Kullanıcı Tag Listesi

Tofiq Nəcəfli Qarabağ XVI əsrdə Qarabağ tarixinin ətraflı və daha dərindən araşdırılması Azərbaycan tarix elminin qarşısında duran aktual və zəruri məsələlərdən ən önəmlisidir. Azərbaycan dövlət müstəqilliyini, istiqlaliyyətini bərpa etdikdən sonra xalqımızın uzun illər ərzində yaratmış olduğu zəngin tarixin daha dərindən öyrənilməsi tədqiqatçılarımız qarşısında geniş imkanlar açmışdır. Son illərdə bu sahədə xeyli işlərin görülməsinə baxmayaraq, bu istiqamətdə tədqiqatların daha da

Bu konu 1036 kez görüntülendi 0 yorum aldı ...
Azerbaycan Tofiq Nəcəfli Qarabağ XVI əsrdə 1036 Reviews

    Konuyu değerlendir: Azerbaycan Tofiq Nəcəfli Qarabağ XVI əsrdə

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1036 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.462
    Konular
    5174
    Beğendikleri
    0
    Beğenileri
    26
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Azerbaycan Tofiq Nəcəfli Qarabağ XVI əsrdə

    Tofiq Nəcəfli
    Qarabağ XVI əsrdə


    Qarabağ tarixinin ətraflı və daha dərindən araşdırılması Azərbaycan tarix elminin qarşısında duran aktual və zəruri məsələlərdən ən önəmlisidir. Azərbaycan dövlət müstəqilliyini, istiqlaliyyətini bərpa etdikdən sonra xalqımızın uzun illər ərzində yaratmış olduğu zəngin tarixin daha dərindən öyrənilməsi tədqiqatçılarımız qarşısında geniş imkanlar açmışdır. Son illərdə bu sahədə xeyli işlərin görülməsinə baxmayaraq, bu istiqamətdə tədqiqatların daha da genişləndirilməsinə böyük ehtiyac duyulmaqdadır.
    XV yüzilliyin son rübündə Qarabağ ərazisi Azərbaycan Ağqoyunlu dövlətinin tərkibində idi. Bu zaman Qarabağda Qaramanlı tayfası ilə yanaşı Qacar türk tayfası möhkəmlənmişdi. Şeyx Heydərin ətrafında toplanmış Qızılbaş tayfaları arasında Qarabağ Qacarları da xüsusi yer almışdı. İ. P. Petruşevskinin fikrincə, XV yüzilliyin sonunda qızılbaş tayfalarına vaxtilə Ağqoyunlu tayfa birliyində olan Qacar türk tayfası da qoşulmuşdu (Petruşevskiy İ. P. Oçerki po istorii feodalğnıx otnoşeniy v Azerbaydjane i Armenii v XVI -naçale XIX v. v. , L. , 1949, s. 91).
    XV yüzilliyin sonunda Azərbaycan Ağqoyunlu dövlətində daxili ziddiyyətlər daha da kəskinləşmiş və 1500-cü ildə dövlət Ağqoyunlu əmirləri arasında parçalanmışdı. Cənubi Azərbaycan, Qarabağ, Naxçıvan və Diyarbəkr Sultan əlvəndin, ərəb İraqı, Fars və Kirman Sultan Muradın əlində qalmışdı (Petruşevskiy İ. P. Qosudarstva Azerbaydjana v XV v. //Sbornik statey po istorii Azerbaydjana, Vıp. 1, B. , 1949, s. 179; Gfendiev O. A. Obrazovanie azerbaydjanskoqo qosudarstva Sefevidov v naçale XVI v. B. , 1961, s. 84).
