Məlahətli səs, qadına məxsus şarm və xanımlıq... Onunla söhbət etmək çox xoşdur, çünki səmimidir. Həmsöhbətinin dərdinə şərik olmağı bacarır.
Sənə elə gəlir onu yaxından tanıyırsan, amma qəlbinin dərinliklərinə qonaq olanda sehrli nağıllar aləminə səyahət edirsən. Bu dəfə qonağımız əməkdar artist Təranə Vəlizadədir.
- Ailədə 3 bacı, 1 qardaş idik. Atam neft sənayesində mühüm vəzifələrdən birini tuturdu. Anam Azərbaycan Dövlət Universitetində müəllimə işləyirdi. Atamın istəyi ilə hamımız rus dilində təhsil almışıq. Orta məktəbi qurtaran kimi sənədlərimi Asəf Zeynallı adına musiqi məktəbinin muğam şöbəsinə və universitetin filologiya və rus dili fakültəsinə verdim. Tələbə ikən ailə qurdum, övladım oldu. Müğənni kimi də həmin illərdə məşhurlaşdım.
- Mühüm dövlət postu tutan atanız müğənni olmağınıza necə reaksiya verdi?
- Atam ciddiliklə bərabər, çox saf, təmiz, ağıllı, təmkinli adam idi. Həyatda atam qədər fəxr etdiyim və sevdiyim adam olmayıb. Evimiz "Araz" kinoteatrının üstündə yerləşən binanın 5-ci mərtəbəsində idi. Atam 3-cü mərtəbəni qalxanda biz özümüzü yığışdırardıq. Hamımız qapının ağzına düzülüb onu qarşılayırdıq. Belə ağır təbiətli insana necə demək olar ki, mən müğənni olmaq istəyirəm? Ona görə də yalan danışmaq məcburiyyətində qaldım. Asəf Zeynallı adına musiqi məktəbinə daxil olanda dedim fortepiano şöbəsinə daxil olmuşam. Əslində, muğam şöbəsində idim. Atam müğənni olmağımı istəmirdi. Düz 1 il gizli şəkildə dərslərə getdim. 2-ci kursda "Lalə" qızlar ansamblının rəhbəri Ceyran Haşımova tərəfindən dəvət aldım. Bir dəfə konserti mən bağlamalı idim. Evdə bacılarıma da tapşırmışdım ki, atamı qoymayın televizora baxsın. Səhər atam işə çatan kimi hamı onu təbrik edib ki, qızın yaxşı oxudu. Bu sözləri başqalarından eşitmək atam üçün dəhşət idi. Bundan əsəbiləşən atam mənə xeyir-dua vermədi. Sonralar Ceyran xanımın həyat yoldaşı, gözəl insan və sənətkar Mirhaşım müəllim atamı yavaş-yavaş razı saldı.
- Eyvaz Həsənovla tanışlığınız necə oldu?
- Asəf Zeynallıda oxuyurduq, orada tanış olduq və tanışlığımız dostluğa çevrildi. Elə bil onun sehrinə düşmüşdüm. Biz bir-birimizi tamamlayırdıq. Bizi birləşdirən çox bağlar var idi. O bilirdi ki, mən əsl dostam. 11 il birgə yaşadıq. Faciəli yol qəzası birgə həyatımıza son qoydu... Sanki dağ uçdu arxamdan. Eyvazı itirən gündən elə bil yelkənsiz qayıq kimi okeanın ortasında qaldım... Eyvaz gözəl insan idi. Təəssüf ki, çox az yaşadı. Məni də ağrıdan budur. İndi tez-tez onun oxuduğu mahnılara müraciət edirlər, amma bir dəfə də olsun adını çəkmirlər. Ondan sonra çox çətinliklərə dözdüm. Yəqin iradəm kömək etdi. Mən həddən artıq möhkəm adamam. Əyilsəm də sınmıram. Çünki daim Allaha sığınmışam. Heç vaxt heç kimin bostanına daş atmamışam. Kiminsə əyri işini görəndə susmağı danışmaqdan daha üstün saymışam. Bu illər ərzində vicdanımı qoruyub-saxlamışam. Çünki o, pulla alınmır. Bir də mən xoşbəxt sənətkar olmuşam, çünki çox sevilmişəm. Dünyanın çox ölkələrində musiqimizi tərənnüm etmişəm. Böyük səhnələr görmüşəm. Güllər, alqışlar, tamaşaçı sevgisi... Gördüklərim bütün bir ömrə sığmaz.
- Niyə yenidən ailə həyatı qurmadınız?
- Çünki artıq ürəyim sınmışdı. Həm də evdə qız uşağı böyüdürdüm. Qadın üçün ər tapmaq asan məsələdir, amma uşağa ata tapmaq çətindir. Heç bir kişi mənim uşağıma atalıq edə bilməz. Sevgimi övladıma yönəltmişəm. Bu qədər itkidən sonra xoşbəxt olmaq çətindir. Daim xoşbəxt yalnız səfeh adamlar ola bilir. Xoşbəxtlik yalnız anlardan ibarətdir. Onlar qanadlı quş kimi tez uçub gedir, ancaq şirin təəssüratları qalır. Qızımla rəfiqə kimiyik. Qızım ailə qurub. O, çox ağıllıdır, mən ondan çox şey öyrənirəm. Qızım məni nənə edib. Nənə olmaq qəribə hissdir. Kürəkənimlə də münasibətim normaldır. Əsas odur ki qızım ondan razı qalsın.
- İfasını bəyəndiyiniz gənclər varmı?
- Bu qədər axının içərisində, əlbəttə, yaxşı ifaçılar var. Amma onlar çox çalışmalı və savadlanmalıdırlar. Bu gün bəzi sənət adamları özlərinə ad qoyurlar. Elə şeyləri xoşlamıram. Əvvəla, adı insana ana, ata verir. Belə şeylər mənə həmişə gülməli gəlir.
Xatirə Əsilbəyli