılmışdı.
    Bundan başqa, 1919-cu ilin axırlarında Dağlılar Respublikasının əhalisi oradakı hərbi əməliyyatların təsiri nəticəsində Azərbaycan ərazisinə pənah gətirərkən hökumətin tapşırığı ilə Himayəçilik Nazirliyinin işçiləri iki ay ərzində daim sərhəddə qalaraq qaçqın düşmüş dağlılara pul paylayırdı. Bu məqsədlə Nazirlik tərəfindən bir milyon manat pul sərf edilmişdir.
    1919-cu il yanvarın əvvəllərində məcburi köçürülmə xarakteri almış Zəngəzur hadisələri nəticəsində bu qəzanın dağlıq hissəsinin 40 minədək sakini Qarabağın Cəbrayıl, Şuşa, Cavanşir qəzalarına və respublikanın digər yerlərinə qaçmağa məcbur oldular.
    Qaçqınlara yardım məsələsinin kompleks şəkildə həlli üçün Azərbaycan hökuməti və o cümlədən Himayəçilik Nazirliyi bir sıra araşdırmalar aparmış və bu məqsədlə ictimai işlərin təşkili, yeni iş yerlərinin açılması, xalça-palaz emalatxanalarının təşkili sahəsində xeyli işlər görmüşdülər.
    Qeyd edək ki, Azərbaycan parlamenti də hökumətdən geri qalmamış, dəfələrlə xalqımız üçün faciəli olan qaçqın və didərginlərin vəziyyətini müzakirə etmiş, müvafiq qərarlar qəbul etmişdi. Məsələn, 1919-cu ildə parlament Ermənistandan olan qaçqınlara smetadan kənar 3 milyon, Zəngəzur qaçqınlarına hökumətin 18 milyon təklifindən fərqli olaraq 18 milyon 750 min manat köməklik edilməsi barədə qərar qəbul etmişdi.
    Doğrudur, deputatların bir qismi ayrılan yardımlara heç də birmənalı münasibət bildirmirdi. Onlar qaçqınlara göstərilən yardımların formasına etiraz edirdilər. Məsələn, deputat A. Aşurov ayrılan yardımın qısa müddətə və hökumətin qaçqınların vəziyyətini yaxşılaşdıran uzunmüddətli proqramının olmamasına etiraz edərək bildirirdi ki, «Əvvəla budur ki, bir Zəngəzur uyezdi üçün 3 ayda 18 milyon para istənilir. Böylə Zəngəzur uyezdi kimi uyezdlərdən 14 uyezd var… Əgər bir tək Zəngəzurda 30 min qaçqın varsa, cəmi Azərbaycanda 200 min qaçqın var ki, 20 min aşağı-yuxarısı ola bilər. Ayda bunların hərəsinə 100 manat versək eylər ayda 20 milyon manat. Əgər biz cəmaətin hamısını bir gözlə görmək istəyirdiksə, Bakı uyezdi qaçqınlarına baxdığımız kimi, Azərbaycanın hər yerində olan qaçqınlara da baxıb kömək versək, ayda gərək 20 milyon pul verək. Görək bu xərcin qabağında dayana bilərik, ya yox… Mən burada bir proqram görmədim ki, danışam. Heç bir proqram məlum olmadığından mən bu məsələnin nə lehinə, nə də əleyhinə rəy verə bilmərəm. Büdcəmizi, qüvvəmizi bilək, proqram da məlum olsun»7.
    O dövrdə deputatların əksəriyyəti qaçqınlara yardımdan çox onları işlə təmin etməyi daha düzgün yol hesab edirdi. Məsələn, parlamentin 14 iyun 1919-cu il tarixli iclasında deputat Rəfiyev təklif etmişdi ki, «Qaçqınları həmişə hökumət öz hesabına götürüb doydura bilməz. Onların çoxu əmək qabiliyyətlidir. Onlara əvvəlcə ev tikilsin, sonra yer və əkinçilik üçün lazım olan istehsal vasitələri verilsin. Onlara toxum, öküz, kətan alınıb verilsin. Onlara üç milyon manatlıq toxum alınmalıdır. Evlərini düzəltmək lazımdır. Heç olmasa, hər evə bir öküz lazımdır. Bunların hamısını hesab edəndə 9 milyon edir… Hər əskidi, hər tüstüyə beş yüz manat hesab edəndə 3 milyon buna lazım gəlir. Cəmi 30 min qaçqın üçün 18. 750. 000 manat edər». Deputatların bir qismi bu pulların qaçqınlara necə çatdırılması ilə bağlı hökumətdən ciddi izahat istəyir və tələb edirdilər ki, səhlənkarlığa, mənimsəməyə imkan verilməsin. Məsələn, parlamentin 14 iyul 1919-cu il, 55-ci iclasında çıxış edən Hacı Kərim Saniyev bildirirdi ki, «İndiyə qədərki pullar sərf olunmuşdur. Ancaq faktlar göstərir ki, pullar yerinə çatmamışdır. Naxçıvana gedən pulları bilirsiniz. Qaçqınlara buğda paylanır, 1500 siyahı göstərilir. Fəqət, hazırda 220 nəfər də yoxdur. Görürsünüz ki, bir nəfər on ailə üçün buğda aldı. Halbuki bir nəfərin on ailəsi olmaz… Uyezdlərin birisinə anbar müdiri, mühafizəçi var, katibi var, anbar icarə edilmişdir. Amma içində heç zad yoxdur. Məmurlar məvacib alıb yeyir, qaçqınlara heç bir şey verilmir»8.