    XVI yüzilliyin başlanğıcında Azərbaycan Səfəvi dövləti yarandığı vaxtdan etibarən Qarabağ ərazisi onun tərkibinə mərkəzi Gəncə olan Qarabağ bəylərbəyliyi kimi daxil olmuşdu. Tarixşünaslığımızda Qarabağ bəylərbəyliyinin Şah İsmayıl dövründə (1501-1524) deyil, Şah Təhmasib dövründə yarandığı və Ziyadoğlulardan Şahverdi xanın ilk bəylərbəyi olduğu fikri əsaslı yer tutmuşdur. Şah İsmayıl dövründə Qarabağ hakiminin kim olduğu məlum olmasa da, O. əfəndiyevin yazdığı kimi, bu dövrdə Qarabağı Qacar tayfa əmirləri idarə etmişdi. Görünür, məhz bu dövrdə Qarabağda üstünlük Qaramanlılardan Qacarlara keçmişdi (Gfendiev O. A. Karabax v sostave qosudarstv Karakoyunlu, Akkoyunlu i Sefevidov (XV-XVII vv. ). //Karabax. Oçerk istorii i kulğturı. B. , 2004, s. 64). Anonim azərbaycanlı müəllif tərəfindən qələmə alınmış «Tarix-i aləmara-yi Şah İsmayıl» adlı əsərdə 1508-ci il hadisələrindən bəhs edilərkən qeyd edilir ki, Şah İsmayıl aparılan mübarizədə fədakarlıq göstərmiş qızılbaş əmirlərini yüksək qiymətləndirmiş və onların övladlarını müxtəlif yüksək vəzifələrə təyin etmişdi. Anonim müəllif buna misal olaraq qeyd edir ki, Şah İsmayıl «Qarabağın və o sərhəddin bəylərbəyliyini Qara Pirinin oğlu Rüstəm bəyə inayət etmişdi» (Bax:Aləmara-ye şah Esmail (ba moqəddeme-yo təshih-o təliq-e əsğər Montəzer Saheb). Tehran, 1349, s. 170; Musalı N. Səfəvilər zamanında Qarabağ bəylərbəyliyinin yaradılması və onun inzibati quruluşu. // «Qarabağ Dünən Bu Gün və Sabah» V Elmi-əməli konfransın materialları. Bakı, 2006, s. 166).
    Bu məlumatdan aydın olur ki, Şah İsmayıl dövründə yaradılmış olan Qarabağ bəylərbəyliyi ilk vaxtlar Qara Piri bəy Qacarın oğlu Rüstəm bəy Qacar tərəfindən idarə edilmişdi. Osmanlı müəllifi Heydər Çələbi öz «Rüznamə»sində Çaldıran döyüşündə öldürülən qızılbaş əmirləri arasında Gəncə və Bərdə valisi olan Sərdar bəy Qacarın adını çəkir (Bax: Sümer F. Safevi devletinin kuruluşu ve gelişmesinde Anadolu türklerinin rolu. Ankara, 1976, s. 37). Güman etməyə əsas vardır ki, Sərdar bəy Qacar da həmin nəslin nümayəndəsi olmuşdur. Çünki, Ziyadoğlu Qacar nəsli Qarabağ bəylərbəyliyinə Şah Təhmasib dövründə bəylərbəyi təyin olunmuşdur. F. Sümerin fikrincə, Qacar boyunun başlıca obaları Ağcaqoyunlu, Axçalu, Şam Bayatı, Yivə və İyirmidördlü olmuşdu (Sümer F. Safevi devletinin kuruluşu…, s. 183-184).
    1547-ci ilin əvvəllərində Gürcüstan səfərindən dönən Şah Təhmasib Yevlaxda dayanmışdı. O. əfəndiyev «Xülasət ət- təvarixin» verdiyi məlumata əsaslanaraq yazır ki, Gürcüstan yürüşündən qayıdan zaman Şah Təhmasib Şahverdi Sultan Ziyadoğlu Qacarın evinə düşmüşdü. Buradan o, Şirvanda üsyan qaldırmış olan əlqas Mirzəyə qarşı Şahverdi Sultan Ziyadoğlunu digər əmirlərlə birlikdə göndərmişdi (Gfendiev O. A. Azerbaydjanskoe qosudarstva Sefevidov v XVI v. B. , 1981, s. 84). 1537-ci ildə Şahverdi xan öz qüvvələri ilə Qəndəhar yürüşünə qatılmış və bundan sonrakı mühüm hərbi səfərlərdə də yaxından iştirak etmişdi. Görünür, bu dövrdə Şahverdi Sultan Qarabağ bəylərbəyi olmuşdu. Çünki, 1552-ci ildə ərzurumda Osmanlı hakimi İsgəndər paşaya qarşı döyüşdə o, Qarabağ bəylərbəyi kimi xatırlanmışdı (Gfendiev O. A. Azerbaydjanskoe qosudarstva Sefevidov. . ,s. 93; Nəjəfli T. Ziyadoğlu Qajarlar Qarabağda. // «Qarabağ Dünən Bu Gün və Sabah» V Elmi-əməli konfransın materialları. Bakı, 2006, s. 232).
    Qarabağ Ziyadoğlu Qacarların irsi bəylərbəyliyi kimi Qarabağ xanlığının yaranmasına kimi, kiçik fasilə ilə 300 ilə qədər onların nəzarətində qalmışdı. Qarabağ bəylərbəyləri olan Ziyadoğlu Qacarlar haqqında ən mühüm məlumat II Şah Abbas dövründə Qarabağ bəylərbəyi Murtuzaqulu xan Qacarın vəziri olmuş Məhəmməd Məsumun «Xülasət əs-siyar» əsərində verilmişdir. M. Məsum Ziyadoğlu Qacar nəslinin XVI yüzyilliyin 40-cı illərindən- XVII yüzilliyin 60-cı illərinə qədər, təxminən yüzillik tarixini öz əsərində işıqlandırmışdır. O, Ziyadoğlu nəslindən Şahverdi Sultan, İbrahim xan, Yusif Xəlifə, Məhəmməd xan, Mürşüdqulu xan, Məhəmmədqulu xan və Murtuzaqulu xanın fəaliyyətinə geniş yer vermişdir. Nəzərə almaq lazımdır ki, Ziyadoğlu Qacar nəslinin Qarabağ bəylərbəyliyindəki fəaliyyəti məhz M. Məsumun əsərində ətraflı şəkildə işıqlandırılmışdır. Müəllif Ziyadoğlu nəsli ilə bağlı yazır ki, Lahicanda olan Xəzər bəy Şah Təhmasibə öz oğlu Ümmət xanı təqdim etmişdi. Şah dövlətə xidmətdəki sədaqətini nəzərə alaraq ona «Ziyadoğlu» ləqəbini bağışlamışdı. Ümmət xanın ölümündən sonra onun oğlanları şahın sərəncamında olmuşdu. Onun oğlu Şahverdi Sultan Qarabağ bəylərbəyi təyin olunmuşdu (Pavlova İ. K. Xronika vremen Sefevidov. Moskva, 1993, s. 59).
    Şahverdi Sultan Səfəvi sarayının siyasi həyatında əhəmiyyətli rol oynamışdı. Şah Təhmasib 1547-ci ildə göstərdiyi tarixi xidmətləri nəzərə alaraq Şahverdi xana Sultan titulu vermişdi. M. Məsum yazır ki, XVI yüzyilliyin 40-50-ci illərində Osmanlı-Səfəvi hərbi əməliyyatları zamanı Şahverdi Sultanın hərbi hissələri ərzurumu mühasirəyə alan İsgəndər paşanın qüvvələrini məğlub etmişdi. Düşmənin məğlub edilməsi Qızılbaş ordusuna növbəti qələbə qazanaraq İrəvanı öz əlində saxlamağa imkan vermişdi. Şah Təhmasib bu xidmətinə görə, Şahverdi Sultana «müsahib» titulunu vermiş, həm də Qarabağın dörd mülkü ilə yanaşı, Şəki əyalətinə daxil olan Danəki adlı yeri də ona bağışlamış və öz ehtiyacını daha yaxşı təmin etmək üçün Şirazdan lazım olan şeyləri alıb gətirməsi üçün min tümən illik məvacib verilməsini əmr etmişdi (Pavlova İ. K. Göst. əsəri, s. 59-60).
    Şahverdi Sultanın şahın əhatəsindəki yüksək zümrəyə daxil edilməsi və torpaq bəxşişləri alması (indi artıq onun 5 mülkü və xamesalə vergisini toplamaq hüququ vardı), Qarabağ hakiminin şah sarayında mühüm nüfuz sahibi olduğunu qeyd etməyə imkan verir. Şahverdi Sultan 1568-ci ildə ölmüşdü. Şahverdi Sultanın 3 oğlu olmuşdu. Onlardan biri olan Xəlil xan hələ atasının sağlığında Astrabad bəylərbəyi və buradakı Qacar tayfasının başçısı olmuşdu. M. Məsum yazır ki, hazırda Astrabadda yaşayan qacarların bir hissəsi onun nəslindən olan mülazimlərdir. Şahverdi Sultanın ölümündən sonra onun digər iki oğlu- İbrahim xan və Yusif Xəlifə 1576-cı ilə kimi ardıcıl olaraq Qarabağ bəylərbəyi və buradakı qacarlara rəhbərlik etmişdi. II Şah İsmayıl Qarabağ qacarlarını, o cümlədən Ziyadoğlu nəslini özünün şəxsi düşməni hesab etmişdi. Çünki, Şahverdi Sultanın təlqinləri nəticəsində İsmayıl Mirzə atasına şübhəli bilinmiş və Şah Təhmasib tərəfindən Qəhqəhə qalasında 20 ildən artıq siyasi məhbus kimi saxlanılmışdı (Pavlova İ. K. Göst. əsəri,s. 60).
    1576-cı ildə Şah Təhmasibin ölümü zamanı başlıja Qacar əmirlərindən biri Şahverdi Sultanın oğlu Yusif Xəlifə olmuşdu. O, Qarabağ bəylərbəyi və Sultanəli Mirzənin lələsi təyin edilsə də, şahın ölümü ilə bağlı hələ də Qəzvində qalmışdı. 1576-cı ildə Səfəvi taxt-tacı uğrunda mübarizə zamanı Yusif Xəlifə Ziyadoğlu II İsmayılın rəqibi olan Heydər Mirzənin tərəfini saxlamışdı. Buna görə də, II Şah İsmayıl Yusif Xəlifəni Qarabağ bəylərbəyi və Qacar tayfasının rəhbəri vəzifəsindən azad etsə də, Qarabağ bəylərbəyliyini digər Qızılbaş tayfasına verməyə tələsməmişdi. Yusif Xəlifə qardaşı oğlu Peykər Sultan tərəfindən öldürülmüşdü. Şah bəylərbəyliyi ilk öncə Peykər Sultana, sonra isə İmamqulu xan Qacara vermişdi. Məhəmməd Xudabəndə dövründə 1580-ci ildə Peykər Sultan Şirvan bəylərbəyi təyin edilmiş və nəticədə Qacar əyanlarının bir hissəsi Şirvana köçərək orada torpaq mülkləri almışdı (Petruşevskiy İ. P. Oçerki po istorii feodalğnıx otnoşeniy. . , s. 122; Gfendiev O. A. Azerbaydjanskoe qosudarstvo Sefevidov, s. 138, 150).
    Səfəvi-Osmanlı müharibəsi (1578-1590) dövründə İmamqulu xan Qarabağ qoşunu ilə Azərbaycan uğrunda mübarizədə fəal iştirak etmişdi. Lakin 1588-ci ildə qızılbaşlar Arazın cənub sahillərinə çəkilmək məcburiyyətində qalmışdı. Bu zaman onlar arasında Qacar və İyirmidördlü tayfası da olmuşdu. F. Sümer yazır ki, II Şah İsmayıl və Məhəmməd Xudabəndə dövründə Qacarlar yenə Qarabağ bölgəsindəki yurdlarında yaşayırdılar. Bu zaman Qarabağ bəylərbəyi olan İmamqulu xan Osmanlı qüvvələri ilə vuruşaraq yurdunu qorumuş, Fərhad paşa ordusunun Qarabağı işğal etməsindən sonra tayfasının bir qismi ilə Arazbara çəkilmişdi. O, Qacarların Yivə obasından idi. Osmanlı işğalı zamanı Qarabağda Qacarlar, Otuzikili, Qazaxlar, İyirmidördlü, Qaramanlı və digər tayfalar yaşayırdı. Qarabağın