Əzəl çərşənbədə sübh tezdən bulaq başına gəlirlər:
-Ağırlığım-uğurluğum suya,
Azarım-bezarım suya,” -deyib, su üstünnən atdanırlar. Sonra əl-üzlərini yuyur, bir-birilərinin üstünə su atır, sifətlərinə su çiləyirlər. Xəstəliyə tutulanları da su üstündən hoppandırırdılar. Adamlar günah işlətməyəcəklərinə, ancaq yaxşılıq edəcəklərinə and içib:
-Su haqqı, pis əməl sahibi olmayacağam, - deyirlər.
Axırda suyun ətrafında əl-ələ tutub oxuyurlar:
Sel çapar,
Su çapar,
Bir günah işlətmişəm,
Gəl onu,
Yel apar…
Ananın bir balası,
Nəyə möhtac qalası?
Sudan atlı keçməsə,
Meylin kimə salası?
Su axar,
yolun tapar,
Su olmaz,
ölüm qapar.
Suya verdiyin itməz.
Susuz buğda, ot bitməz.
Suyu bol olan elin,
Əyəmməz düşman belin.
Su gəlsin, duru gəlsin,
Yazın uğuru gəlsien.
Su çərşəmbəsində övladı olmayan qadının başından qırxaçar camdan su töksən övladı olar.
Su çərşənbəsində çay qırağında, su üstündə qorxan adamın başından üç dəfə sağdan, üç dəfə soldan su atsan, qorxusu keçər.
Su çərşənbəsində qorxan adama qorxduğu yerdə cəftə suyu içirdərlər.
Torpaq çərşənbəsi mərasimi
Torpaq çərşənbəsi mərasiminə dan söküləndə başlayırdılar. Uşaqlı-böyüklü hamı bağlara, əkin sahələrinə yollanır, ağacların diblərini belləyirdilər.
Torpaq çərşənbəsi günü yeri murdarlamaq, bitkiləri qırmaq, suya, oda və torpağa tüpürmək günah sayılır. İmkansızlara əl tutmamaq, yardım gözləyəni sevindirməmək torpaq ruhunu narazı salmaq deməkdi. Həmin gün qan tökülsə, elin başı il boyu bəlalar çəkər, - deyərlər.
Adamlar yığışıb küçə-meydanları, həyətləri zir-zibildən təmizləyər, ağacları budayar, quru otu, otən payızdan qalma xəzəli bir yerə yığar, qaş qaralanadək toplanan çör-çöpü, çırpını meydanlarda qalayarlar.
Bundan sonra başlanan şənlik səhərədək davam edər.
Torpağı qoydum dincə,
Novruz bizə gəlincə.
Torpağa kəm baxanı
Doğrarlar xincə-xincə.
Ulu babalarımızın ən qədim əmək peşələrindən biri qoyunçuluq olduğu üçün saya oyunları da torpaq çərşənbəsinin atributlarından birinə çevrilmişdir.
Süfrələr şirniyyatlarla və ağartıdan hazırlanan yeməklərlə bəzədilərdi. Torpaq çərşənbəsində heyvan kəsilməz, qan tökülməz.
Kosa-Kosa nəğməsi
Ay Kosa-Kosa, gəlmisən,
Gəlmisən meydana sən.
Almıyınca payını
Çəkilmə bir yana sən.
Beş yumurta payındı,
Olmaya aldanasan.
Mənim kosam oynayır,
Dur kosama pay ayır.
Gör necə dingildəyir,
Qulaq asanların da
Qulağı cingildəyir.
Şiş papağı başında,
Qələm oynar qaşında,
Yüz əlli beş yaşında,
Lap cavan öldü kosa.
Gəlməz kimsələr yasa.
Kosam iki cannıdı,
Keçim onnan qannıdı.
Yaz gəldi düşmannıdı.
Kosam bir oyun eylər,
Öz özün toyun eylər.
Mənim kosam canlıdı,
Qolları mərcanlıdı.
Kosama əl vurmayın,
Kosam yazıq canlıdır.
İlaxır çərşənbələrdə Arüstü məhləsində göstərilən «Kosa-keçi» tamaşasının bu nəcməsi «SMOMPK» məcmuəsində yüz il əvvəl çap olunmuş nəğmə ilə sələşir (XVIII buraxılış, II hissə, 1896, səh. 175)
Qodu-qodu nəğməsi
Təxminən yüz il əvvəl çap olunmuş SMOMPK məcmuəsində oxuyuruq: «Yağışlı günlərdə Nuxa (indiki Şəki-R. Q.) şəhərində azərbaycanlı uşaqlar həyətbəhəyət gəzərək bu nəğməni oxuyurlar. Buna görə onlar ev sahiblərindən pul, soğan, düyü, yağ, qənd və s. alırlar:
I nəfər
Qodu, qodu, dursana!
Çömçəni doldursana!
Qodunu yola salsana!
Hamı xorla
Allah! Allah!
I nəfər
Qodu palçığa batmışdı,
Qarmaladım, çıxartdım.
Hamı
Allah! Allah!
I nəfər
Qara toyuq qanadı,
Kim vurdu, kim sanadı?
Eşik-eşik gəzəndə
Baldırım ot daladı.
Hamı xorla
Allah! Allah!
I nəfər
Dağda dana böyürdü,
Yengə ana yüyürdü.
Yengə ana çatınca.
Gəlin bir oğlan qayırdı.
Hamı xorla
Allah! Allah!
I nəfər
Verənin oğlu olsun!
Verməyənin kor qızı!
Adı Fatma olsun!
Qaşları çatma olsun!
O da çatdasın ölsün!.
Hamı xorla
Allah! Allah!»
(SMOMPK, XVIII buraxılış, II hissə, 1896, səh. 47).
Nəğmənin məcmuədə çap olunan başqa variantı belədir:
Qodu, Qodu hay, Qodu, Qodu!
Qoduya salam verdinizmi?
Qodu burdan ötəndə
Qırmızı gün(ü) gördün(üz)mü?
Qara toyuq qanadı,
Kim vurdu, kim sanadı?
Göyçalıya getmişdim,
İt baldırımı daladı,-
Yağ verin yağlamağa,
İp verin bağlamağa.
Verənin oğlu olsun,
Verməyənin bir kor qızı olsun!
O da çatlasın, ölsün!
(SMOMPK, IX buraxılış, II hissə, səh.128-129).
Müəllif: Ramazan Qafarli