Azərbaycan ərazi məsələsini heç vaxt və heç kimlə müzakirə etməyəcək
Xəbər verdiyimiz kimi, 2010-cu il martın 26-da Belçika paytaxtında “Cənubi Qafqazda təhlükəsizlik və sabitlik. Dağlıq Qarabağ: uğurlu yollar axtarışı, yoxsa uğursuzluq?” mövzusunda “dəyirmi masa” keçirilmişdir. Avropa Siyasi Mərkəzi (European Policy Center -
[Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]
) tərəfindən təşkil edilmiş tədbirdə Azərbaycan tərəfdən siyasi icmalçı, AzərTAc-ın Almaniyadakı xüsusi müxbiri Vüqar Seyidov, Ermənistan tərəfdən bu ölkənin sabiq xarici işlər naziri Vardan Oskanyan çıxış etmişlər.
Məruzələrdən sonra keçirilmiş diskussiyada Milli Məclisin deputatı Asim Mollazadə, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi, Avropa Parlamentinin deputatı Vitautas Landsbergis, RF-nin Avropa İttifaqındakı daimi nümayəndəsinin müavini Nikolay Kobrinets, ABŞ-dan olan politoloq Vladimir Sokor iştirak etmişlər. Bundan əlavə, Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Arif Məmmədov, “Paneuropa Foundation Romania”nın prezidenti Mariya Manuela Çikan, müxtəlif ölkələri təmsil edən diplomatlar, politoloqlar, habelə qeyri-hökumət təşkilatlarının əməkdaşları remarkalarla çıxış etmişlər.
Vüqar Seyidov öz çıxışında Azərbaycanın Dağlıq Qarabağ regionu ilə əlaqədar Bakı ilə Yerevan arasında münaqişədə Azərbaycanın mövqeyini şərh etmişdir. Politoloq məruzənin əvvəlində qeyd etmişdir ki, auditoriyaya toplaşanlar onun çıxışında “breaking news” seriyasından olan hər hansı sensasiyalı bəyanat eşidəcəyini gözləməsinlər.
O demişdir: “Mənim hökumətimin mövqeyi tamamilə aydındır. Bu mövqe müxtəlif səviyyəli rəsmi şəxslərin çoxsaylı bəyanatlarında dəfələrlə ifadə edilmişdir. Danışıqlar prosesi gedən illər ərzində bu mövqe dəyişməmişdir. Bunu Prezident İlham Əliyev Novruz bayramına həsr edilmiş ümumxalq şənliklərindəki çıxışında da vurğulamışdır. Yadınızdadırsa, o demişdir ki, danışıqlar prosesində Azərbaycanın prinsipial mövqeyi dəyişməmişdir və ölkənin ərazi bütövlüyü məsələsi heç vaxt danışıqların mövzusu olmamışdır və olmayacaqdır”.
Məruzəçi bir daha təsdiqləmişdir ki, rəsmi Bakı Azərbaycan dövlətinin ərazi məsələsini heç vaxt və heç kimlə müzakirə etməyəcəkdir. Azərbaycanın ərazisi bütün beynəlxalq birlik tərəfindən tanınmışdır və rəsmi Bakı bütün dünya tərəfindən dövlətimizin tərkib hissəsi kimi tanınmış ərazidən könüllü imtina etmək üçün səbəb görmür. Münaqişənin həlli yalnız 1975-ci il Helsinki Yekun Aktında təsbit olunmuş ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında mümkündür. Bu halda ərazi bütövlüyü dedikdə bu gün Azərbaycan hökumətinin de-fakto nəzarətində olan ərazi deyil, beynəlxalq birlik tərəfindən de-yure tanınmış ərazi nəzərdə tutulur. Başqa sözlə desək, Azərbaycan dedikdə bu ölkənin keçmiş Azərbaycan SSR hüdudlarında, uti possidetis juris prinsipi üzrə BMT-yə, Avropa Şurasına, ATƏT-ə, digər beynəlxalq təşkilatlara qəbul edildiyi sərhədlər daxilində, yəni Azərbaycanın hazırda Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu ilə birlikdə götürülən ərazisi nəzərdə tutulur.
V.Seyidov vurğulamışdır ki, Azərbaycanın bütün dünya tərəfindən tanınmış ərazisinin sahəsi 86.600 kvadratkilometrə bərabərdir və bu rəqəm xüsusən birtərəfli qaydada kənardan və zorla dəyişdirilə bilməz. O demişdir: “Gördüyünüz kimi, Azərbaycan çox şey istəmir, elə deyilmi? Axı biz Ermənistandan xahiş etmirik ki, onun milliyyətcə azərbaycanlı olan, indi qaçqın vəziyyətinə düşmüş əvvəlki sakinləri üçün öz ərazisinin bir hissəsini ayırsın, bu insanlar oraya qayıda bilsinlər və eyni qayda ilə orada birtərəfli şəkildə müstəqil dövlət elan etsinlər və sonra analoji qaydada həmin ərazini Dağlıq Qarabağda Yerevanın köməyi ilə ermənilərin azərbaycanlılara münasibətdə etdiyi kimi “arzuedilməz” sakinlərdən təmizləsinlər. Biz Ermənistandan öz ərazisini azaltmasını xahiş etmirik və onun sərhədlərini bütünlüklə tanıyırıq. Lakin biz ondan qarşılıqlı cavab - Azərbaycanın daxilində və Azərbaycan ərazisi hesabına daha bir dövlət yaradılması istəyindən əl çəkməsini gözləyirik. Azərbaycan onun 86.600 kvadratkilometrlik ərazisinin dəyişməz qalması şərti ilə münaqişənin istənilən həllinə hazırdır”.
V.Seyidov xalqların öz müqəddəratını təyin etmək hüququ məsələsinə toxunaraq qeyd etmişdir ki, bu, beynəlxalq hüququn əsas prinsiplərindən biridir və Azərbaycan bu hüququ tamamilə dəstəkləyir. Bakının xalqların öz müqəddəratını təyin etmək hüququnu guya rədd etməsi barədə iddialar tamamilə əsassızdır. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, öz müqəddəratını təyin etmək hüququnun həyata keçirilməsi beynəlxalq hüququ pozmamalı və onun çərçivəsində baş verməlidir.
Məruzəçi xatırlatmışdır ki, beynəlxalq münasibətlər nəzəriyyəsində xalqların öz müqəddəratını təyin etməsinin üç konteksti məlumdur.
a) Bu kontekstlərdən birincisi - müstəqil və əksər hallarda polietnik və çoxkonfessiyalı dövlətin vətəndaşları tərəfindən kənardan müdaxilə və ya təzyiq edilmədən dövlətin daxili siyasi quruluşunun, xarici siyasət statusunun, iqtisadi və sosial sisteminin, habelə öz hökumətinin sərbəst seçilməsi formasında bu dövlətin bütün əhalisinin öz müqəddəratını təyin etməsidir (1975-ci il Helsinki Yekun Aktının 1.VIII maddəsinin ikinci abzası bu ssenariyə həsr edilmişdir. Məsələn, Əfqanıstan, İraq, İran, Livan və başqa ölkələrin xalqlarının özlərinin fikrincə bütün seçicilərin sərbəst səsvermə yolu ilə ən üstün dövlət sistemi seçilməsində öz müqəddəratını təyin etməsi).
b) Öz müqəddəratını təyin etmək hüququnun ikinci konteksti kölə vəziyyətinə salınmış xalqların müstəmləkəçilikdən azad edilməsi və son nəticədə onların dövlətçilik əldə etməsi ilə bağlıdır (məsələn, Əlcəzair, Hindistan, Mali, Zimbabve xalqlarının öz müqəddəratını təyin etməsi, onların imperiya tərəfindən müstəmləkə əsarətindən xilas edilməsi və müstəqillik əldə etməsi).
c) Üçüncü kontekst milli dövlətlərin (nation-states) tərkibində milli azlıqların yerli özünüidarə orqanları seçməsi və tərkibinə daxil olduqları dövlətin konstitusiyası və ərazi bütövlüyü çərçivəsində milli-mədəni muxtariyyət hüquqlarının həyata keçirilməsi vasitəsilə öz müqəddəratını təyin etməsi (1975-ci il Helsinki Yekun Aktının 1.VIII maddəsinin birinci abzası bu ssenariyə həsr edilmişdir. Məsələn, Finlandiyada isveçlilərin, Almaniyada lujitski serblərinin, Macarıstanda, Slovakiyada və Serbiyada macarların, Çexiyada moravların, Slovakiyada rusinlərin, Litva, Belarus və Ukraynada polyakların, Litvada belarusların, Danimarkada almanların, İtaliyada avstriyalıların, Azərbaycanın Dağlıq Qarabağ regionunda və Gürcüstanın Samsxe-Cavaxeti bölgəsində ermənilərin, Rusiyada udmurtların daxili müqəddəratını təyin etməsi, ABŞ, Kanada, Avstraliya və digər ölkələrin yerli xalqlarının öz müqəddəratını təyin etməsinin müxtəlif mexanizmləri).
V.Seyidov yuxarıda sadalanan kontekstlərdən hər birinin üzərində ayrıca dayanaraq qeyd etmişdir ki, həmin kontekstlərin birincisində (dövlətin bütün əhalisinin siyasi müqəddəratını təyin etməsi) etnik tərkib hissə praktiki olaraq yoxdur, çünki bu halda elektoratın etnik tərkibindən asılı olmayaraq bütün elektoratdan söhbət gedir. Ona görə də burada ərazi bütövlüyündən danışmaq lazım gəlmir, çünki ona heç cür toxunulmur, öz müqəddəratını təyin etmək prosesində dövlət sərhədləri dəyişilmir. Siyasi müqəddəratını təyin etmək hüququnun təşviq edilməsi üçün 1966-cı ildə “İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq pakt” və “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt” qəbul edilmişdir. Siyasi müqəddəratını təyin etmək demokratiya, xalq hakimiyyəti anlayışı ilə eynilik təşkil edir və Azərbaycan onu tamamilə dəstəkləyir.
İkinci və üçüncü kontekstlər etnik komponentə malikdir, lakin bu iki halda öz müqəddəratını təyin etməyin hüdudları tamamilə müxtəlifdir, çünki böyük imperiyaların tərkibindəki müstəmləkə xalqları ilə müstəqil milli dövlətlərin tərkibindəki milli azlıqlar arasında böyük fərq vardır. Bunlar tamamilə fərqlənən iki müxtəlif kateqoriyalardır. 1945-ci ildə BMT yaradılandan sonra beynəlxalq hüquq müstəmləkəçiliyin ləğv edilməsi və kölə xalqların müstəqillik əldə etməsi prosesini dəstəkləmişdir (Azərbaycan SSR-də müstəmləkə xalqlarının azadlıq istəyini dəstəkləyirdi).
Bu məsələyə dair “xarici müqəddəratını təyin etmək” hüququnu alqışlayan çoxsaylı konvensiyalar, bəyannamələr və qətnamələr qəbul edilmişdir (məsələn, müstəmləkə ölkələrinə və xalqlarına müstəqillik verilməsi haqqında 1960-cı il Bəyannaməsi). Lakin elə həmin beynəlxalq hüquqda müstəmləkə kontekstindən kənarda milli azlıqların müqəddəratını təyin etməsi üçün dəqiq limitlər müəyyən edilmiş, dövlətlərin (imperiyaların yox) ərazi bütövlüyü çərçivəsində daxili müqəddəratını təyin etmək nəzərdə tutulmuşdur. Beynəlxalq birlik bu məsələyə dair də çoxsaylı sənədlər qəbul etmişdir, o cümlədən BMT-nin Nizamnaməsi, 1975-ci il Helsinki Yekun Aktı, milli və ya etnik, dini və dil azlıqlarına mənsub olan şəxslərin hüquqları haqqında BMT-nin Bəyannaməsi (1992), intervensiyanın və dövlətlərin daxili işlərinə qarışmağın yolverilməz olması haqqında BMT baş məclisinin Bəyannaməsi (1981), milli azlıqların müdafiəsi haqqında Avropa Şurasının çərçivə konvensiyası (1995), ATƏT-in insan meyarına dair konfransının Kopenhagen müşavirəsinin sənədi (1990) və s.
V.Seyidov vurğulamışdır: “Buna görə də xalqların öz müqəddəratını təyin etməsi barədə danışarkən bu kontekstlər arasında ciddi fərq qoyulmalıdır və onların qarışdırılması yolverilməzdir. Qarabağ separatizmini xalqların öz müqəddəratını təyin etmək prinsipi kimi qələmə verməyə və bununla da birtərəfli sesessiyaya bəraət qazandırmaq istəyən adamların ya müqəddəratını təyin etmək hüququnun müxtəlif kontekstləri barədə anlayışı yoxdur, ya da buna ümid edirlər ki, onların opponentləri bu fərqlərlə tanış deyildir”.
Məruzəçi “Dağlıq Qarabağ xalqı”nın öz müqəddəratını təyin etmək hüququ məsələsinə toxunaraq auditoriyaya müraciətlə bir neçə sual vermişdir: “Yerevanda “qarabağlılar” və onların öz müqəddəratını təyin etmək hüququ barədə danışmaqdan yorulmurlar. Lakin “qarabağlılar” kimdir və yuxarıda göstərilən kontekstlərdən hansı onlara uyğun gəlir? Ayrıca bir millətmi? Dünya etnoqrafiya elmində belə bir millət mövcud deyildir. Əgər “qarabağ milləti” varsa, bu qondarma millət hansı dildə danışır? Erməni dilindəmi?”.
V.Seyidov bir sıra ritorik suallar verəndən sonra öz ailəsini misal gətirmişdir: “Məsələn, mənim həyat yoldaşım, onun bütün ailəsi, bütün qohumları əslən Qarabağdandır, onların əcdadları da əsrlər boyu bu diyarda yaşamışlar. Onlar əsl qarabağlılar, bu “millətin” nümayəndələridir və təsəvvür edin ki, onlar erməni dilində danışmırlar. Dağlıq Qarabağın əhalisinin təqribən üçdəbir hissəsi kimi, bu insanlar da Azərbaycan dilində danışırlar. Bu, faktdır! Mən hələ aran rayonlardan olan qarabağlıları demirəm. Bəs necə olur ki, bütün bunlardan sonra “qarabağlılar” birdən-birə erməni olur?”.
Natiq vurğulamışdır ki, Dağlıq Qarabağın öz müqəddəratını təyin etmək hüququ barədə danışarkən ilk növbədə nəzərə almaq lazımdır ki, “Dağlıq Qarabağ” adlı ayrıca beynəlxalq-siyasi vahid və beynəlxalq “oyunçu” olmadığı kimi, sözün etnik mənasında “Dağlıq Qarabağ xalqı” anlayışı da yoxdur. Bunun əvəzinə Azərbaycanda əhalisi iki etnik icmadan ibarət olan Dağlıq Qarabağ regionu vardır. Vəssalam! Əgər bu regionun əhalisinin yalnız erməni hissəsinin öz müqəddəratını təyin etmək hüququ barədə danışırlarsa, onda aydın deyil: nə üçün tamamilə bərabərhüquqlu Azərbaycan icması analoji hüquqdan məhrum edilməlidir? V.Seyidov bu barədə danışarkən daha bir misal gətirmişdir: “İndi biz Brüsseldəyik. Məgər yalnız flamand dilində danışan “brüssel milləti”nin öz müqəddəratını təyin etmək hüququ barədə danışmaq və bu zaman ölkənin digər hissəsi bir yana qalsın, Belçika paytaxtının fransızdilli sakinlərini tamamilə saya salmamaq olarmı?”.
V.Seyidov suallar seriyasını davam etdirərək soruşmuşdur: “Daha sonra. Məgər Azərbaycan müstəmləkə imperiyası, Dağlıq Qarabağ erməniləri isə müstəmləkə əsarəti altına alınmış millətdir?”. Natiq dərhal əlavə etmişdir ki, belə bir fikir söyləmək sadəcə olaraq qeyri-ciddidir. Dağlıq Qarabağ müstəmləkə deyil, Azərbaycanın mərkəzində yerləşən əyalətdir. Azərbaycanın digər etnik qrupları kimi Dağlıq Qarabağ erməniləri də milli azlıq təşkil edir.
Deməli, öz müqəddəratını təyin etmək hüququnun müstəmləkə konteksti onlara aid deyildir. Onlar Azərbaycan ərazisinin bir hissəsinin əhalisinin bir hissəsidir. Onların istifadə edə biləcəyi öz müqəddəratını təyin etmək hüququ Azərbaycan dövlətinin daxili çərçivəsindən kənara çıxa bilməz. Təsadüfi deyil ki, keçən il dərc edilmiş Madrid prinsiplərinin preambulunda müstəmləkəçiliyin ləğv edilməsinə dair BMT-nin konvensiyalarına və bəyannamələrinə deyil, məhz Helsinki Aktına istinad edilir. Helsinki Aktının VIII maddəsi isə, məlum olduğu kimi, öz müqəddəratını təyin etmək hüququnu dövlətin ərazi bütövlüyü çərçivəsi ilə məhdudlaşdırır.
Ermənistan Qarabağ ermənilərinin preferensiyalarını hər şeydən üstün tutaraq belə hesab edir ki, onların arzuları qumar oyununda bütün kartları vuran kozır kartıdır. Lakin belə olmur. Qarabağ erməniləri dünyada tək deyil və onlar bu diyarın statusu məsələsini təkbaşına həll edə bilməzlər. Dağlıq Qarabağın müstəqilliyi nəzəri cəhətdən yalnız o halda mümkündür ki, Azərbaycan icması Dağlıq Qarabağa qayıdandan sonra ermənilər onlarla bir masa arxasında əyləşərək onları inandırsınlar ki, müstəqillik hər iki icma üçün ən yaxşı variantdır. Əgər iki icma razılığa gələrsə, onlar birlikdə Bakıdakı mərkəzi hökumətə müraciət edərək müstəqillik elan edilməsinə onun razılıq verməsini xahiş edə bilərlər. Mərkəzi hökumət də öz növbəsində dövlətin bütün vətəndaşları adından çıxış edərək xalqın rəyini soruşmağa məcbur olacaq və ola bilsin ki, bu məsələni ümummilli referenduma çıxaracaqdır, çünki burada xırda məsələ deyil, ölkə ərazisinin taleyi həll ediləcəkdir.
Əgər Bakı xalqın iradəsini ifadə edərək buna razılıq verərsə, onda müstəqillik konstitusion hesab ediləcəkdir. Lakin əgər Bakı razılıq verməsə, ermənilər daxili müqəddəratını təyin etmək hüququ ilə kifayətlənməli olacaqlar. İstənilən halda, xüsusən birtərəfli və zorakı separatizm etnik təmizləmələr, hərbi cinayətlər və xarici hərbi müdaxilə ilə müşayiət olunduqda, bu cür separatizm yolverilməzdir. AŞPA-nın 1416 nömrəli (2005-ci il) qətnaməsinin 2-ci maddəsində məhz bu barədə danışılır.
V.Seyidov onu da qeyd etmişdir ki, azərbaycanlı məcburi köçkünlər gec-tez Dağlıq Qarabağa qayıdacaqlar. Bu baş verməyincə münaqişə həll edilməmiş qalacaqdır.
Ermənistan azərbaycanlı məcburi köçkünlərin Dağlıq Qarabağa qayıtması məsələsini erməni qaçqınların Azərbaycanın Dağlıq Qarabağ hüdudlarından kənardakı rayonlarına qaytarılması mövzusu ilə əlaqələndirməyə dəfələrlə cəhd göstərmişdir. Lakin bu insanlar müxtəlif kateqoriyalara aiddir. Qaçqınların və İDPs-lərin real həyatda üzləşdiyi iztirablar və məhrumiyyətlər çox vaxt bir-birindən az fərqlənsə də, bunlar müxtəlif qruplardır. Azərbaycan icması Dağlıq Qarabağa qeyd-şərtsiz qayıtmalıdır. Ən azı ona görə ki, ermənilər bu diyarda yaşamaqda davam edirlər. Əgər erməni qaçqınları gələcəkdə Dağlıq Qarabağın hüdudlarından kənardakı rayonlara qayıtmaq istəsələr, bu məsələ sonrakı mərhələlərdə və yalnız azərbaycanlı qaçqınların Ermənistana qayıtması kontekstində müzakirə edilə bilər. Hər halda bu proseslər və bu kateqoriyalar tamamilə fərqlidir və onların bir-biri ilə əlaqələndirilməsi yolverilməzdir.
Politoloq məruzəsinin sonunda demişdir ki, münaqişənin həlli yollarını yalnız siyasi-hüquqi müstəvidə axtarmaq lazımdır.
Vardan Oskanyan və məruzəçiyə çıxış üçün ona ayrılmış 20 dəqiqədən yalnız 10 dəqiqəsini istifadə etmiş və bu vaxtın çox hissəsini Ermənistan-Türkiyə protokollarına həsr etmişdir. Hərçənd, həmin protokolların diskussiya mövzusuna yalnız uzaqdan-uzağa aidiyyəti vardı. O, öz nitqinə “Dəyirmi masa”nın moderatoru Amanda Polun ünvanına etirazdan başladı, çünki moderator Dağlıq Qarabağı işğal edilmiş ərazi adlandırmışdı. Moderator BMT-nin qətnamələrində, ABŞ Dövlət Departamentinin illik hesabatlarında və digər sənədlərdəki rəsmi ifadələrə istinad edərək məruzəçinin etirazlarını qəbul etmədi.
Oskanyan öz azərbaycanlı opponentinin çıxışında səslənmiş, tarixə mənasız ekskurslarla mətləbdən uzaqlaşmamaq barədə çağırışa baxmayaraq dedi ki, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) müstəqillik əldə edəndən sonra bu gənc respublika Millətlər Liqasına qəbul edilməmişdir. Guya buna səbəb onun “mübahisəli ərazi” hesab edilmiş Qarabağa “iddia etməsi” olmuşdur. Məruzəçi qeyd etmişdir ki, guya bütün bunlar arxiv sənədlərində təsbit olunmuşdur.
V.Seyidov cavab remarkasında demişdir ki, arxiv sənədlərinə görə AXC-nin Millətlər Liqasına qəbul edilməməsinin səbəbi tamam başqadır. O, Azərbaycanın BMT yanındakı daimi nümayəndəsi Aqşin Mehdiyevin bu təşkilatın baş katibinə ünvanlanmış 2009-cu il 6 oktyabr tarixli A/64/475-S/2009/508 nömrəli məktubunu xatırlatmışdır. Həmin məktubda qeyd edilir ki, 1920-ci il noyabrın 1-də Paris konfransında Azərbaycan nümayəndə heyətinin başçısı Millətlər Liqasının baş katibinə rəsmi müraciət edərək ADR-in bu təşkilata tamhüquqlu üzv kimi qəbul edilməsi barədə müraciətini Baş Məclisə təqdim etməsini xahiş etmişdir.
Millətlər Liqasının baş katibi 1920-ci il 24 noyabr tarixli memorandumunda Azərbaycanın xahişi ilə əlaqədar nəzərdən keçirilməli olan aşağıdakı iki əsas məsələni ifadə etmişdir: “Azərbaycan ərazisi əvvəllər Rusiya imperiyasının tərkib hissəsi olduğuna görə belə bir sual yaranır: 1918-ci ilin mayında Respublika elan edilməsi və 1920-ci ilin yanvarında müttəfiq dövlətlər tərəfindən onun tanınması Azərbaycanın Millətlər Liqasının Statutunun 1-ci maddəsinin mənasına görə “tamamilə özü-özünü idarə edən dövlət” hesab edilməsi üçün kifayətdirmi? Əgər Baş Məclis Azərbaycanın beynəlxalq statusunu “tamamilə özü-özünü idarə edən dövlət” hesab edərsə, onda belə bir sual yaranır - bu müraciəti təqdim etmiş nümayəndə heyətinin belə bir müraciət vermək məqsədləri üçün ölkənin qanuni hökumətini təmsil etmək barədə zəruri səlahiyyətlərə malikdirmi və bu hökumət Millətlər Liqasında üzvlüklə əlaqədar öhdəlikləri yerinə yetirmək və zəmanətlər vermək iqtidarındadırmı?” (bax: League of Nations. Memorandum by the Secretary-General on the Application for the Admission of the Republic of Azerbaijan to the League of Nations. Assembly Document 20/48/108.).
Birinci məsələyə gəldikdə, baş katibin yuxarıda adı çəkilən memorandumunun ən mühüm tərkib hissəsi “Hüquqi mülahizələr” bölməsidir. Həmin bölmədə təşkilata yeni üzvlər qəbul edilməsinə dair Millətlər Liqasının Statutunun birinci maddəsində təsbit olunmuş şərtlər, o cümlədən dövlətlərin tamamilə özü-özünü idarə edən olması barədə tələblər göstərilir. Tamamilə aydındır ki, Millətlər Liqasına daxil olmaq barədə müraciətinə baxılan vaxtda ərazisinin xeyli hissəsi Qızıl Ordu tərəfindən işğal edilmiş, həmin müraciəti təqdim etmiş hökumət isə o vaxt artıq devrilmiş olan dövlət Millətlər Liqasının Statutunun birinci maddəsinin mənasına görə tamamilə özü-özünü idarə edən dövlət hesab edilə bilməzdi.
İkinci məsələ barəsində isə, Millətlər Liqasının baş katibi öz memorandumunda qeyd etmişdir ki, Paris Sülh Konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinin mandatı Bakıda 1920-ci ilin aprelinə qədər hakimiyyətdə olmuş hökumət tərəfindən verilmişdir. Beləliklə, memorandumda belə bir fakta diqqət cəlb edilirdi ki, Azərbaycan nümayəndə heyəti tərəfindən sifarişin təqdim edildiyi anda (1 noyabr 1920-ci il) və memorandumun dərc edildiyi gün (24 noyabr 1920-ci il) nümayəndə heyətinə müvafiq səlahiyyətlər vermiş ADR hökuməti faktiki olaraq artıq hakimiyyətdə olmamışdır, çünki bu hökumət hələ 1920-ci il aprelin 28-də devrilmişdi. Memorandumda o da göstərilmişdi ki, bu hökumət ölkənin bütün ərazisində hakimiyyət səlahiyyətlərini həyata keçirmir.
Buna görə də Millətlər Liqasının Məclisinin Beşinci Komitəsi Azərbaycanın müraciəti üzrə öz qətnaməsində qərar almışdı ki, indiki şəraitdə Azərbaycanın Millətlər Liqasına qəbul edilməsi mümkün deyildir. Bu qətnamənin mətnindən aydın olur ki, Dağlıq Qarabağın ümumiyyətlə adını çəkməyən Beşinci Komitə “indiki şərait” dedikdə, yalnız “Azərbaycanın, Komitənin fikrincə dəqiq müəyyən edilmiş ərazi üzərində yurisdiksiyaya malik olan sabit hökumətinin olmamasını başa düşürdü (bax: League of Nations. Fifth Committee. Admission of New Members. Resolution on the request for admission made by Azerbaijan. Assembly Document 127.). Beləliklə, Azərbaycanın Millətlər Liqasına qəbul edilməsinə yalnız bu təşkilatın Statutunun 1-ci maddəsində şərh edilmiş şərtlərdən irəli gələn bu səbəblər mane olmuşdur və Dağlıq Qarabağın burada heç bir rolu olmamışdır.
Bundan əlavə, Millətlər Liqası Dağlıq Qarabağı necə “mübahisəli ərazi” hesab edə bilərdi ki, 1919-cu ilin aprelində müttəfiq dövlətlər (yəni faktiki olaraq Liqanı təsis edənlər) başda qubernator Xosrov bəy Sultanov olmaqla AXC tərəfindən 1919-cu ilin yanvarında təsis edilmiş və mərkəz Şuşada olmaqla Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarının daxil olduğu Qarabağ müvəqqəti general-qubernatorluğunu tanımışdılar?! Bundan əlavə, 1919-cu il avqustun 26-da Dağlıq Qarabağ ermənilərinin milli qurultayı AXC hökuməti ilə saziş imzalayaraq Azərbaycan hökumətini tam rəsmi şəkildə tanımışdı.
Millətlər Liqasının yuxarıda göstərilən sənədləri sübut edir ki, erməni tərəfi “Dağlıq Qarabağın mübahisəli statusunun Millətlər Liqası şəxsində beynəlxalq birlik tərəfindən tanınmış” olduğunu və bu təşkilatın guya “Azərbaycan Şərqi Zaqafqaziya ərazisində ermənilərin məskunlaşdığı ərazilərə, məhz Dağlıq Qarabağa iddia etdiyinə görə onu tanımaqdan imtina etdiyini” hesab etməklə, yumşaq desək, səhv edir (bax: İrqçiliyə, irqi ayrı-seçkiliyə, ksenofobiyaya və onunla əlaqədar dözülməzliyə qarşı mübarizə üzrə Ümumdünya Konfransında Ermənistan XİN başçısı Vardan Oskanyanın adından bəyanat. Durban, Cənubi Afrika, 31 avqust - 7 sentyabr 2001-ci il,
[Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]
İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq pakta müvafiq olaraq Ermənistanın təqdim etdiyi ilkin məruzə, E/1990/Add. 36, 9 dekabr 1998-ci il, s.3, bənd 3 və 17 (a)).
Eyni zamanda, Millətlər Liqası Ermənistanı dövlət qismində tanımamış və bunu əsas göstərmişdi ki, həmin qurumun nə dəqiq sərhədləri var, nə statusu, nə də konstitusiyası, hökuməti isə sabit deyildir. Nəticədə 1920-ci il dekabrın 16-da Ermənistanın Millətlər Liqasına daxil olmaq barədə müraciəti üzrə səsvermədə onun bu müraciəti rədd edilmişdir (bax: League of Nations. Annex 30 B. Future status of Armenia. Memorandum agreed to by the Council of the League of Nations, meeting in Paris on 11 April 1920. League of Nations Document 20/41/9, p. 27; Admission of new Members to the League of Nations. Armenia. Assembly Document 209, pp. 2-3; Assembly Document 251).
Müasir dövrdə dövlət sərhədlərinin dəyişməsi və presedent kimi Kosovonun müstəqilliyi barədə Oskanyanın remarkasına cavab olaraq V.Seyidov qeyd etmişdir ki, beynəlxalq hüquqda müstəsna hallarda - insan hüquqlarının və milli azlıqların hüquqlarının çox kobud şəkildə pozulması, soyqırımı həddinə çatması müşahidə olunan regionlarda kütləvi qırğının qarşısını almaq məqsədi ilə və insanların müdafiə edilməsini təmin etmək üçün həqiqətən beynəlxalq birliyin humanitar müdaxiləsi, həmin regionlara beynəlxalq səviyyədə qorunan müstəqillik verilməsi nəzərdə tutulmuşdur. Kosovo belə nümunələrdən biridir. Lakin Kosovonu Dağlıq Qarabağla müqayisə etmək olmaz. Dağlıq Qarabağda Kosovodakından fərqli olaraq, ermənilərin milli azlığını mərkəzi hökumət qovmamış, əksinə, qonşu dövlət erməni separatçıları ilə birlikdə azərbaycanlı əhalini qovmuş və ərazini işğal etmişdir. Onlara nəyə görə müstəqillik bəxş edilməlidir?
