Kullanıcı Tag Listesi

Güntəkin Nəcəfli Qarabağın xristian məlikləri və ermənilərin Qarabağda dövlət yaratmaq cəhdləri Tarix boyu ən böyük saxtakarlığa məruz qalan, müxtəlif yollarla şişirdilmiş, uydurma faktlarla özgəninkiləşdirilməyə (erməniləşdirilməyə) məruz qalan tarixi torpaqlarımızdan biri də Qarabağdır. Bildiyimiz kimi Səfəvilər dövründə ölkə inzibati cəhətdən bəylərbəyliklərə (vilayətlərə) bölünmüşdü. Onlardan biri də mərkəzi Gəncə şəhəri olan Qarabağ bəylərbəyliyi idi. Qarabağ bəylərbəyliyi ərazicə

Bu konu 1286 kez görüntülendi 0 yorum aldı ...
Qarabağın xristian məlikləri və ermənilərin Qarabağda dövlət yaratmaq cəhdləri 1286 Reviews

    Konuyu değerlendir: Qarabağın xristian məlikləri və ermənilərin Qarabağda dövlət yaratmaq cəhdləri

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1286 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.462
    Konular
    5174
    Beğendikleri
    0
    Beğenileri
    26
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Qarabağın xristian məlikləri və ermənilərin Qarabağda dövlət yaratmaq cəhdləri

    Güntəkin Nəcəfli
    Qarabağın xristian məlikləri və ermənilərin Qarabağda dövlət yaratmaq cəhdləri



    Tarix boyu ən böyük saxtakarlığa məruz qalan, müxtəlif yollarla şişirdilmiş, uydurma faktlarla özgəninkiləşdirilməyə (erməniləşdirilməyə) məruz qalan tarixi torpaqlarımızdan biri də Qarabağdır. Bildiyimiz kimi Səfəvilər dövründə ölkə inzibati cəhətdən bəylərbəyliklərə (vilayətlərə) bölünmüşdü. Onlardan biri də mərkəzi Gəncə şəhəri olan Qarabağ bəylərbəyliyi idi.
    Qarabağ bəylərbəyliyi ərazicə Səfəvilər dövlətinin böyük əyalətlərindən biri idi. Hətta XVIII əsrin I rübündə Osmanlılar tərəfindən tutulduqda belə əyalətin ərazisi dəyişməz qalmışdı. Tədqiqatçı H. Məmmədov bu barədə yazır: «əyalətin sərhədləri şimalda Kür çayı boyunca davam etmiş, Kürün Araz çayı ilə birləşdiyi yerdən Araz çayı boyunca qərbə doğru, Bərgüşad livasına (sancaq, vilayət-nəzərdə tutulur) və buradan da şimal istiqamətində Göyçə gölünün şərq hissəsindən keçərək yenə də şimala doğru, Tiflis əyalətinə daxil olmuş, Borçalının cənub hissəsi və Taşır nahiyəsi ilə həmsərhəd olan Lori qəzasına qədər uzanırdı» (Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri. Bakı. 2000, Gəncə- Qarabağ əyalətinin müfəssəl dəftəri. //Ön söz, tərcümə, qeyd və şərhlərin müəllifi H. Məmmədov (Qaramanlı). // Bakı, 2000. s. 7).
    Səfəvilər dövründə Qarabağ bəylərbəyliyinin tərkibində yerli inzibati- ərazi vahidi kimi xristian məliklikləri yaranmışdı. Erməni müəllifləri və onların digər həmfikirləri Qarabağ ərazisində mövcud olmuş beş xristian məlikliyini etnik cəhətdən erməniləşdirməyə, onların rolunu şişirtməyə və eyni zamanda erməni əhalisini tarixi Qarabağ ərazisinin yerli sakinləri olduğunu sübut etməyə çalışırlar. Məsələn: erməni tarixçisi A. R. İoannisyan Qarabağ və İrəvan torpaqlarını erməni əhalisinin əsas hissəsinin cəmləndiyi «tarixi Ermənistan ərazisi adlandırmaqla yanaşı, . . Qarabağ ərazisində olan xristian məlikləri «faktiki olaraq müstəqil hakimlər, öz ərazilərində tam ixtiyar sahibi, özlərinə məxsus hərbi qüvvəyə malik knyazlıqlar» kimi təsvir etmişdir (İoannisyan A. R. Rossiya i armənskoe osvoboditelğnoe dvijenie v 80 - x q. XVIII veke. Erevan, 1947, s. 16). P. T. Arutyunyan əksəriyyətini «xalq deyimləri» hesab etdiyi erməni mənbələrindəki ötəri məlumatlara əsaslanaraq təsdiq edir ki, bu məliklər Qarabağda XVII- XVIII əsrin əvvəllərində yaranmışdır (Arutönən P. T. Osvoboditelğnoe dvijenie armənskoqo naroda v pervoy çetverti XVIII veka, M. , 1954, s. 60, 61, 64 i t. d. ).
