Rəşad Mirabov
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Mirabov Rəşad Akif oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Mirabov Rəşad Akif oğlu 3 may 1975-ci ildə Mingəçevir şəhərində dünaya göz açıb. 1982-ci ildə 7 saylı Mingəçevir şəhər orta məktəbinə daxil olmuş, doqquzillik təhsilini başa vurduqdan sonra atasının işlədiyi M. Davudova adına Mingəçevir Dövlət Dram Teatrında dərzi köməkçisi işləməyə başlamışdır.
12 may 1993-cü ildə Milli Ordu sıralarına çağırılmış, əvvəlcə Nasosnıda, daha sonra isə Səngəçalda və Şubanıda hərbi təlim keçmişdir. Hərbi xidmətdə, xüsusi təyinatlı hissədə kəşfiyyatçı-minaaxtaran peşəsinin sirlərinə yiyələnir.
1994-cü ildə Tərtər bölgəsinə, oradan da Füzuliyə göndərilir. Ölkədə atəşkəs elan edildikdən sonra Rəşad Mirabov Bakıya əvvəllər xidmət etdiyi sahəyə qayıdır. 1995-ci ildə mart hadisələri zamanı bir dəstə qiyamçı dövlət çevirilişinə cəhd etdi. Qarşıdurmanı həll etmək istəyi ilə irəliyə atılanlar sırasında R. Mirabov da vardı. Qiyamçılara qarşı aparılan əməliyyatda qəhrəmancasına həlak olmuşdur.
Subay idi.
Mingəçevir şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Təhsil aldığı 7 saylı orta məktəbə onun adı verilmişdir.
Məktəbin qarşısında və Şəhidlər muzeyində büstü qoyulmuşdur.