Buna görə də V.Seyidov vurğulamışdır ki, Qarabağda Kosovo nümunəsi deyil, bunun əksi müşahidə olunur. Oskanyan etiraz edərək bildirmişdir ki, Sumqayıtda törədilmiş talanlar insan hüquqlarının pozulmasına misaldır və təkcə bu misal guya humanitar müdaxilə edilməsi və Dağlıq Qarabağa beynəlxalq himayədarlıq edilməsi, ona müstəqillik verilməsinə qədər kifayətdir. V.Seyidov isə öz növbəsində buna cavab olaraq demişdir ki, Sumqayıtda cinayətkar elementlərin küçələrdə kortəbii şəkildə yaratdığı iğtişaşları Xocalıda dövlət səviyyəsində təşkil edilmiş və hərtərəfli planlaşdırılmış hərbi cinayətlə müqayisə etmək olmaz.
Əks halda Qukarkda və Spitakda azərbaycanlılara qarşı talanlar və kütləvi qətllər də (həmin hadisələrdə həlak olmuş azərbaycanlıların sayı Sumqayıtda həlak olmuş ermənilərin sayından çox olmuşdur) Kosovo ssenarisinin Ermənistanda təkrar edilməsi üçün tamamilə kifayət etməli idi. Bundan əlavə, əgər kütləvi qətllərin qarşısının alınması və dinc əhalinin qorunması üzrə humanitar əməliyyat barədə danışırıqsa, məlum olduğu kimi Sumqayıtda küçə iğtişaşları İttifaqın güc strukturları tərəfindən dayandırılmışdı, Ermənistanda azərbaycanlılara qarşı talanlar zamanı və Xocalı sakinləri məhv edilərkən bunu edən olmamışdır.
Sonra Ermənistan nümayəndə heyətinin üzvü olan bir qadın azərbaycanlı məruzəçiyə sual vermişdir: “Bakı davakar bəyanatlardan əl çəkmir və Dağlıq Qarabağ sakinləri ilə danışıqlar masası arxasında əyləşməkdən imtina edirsə o, Dağlıq Qarabağ sakinlərini muxtariyyətin üstünlüklərinə necə inandırmağa hazırlaşır?”. V.Seyidov həmin sualın cavabında demişdir ki, Azərbaycan hökuməti öz vətəndaşlarına audiensiyadan heç vaxt imtina etməmişdir. Dağlıq Qarabağ erməniləri heç olmasa formal şəkildə özlərinin bizim ölkənin vətəndaşları olduğunu bildirən kimi Azərbaycan hökuməti dərhal onların seçilmiş nümayəndələrini qəbul edəcək və onları narahat edən sualları dinləyəcəkdir. Lakin bunun üçün onlar Bakıya xarici hökumət kimi deyil, öz hökumətləri kimi müraciət etməlidirlər.
Yaxud başlanğıc üçün ən azı Azərbaycan icması ilə əlaqə yaratmaq və birgə yaşamaq məsələlərini müzakirə etmək olar. Əlaqə yaratmaqdan imtina edən Bakı deyil, özlərini Azərbaycan dövləti ilə bərabər tərəfdaş hesab edən Qarabağ erməniləridir. Bu səviyyədə əlaqə qeyri-mümkündür. V.Seyidov müharibənin yenidən başlanması riskinə bir daha toxunaraq qeyd etmişdir ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanıyır və onun ərazisini işğal etmir. O demişdir: “Ermənistan da bunu edən kimi, öz qoşunlarını Azərbaycan ərazisindən çıxaran kimi müharibə təhlükəsi elə həmin gün aradan qalxacaqdır”.
Sonradan məlum olmuşdur ki, zalda olan ermənilər “dəyirmi masa”nın gedişində moderatorun mobil telefonuna hədə-qorxu və tədbiri dayandırmaq tələbi ilə beşə yaxın SMS-məlumat göndərərək ona misli görünməmiş təzyiq göstərmişlər. Bu da məlum olmuşdur ki, Ermənistanın Belçikadakı səfiri Avet Adons tədbirin təşkilatçılarının ünvanına məktub göndərmiş və “dəyirmi masa”nı pisləmişdir. İşə baxın, moderatorun Dağlıq Qarabağı “işğal edilmiş ərazi” adlandırması (hərçənd, fikrimizcə, erməni səfir Azərbaycanın həmin regionunun işğal edilməsi faktına görə neytral moderatorları deyil, öz hökumətini ittiham etməli idi), habelə tədbirə ...az erməni gəlməsi (?) faktı səfirin xoşuna gəlməmişdir.
Sonuncu ittiham barədə, necə deyərlər, şərhə ehtiyac yoxdur... Tədbir barəsində geniş anons verilmişdi və Belçika azad ölkədir. Üstəlik, bu ölkədə erməni və Azərbaycan diasporlarının say nisbəti barədə danışmağa dəyməz. Əgər ermənilər özləri bu tədbirə maraq göstərməmişdirsə, təşkilatçıların nə təqsiri var?!
AzərTAc, 06.04.2010.