İmam Cəfər Sadiq (ə) buyurur: “Heç kimin qeybətini etmə və heç kimin dalınca danışma ki, sənin də dalınca danışarlar. Heç kimə quyu qazma ki, özün ora düşərsən, necə ki, cəza verirsə, sənə də o cür cəza veriləcəkdir”.
Həzrət Səccad (ə) günahın təsiri haqqında danışan zaman onların qəlbin ismət pərdəsini cırdığını qeyd etmişdir. O, buyurur: “Pərdəni yırtan günahlar bunlardır:
1. Şərab içmək.
“Şərab içmək qəlb pərdəsini yırtan günahlardan biridir”.
Qurani-Kərim bu haqda buyurur: “Səndən şərab və qumar barəsində soruşurlar, de: «O ikisində (onlara mürtəkib olmaqda) böyük günah və insanlar üçün (maddi) mənfəətlər vardır və onların günahı mənfəətlərindən böyükdür». (“Bəqərə” 219). Bu ayədən göründüyü kimi, şərabın ziyanları vardır və elm də bunu təsdiq etmişdir. Onların bəzilərinə işarə edək:
a.) Ömrü qısaldır və bədənə ziyan vurur.
Şərabın gətirdiyi ziyanlardan biri də ömrü qısaltmasıdır. Statistika göstərir ki, şərab düşkünlərinin orta yaş həddi 35-50 arasındadır.
b.) Övladlarına və nəslinə təsiri.
Şərab içənlərin övladlarında bədən qüsurları çox olur. Çox hallarda da bu cür uşaqlar yaşamırlar. O, uşaqlar ki, sağ qalıblar, həm əqli və həm də cismi cəhətdən naqis olurlar. Buna səbəb həm analarının və həm də atalarının şərab düşkünü olmasıdır.
c.) Əxlaqlarına təsir edir.
Şəraba düşkün kişilərdə ailəsinə və övladına qarşı məhəbbət hiss çox zəif olur. Bəzən bu cür atalar öz övladlarını və ya arvadlarını öz əlləri ilə məhv edirlər. Bu cür insanlarda iffət olmur.
d.) İctimai ziyanı var.
Statistika göstərir ki, hər il Avropa birliyinə daxil olan ölkələrdə 55 min cavan və yeniyetmə şərab içdikləri üçün dünyalarını dəyişirlər. Şərab içən cavanlar davakar olur və cəmiyyətdə qarışıqlıq yaradırlar.
e.) İqtisadi ziyanı var.
Alimlərdən biri belə deyir ki, əgər bütün ölkələr yekdil olub, şərəbxanaların qapısını bağlasalar, xəstəxanalarının və dəlixanalarının xəstələri yarıya enər. Həzrət Peyğəmbər (s) buyurur: “Şərab və (şərab içmək) ən böyük kəbirə günahıdır”.
2. Qumarbazlıq.
“Qumar oynamaq qəlb pərdəsini yırtan başqa bir günahdır”. Qumar həqiqətdə mal və şərəfini qurban vermək deməkdir. Hər bir halda qumar oynamağın xəcalətli nəticələri olur. İmam Əli (ə) buyurur: “O şey ki, insanı Allahdan qafil edir, o, qumar (hökmündədir)”.
3. Yersiz məşğuliyyətlər.
“İnsanları yersiz və bihudə sözlərlə güldürmək pərdəni yırtan başqa bir günahdır”.
Əlbəttə məntiqli və həddini aşmayan zarafatlar bura daxil deyildir. Bu cür zarafatlarda şəxsiyyət alçaldılmamalı və dini hədlər qorunmalıdır. Belə ki, hədislərdə oxuyuruq ki, Həzrət Peyğəmbər (s) zarafat edərdi və haqdan başqasını deməzdi. Əgər zarafat edilən şey həqiqət olarsa, hədəfi möminin qəlbini sevindirməkdirsə, bəyənilər. Ancaq əgər həqiqət deyildirsə, hədəfi başqalarının şəxsiyyətini alçaltmaq olarsa - bəyənilməyən əməldir. İmamın (ə) hədəfi yersiz zarafat edənlərdir ki, insanların şəxsiyyətini alçaldırlar. Həzrət Peyğəmbər (s) buyurur: “Zarafat etmə ki, dəyərin əldən gedər, yalan demə ki, nurun əldən gedər”.
4. Başqalarının eybini söyləmək.
Qəlb pərdəsini yırtan günahlardan biri də başqalarının eybini söyləməkdir. İmam Səccad (ə) buyurur: “Başqalarının eybini dilə gətirmək pərdəni yırtır”.
5. Şəkk edən insanlarla oturub-durmaq.
Şəkk edən, pis əqidəli insanlarla oturub-durmaq da qəlb pərdəsini
cırar.
İmam Sadiq (ə) buyurur: “Hər kim şəkk əhli ilə oturub-durarsa, özü də şəkk əhli olar”.
Allah Təala bizləri günah etməkdən Özü qorusun!