    Deputatların bir qismi problemi həll etmək üçün iş qabiliyyətli olan qaçqın və köçkünlərdən ötrü yeni iş yerləri açmağın zəruriliyini bildirirdilər. Onlar təklif edirdilər ki, Suraxanı-Mərdəkan dəmiryol xətti çəkilsin və qaçqınlar da orada işlə təmin edilsin.
    Azərbaycan hökuməti Nuxa dairəsi və Gəncə qəzasında yerləşən qaçqınlara da xeyli yardım göstərmişdi. Belə ki, orada olan qaçqınlara 2 milyon manata qədər maddi yardım edilmişdi.
    Azərbaycan Demokratik Respublikası qaçqınlara təkcə pulla deyil, ərzaqla da kömək edirdi. Belə ki, 1920-ci il yanvarın 5-də parlamentin iclasında qaçqınların 21 milyon manatlıq buğda ilə təchiz olunması haqqında qərar qəbul edilmişdi.
    Ümumiyyətlə, 1919-cu ildə hökumət əhalinin yoxsul təbəqələrinə kömək üçün 3. 082. 000 manat dəyərində maliyyə yardımı etmişdi.
    Azərbaycan hökuməti milli münaqişələr zamanı yetim və kimsəsiz qalmış uşaqlara qayğı göstərilməsi, himayə edilməsi sahəsində də xeyli işlər görmüşdü. Bu sahədə görülən mühüm işlərdən biri də yerli xeyriyə cəmiyyətlərinin maliyyə vəsaiti və köməyi ilə valideyn himayəsindən məhrum edilmişlər üçün uşaq evlərinin təşkili, genişlənməsi və bu işə daim nəzarət edilməsidir.
    1918-ci ildə bu hərəkat genişləndiyindən Mərkəzi Uşaq Evinin nəzdində yetim uşaqlara kömək etmək üçün xüsusi yardım bürosu yaradılmışdı. Xüsusi büro bu sahədəki bütün işlərin öhdəsindən təkbaşına gələ bilmədiyindən kömək üçün Himayəçilik Nazirlyiinə müraciət etmişdi.
    Nazirlik uşaq evindəki hər bir himayə edilmiş uşağa əvvəlcə ayda birdəfəlik 60 manat, sonra isə 120 manat qaytarılmaz subsidiyaların ödənilməsi yolu ilə kömək etmişdi. Büro dağıldıqdan sonra isə Nazirlik hər cəmiyyətə himayəyə götürülmüş hər bir uşaq üçün ayda 200 manatdan subsidiya ödəyirdi. Cocuq yuvalarına verilən bu cür subsidiyalardan əlavə cəmiyyətin bu və ya digər ehtiyacları üçün əlillər evi, gecəqondular və ucuz yeməkxanaların saxlanmasına da vəsaitlər ayrılırdı.
    Azərbaycan hökuməti özünün ağır vəziyyətdə olmasına baxmayara Gürcüstanda yaşayan yoxsul müsəlman əhalisinə də yardım edirdi. Belə ki, 1920-ci ilin martında hökumət Axalsix və Axalkələki qəzalarının yoxsul əhalisinə 140 000 manat pul verilmişdi. 1920-ci ilin fevralında Gürcüstanda baş verən zəlzələ nəticəsində əhali xeyli ziyan çəkmişdi. Buna görə hökumət Gürcüstana 1885 pud un göndərməyi Təchizat Nazirliyinə icazə vermişdi. Eyni zamanda zəlzələdən zərər çəkənlərə kömək üçün 3 milyon manat yardım gösərilməsi haqqnıda qərar martın 11-də parlament tərəfindən təsdiq edilmişdir.
    Göründüyü kimi, istər xalqımız, istərsə hökumətimiz qaçqın və köçkün problemi ilə təkcə cümhuriyyət dönəmində qarşılaşmamışdır. Ancaq biz hətta bu soyqırım illərində başqasına nifrət, ölüm hissləri altında deyil, «Qurani Kərim»də göstərilən «Ey müsəlmanlar, yaxşı iş görməkdə bir-birinizi ötməyə çalışın» çağırışına uyğun hərəkət etmişik. Millətlərə, insanlara geniş qəlblə, açıq ürəklə fərq qoymadan əl uzatmağa çalışmışıq.
    Ədəbiyyat.
    1. Azərbaycan Respublikası Dövlət Arxivi (ARDA) f. 970. siy. 1. iş 1. v. 29.
    2. ARDA, f. 895, s. 3. iş 196, v. 7-18.
    3. Зakaвkaзсkий Сейм. Стеногрaфичесkий отчет. Сессия первaя. 7 мaртa 1918 г. Тифлис,1919, с. 5.
    4. Адресь - Кaлендaрь. Азербaйджaнсkой Республиkи нa 1920й г. Бakу, 1920, с. 82-83.
    5. Əziz B. ADR-in qaçqınları yerləşdirmək sahəsində fəaliyyəti. Tarix və onun problemləri, Bakı, 2000, №3-4, s. 100.
    6. Əziz B. Azərbaycan Xalq Cumhuriyyəti və qaçqınlar problemi. Azərbaycan Xalq Cumhuriyyəti tarixinin aktual problemləri. Beynəlxalq elmi sessiya. Materiallar. Bakı, 2003, s. 25.
    7. Azərbaycan Xalq Cumhuriyyəti (1918-1920) Parlament. (Stenoqrafiq hesabatlar) I c. , Bakı, 1998, s. 847-847.
    8. Yenə orada s. 842-843.
    9. Azərbaycan Xalq Cumhuriyyəti (1918-1920) Parlament. (Stenoqrafiq hesabatlar) II c. , Bakı, 1998, s. 681, 696-700.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Boran Əziz AZƏRBAYCAN QAÇQINLARI (1918-1920-ci illər)

          Kategori: Azerbaycan Tarihi

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 2331

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş