Birinci Dünya Müharibəsində Rus Çarlığı devrildikdən sonra, Qafqazdakı türk və müsəlman xalqlar bir tərəfdən ingilis işğalçılarının, digər tərəfdən çar tərəfdarlarının, o biri tərəfdən isə bolşeviklərin təzyiqinə məruz qalmışdılar. Azərbaycanda isə bolşeviklərin hakimiyyəti ələ keçirməsi və ordu quruculuğu ilə məşğul olması narahatçılığı daha da artırırdı. Bu vəziyyət qarşısında birləşmək yollarını axtaran Qafqaz xalqları müstəqil bir dövlət qurmaq üçün hərəkətə keçdilər. Bölgədəki türk və

Bu konu 1237 kez görüntülendi 0 yorum aldı ...
Şimali Qafqaz hərəkatı 1237 Reviews

    Konuyu değerlendir: Şimali Qafqaz hərəkatı

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1237 kez incelendi.

  1. #1
    ŞiMaL - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    10.12.2009
    Mesajlar
    21.656
    Konular
    10831
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @ŞiMaL

    Standart Şimali Qafqaz hərəkatı

    Birinci Dünya Müharibəsində Rus Çarlığı devrildikdən sonra, Qafqazdakı türk və müsəlman xalqlar bir tərəfdən ingilis işğalçılarının, digər tərəfdən çar tərəfdarlarının, o biri tərəfdən isə bolşeviklərin təzyiqinə məruz qalmışdılar. Azərbaycanda isə bolşeviklərin hakimiyyəti ələ keçirməsi və ordu quruculuğu ilə məşğul olması narahatçılığı daha da artırırdı. Bu vəziyyət qarşısında birləşmək yollarını axtaran Qafqaz xalqları müstəqil bir dövlət qurmaq üçün hərəkətə keçdilər. Bölgədəki türk və müsəlman xalqlar 5 may 1917-ci il tarixində Vladiqafqaz şəhərində bir konqres çağırdılar. Gərgin mübahisələrdən sonra bütün Qafqazı əhatə edə biləcək bir dövlət qurmaq qərara alındı. Temirxan-Şura şəhərində, Şimali Qafqaz xalqları və Dağıstan türklərini əhatə edən "Dağıstan İcmalar Birliyi" adlı milli bir komitə yaratdılar. Bu təşkilata, çar ordusunda zabit olmuş Tapa (Əbdülməcid) ,Çermoyev və Heydər Bammat ilə Pşemaho Kotsev kimi tanınmış adamlar rəhbərlik edirdilər. Şeyx Şamilin ən ləyaqətli müridi və adamlarından birinin oğlu olan Nəcməddin Gotsinski, şimali Qafqazın imamı, yəni dini rəhbəri seçildi. Dini təəssübü ilə tanınan və bölgədə böyük nüfuza malik olan Uzun Hacı da yeni imamı dəstəkləmək məcburiyyətində qaldı. Bu iki qurum ölkənin idarəçiliyini ələ aldı və idarədəki rusları təmizlədi. Bolşeviklərə düşmən olan və rus çarlarına sədaqətləri ilə tanınan rus kazakları da özlərinə bir başçı seçərək Şimali Qafqaz Birliyinə daxil oldular. Beləliklə, Terek Kazakları və Dağıstanlılar arasında, bolşeviklərə qarşı bir ittifaq yaranmış oldu. Kazaklarla müsəlmanlar arasındakı ərazi mübahisəsi üzündən bu əməkdaşlıq tez bir zamanda pozuldu və qanlı mübarizə yenidən başladı. Çar tərəfdarı ruslar ilə rus kazakları, bolşeviklər ilə müttəfiqlik edərək, bir həmlə ilə paytaxt Vladiqafqazı işğal etdilər. [191]
    Şimali Qafqazdakı bu hadisələrdən sonra Dağıstandakı türklərin milli bir dövlət qurma istəkləri və cəhdləri yenidən baş qaldırdı. Nəhayət, 11 may 1918-ci ildə Dağıstan Respublikası müstəqilliyini elan etdi. Bu hadisələr ətrafında Şimali Qafqaz və Dağıstandakı bütün türk və müsəlman icmalar, Dağıstan türklərinə güvənərək, ruslardan ayrılmaq istəyirdilər. Osmanlı Dövlətinin müttəfiqi Almaniya eyni günlərdə Gürcüstanın müstəqilliyini tanımış, ancaq Dağıstanın azadlığını görmək istəmirdi. [192]