    XIX əsr Qarabağ salnaməçilərinin məlumatlarına fikir verək: Mirzə Adıgözəl bəyə görə, Xəmsə adı ilə məşhur olan beş mahalın hər birinin ayrı adı vardı. . . Dizaq məliyi Yeqan Loridən, Vərəndə məliyi Şahnəzər Göyçədən, Çiləbörd məliyi Allahqulu Mağavizdən, Gülüstan (Talış) məliyi Usub Şirvandan gəlmədirlər. Bu məlikliklərdən yalnız biri, Xaçın məlikləri Həsən Cəlalyan övladıdır (əlavə məlumat üçün bax: Mirzə Adıgözəl bəy. «Qarabağnamə»- Qarabağnamələr, I cild. Bakı. 1989, s. 36-37). Hətta, əslən Cənubi Azərbaycan ermənisi olan Mirzə Yusif Qarabaği də əsərində məliklərin Qarabağa gəlmə olduğunu qeyd edir (Mirzə Yusif Qarabaği. «Tarixi-Safi»// Qarabağnamələr, II cild. Bakı. 1991, s. 12-14).
    Dövrün digər bir mənbəsində «Təzkirət-əl-mülk»də …Qarabağ məliklərinin adları yoxdur. Bu onunla izah oluna bilər ki, …bu məlikliklər «ölkə»yə nisbətən daha xırda feodal mülkləri idilər, ikincisi məlikliklər XVII-XVIII əsrdə formalaşmışlar və XVIII əsrin əvvəllərində onların irsi mülklər kimi statusu hələ tam tanınmırdı» (Mustafayev. T. Qarabağ (Gəncə) bəylərbəyliyi XVIII əsrin I qərinəsində- Azərb. EA Xəbərləri, tarix, fəlsəfə və hüquq seriyası, 1988, №3, s. 37). əsası budur ki, gəlmə məliklər Qarabağda mahal başçılığını ələ keçirdikdən sonra kiçik də olsa, heç bir dövlət birləşməsi yarada bilməmişlər (Qarabağ (suallar və faktlar), Bakı. 2005. s. 15).
    əksər erməni tarixçiləri Qarabağın xristian məliklərini birmənalı şəkildə erməniləşdirilir və onların mənşəcə Azərbaycan albanları olmasını inkar edirlər. Erməni tarixçilərinin əksəriyyəti və onların həmfikirləri tərəfindən ictimaiyyətin beyninə belə bir fikir yeridilməkdədir: Qarabağ məlikliklərinin əhalisi ermənilərdən ibarət olmuşdur (Gzov Q. A. , Snoşeniie Petra Velikoqo s armənskim narodam, SPb. , 1898; Arməno- Russkie otnoşeniə v pervoy treti XVIII veka. , Erevan, 1964, t. II, ç. I; İoannisyan A. R. Göstərilən əsəri və s. ) İ. P. Petruşevski XV əsrdə Qarabağ əhalisindən danışarkən qeyd edir ki, buranın alban əhalisi müxtəlif vaxtlarda erməniləşməyə məruz qalmışdır (Petruşevskiy İ. P. Qosudarstva Azerbaydcana v XV veke. Sbornik statey po istorii Azerbaydjana, Vıp. 1, Baku, 1949, s. 136).
    Lakin, bunun tam əksinə olaraq « …məliklərdən dördünün- İsay, Şirvan, Sergey və İosifin 1723- cü ilin martında I Pyotra yazdıqları məktubdan aydın olur ki, o zaman Azərbaycanda yaşayan xristianlar özlərini alban (avqan) adlandırmışlar» (Mustafayev. T. Qarabağ (Gəncə) bəylərbəyliyi…. , s. 38). Bundan əlavə, Qarabağ məliklərinin II Yekaterinaya yazdıqları 1782- ci il tarixli məktubunda Qarabağ xanlığı ərazisində yaşayan xristianlar özlərinin arşaki və alban (avqan) çarları nəslinə məxsus olduqlarını qeyd edirlər (İoannisyan A. R. Göstərilən əsəri, s. 33). Digər erməni müəlliflərindən fərqli olaraq V. R. Qriqoryan İrəvan xanlığının tarixinə həsr etdiyi əsərində Qarabağın Xəmsə məliklərindən danışarkən heç bir yerdə erməni sözünü işlətmir, sadəcə olaraq onları Qarabağ məlikləri kimi qeyd edir (Qriqoryan V. R. İrəvan xanlığı XVIII əsrin sonlarında (1780- 1800), İrəvan, 1958) (erməni dilində) səh. 99, 101, 109, 110).
    İndiki Ermənistan və ona bitişik ərazilərdə pərakəndə halında yaşayan ermənilərin müstəqil dövlət yaratmaq arzusuna təkan verən amillərdən ən başlıcası XVI- XVII əsrlərdə Səfəvilərlə Osmanlı Türkiyəsi arasında uzun sürən müharibələr olmuşdur. Bu müharibələrdə hər bir məqamdan məharətlə istifadə edən ermənilər yeni-yeni Azərbaycan torpaqlarını osmanlılardan satın almışlar. H. Məmmədov İbrahim Rəhimizadənin «Gəncineyi-fəthi-Gəncə» əsərinə istinadən göstərir ki, 1588-ci ildə Gəncə-Qarabağ bəylərbəyi Məhəmməd xan Osmanlı ordusunun Gəncə şəhərinə yaxınlaşmasından bir neçə gün əvvəl tabeliyində olan 50 minə qədər insanı və öz ailəsini əyalətdən çıxarıb, Araz çayını keçərək Qaradağda yerləşdirsə də, bura gəlmiş Osmanlı ordusu tamamilə onları məhv etmişdir. Gəncə-Qarabağ əyalətinin qeyri-müsəlman olan məlikləri isə gəlib osmanlılara itaətini bildirdilər və bunun müqabilində öz vəzifələrində qalmaqla yanaşı, həm də yeni torpaqlar da aldılar (Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri. Bakı. 2000, s. 15).
    Beləliklə, Nadir şah əfşara qədər (1736) 200 il ərzində Qarabağ (həmçinin Qarabağ məlikləri) Azərbaycan Ziyadoğlu Qacarların hakimiyyəti altında qalmışdır. Nadir şah bu nəslin qüdrətini sarsıtmaq üçün yarımköçəri Azərbaycan tayfalarının və qeyd olunan beş məliklərin torpaqlarını onların nəzarətindən çıxarmağa qərar vermişdir (Bakıxanov A. A. Qülistani- İrəm. Baku. 1925, s. 142). Bu torpaqlar bilavasitə onun qardaşı İbrahim xana tapşırılmışdı. Nadir şahdan sonra Qarabağ məlikləri «Otuzikili» tayfa birliyinin başçısı, Cavanşir tayfasından olan Pənah xana tabe oldular. O, müstəqil Qarabağ xanlığının yaradıcısı idi. O, qeyd olunan 5 məliklər arasındakı nifaqdan bacarıqla istifadə edərək onları tabe edə bilmiş və «öz vassalına çevirmişdir». Qarabağ xanlığı paytaxtı Pənah xan tərəfindən 1751-ci ildə tikilmiş Pənahabad qalası (Şuşa) olmaqla, tezliklə Azərbaycan xanlıqları arasında ən güclü xanlıqlardan birinə çevrildi (Petruşevskiy İ. P. Oçerki po istorii. . , s. 136).
    Qarabağ xanlığının ərazisində xristian mənşəli məliklərin olması onu başqa xanlıqlardan fərqləndirirdi. Rusiya dövlətinin himayə etdiyi bu məliklər hələ Pənah xanın dövründən başlayaraq bir tərəfdən xanlıq daxilində mərkəzləşməyə mane olur, digər tərəfdən xaricdən Qarabağ xanlığına qarşı basqınların təşkilinə və həyata keçrilməsinə kömək etməklə Qarabağ xanlığının müstəqilliyini sarsıtmağa çalışırdılar (əlavə məlumat üçün bax: Mirzə Adıgözəl bəy. Göstərilən əsəri, c. 36 - 37).
    Ümumiyyətlə, ermənilərin qondarma «Böyük Ermənistan» dövləti yaratmaq xülyası «xristian himayəçiliyi» pərdəsi altında müstəmləkəçilik siyasəti yeridən Rusiyanın da mənafeyinə uyğun gəlirdi. Hindistanı və Yaxın Şərqi işğal etmək arzusunda olan Rusiya imperiyasına Türkiyə, İran və Azərbaycan sərhədləri qovuşağında etibarlı dayaq yaratmaq lazım idi ki, əlverişli şərait yetişən kimi həmin ərazidən hərbi plastarm kimi istifadə edə bilsin. I Pyotr dövründən başlanan bu mənfur siyasət XYIII əsrin II yarısında- II Yekaterinanın hakimiyyəti dövründə (1762-1796) daha da fəallaşdı. Məşhur qafqazşünaz V. L. Veliçko yazırdı ki, II Yekaterinanın ermənilərə lütfkarlığı ifrat həddinə çatmışdı (Veliçko V. L. Kavkaz. Russkoe delo i mejduplemennıe voprosı. Baku, 1990, s. 77).
    1782-ci ildə Rusiya hökuməti Q. A. Potyomkini Qafqaz işləri üzrə baş komandan, onun yaxın qohumu P. S. Potyomkini isə Qafqaz müdafiə xəttinin rəisi təyin etmişdi. Q. A. Potyomkinin 1782- ci il 6 sentyabr göstərişinə əsasən P. S. Potyomkin hər şeydən əvvəl gürcü çarı II İrakli və ermənilərlə əlaqələr yaratmalı idi.
    Rusiyadakı erməni yeparxiyasının başçısı, erməni tarixçiləri tərəfindən «erməni milli azadlıq hərəkatının görkəmli xadimi» kimi qələmə verilən İosif Arqutinski (Hovsen Arqutyan) Osmanlı dövləti ilə İran sərhədlərinin kəşişdiyi ərazilərdə erməni dövləti yaratmaq üçün Rusiya hökumət nümayəndələri ilə danışıqlar aparmış və bunun üçün 1782-ci ildə erməni-rus layihəsini hazırlamışdır. Bu lahiyəyə görə, Azərbaycanda müstəqil erməni dövləti yaradılmalı və bu dövlətin ərazisində qoşun saxlamaq hüququ Rusiyaya məxsus olmalı idi. Bundan əlavə, Rusiya və «erməni çarlığı» arasında hərbi ittifaq yaradılmalı, ermənilər üçün Xəzər dənizində liman inşa edilməli idi (İoannisyan A. R. Göstərilən əsəri. s. 47-48).
    Bu münasibətlə 1783-cü ilin aprelində Q. A. Potyomkin P. S. Potyomkinə yazırdı: «Siz bu yeni vilayətin təşkili üçün bütün imkanlardan istifadə edin. Bu vasitə ilə digər vilayətlərdə olan ermənilər bura axışacaqlar» (Markova O. P. Rossiə, Zakavkaze i mejdunarodnıe otnoşeniə v XVIII v. M, 1966, s. 185; İoannisyan A. R. Göstərilən əsəri. s. 47).
    Ermənilərin bu mənfur ideyaları daha çox tarixi Qarabağ ərazisinə aid olmuşdu. Məhz bu səbəbdən P. S. Potyomkin Qarabağ xanlığı üzərinə yürüşə hazırlaşarkən İ. Arqutinskiyə yazırdı: «Şuşa xanının möhkəmləndiyi qala harada yerləşir, onun ətrafı necədir, bu qalaya necə yaxınlaşmaq olar, xahiş edirəm mənə bu məşhur və alınmaz hesab edilən qalaya gedən yollar və s. haqqında məlumat verəsiniz» (İoannisyan A. R. Göstərilən əsəri. s. 104-206).
    Rusiya tərəfindən dəstəklənən xristian məliklər İbrahimxəlil xandan ehtiyat edərək bu cür «xahişi»ləri çox ehtiyatla və əsasən də İ. Arqutinski vasitəsilə göndərirdilər (Yenə orada, s. 199-218). Lakin, Rusiya dövlət nümayəndəsi Reyneqsin rus qoşunlarının yürüşü nəticəsində İbrahimxəlil xanın hakimiyyətdən məhrum edilməsi və «erməni çarlığının bərpası» haqqında məlumat verən, Abova göndərmiş olduğu məktubu Qarabağ xanının əlinə keçmişdir (Ezov Q. A. Göstərilən əsəri. s. LXXXVII-LXXXXXIX; Markova O. P. Göstərilən əsəri, s 185). Bu zaman İbrahimxəlil xan yüksək diplomatik məharət göstərərək məliklərin xəyanətkar mövqeyini sübuta yetirərək onların müqavimətini qıra bilmişdi.
    Rusiya hakim dairələri ermənilərdən «ümumxalq numayəndəliyi adından kömək və himayə xahişi göndərilməsini» gözləyirdi (Yenə orada). Buradan aydın olur ki, ehtiyatlı hərəkət edən Rusiya diplomatiyası hələ I Pyotr zamanından Azərbaycana olan öz işğalçı niyyətini bu «xahişlə» pərdələmək istəyirdi.
    Yaranmış şəraitdən düzgün istifadə etməyə çalışan İbrahimxəlil xan öz hakimiyyətini möhkəmləndirmək, məliklərin özbaşınalığının qarşısını almaq üçün xarici siyasətində həm Türkiyə ilə, həm də Rusiya ilə siyasi münasibətlərini tarazlşdırmağa çalışırdı.
    Hələ 1783- cü ilin yazında II İrakli P. S. Potyomkinə İbrahimxəlil xanın Rusiya himayəsinə daxil olmaq arzusuna işarə edən məktub göndərmişdi. İbrahimxəlil xan Rusiya ilə yaxınlaşmaqda şübhəsiz öz xanlığının daxili müstəqilliyini qorumaqla yanaşı, məliklərlə apardığı mübarizədə Rusiyanı zərərsizləşdirmək niyyətini güdmüşdü.
    Georgiyevsk müqaviləsinin bağlanması ərəfəsində Q. A. Potyomkin II Yekaterinaya yazırdı: «. . . əlverişli şərait yaranan kimi İbrahim xanı hakimiyyətdən devirərək onun vilayətini milli hakimiyyətə (məlikliklər nəzərdə tutulur- N. G. ) vermək lazımdır. Bununla da Asiyada sizin söz verməyinizə uyğun olaraq, mənim vasitəmlə erməni məliklərinə çatdırılacaq xristian dövləti yaranacaqdır» (Butkov Q. P. Materialı dlə novoy istorii Kavkaza s1722 po 1803 q. SPb, 1869, t. II, s. 142; Ezov Q. A. Göstərilən əsəri, s. LXXXVII-LCII).
    1783- cü il iyunun 24- də bağlanmış Georgiyevsk müqaviləsinə əsasən Kartli-Kaxeti çarlığı Rusiya dövlətinin tabeliyini qəbul etdi. Bu müqavilə bağlandıqdan sonra Rusiya dövlətinin Azərbaycana qarşı yeritdiyi işğalçı siyasəti daha da fəallaşdı. Göründüyü kimi II Yekaterina özünə müsəlman ölkəsində etibarlı dayaq yaratmaq üçün ermənilərə Qarabağ ərazisində xristian dövləti yaratmağa söz vermişdi.
    P. S. Potyomkin knyaz Potyomkindən Qarabağ və Qaradağ xanlıqlarının ərazisi əsasənda erməni dövlətinin yaradılmasını labüd sayaraq, orada necə hökumət qurmaq və İrəvan xanlığını da bu dövlətin ərazisinə qatıb-qatmamaq barədə təlimat istəyirdi (İoannisyan A. R. Göstərilən əsəri. s. 95). Onun yanına rəsmi nümayəndə göndərmək barədə P. S. Potyomkinin tələblərinə cavab olaraq İbrahim xanın nümayəndəsi Mirzə Vəli 1784-cü ilin fevralında Tiflisə gəldi. O, özü ilə xanın II Yekaterinanın adına yazmış olduğu ərizəni də gətirmişdi. Generala məktubunda İbrahim xan Rusiya himayəsinə keçmək arzusunda olduğunu bildirməklə yanaşı, belə bir sualına da cavab istəyirdi ki, əgər xan Rusiyaya tabe olarsa, onun daxili işlərinə və məliklərin idarəçiliyinə heç kimin qarışmayacağına, düşmənlərinə qarşı mübarizədə ona yardım göstəriləcəyinə təminat verəcəkmi? (İoannisyan A. R. Göstərilən əsəri. s. 98).
    Məhz bu səbəbdən İbrahimxəlil xan diplomatik bacarığından istifadə edərək Rusiya ilə də qarşılıqlı münasibətlərini qoruyub saxlamağa çalışırdı. 1784-cü ilin iyulunda onun vəziri Musa Sultan knyaz Q. A. Potyomkinin yanına gəlmişdi və oradan Peterburqa göndərilmişdi. Peterburqda Musa Sultana böyük dövlətin səfiri kimi hörmət göstərilmişdi (Markova O. P. Göstərilən əsəri, s. 184). Görünür Rusiya dövləti İbrahimxəlil xanın nüfuzunu və xanlığın qüdrətini nəzərə almış, həm də Azərbaycan xanlıqlarını ayrı-ayrılıqda öz tərəfinə çəkmək istədiyinə görə İbrahimxəlil xanla diplomatik münasibətlərdə ehtiyatla hərəkət etmək istəmiş və Qarabağ xanlığına zahirən də olsa dostluq münasibəti bəslədiyini göstərmişdi. Digər bir ciddi səbəb isə Qarabağ xanının Osmanlı dövləti ilə yaxınlığı idi (Nəcəfli G. J. Azərbaycan xanlıqlarının Osmanlı dövləti ilə siyasi əlaqələri (XVIII əsrin II yarısı). Bakı. 2002. s. 58-59).
    O. P. Markovanın yazdığına görə, İbrahimxəlil xanın bu dövrdə türklərlə əlaqəsindən Rusiya hakim dairələrinin xəbəri yox idi (Yenə orada). Lakin, Rusiya kimi xüsusi məxvi xidmət orqanlarına malik olan bir dövlətin İbrahimxəlil xanın Osmanlı dövləti ilə əlaqəsindən xəbərsiz olması o qədər də inandırıcı deyil. Buna görə də, Musa Sultan Peterburqdan geri qayıtdıqdan sonra Q. A. Potyomkin öz tabeliyində olan knyazlara yazırdı ki, mən sizə bu xanın (İbrahimxəlil xan-N. G. ) dediklərinə qulaq asmağı təklif etmirəm, çünki o, türklərə çox arxayındır və . . . . onu əzməyimizdən qorxduğu üçün bizi yuxuya vermək istəyir (İoannisyan A. R. Göstərilən əsəri, s. 165-166; əlavə məlumat üçün bax:Nəcəfli G. J. Göstərilən əsəri, s. 60-61).
    1784-cü ildə Şuşa həbsxanasından Kartli-Kaxeti çarlığına qaçan Qarabağ məlikləri Tiflisdəki rus ordusunun başçısı polkovnik Burnaşevin və II İraklinin köməyi ilə Qarabağ xanlığı əleyhinə yürüşə hazırlaşdılar. II İrakli Gəncə və İrəvan ərazisini ələ keçirmək, bütövlükdə Azərbaycan ərazisini Rusiya ilə öz arasında bölüşdürməyi planlaşdırırdı. O, Rusiya hakim dairələrinə göndərmiş olduğu məktublarının birində yazırdı ki, belə hesab edirəm ki, Azərbaycana sahib olmaq Rusiya üçün əlverişlidir. Sonra isə həmin torpaqların bir hissəsini mənə güzəştə gedərsiniz (Markova O. P. Göstərilən əsəri. s. 175).
    S. Burnaşevin və II İraklinin birləşmiş qüvvələri Qarabağ xanlığı üzərinə yürüş etmək üçün böyük sürətlə hazırlıq işləri görürdülər. Bu münasibətlə erməni İ. Arqutinski knyaz Potyomkinə yazırdı ki, əgər rus ordusu Gəncəyə qədər irəliləyə bilsə erməni məlikləri onlara qoşulacaq və onlar birlikdə nəinki Qarabağı, hətta Şuşa şəhərini də tuta biləcəklər (İoannisyan A. R. Göstərilən əsəri. s. 173).
    Hələ, 1783-cü ilin mayında knyaz Potyomkin general Potyomkinə belə bir əmr vermişdi: «Rusiyanın Ermənistan (müəllif Qərbi Azərbaycan torpaqlarını belə adlandırır-N. G. ) və Qarabağdakı tədbirləri ilə bağlı erməniləri həmişə hazır saxlamaq lazımdır və Rusiyanın ali himayəsi altında Asiyada Ermənistan və Qarabağ ərazilərindən ibarət güclü xristian dövləti yaratmaq üçün erməniləri əzizləmək lazımdır». Daha sonra bildirilirdi: «. . . şuşalı İbrahim xanı devirməli və Qarabağda Rusiyanın himayəsi altında müstəqil erməni vilayəti təşkil edilməlidir» (Butkov P. Q. Göstərilən əsəri. j. III. , s. 169-170).
    1783- cü ilin avqustunda Ararat və Gəncəsər patriarxları knyaz Q. A. Potyomkinə məktubla müraciət etmiş və bu məktubları xristian məlikləri də imzalamışdılar. Məktubda bildirilirdi ki, rus qoşunları Azərbaycana, xüsusən Qarabağ xanlığına gəldiyi təqdərdə onlara hər cür kömək edəcəklər (Markova O. P. Göstərilən əsəri, s. 185). Bundan əlavə, erməni din xadimlərinin tapşırığı ilə ermənilərin sayı süni surətdə şişirdilmiş rəqəmlə göstərilirdi (Qriqoryan V. R. İrəvan xanlığı. . , s. 109-110). İstər XIX əsr, istərsə də müasir erməni tarixçiləri öz əsərlərində Qarabağ ərazisində yaşayan ermənilərin «kafirlərin zülmü altında əzab-əziyyət çəkdiklərini, aclıq və səfalət içində yaşadıqlarını» vurğulayan məktubları xüsusilə qabarıq şəkildə izah edir və rus qoşunlarının onları «kafirlərin zülmündən xilas edəcək» bir qüvvə kimi Gənubi Qafqaza, o cümlədən Azərbaycan torpaqlarına yürüşünə haqq qazandırırlar (Ezov Q. A. Göstərilən əsəri, s. XXI).
    Lakin, onlar sosial-iqtisadi vəziyyətin ağır olduğundan xəbər verməyən digər məktublardakı faktlara nədənsə göz yumurlar. Fakta diqqət edək: «rus qoşunları Qarabağa gəldiyi halda, ermənilərin onlara 60 min pud un və 10 min öküz verəcəkləri vəd olunur» (Arməno- Russkie otnoşeniə…. . t. II, ç. 3. s. 27, 204).
    1784-cü il iyunun 2- də P. S. Potyomkin knyaz Q. A. Potyomkinə göndərdiyi fərmanda bildirirdi; «. . . əgər Fətəli xan öz orduları ilə Gəncəyə yaxınlaşarsa, icazənizlə biz də ermənilərə yardım göstərərik» (Azərbaycan MEA A. Bakıxanov adına Tarix İintitutunun Elmi Arxivi. inv. 1795(3), s. 361). Buradan bəlli olur ki, artıq Rusiya dövləti ermənilərə hərbi yardım etmək üçün heç nədən çəkinmirdi. Lakin Rusiya-Türkiyə savaşı (1787-1791) başlandığı üçün rus qoşunları Qafqaz xəttinə çağrılmış və Azərbaycan ərazisindən geri dönməyə məcbur olmuşlar. Sentyabrın 18-də birləşmiş qüvvələr geriyə yola düşmüş və xristian məlikləri də onların ardınca getməli olmuşdular (Butkov Q. P. Göstərilən əsəri. s. 188). Beləliklə, Rusiya imperiyasının erməni xadimlərinin köməyi ilə Xəzərsahili vilayətləri ələ keçirərək Qarabağ xanlığı və digər ərazilər hesabına «Albaniya» və «Ermənistan dövləti» yaratmaq planı baş tutmamışdı.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Qarabağın xristian məlikləri və ermənilərin Qarabağda dövlət yaratmaq cəhdləri

          Kategori: Ermeni Sorunu

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 1286

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş