Faiq Rəfiyev
Azərbaycan Respublikası prezidentinin 2 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Rəfiyev Faiq Qəzənfər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Rəfiyev Faiq Qəzənfər oğlu 22 fevral 1955-ci ildə Füzuli rayonunun Sarıcıq kəndində anadan olmuşdur. 1972-ci ildə Qarakollu kənd orta məktəbini bitirmişdir.
1973-75-ci illərdə Arxangelsk vilayətində hərbi xidmətdə olmuşdur. Ordudan tərxis olunaraq, Plistesk rayonunda milis vəzifəsində çalışmışdır.
Sankt-Peterburq şəhərində Ali Hərbi Milis Məktəbinin qiyabi şöbəsində oxumuş, 1984-cu ildə təhsilini başa vuraraq, leytenant rütbəsi almış, sahə müvəkkili vəzifəsində işə başlamışdır.
1990-cı ildə 20 Yanvar faciəsindən sonra vətənə qayıdaraq, Xocavənd rayonunda sahə müvəkkili işləmişdir. Axullu, Tuğ, Qaradağlı kəndlərinin düşməndən qorunmasında qəhrəmanlıq göstərmişdir. 1992-ci il 10 yanvarda qəfil düşmən gülləsi onun həyatına son qoydu.
Ailəli idi. İki qızı yadigar qalıb.
Doğulduğu Sarıcıq kəndində dəfn edilmişdir.
Lökbatan qəsəbəsindəki 166 saylı orta məktəb onun adını daşıyır.