Osmanlı idarəçiliyinə keçməsi nəticəsində qacarların bir hissəsi Osmanlı hakimiyyəti altında qalmaq istəməyərək Arazın cənubundakı Səfəvi torpaqlarına köç etdilər (Sümer F. Safevi devletinin kuruluşu. . , s. 145). İmamqulu xan Qacar özünün böyük hərbi sərkərdəlik qabiliyyəti nəticəsində Osmanlı ordusuna qarşı on ildən artıq mübarizə aparmışdı. Onun 1587-ci ildə Gəncədə ölümündən sonra Məhəmməd xan Ziyadoğlu Qacar Qarabağ bəylərbəyi təyin olundu. Şərəf xan Bidlisinin yazdığına görə, 1588-ci il sentyabrın 1-də Fərhad paşa Gəncəni ələ keçirən zaman Məhəmməd xan Ziyadoğlu ətrafdakı 40-50 min evdən ibarət olan ulusunu Araz çayının kənarına köçürmüşdü. Fərhad paşa qacarları burada da rahat buraxmamış və sentyabrın sonunda Arazbara yürüş edərək, onları və qoyun sürülərini qarət etmişdi (Şaraf-xan Bidlisi. Şaraf-name, t. 2, Per. , pred. , i pril. i prim. E. İ. Vasilğevoy, M, 1976, s. 292; 14. Kırzıoğlu F. Osmanlıların Kafkaz ellerini fethi (1451-1590), Ankara, 1976, s. 370; Nəcəfli T və Nəcəfli G. XVI-XVIII yüzilliklərdə Qacarların Azərbaycanın siyasi həyatında rolu. // Şah İsmayıl Xətai. Elmi -praktik konfransın materialları, Bakı, 2006, s. 50). M. Məsumun verdiyi məlumat bir daha təsdiq edir ki, Qarabağ bəylərbəyliyini irsi olaraq Ziyadoğlu Qacar nəsli idarə etmişdi. Şahverdi Sultanın nəvəsi Astrabadlı Xəlil xanın oğlu Məhəmməd xanın dövründə Ziyadoğlu nəsli Osmanlı ordusu tərəfindən təkcə Şirvandan deyil, həm də Qarabağdan çıxarılmışdı. Beləliklə, Qacarlar Qarabağı tərk edərək ərdəbil bölgəsində məskunlaşmışdılar (Petruşevskiy İ. P. Oçerki po istorii feodalğnıx otnoşeniy…, s. 122-123).
    Ziyadoğlu Qacarlar Qarabağın Osmanlı ordusu tərəfindən işğal edilməsi ilə uzun müddət barışmamışdılar. Məhəmməd xan Qacar 1589-cu ildə Qarabağa yürüş edərək Gəncə şəhərini mühasirəyə almışdı. Bundan xəbər tutan Təbriz mühafizi Cəfər Paşa I Şah Abbasa elçi göndərərək sülh danışıqlarının başlandığı bir dövrdə bu hadisənin yolverilməz olduğunu bildirməsi öz nəticəsini vermişdi. Səfəvi şahı III Sultan Muradla sülh danışıqlarının başlandığını nəzərə alaraq Məhəmməd xan Qacarı Gəncə mühasirəsindən geri çağırmışdı (Kırzıoğlu F. Göstərilən əsəri, s. 378).
    Qarabağ ərazisi öz təbii şəraiti, əlverişli iqlimi, şəffaf suları, meşə örtüyü, yeraltı sərvətləri və eyni zamanda nadir otlaqları, ovlaqları ilə zəngin olan tarixi bir vilayət olmuşdu. Kür və Araz çayları ilə suvarılan Qarabağ torpaqlarında bol taxıl, meyvə- tərəvəz, bostan bitkiləri, üzüm və s. becərilirdi. Qarabağın dağlıq və dağətəyi əraziləri heyvandarlığın inkişafı üçün geniş imkanlar açırdı. Qədim dövrdən Qarabağ öz ipəyi ilə də məşhur idi. Səyyah İohann Şiltberger Qarabağda Kür çayının sahillərində dünyada ən yaxşı ipəyin istehsal olunduğunu yazır (Hilğtberqer İoqann. Puteşestvie po Evrope, Azii i Afrike s 1394 qoda po 1427 qod. B. , 1984, s. 67).
    Qarabağ Azərbaycanın mühüm ticarət mərkəzlərindən biri hesab olunurdu. XVI yüzillikdə Azərbaycan ərazisindən keçən baş ticarət yolunun mühüm qolu Qarabağdan keçirdi. Qarabağ ticarət yolu Bəkrəbad kəndindən keçərək Araza çatır, sonra isə Qarabağ ərazisinə daxil olurdu. Araz sahilindən Gəncəyə kimi olan 34 fərsəxlik (210-220 km) yol daha sonra Şəmkir və Ağstafanı keçib Tiflisə çatırdı. Qarabağ yolunun ümümi uzunluğu 45 fərsəx (280-300 km. ) olmuşdu.
    Qarabağ əhalisi və onun etnik tərkibi haqqında ən mühüm məlumat 1593-cü ildə Osmanlı maliyyə məmuru İmamzadə Mehmed tərəfindən tərtib olunan «Gəncə-Qarabağ icmal dəftərin»də verilmişdir. Bu qaynaqda Osmanlı işğalı zamanı (1588-1606) Qarabağı tərk etməyərək osmanlıların hakimiyyəti altında qalan Qacar tayfasının 8 oymağının adı çəkilir:
    1. Qaraca-Sevgülən Bərdə nahiyəsində, 2. Qaytaq- Bərdənin Sir nahiyəsində və Xaçın sanca-ğının Çalaberd nahiyəsində, 3. Qolsuzlu- Bərdənin Sir nahiyəsində, 4. Ağcaqoyunlu- Xaçı-nın Çalaberd nahiyəsində, 5. Gəngəldilü- həmin ərazidə, 6. əylənlü- yenə həmin yerdə, Bərdə və Gəncə ətrafında, 7. Şam Bayazi (Bayatı)- həmin yerdə, 8. Yıva-Qacar- Qaraağacda və Gəncə sancağında yaşayırdı (Kırzıoğlu F. 1593 (H. 1001) yılı Osmanlı vilayet Tahrir Defterinde anılan Gence-Karabağ sanjakları «Ulus» ve «Oymakları»- Edebiyat Fakültesi Araştırma Dergisi Ahmet Jafaroğlu Özel Sayısı, sayı 10, Ankara, 1979, s. 205-206; Gfendiev O. A. Karabax v sostave. . , s. 66).
    Dəftərdə Qarabağda Qaramanlı tayfasından üç oymağın adı çəkilir: Aran-i Şəmkir nahiyəsində və Gəncə vilayətinin Axıstabad sancağında «qədimdən Qaramanlı və Kəsəmənli camaatı yaşayırdı». Hakarri sancağında və Dizakda Sorluk tayfası Haci-Vacardıki və Haci-Tırnagerd camaatı yaşayırdı. Gəncənin şimal-qərbində, Qazax bölgəsinin şərqində Şəmsəddinlilər (Gəncə vilayətinin Aran-i Şəmkir nahiyəsində), Gəncə sancağının Tavus nahiyəsin-də Qapanlu camaatı yaşayırdı (Kırzıoğlu F. Gəncə-Qarabağ sancakları. . , s. 207-208; Gfendiev O. A. Karabax v sostave. . , s. 66).
    Gəncə vilayətinin Qaraağac bölgəsində Hacılu (Hacılar) tayfasının 31 oymağının adı dəfdərdə öz əksini tapmışdır: 1. əlişarlu, 2. Bukavullu, 3. Canılu, 4. Çıraculu, 5. Davulu, 6. Davudlu, 7. Dəmirçilər, 8. Ton-əli, 9. əmir-Alyanlu, 10. əmir-Həsənlu, 11. Qazilu, 12. Hindmallu, 13. Xəlifəli, 14. İsabəyli, 15. İsmail-Qazılu, 16. Qədim-İsmaillü, 17. Kağan-ərlü, 18. Qara-Sofılu, 19. Kərəməddinlü, 20. Qoruqçılu, 21. Qoyunlu-Mahmad, 22. Qul-Mahmudlu, 23. Kürələr, 24. Mirxanilü, 25. Sarsarlu, 26. Sazağanlu, 27. Səməlü, 28. Səməlü-yi Artuc, 29. Sökəlü, 30. Oxunmur, 31. Törəlü (Kırzıoğlu F. Gəncə-Qarabağ sancakları. . , s. 207-208).
    Gəncə vilayətinin Arazbar, Qaraağac, Bərdə və Şutur nahiyələrində «Otuzikilü» tayfası yaşayırdı: 1. Atlucalı- Bərdədə, 2. Padar-Arazbarda, 3. Bay-əhmədli- Qaraağacda, 4. Buğdayüzü- Qaraağacda, 5. Jancanlu- Arazbarda, 6. Cavanşir- Arazbarda, 7. Dögər- Arazbarda, 8. Həsirlu- ərazi göstərilməyib, 9. Hüseyinlü- Arazbarda, 10. Kəpənəkçi-Yevlaxda, 11. Kırqallu-Ağcabədidə, 12. əski-Kumanlu-ərazi göstərilməyib, 13. Yeni- Kumanlu- ərazi göstərilməyib, 14. Lalə-Bükili- Gəncədə, 15. Maqsudlu-Xaçın sancağının Çalaberd nahiyəsində, 16. Maqsudlu-Bazirganlı- Nəhri-Hakda (Torpaq-Ark), 17. Maqsudlu-Həmidlü- Qaraağacda, 18. Mehmed-Şahlu- Şutur nahiyəsində Həmzəlü yaxınlığında, 19. Monla-əbdülcəlillü-Aran-i Gəncə nahiyəsində, 20. Monla-əbdülməcidlü- Xaçında, 21. Müqəddəmlü- Arazbarda, 22. Sarı-Hacılu- ərazi göstərilməyib, 23. Silkəlü- Arazbarda, 24. Şirvanşalı- Bərdə vilayətində, Arazbarda, 25. Üç-Oğlan- ərazi göstərilməyib, 26. Yay-Okçu- Bərdədə, 27. Veysəllu- Çalaberddə yaşayırdı. Bu tayfaya məxsus yerdə qalan beş oymağın adı göstərilməmişdir (Kırzıoğlu F. Gəncə-Qarabağ sancakları. . , s. 208-213; Gfendiev O. A. Karabax v sostave. . , s. 66-67).
    Qarabağ düzündə, Bərdədən cənubda yerləşən becərilən torpaqlar «Otuzikilü»lərin adı ilə bağlı olmuşdu. XVI əsrdə bu ərazi xırda Azərbaycan tayfalarının yaratmış olduğu birliyin irsi mülkü olmuşdu. Bu birliyə daxil olan Cavanşir tayfası bu tayfaların irsi başçısı kimi tanınmışdı. İsgəndər bəy Münşinin 1628-ci il qızılbaş əmirlərinin siyahısında «Cavanşir, Otuzikilü tayfasının və Qarabağ əmirlərinin başçısı Otar Sultan» qeyd edilmişdir (Petruşevskiy İ. P. Qosudarstvo Azerbaydjana v XVI-XVII vv. Sb. statey po istorii Azerbaydjana, vıp. 1, B. , 1949, s. 136; Gfendiev O. A. Karabax v sostave. . , s. 67). 1604-cü ildə əmirgünə xan Qacar Arazı keçərək Qarabağa daxil olan zaman «Qacar tayfasının (el və oymaqları) və Qarabağın Otuzikilü tərəkəmələri şahsevən oldular».
    Qarabağın «İyirmidördlü» tayfası da süni yolla azərbaycanlı və qismən kürd tayfalarının birliyi kimi yaranmışdı. Bəhs olunan Osmanlı icmal dəftərində bu tayfaya məxsus 18 oymağın adı çəkilir: 1. əli-Şarlu- Bərdə vilayəti Sir bölgəsində, 2. Alpavut- Gəncə vilayətinin Yevlağ nahiyəsində, ayrıca Bərdənin Sir nahiyəsində, 3. Baxşayışlu- Şutur nahiyəsində, 4. Bəxtiyarlu-Qaraağacda, 5. Dərəbəylü-Yevlağ nahiyəsində, Qaraağacda, 6. Gödə-əhmədlü- Yevlağ nahiyəsində, 7. Gökçəklü-Yevlağda, 8. Monla əlillü-Yevlağ və Bərdədə, 9. Peyrə-mahmudlu-İncərud nahiyəsində, 10. Sarı-Hacılu-Çalaberd nahiyəsində, 11. Seydi-Zəng- Yevlağda, 12. Tobılu- Sir nahiyəsində, 13. Tokacılu- Yevlağ nahiyəsində və Bərdədə, 14. Tüləki-Bərdədə, 15. Tüllü- Qaraağacda, 16. Varvan- ərazi göstərilməyib, 17. Yasavullu- İncərud nahiyəsində, 18. Zənd-Yevlağ nahiyəsində. Bu ulusun da 6 oymağının adı qeyd edilməyib (Kırzıoğlu F. Gəncə-Qarabağ sancakları. . , s. 213-214; Gfendiev O. A. Karabax v sostave. . , s. 67-68). «İyirmidörd» adlı inzibati dairə Tər-Tər çayı boyunda yerləşmiş və mərkəzi Bərdə olmuşdu. Şərəf xan Bidlisinin verdiyi məlumata görə, bu tayfa birliyi Şah Təhmasib dövründə yaranmış və əhməd bəy Portal oğlu İyirmidörlü tayfa birliyinin başçısı təyin edilmişdi (Bidlisi Şaraf xan Şamsaddin. Şeref-name. Perevod, predislovie, primeçanie, prilojenie E. İ. Vasilğevoy, t. 1, M, 1967, s. 370; Gfendiev O. A. Karabax v sostave. . , s. 67).
    Qarabağ bəylərbəyliyi Səfəvi imperiyasının on üç inzibati vilayətindən (bəylərbəyliyindən) biri olmuşdu. Bu vilayətin daxilində dairələr (mahallar) mövcud olmuşdu. Dairələr çox zaman ölkə (feodal mülkü) kimi tayfa başçılarının irsi mülkiyətində olmuşdu. O. əfəndiyevin qeyd etdiyi kimi, Qarabağ bəylərbəyliyinin dəqiq sərhədlərini müəyyən etmək çətin olsa da, təxmini olaraq onun tarixi Arran vilayətini, yəni Kür və Araz çayları arasındakı ərazini əhatə etdiyini söyləmək mümkündür. XVI yüzillikdə Qarabağ bəylərbəyliyinin tərkibinə mərkəzi Gəncə olan Axstabad, Cavanşir, Bərguşad, Qazax və Şəmşəddil dairələri daxil olmuşdur (Petruşevskiy İ. P. Qosudarstvo Azerbaydjana v XVI-XVII vv. , s. 134; Gfendiev O. A. Karabax v sostave. . , s. 68-69). Səfəvi imperiyasının dövlət quruluşu məsələlərinə həsr olunmuş «Təzkirətül-müluk» adlı əsərdə Qarabağ bəylərbəyliyinin coğrafi vəziyyəti, inzibati bölgüsü və iqtisadi vəziyyəti haqqında maraqlı məlumatlar verilmişdir. Burada Qarabağ bəylərbəyliyinə daxil olan və hakimlər tərəfindən idarə olunan Zəyəm, Bərdə, Ağstafa, Cavanşir, Bərguşad, Qara-Ağac, Lori-Pəmbək, Arazbar, Simavi və Tərkür adlı 9 nahiyyənin adı sadalanır və onların iqtisadi və hərbi vəziyyəti haqqında mühüm statistik məlumatlar verilir(Bax: Mirzə Səmia. Təzkirətul-muluk (be kuşeş-e dr. S. M. Dəbirseyadi) Tehran, 1368, s. 76-78). Səfəvi dövrünün rəsmi dövlət quruluşu və inzibati bölgüsü haqqında ən dəyərli və mötəbər mənbə olan «Təzkirətül-müluk»da Qarabağ ərazisində hər hansı bir xristian məlikliyin mövcud olduğu qeyd edilməmişdir.
    Beləliklə, XVI yüzillikdə Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsi olmuş və Azərbaycan Səfəvi dövlətinin tərkibində qalmışdı. Yuxarıda qeyd etdiyimiz kimi Qarabağ əhalisinin əsas hissəsini türk dilli Azərbaycan tayfaları və onun oymaqları təşkil etmişdi. Burada, həmçinin digər etnik qruplar (xristian albanlar və kürdlər) olsa da, onların rolu əhəmiyyətli səviyyədə olmamışdı.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azerbaycan Tofiq Nəcəfli Qarabağ XVI əsrdə

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 1036

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş