İlham əliyev Marqaret Tetçerin vəfatı ilə bağlı başsağlığı verib
Azərbaycan Prezidenti İlham əliyev Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçerin vəfatı ilə bağlı bu ölkənin baş naziri Devid Kemerona başsağlığı verib.
Gün.Az-ın AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, məktubda deyilir:
“Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının keçmiş Baş naziri, görkəmli siyasi və dövlət xadimi xanım Marqaret Tetçerin vəfatı xəbəri məni olduqca kədərləndirdi.
XX əsrin dünya siyasətinin parlaq simalarından biri olan xanım Marqaret Tetçer Mühafizəkarlar partiyasının çoxillik rəhbəri və Baş nazir qismində Birləşmiş Krallığın tarixində silinməz iz qoymuşdur.
Marqaret Tetçer Azərbaycan ilə Birləşmiş Krallıq arasında əlaqələrin təşəkkülünə və genişlənməsinə, dostluq və əməkdaşlıq münasibətlərimizin inkişafına böyük töhfə vermişdir.
Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və Birləşmiş Krallığın bütün xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.
Gün.Az
Yer imleri