Rövşən Rzayev
Azərbaycan Respublikası prezidentinin 12 yanvar 1999-cu il tarixli 73 saylı fərmanı ilə kapitan Rzayev Rövşən Abdulla oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Rzayev Rövşən Abdulla oğlu 15 oktyabr 1969-cu ildə Bakı şəhərinin Sahil qəsəbəsində anadan olmuşdur.
1986-cı ildə 253 saylı orta məktəbi bitirərək, Vladiqafqaz Ali Hərbi Komandirlər Məktəbinə daxil olmuşdur. 1991-ci ildə təhsilini başa vuraraq Orta Asiyaya və Qazaxıstana təyinat almış, daxili qoşunların tərkibində taqım komandiri kimi fəaliyyətə başlamışdır.
1992-ci ildə Bakıya qayıdır və 6500 saylı mühafizə alayına komandir təyin edilir. R. Rzayev Ağdam rayonunun Papravənd, Pircamal, Aranzəmin, Şelli, Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmanlıq nümayiş etdirir. Qəhrəmanlığına görə Rövşən 1993-cü ildə ədliyyə Nazirliyinin hərbi hissəsinin qərargah rəisi təyin edilir.
1994-cü ildə isə vaxtilə xidmət etdiyi alayın 4-cü taborunda qərargah rəisi olur. 1996-cı ildə isə ədliyyə Nazirliyi məhkəmə Qərarlarının Baş İdarəsinin mühafizə alayında qərargah rəisi vəzifəsinə təyin edilir. Son zamanlar isə Qobustan həbsxanasında mühafizə bölüyünün komandiri olmuşdur.
8 yanvar 1999- cu ildə məhbus qiyamının yatırılmasında iştirak edərək, yaralı əsgərlərə xidməti zamanı qəhrəmancasına həlak olub.
Ailəli idi. İki övladı var.
Sahil qəsəbəsində dəfn edilmişdir.
Sahil qəsəbəsində adına park var. Həmin parkda büstü qoyulmuşdur.