Ulu babalarımız haqlı olaraq belə qənaətə gəlmişlər ki, «Sulu ev abad, susuz ev bərbad olar». Təsadüfi deyil ki, Müqəddəs İlaxır çərşənbələrin birincisi su ilə bağlıdır. Çünki su həyatın, canlılığın, yaşamağın əsas mənbəyidir. Mifik təsəvvürlərdə olduğu kimi, gerçəklikdə də təbiətin oyanmasına təkan verən başlıca qüvvədir. Su hər şeyin əzəli, çıxış nöqtəsidir. Bütün varlıqların meydana gəlməsinə, yer üzərində mövcudluğuna və məhvinə səbəb sudur. Susuz həyatın davamı mümkün deyil.

Bu konu 2084 kez görüntülendi 0 yorum aldı ...
Su çərşənbəsi, yaxud əzəl çərşənbə 2084 Reviews

    Konuyu değerlendir: Su çərşənbəsi, yaxud əzəl çərşənbə

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2084 kez incelendi.

  1. #1
    Yaver ARANCI - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    25.10.2008
    Mesajlar
    298
    Konular
    108
    Beğendikleri
    0
    Beğenileri
    0
    Tecrübe Puanı
    590
    @Yaver ARANCI

    Standart Su çərşənbəsi, yaxud əzəl çərşənbə

    Ulu babalarımız haqlı olaraq belə qənaətə gəlmişlər ki, «Sulu ev abad, susuz ev bərbad olar». Təsadüfi deyil ki, Müqəddəs İlaxır çərşənbələrin birincisi su ilə bağlıdır. Çünki su həyatın, canlılığın, yaşamağın əsas mənbəyidir. Mifik təsəvvürlərdə olduğu kimi, gerçəklikdə də təbiətin oyanmasına təkan verən başlıca qüvvədir. Su hər şeyin əzəli, çıxış nöqtəsidir. Bütün varlıqların meydana gəlməsinə, yer üzərində mövcudluğuna və məhvinə səbəb sudur. Susuz həyatın davamı mümkün deyil.

    Şumer-akkad mifoloji sistemində bütün dünyanı əhatə edən yeraltı şirin sular və dünya okeanı Abzu adlanır. Maraqlıdır, «abzu» sözündəki birinci heca – «ab» farsca (bu söz bizdə də eyni mənada işlənir), ikinci heca «zu/su» türkcə su mənasını verir. Abzunun sahibi Enkidir. O, Ereduda yaşayır. Sonralar Enki Uredə yerləşən məbədə köçür. Məhz həmin yer əvvəllər Abzu, yaxud «Enqurranın evi» (Kramerə görə, «Enqurra» şumerlərdə «Abzu» sözünün sinonimi kimi işlənir [213, 33]) adlanırdı. Eyni zamanda Abzu yerin dərin qatlarında gizli qalan sirli yer mənasını da verir, ora hətta tanrılar gedə bilmirlər. İlahiliyin «me» adlanan məğzi həmin yerdə saxlanılır. Abzu məbədinin Enkinin tabeliyində olan sakinləri abqalilər mədəniyyətin yaradıcıları və daşıyıcılarıdırlar. Kramerə göstərir ki, «abqal» akkadca «müdrik» deməkdir [213, 119]. Bu sözün də kökündə «ab»a rast gəlirik. Su aydınlıqdırsa, müdriklik də fikrin aydınlığıdır. Şəhər salmaq işi abqalilərin adı ilə bağlanır. Şumer miflərində Enki ilə Ninmah ilk insanı Abzunun dibindəki gildən düzəldirlər. Şumerlər «ab» kəlməsindən fərqli olaraq «su» sözünü ayrılıqda da işlədirdilər. M.Beliski b. e. ə. III minilliyin birinci yarısına aid bir lövhədəki kiçik mətnin transkripsiyasını verir: «Lulu azu. Lulu – Ure də «suyun bilicisi» kimi təcrübə qazanan tanrıdır» [139, 366]. Suyun tanrılıq funksiyası daşıması Vavilyon kosmoloji təsəvvürlərində də özünü göstərir. Akkadların «Enuma Eliş» dastanında göstərildiyi kimi, ApSu dünya okeanını bildirir və həyatın, canlılığın mənbəyi, ilkin təbii fəlakətlərin səbəbkarı hesab olunur. Apsu Tiamatla evlənəndən sonra öz şirin sularını arvadının acı sularına qatıb ilk şər allahlarını – Lahmu və Lahamunu (qorxunc tanrılardır, yarı adam, yarı balıq şəklində təsvir edilirlər, bədbəxtliklərin, qəzaların, fəlakətlərin törədiciləri sayılırlar) yaradır [276, 22]. Apsunun bu hərəkəti gənc allahlar nəslinin qəzəbinə səbəb olur. İki nəsil allahları (yaşlılar və gənclər) arasında gərgin mübarizə başlanır. Apsu məsləhətçisi Mummu ilə gənc allahları yox etmək qərarına gəlir, tədbirlər arayır. Lakin gənc allahların nümayəndəsi Eyya daha ağıllı tərpənir, hiylə işlədib Mummunu aradan götürür və Apsunu yuxuya verib öldürür. Apsunun qəbri üzərində məqbərə ucaldırlar. Dünyanın bütün suları ehtiram göstərmək üçün yolunu oradan salır. Mifdə saf suyun yaradıcısı öz nəslini yer üzündə yaradandan sonra meydandan çıxarılır. Apsunun törəmələri iki qismə bölünürlər: şirin və acı sulara.

    Azərbaycan mifoloji təsəvvürlərində su çox hallarda odla əlaqəli təsvir edilir. Belə ki, bir çox arxaik nağıllarda su həyatın əsas mənbəyi kimi göstərilir. Lakin insanlar sudan qıtlıq çəkirlər, ona görə ki, çayın mənbəyində çoxbaşlı əjdaha əyləşmişdir. Ona yalnız gözəl qız qurban verəndə azca su buraxır. Əjdaha ağzından od püskürür. İsti və quraqlıq torpağın bağrını dəlik-deşik edir. Maraqlıdır ki, su çərşənbəsindən sonra od çərşənbəsi gəlir. Əgər birinci soyuğun sınması, qarların və buzların əriməsi, suların axıb çayları doldurması ilə əlaqələndirilirsə, ikincisi onun səbəbi kimi nəzərə çarpır – od, isti olmasa qarlar, buzlar əriməz. Məhz ona görə də inanclarda, atalar sözü və məsəllərdə su ilə od birlikdə təqdim olunur: «Odu su ilə söndürmək günahdır». Yaxud: «Su ilə odun nə oyunu?» [6, 128].

    Azərbaycan türklərinin qədim inancına görə, Su anası – su ruhu dumanlı havada qəflətən göldən çıxır və əlindəki qızıl qabdan (müasir variantında «vedrə» şəklinə düşmüşdür) rastlaşdığı adamlara doğru su çiləyir. Damcılar kimin üstünə düşsə, o adam həmin gün şərlə qarşılaşır. Doğrudan da, elə ki, dumanlı havada yağış damcılamağa başlayır, qəflətən adamın üzünə su düşəndə, səksənir, qorxu hissi keçirir. Bizcə, dilimizdə «şərləmək» mənasını verən «vedrə bağlamaq» və «gözüm səndən su içmir» sabit söz birləşmələri həmin inancla əlaqədar yaranmışdır.

    Su anası – ümumtürk mifik təfəkkürünün məhsuludur və su ruhuna verilən addır. Qazan və Qərbi Sibir türklərində «Suv anası», karaçaylarda «suu anası», Sibir türklərində «su iyəsi» (yəni sahibi, yiyəsi şəklində bizdə də işlənir) adıyla insan cildində çay suları üzərində görünür, səhərlər dan söküləndə ağ, uzun saçlarını qızıl dişli daraqla darayır [251, 471]. Ona qarşı hörmətsizlik edilsə, quraqlıq olar, insanlar yaşayan yerləri xəstəlik bürüyər, su bütün canlıları dibinə çəkər, çaydan keçənlər boğularlar. Miflərdə «su babası», «su uşaqları» adlanan ruhlara da təsadüf edilir. Guya şər qarışandan sonra Su babası körpünün üstünə gəlir, körpələrini çimizdirir.

    Su ruhlarının bəziləri ancaq şər işlərin təmsilçisi kimi göstərilir, gecələr yola çıxan sadəlövh adamları aldadıb özləri ilə suya doğru aparırlar. Şər su ruhları əksər hallarda uzun, dağınıq, gümüşü saçlı qarı sifətində peyda olurlar, əllərində qızıl su qabı və yekə dişli qızıl daraq tuturlar. Başqırdların inancına görə, «Su iyəsi» dünyadakı bütün suların sahibkarıdır. O, öz böyük ailəsi ilə göllərin dibində yerləşən iri daşların altında yaşayır. Onun var-dövləti başından aşıb-daşır. Lakin şər ruhlardan fərqli olaraq «Su iyəsi»nin, eləcə də qohumlarının insanlara heç vaxt ziyanı dəymir.

    Yer-Su altayların, xakasların, qırqızların, eləcə də Azərbaycan türklərinin mifik təsəvvürdə yerin, suların yaradıcısına verdikləri müqəddəs adlardan biridir. Qədimlərdə orta dünyanın Baş tanrısı da «Iduk Yer-Sub»(Yer-Su) sayılırdı. Altaylarda insanlara qəyyumluqla xarakterizə olunan Baş Ruh – xeyirxah tanrı da belə adlanır. Miflərin birində deyilir ki, Yer-Su ruhları (tanrıları) on yeddidir. Onlar dağ silsiləsinin qarla örtülü ən yüksək zirvəsində və çayların başlanğıcında – mənbəyində məskən salırlar. Əski yazılı Çin mənbələrində göstərilir ki, türklərə məxsus Yer-Su ruhlarının ən nəhəngi – Yo-qan (xan) dünyanın mərkəzinə – göbəyinə gəlir, orada böyük palıd ağacı (dünya ağacını) yetişdirir ki, başı Ulgenin evinə çatır [250, 599]. Yo-qanın oğlanları: Se-qan (Su), Temir-qan (Dəmir), Talay-qan, yaxud Yayik-qan (Yay-ox), Adam-qan, Mordo-qan, yaxud Aba-qan (su mənasındadır), Altay-qan, Qırqız-qan, Yabaş-qan, Azər-qan, Edər-qan və b.

    Çox hallarda həmişəaxar bulaqlar və çayların mənbələri müqəddəs yerlər sayılır.

    Su çərşənbəsi mərasimində dan yeri söküləndə camaat su üstünə gedir. İlk növbədə, hamı əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, arx üstündən atdanırlar. Əski inama görə, su çərşənbəsində günəşin şəfəqdə göründüyü andan şüalarının yaladığı su təzə və müqəddəs hesab edilirdi. Həmin suda yuyunan ürəyində tutduğu arzuya çatırmış. Tədqiqatçıların fikrincə, «Xızırın dirilik çeşməsindən su içdiyi və Koroğlunun Qoşabulaqdan köpüklü su götürdüyü gün məhz «Əzəl çərşənbə» olmuşdur [77, 7].

    Ulularımız su qırağında, bulaq başında, arx kənarında suya müraciətlə nəğmələr oxuyurdular. Nəğmələrin bir qismində ilkin təsəvvürlər qorunub saxlanmışdır. «Allah, məni su elə, su gözəllər yüküdü» [22, 13] yalvarışında başlanğıca, ilkinə dönüş ideyası əks olunur. Doğrudur, sonralar nəğmələrin bəzi sözləri dəyişdirilmiş və bütövlükdə məhəbbət motivinə uyğunlaşdırılmışdır. Lakin dərin qatlardakı əski inanclarla səsləşmələr az da olsa, nəzərə çarpır. Belə ki, suya dönməklə qız eyni candan ayrılan sevgilisinə qovuşmaq ümidindədir. Başqa nümunədə «Aləmə can payladın» - deyə suya ilahi qüdrətə malik fövqəltəbii varlıq kimi üz tutulur, onun insanlara ancaq yaxşılıq etdiyi vurğulanır. Ümumiyyətlə, nəğmələrdə çox hallarda analar çaylardan, göllərdən qürbətə düşən oğlanlarının sorağını istəyirlər. «Kitabi-Dədə Qorqud»da su ona görə aydınlıq sayılır ki, tanrının üzünü görmüşdür. Bir bayatıda isə qızın ən ümdə arzusu suya çevrilməkdir. Onun «Kaş ki, mən su olaydım, su qızların yükiydi» [21, 226] istəyində suyun qadın başlanğıc olmasına işarə olunur.

    Müəllif: Ramazan Qafarlı


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Su çərşənbəsi, yaxud əzəl çərşənbə

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: Yaver ARANCI

          Cevaplar: 0

          Görüntüleme: 2084


Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş