Füzuli Rüstəmov
Azərbaycan Respublikası prezidentinin 25 fevral 1997-ci il tarixli 553 saylı fərmanı ilə Rüstəmov Füzuli Salah oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Rüstəmov Füzuli Salah oğlu 25 dekabr 1965-ci ildə Tərtər rayonunun Hüsənli kəndində dünyaya göz açmışdır.
1978-ci ildə Xocalıda orta məktəbə getmiş, səkkizillik təhsilini orada başa vurmuşdur. O, əvvəlcə Xocalı Üzümçülük Sovxozunda, 1990-cı ildə isə toxuculuq fabrikində işləmişdir. Qarabağ hadisələri başlayanda vətənə xidmət borcunu yerinə yetirmək üçün cəbhəyə yollanır.
1990-cı ildə ermənilərin Xankəndinə gedişinin qarşısını almaq üçün əməliyyat planı hazırlayan 4 nəfərin içərisində Füzuli də vardı. Füzuli Xocalı faciəsi zamanı əhalinin təhlükəsizliyinin təmin edilməsində xüsusi şücaət göstərib. Ölümün pəncəsindən neçə - neçə insanların xilas edilməsində ağır yara alır, aldığı yaradan Ağdam Mərkəzi Xəstəxanasında dünyasının dəyişir.
Subay idi.
Tərtər rayonunun Hüsənli kəndində dəfn edilmişdir.