Nizami Məmmədov
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Məmmədov Nizami Murad oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Məmmədov Nizami Murad oğlu 12 yanvar 1958-ci ildə Xankəndi şəhərində dünyaya gəlmişdir. N.Gəncəvi adına 4 saylı şəhər orta məktəbi bitirdikdən sonra 1975-77-ci illərdə İrkutsk vilayətində hərbi xidmətdə olmuşdur.
Hərbi xidmətini başa vurduqdan sonra Xankəndi şəhər Yaşıllaşdırma İdarəsində, daha sonra isə Qarabağ İpək kombinatında çalışmışdır. Daha sonra isə Bakı Xüsusi Orta Milis Məktəbinə daxil oldu.
Oranı bitirdikdən sonra Xankəndi şəhər Polis Şöbəsində növbətçi köməkçisi işləməyə başladı. Daha sonra isə işini vəziyyətlə əlaqədar olaraq, Şuşa Rayon Polis Şöbəsində davam etdirir.
1988- 89-cu illər xalqımıza edilən erməni təcavüzü N.Məmmədovu rahat qoymur. Döyüş zamanı Kərkicahan, Qaybalı kəndlərinə gedir, özünümüdafiə dəstələrinə vaxtında silah-sursat çatdırılmasında kömək edir.
Malıbəyli, Daşaltı, Qaladərəsi əməliyyatlarında rəşadətlə vuruşaraq, torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə ad-san qazanır.
1992-ci il mart ayının 29-da Şuşa şəhər Polis Şöbəsinin bombalanması nəticəsində həlak olmuşdur.
Evli idi. Üç oğlu yadigar qalıb.
Bərdə rayonunun Dəymədağlı kəndində dəfn edilmişdir.
Yer imleri