    Bakını işğal edən erməni və bolşeviklərə qarşı kiçik milis qüvvələri təşkil edərək müqavimət göstərən Azərbaycan xalqı 31 mart qırğını zamanı Dağıstanlı qardaşlarından kömək istədilər. Mahaçqaladan (türklər şəhəri İnciqala adlandırılar) yola çıxan bəzi milis qüvvələri Bakı yaxınlığındakı Biləcəri məntəqəsinə qədər irəlilədilər. Say və silah sarıdan olduqca güclü olan rus bolşeviklərinə və erməni daşnaklarına qarşı dayana bilməyəcəkdilər. Dağıstan türklərindən ibarət az saylı milis təşkilatının ölkədən uzaqlaşdığını görən bolşeviklər, şimaldakı Həştərxandan gətirdikləri qüvvələrlə əvvəlcə Mahaçqalanı nəzarət altına aldılar, sonra da Temirxan-Şuranı ələ keçirdilər. Bolşeviklər Qafqaz xalqlarının Vladiqafqazda qurduğu Mərkəzi İcra Komitəsini də dağıtdılar. Beləliklə, Qafqazın orta bölgəsi ilə Azərbaycan və Dağıstan arasındakı əraziləri nəzarət altına almağa başladılar. Bakı-Dərbənd-Mahaçqala-Rusiya dəmir yolunu da əllərinə keçirdilər. Qafqazda fəaliyyət göstərən bolşeviklər daha çox rus, erməni, yəhudi, rus kazakı və gürcülərdən ibarət idi. Türk əsillilərdən bolşeviklərə qoşulanların sayı az idi. Bunlar da daha çox rus tərbiyəsi ilə yetişmiş bəzi oxumuş, ziyalılar arasından çıxanlar idi. [193]
    [redaktə]Şimali Qafqaz Respublikasının elan edilməsi


    Şimali Qafqaz Respublikasının bayrağı
    Əbdülməcid Çermiyev, Heydər Bammat və Məhmət Qari Dibrov kimi ziyalılar Dağıstanın qurtuluşu üçün siyasi fəaliyyətlərə liderlik edirdilər. Dağıstan türklərindən təşkil olunmuş bir heyət, 1918-ci ilin aprel ayında İstanbula getdi. Heyət Ənvər paşa ilə görüşərək, Türk ordusunun onları himayə etməsini istədi. Ənvər paşa, türk əsgərinin Dağıstana girməsindən əvvəl bəzi məsələlərin həllinin başa çatdırılmasının zəruriliyini bildirərək, bölgədə yaşayan türklərdən ibarət bir korpus yaradılmasının faydalı olacağını bildirdi. Bundan əlavə, 1-ci süvari diviziyası komandanı podpolkovnik (yarbay) Nazim bəy və 4-cü piyada diviziyası komandanı yarbay Əhməd Şükrü bəy ilə qərargah kadrlarına Şimali Qafqazda Dağıstan və Çeçenistanda hərbi təkilat qurmaq tapşırığı verildi. [194]
    Trabzon və Batum Konfranslarında türk nümayəndələri ilə görüşən Dağıstan heyəti, Şimali Qafqazda müstəqil bir dövlət qurmaq üçün razılıq almışdılar. Osmanlı Dövlətinin verdiyi dəstəklə 11 may 1918-ci il tarixində Şimali Qafqaz Respublikası elan edildi və bu gənc dövlət Osmanlı Dövləti tərəfindən tanındı. [195]
    Bu vəziyyət qarşısında Bolşevik hökumətinin Xarici İşlər Komissarı Çiçerin, Osmanlı Dövlətinin Moskvadakı Səfiri Qalib Kamali bəyə bir etiraz notası göndərdi. Çiçerin notada, Şimali Qafqazın Rusiyanın ayrılmaz bir hissəsi olduğunu və xalqın da Rusiyadan ayrılmağı heç bir zaman düşünmədiyini, Osmanlı Dövlətinə gələn nümayəndələrin də xalqın təmsilçisi olmadığını bildirərək, qurulan Respublikanı tanımayacaqlarını bildirdi. [196]
    Bu notanı saya salmayan Osmanlı Dövləti, Şimali Qafqaz Respublikası ilə 8 iyun 1918-ci ildə Batumda bir dostluq və əməkdaşlıq müqaviləsi imzaladı. Buna görə Osmanlı Dövləti, Dağıstana hərbi yardım göstərəcək və xaricdən ola biləcək təhlükələrə qarşı Şimali Qafqaz Respublikasının öz torpaqlarını qorumasına yardımçı olacaqdı. Sovetlər, bu müqavilədən sonra Dağıstanda olan bolşeviklərin fəaliyyətə başlamasını təmin etdi. Aralarında Vladiqafqazın da olduğu bəzi bölgələri nəzarət altına aldılar. Bu hadisə ilə əlaqədar Şimali Qafqaz hökuməti paytaxtı Nazran qəsəbəsinə köçürtdü. Türk zabit və sıravilərin təşkil etdiyi milis qüvvələri, Vladiqafqaz şəhərinə hücum edərək, on üç gün davam edən bir mühasirədən sonra 17 avqustda bolşevikləri bölgədən uzaqlaşdırdı. [197] [198]


    Şimali Qafqaz Respublikasının rəhbəri Əbdülməcid Çermiyev
    Bolşeviklər Dağıstanda geniş fəaliyyətə başlamışdılar. Qafqazın cənuba açılan tək qapısı olan, quru və dəmir yollarının keçdiyi Dərbənd ilə Xəzər dənizi sahilindəki əhəmiyyətli şəhərlərdən olan Mahaçqala (ruslar Petrovsk deyirdilər) arasındakı yolları ələ keçirərək, nəzarət altına almışdılar. Bolşeviklərin türk və müsəlman xalqlar arasında apardığı təbliğatı dayandırmaq məqsədi ilə bölgəyə göndərilən türk zabitləri, rus bolşevik qüvvələri tərəfindən təqib edilirdi. Ayrıca, ruslara əsir düşən və qaçıb qurtara bilən və Türkiyəyə dönməyə çalışan Osmanlı zabit və sıravilərinin Dağıstanda qurduqları milis qüvvələri də çox zəif idi. Dağıstanda yaşayan türk boyları, qəbilələri və din adamları isə bir-biri ilə nüfuz mübarizəsi aparırdılar. Dağıstanın dağlıq bölgələrində yaşayan avar türkləri ilə bolşevik olmağa çalışan kumuk türkləri arasında ciddi bir rəqabət və münaqişə başlamışdı. Dağıstandakı bu vəziyyət bolşeviklərin işinin xeyrinə idi. [199]
    Türk Qafqaz İslam Ordusu Komandanı Nuru paşa Gəncədə ikən bir hərbi təşkilat qurmaq məqsədi ilə yarbay İsmayıl Haqqı (Berkok) bəyi Dağıstana göndərdi. Yarbay İsmayıl Haqqı bəy Şimali Azərbaycanın Zaqatala bölgəsində rus əsarətindən xilas olan türk zabit və əsgərlərindən ibarət kiçik birliklərlə o bölgədə sabitliyi saxlaya bildi. Buradan Dağıstandakı Əhti bölgəsinə keçdi. Sərəncamında olan zabitlərlə Mahaçqalaya gedən İsmayıl Haqqı bəy, 21 iyun 1918-ci il tarixində Dağıstan türklərinə xitabən bir bildiriş yaydı. Xalqın birlik və bərabərlik şəraitində yaşaması və bolşeviklərə qarşı birgə mübarizə edə bilməsi üçün milli duyğularını oyatmaq istəyirdi.
    İsmayıl Haqqı bəy Dağıstanın müxtəlif yerlərində təşkil olunan kiçik milis qruplarını birləşdirərək, bolşeviklərə qarşı mübarizə apara biləcək bir qüvvəyə çevirməyə çalışırdı. Lakin bu milli təşkilata xalq kifayət qədər maraq göstərmirdi. Bölgədə hörməti olan din adamlarından Mamalay Əli Hacı və ətrafındakılar bu fəaliyyətlərə qoşulmadılar. Bu din adamı, İsmayıl Haqqı bəyi haqlı olduğunu, lakin bir müddətdən sonra rusların yenidən bölgəyə girərək, nəzarəti ələ alacağını və xalqdan hesab soracağını bildirdi. Buna görə də xalqı bolşeviklərlə üz-üzə qoymamaq və Dağıstanın mənafeyini düşünərək hərəkət etmək məcburiyyətində qaldıqlarını bildirdi. Təşkil edilən bir ovuc milis gücü ilə bolşeviklərə qarşı mübarizə aparmaq mümkün olmadığı nəticəsinə gələn İsmayıl Haqqı bəy Dağıstana nizami bir ordunun gəlməsinin vacib olduğunu bildirdi.
    İsmayıl Haqqı bəy Dağıstanda bu işlərə davam edərkən, Bakı-Dərbənd-Mahaçqala dəmir yolu və bu şəhərlərə yaxın olan Quba və Temirxan-Şura bolşevik rus qüvvələrinin işğalı altındaydı. Ölkənin qalan bölgələrində isə anarxiya hökm sürürdü. Bəzi dini dairələr və görüşlərin öncüləri bir-birlərini günahlandırır, bəziləri bolşevik ruslara yardım edilməsi üçün fitvalar verirdilər. Ziyalılar isə sayca çox az idilər və xalqdan ayrı düşmüş bir həyat yaşayırdılar. Ətraf əhali onları kafir elan etmişdi.
    İsmayıl Haqqı bəy 8 iyul 1918-ci il tarixində Gunip qalasına getdi. Şeyx Şamil ruslara qarşı mübarizədə qərargahını Gunip qalasında qurmuşdu. Buna görə Gunip qalası Qafqaz xalqlarının nəzərində böyük hörmətə layiq bir yer idi. Ruslar, Şeyx Şamil hərəkatının sona yetməsindən sonra Gunipdə çar üçün bir saray və hərbi kazarmalar tikdirmişdilər. İsmayıl Haqqı bəy xalq tərəfindən kafir sayılan yerli zabitləri də xidmətə cəlb edərək xalq ilə aralarındakı soyuqluğu ortadan qaldırmağa çalışırdı. Qafqazda din adamları və şeyxlərin xalq kütlələri arasında nüfuzunu bilən İsmayıl Haqqı bəy bolşeviklərə alət olmayan dindarların iştirakı ilə bir konqres çağırdı. Uzun müzakirələrdən sonra onların xalqa təsir edərək, rus və bolşeviklərə qarşı aparılacaq milli müqavimət hərəkatında iştirak etmələrini təmin etdi.
    Dağıstanın dağlıq bölgələrində yaşayan avarlar ilə düzdə yaşayan kumuklar arasındakı qovğalar bu ölkənin yadellilərin əlinə keçməsini asanlaşdırırdı. Hər ikisi türk və müsəlman olan avarlar və kumuklar arasındakı bu çəkişmə, elə bir həddə çatmışdı ki, kumuk türkləri, avarlara qarşı olmaq üçün bolşeviklərin tərəfinə keçmişdilər. İsmayıl Haqqı bəy bu iki türk icması arasındakı münaqişəni yoluna qoymaq üçün səy göstərdi. Dağıstanın şimalında yerləşən Kuban və Terek bölgələrindəki münbit ərazinin rus kazaklarından geri alınması üçün fəaliyyətə başladı. Digər tərəfdən iyul ayının sonuna doğru Temirxan-Şura bölgəsini ruslardan təmizləmək üçün bir hərbi hərəkat başlatdı. Bolşeviklərin müdaxiləsi nəticəsində Dağıstan birliklərinin qısa zaman ərzində dağıdılması səbəbindən bu fəaliyyət nəticəsiz qaldı.
    [redaktə]Çar tərəfdarlarının Dağıstanı işğal etməsi


    Qafqazda Çar ordusunun rəhbəri Lazar Biçeraxov
    Şimali Qafqaz Respublikasının yeni təşəkkül etməyə çalışan orqanlarını aradan qaldırmaq üçün Dağıstandakı bolşeviklər bir yandan, çar tərəfdarı rus kazakları da digər yandan hücuma keçmişdilər. Bakı yaxınlığında qüvvələrinin bir çoxunu itirən Biçeraxov, Dərbənd və Mahaçqalanı işğal etmək üçün fəaliyyətə başladı. Kifayət qədər hərbi qüvvəsi olmayan Şimali Qafqaz Respublikası, şimalda qırmızı bolşeviklər, cənubda isə Biçeraxovun ordusunun arasında sıxılıb qalmışdı. [200]
    Biçeraxovun əsas məqsədi Dağıstana girmək və bölgəni nəzarət altına almaq idi. Sərəncamında yaxşı təlim görmüş 2 min əsgər və 18 top ilə 40 pulemyot vardı. Dərbəndə girərkən xalqa müraciətində özünün çar tərəfdarı və bolşeviklərə düşmən olduğunu bildirərək, Dağıstanı qurtardıqdan sonra əsl sahiblərinə təhvil verəcəyini və Bakıya gedəcəyini bildirmişdi. Polkovnik Biçeraxov tabeliyindəki qüvvələrlə 15 avqustda Dərbəndi işğal etdi. Yaydığı bəyanatda isə əsl niyyətini ortaya qoyan Biçeraxov, Qafqazda yaşayan türklərin Rusiyaya xəyanət etdiyini, Osmanlı ordusuna güvənənlərin ağır şəkildə cəzalandırılacağını, yalnız ona itaət etdikləri halda Rusiyaya və çara etdikləri bu xəyanəti bağışlayacağını elan etdi. [201]
    Biçeraxov Dərbənddə kifayət qədər qüvvə qoyaraq, daha şimalda yerləşən Mahaçqala üzərinə yeridi. Müdafiə qüvvəsi olmayan şəhəri asanlıqla işğal etdi. Mahaçqaladan sonra Timirxan-Şuranı da ələ keçirən Biçeraxov qüvvələrinin sayı Bakıdan qaçan erməni və ruslar da daxil olmaqla 6 mini keçmişdi. [202]
    Osmanlı Dövləti tərəfindən müstəqilliyi tanınan və bir Türk dövləti olan Şimali Qafqaz Respublikasının mövcudluğunu davam etdirə bilməsi üçün Dağıstanın müxtəlif bölgələrini işğal etmiş bolşeviklərin və Biçeraxov qüvvələrinin ölkədən çıxarılması lazım idi. Azərbaycanda olan 15-ci piyada diviziyası və dağıstanlı milislərdən ibarət Cənubi Qafqaz Ordusu quruldu. Ordu komandanlığına da əvvəllər Çanaqqala Qrupuna komandanlıq etmiş Mirliva Yusif İzzət paşa gətirildi. Yusif İzzət paşa Ordu Komandanlığı ilə yanaşı, həm də Şimali Qafqaz Respublikası nəzdində Osmanlı Dövlətinin siyasi və hərbi təmsilçisi idi. Şimali Qafqaz Ordusu Qərargah rəisliyinə də yarbay (podpolkovnik) İsmayıl Haqqı bəy (Berkok) gətirildi. [203]
    Ordu Komandanı Yusuf İzzət paşa 29 avqust 1918-ci il tarixində İstanbuldan Batuma getdi. Bakının işğaldan təmizlənməsi əməliyyatlarına qoşulan Şərq Orduları Qrupu Komandanı Xəlil paşa, Batumda olan Yusif İzzət bəyə xəbər göndərərək, Gürcüstandakı Almaniya Hərbi Təmsilçisinin bəzi tələblərlə çıxış etdiyini bildirdi. Xəlil paşa almanların türk hərbi qüvvələrinin arxasından iki alman batalyonundan birini Vladiqafqaza, digərini də Çeçenistandakı Qroznıya göndərmək istədiklərini bildirərək, bu barədə nə düşündüyünü soruşdu. Yusif İzzət paşa, verdiyi cavabda, Almaniyanın hər şeydən əvvəl Şimali Qafqaz Respublikasını tanıması lazım olduğunu bildirdi. Şimali Qafqaz hərəkatına hər hansı bir müdaxiləni qəbul etməyəcəyini bildirən Yusif İzzət paşa göndərilməsi nəzərdə tutulan iki alman batalyonunun onun sərəncamına verilməsi şərtiylə, Şimali Qafqazın digər hissələrinə göndərilə biləcəyini qeyd etdi.
    Yusif İzzət paşa Şimali Qafqaz Respublikasının başçısı Əbdülməcid Çermiyev ilə birlikdə Batumdan qatarla yola çıxdı və 5 oktyabr 1918-ci il tarixində Bakıya çatdı. Xəlil paşa, Yusif İzzət paşa və Nuru paşa, qərargah heyətləri ilə, böyük çətinliklər hesabına düşməndən təmizlənən Azərbaycanın, şimal, cənub, qərb və Xəzər dənizi istiqamətindən təcavüzə açıq olduğu və vəziyyətin təhlükə altında olduğu qənaətinə gəldilər. Bu dövlətin yaşaya bilməsi üçün qonşu ölkələrdə də sülh, əmin-amanlıq və asayişin tam bərpa edilməsinin vacibliyinə qərar verdilər.
    Komandanların Qafqazdakı vəziyyəti qiymətləndirdikləri günlərdə Bakıdan çəkilən 39-cu ingilis korpusu, Cənubi Azərbaycandakı sahil şəhəri Ənzəlidə idi. Biçeraxov qüvvələri isə Dağıstanda Dərbənd və Mahaçqalaya çəkilərək özlərinə tərəfdarlar toplamağa başlamış, Bakıdan qaçan rus və ermənilər də bu birliklərə qoşulmuşdu. Bunun qarşısında Şimali Qafqazda türk və müsəlman əhalidən ibarət ciddi bir ordu təşkil olunmamışdı. İrəvandakı erməni hökuməti ilə Osmanlı Dövləti arasında isə bir müqavilə imzalanmışdı. Lakin, Andranik Qarabağ və Zəngəzur bölgələrində türklərə həmlə etmək üçün bir dəstə hazırlamaq işinə başlamış, Şuşa, Gorus, Ordubad və Naxçıvan ətrafında yolları kəsmişdi. Buna görə də türklər ciddi bir basqın təhlükəsi altında idilər. Bu vəziyyətdə Azərbaycan dörd bir tərəfdən dost olmayan qüvvələrlə mühasirəyə alınmışdı. [204]
    Ənvər paşanın Bakının qurtuluşu münasibətilə göndərdiyi təbrik teleqramında əks olunan xüsusiyyətləri də nəzərə alan komandanlar lazımi hazırlıqlara başladılar. Nuru paşa Baş Komandanlıq Qərargah rəhbərliyinə göndərdiyi raportda, Türk Qafqaz İslam Ordusuna tabe 15-ci piyada diviziyasının Dağıstan və Mahaçqalanın zəbti, 9 və 106-cı Qafqaz Alaylarının da Qarabağ hərəkatı üçün təlimatlandırıldığını, 5-ci Qafqaz piyada diviziyasının isə hələlik Bakıda qalacağını bildirdi. Yeni bir hərəkat tapşırığı alan hərbi birliklərin, vəzifələrini yerinə yetirdikdən sonra uyğun dıviziyalara qaytarılacaqlarını bildirdi. Bakıda, vaxt keçirmədən, 20 sentyabrdan etibarən hazırlıqlara başlandı.
    [redaktə]Quba və Xaçmazın azad edilməsi
    Şimali Qafqazda milli qüvvələr təşkil etmək üçün 1918-ci ilin may ayında hazırlıq işlərinə başlanmışdı. Bölgə əhalisindən bir piyada və bir süvari diviziyası ilə iki alay təşkil edilməsi nəzərdə tutulurdu. Dağıstan türklərindən qurulacaq bu hərbi birliklər üçün 6-cı Ordunun 6-cı diviziyası və 9-cu Ordunun 11-ci diviziyasından 74 zabit ilə 577 serjant və sıravidən ibarət bir "Təşkilat Diviziyası" qurulmuşdu. Yaradılacaq 4-cü piyada diviziyası komandanlığına, Şərq Cəbhəsindəki döyüşlərdə ruslara əsir düşən, ancaq Rusiyadakı bolşevik inqilabı və qarışıqlıqdan yararlanaraq qaçmağa müvəffəq olan polkovnik (albay) Əhməd Şükrü bəy gətirilmişdi. 1-ci süvari diviziyası komandanlığına isə polkovnik (albay) Akif bəy keçmişdi. Dağıstan türklərindən qurulacaq milli orduya rəhbərlik edəcək heyət 15 iyul 1918-ci il tarixində xidmət bölgələrinə yola düşmüşdü. [205]
    Türkiyədən gələn komandirlər, Dağıstanın Temirxan-Şura bölgəsi ilə Gimri, Arkaz və Qızılyar dairəsində bolşeviklərə qarşı ordu quruculuğu işlərinə başladılar. İlk olaraq Osmanlı-Rus müharibəsində əsir düşən bölgədəki türk əsgərlərini bir yerə cəmlədilər, sonra Dağıstan türklərindən 500 nəfərlik bir hərbi birlik yaratdılar. Bu hərbi birliklər Mahaçqalanı Bakı və Dərbənd ilə birləşdirən dəmir yolunu kəsmək üçün işə başladı. Dağıstanda bolşevik təbliğatı aparılan bölgələrdə isə xalqın rusların vədinə uymasının qarşısını almaq üçün fəaliyyətə başladılar. [206]
    Dağıstandakı türk qərargah heyəti, qısa müddətdə təşkil etdikləri hərbi birliklərlə Temirxan-Şura cəbhəsindəki Arkaz, Gimri və Qızılyar bölgələrində olan bolşevik qüvvələrinə həmlələr etdilər. 5 avqusta qədər davam edən münaqişədən bir nəticə alınmadı. Bolşeviklər, Dağıstanın daxili bölgələrində çox güclü bir müqavimətlə qarşılaşacaqlarını başa düşərək, əks-hücuma keçməyə cəsarət etmədilər.
    Azərbaycanın şimal-şərqində Qafqazın ən uc nöqtəsində yerləşən Quba və Xaçmaz bölgələrində baş verən döyüşlərdə, işğalçı qüvvələrə edilən basqın uğurlu oldu. Qubadakı döyüşlərdə, 4-cü diviziya komandanı (polkovnik) albay Əhməd Şükrü bəy də iştirak edirdi. Qubanı düşmən işğalından qurtarmaq üçün süvari minbaşı Səbri bəyin komandanlıq etdiyi təxminən min nəfərlik bir milis qüvvəsi, gecə boyunca yürüş edərək Qubanın şimalındakı Qusar qəsəbəsini ələ keçirdi. Burada bir bolşevik bölüyünü əsir aldı, bununla bərabər dörd pulemyot və xeyli miqdarda sursat ələ keçirdi. Bunun ardından Quba üzərinə yeriyərək, 2 avqustda bolşevik işğalına son qoydu. [207] Qubadan qaçan bolşeviklər, Xaçmaz istiqamətində gedərkən, Qasımkənddə olan milis qüvvələri düşməni mühasirəyə aldılar, lakin bir uğur qazanılmadı. Türk hərbi birlikləri, düşməni təqib edərək Xaçmaz üzərinə yeridi, lakin düşmən Xəzər dənizindəki gəmilərdəki topçu dəstəsinin sayəsində 8 avqusta qədər şəhəri qorumağa müvəffəq oldu.
    Cənubi Azərbaycandakı Ənzəli üzərindən Bakıya gələn və Qafqaz İslam Ordusu qarşısında dayana bilməyəcəyini başa düşən çar tərəfdarı Biçeraxov oradan da dəmiryolu ilə Xaçmaza gəlmişdi. Polkovnik Biçeraxov, türk hərbi birliklərinin təqibi nəticəsində 11 avqustda buradan da çıxıb şimaldakı Dərbəndə keçdi. Biçeraxovun qüvvələri Xaçmazı tərk edən kimi türk milis qüvvələri şəhərə daxil oldu. Daha sonra polkovnik Biçeraxovun qüvvələrini Dərbəndə qədər təqib etdilər. Ancaq bir nəticə alınmadı. [208]
    Quba və Xaçmazın düşmən işğalından qurtarılması və bölgənin nəzarət altına alınması nəticəsində, Dağıstan və Rusiya ilə Bakı arasındakı dəmir və quru yolu tamamilə türklərin əlinə keçdi. Eləcə də, bolşeviklərin bölgədəki təbliğatlarının qarşısı alınmış oldu.
    [redaktə]Dərbəndin azad edilməsi


    Bakını, Dərbəndi və Mahaçqalanı azad edən Yusif İzzət paşa
    Qafqaz İslam Ordusu Komandanı Nuru paşa Dağıstanın ələ keçirilməsi üçün 15-ci piyada diviziyası komandanı yarbay Süleyman İzzət bəyə 20 sentyabr 1918-ci il tarixində bir əmr göndərdi. Süleyman İzzət, böyük hərbdə 15-ci piyada tüməninin Azərbaycan və Şimali Qafqazdakı hərəkat və döyüşləri, s. 61 Qafqaz İslam Ordusunun Şimali Qafqazdakı hərbi hərəkat planı belə idi: Dağıstan hərbi hərəkatı ilə təlimatlandırılan 15-ci piyada diviziyası sürətlə Xaçmaz istiqamətində hərəkət edəcək və Dərbənd qısa bir müddətdə ələ keçiriləcəkdi. Hərbi birliklər şəhərin 5 kilometrliyinə qədər irəliləyəcək və burada mövqe tutacaqdı. Əldə edilən mövqe, bəzi hərbi qüvvələrlə gücləndiriləcək 107-ci Qafqaz alayından ibarət Dərbənd dəstəsinə təhvil verildikdən sonra 15-ci piyada diviziyası geri çəkiləcəkdi. Xaçmaz dəstəsi də 15-ci piyada diviziyasının tabeliyinə veriləcəkdi. [209]


    Dərbəndin azad edilməsi planı
    Lazımi hazırlıqlar başa çatdıqdan sonra, 15-ci piyada diviziyasının bəzi hissələri 1 oktyabrda Biləcəri stansiyasından Dağıstana getmək üçün qatarlara mindirildilər. Əvvəlcə 15-ci piyada diviziyasına tabe olan 56-cı alay yola çıxdı, 36-cı alay isə daha sonra hərəkət edəcəkdi. Quba və Xaçmaz bölgəsini düşmən işğalından qurtaran minbaşı Səbri bəyin komandası altında olan Xaçmaz dəstəsi də diviziyanın toplaşma yeri olan Xaçmazda türk hərbi birliklərinə qoşulmağa başladı. 38-ci piyada alayının əsas döyüşkən heyətindən bir bölüyün Bakıda saxlanılması əmr edildi. Buna görə də müharibə gücü bir xeyli zəifləmişdi və Xaçmaz bölgəsindəki qüvvələrlə gücləndirilməsi planlaşdırılırdı.
    Süleyman İzzət, böyük hərbdə 15-ci piyada tüməninin Azərbaycan və Şimali Qafqazdakı hərəkat və döyüşləri, s. 68 15-ci piyada diviziyasına daha sonra iki zirehli qatar veriləcəkdi. Bu hərbi hərəkatın davam etdiyi əsnada, 15-ci piyada diviziyasının İstanbula göndərilməsi məsələsi ortaya çıxdı. Bu səbəbdən 38-ci piyada alayının Dağıstan hərəkatında iştirak etməli olan heyəti yola çıxmaq üçün Bakıda qatar gözlədiyi halda, Nuru paşa təftişlər apardığı Ağdamdan Xaçmaza getmək üçün Bakıya gəldi. [210]
    15-ci piyada diviziyası və Dağıstan hərəkatında iştirak edəcək hərbi qüvvələrin qərargahları 2 oktyabrda Xaçmaza çatdı və bölgədəki komandirlər vəziyyətlə əlaqədar məsləhətləşmə keçirdilər. Öncül qüvvələr də Fərhadkənd və Orucabad xəttinə yerləşdirildi. [211] Nuru paşa Dağıstan hərəkatını izləmək və hazırlıqları yaxından görmək üçün, 4 oktyabrda qatarla Xaçmaza getdi. Buradan maşınla Qubaya keçdi. Yollarda maşını saxlatdıran türklər Nuru paşanı duz-çörəklə qarşıladılar. Xalqın böyük məhəbbəti ab-havasında Xaçmaza daxil olan Nuru paşa burada yaşayan türklərlə apardığı danışıqlarda vətənlərinə sahib çıxmalarını, bunun üçün də övladlarını əsgər göndərmələrini istədi. [212]
    Türk ordusunun Dərbəndə yürüş etməyə hazırlaşdığından xəbər tutan Biçeraxov, Mahaçqaladan 300 nəfərlik bir birliyi Dərbəndə gətirdi. Buradakı mövqelərini möhkəmlətdikdən sonra, müdafiəni gücləndirmək istəyirdi. Hərbi hərəkatın bir az da gecikdirilməsi halında, düşmənin daha da güclənəcəyini düşünən komandirlər 38-ci piyada alayının da cəbhə xəttinə çatmasını gözləmədən, 56-cı piyada alayının Dərbənd istiqamətində hərəkətə gəlməsini qərarlaşdırdılar. Beləliklə, Dağıstanın düşmən işğalından qurtarılması üçün gözlənilən hərbi müdaxilə 5 oktyabrda başladı. [213] 56-cı piyada alayı, cəbhəyə yenicə çatan 38-ci alayın qabaqcıl hissələri ilə birlikdə, Dərbəndin bağlarını keçdikdən sonra, stansiya ətrafında pusqu quran Biçeraxov qüvvələri ilə qarşılaşdı. Qanlı döyüşlərdən sonra Stansiyadan çıxarılan Biçeraxov qüvvələri axşama doğru Dərbənd qalası ilə Qala Dəyirmanı bölgəsindən də uzaqlaşdırıldı. Havanın qaralmaq üzrə olduğunu görən komandirlər əsgər itkisi verməmək üçün hərəkata ara verdilər. [214] Ertəsi gün, türk silahlı qüvvələrinin kəskin hücumu qarşısında tab gətirməyən düşmən, dağınıq halda şəhərə yayıldı. 56-cı piyada alayı 6 oktyabr saat 10.45-də şəhərə girərək Dərbəndi tamamilə nəzarətə götürdü.
    15-ci piyada diviziyası Qərargah rəisi yarbay (podpolkovnik) Süleyman İzzət bəy günortaya doğru qərargahı ilə birlikdə Dərbəndə daxil oldu. Süleyman İzzət bəy Dərbəndi zəbt etmələrini belə təsvir edir:
    "Günorta firqə qərargahı ilə şəhərə girdim. Əvvəlcə verdiyim əmrə əsasən şəhərdə asayişə cavabdeh zabit və sıravi heyətinin işinə başçılıq etdim və bələdiyyə rəisi Müslüm İsrafilovu hökumət rəisi təyin elədim."
    — Süleyman İzzət, böyük hərbdə 15-ci piyada tüməninin Azərbaycan və Şimali Qafqazdakı hərəkat və döyüşləri, s. 84
    Dərbəndin əsas küçə və meydanlarına Türk bayrağı asıldı. Bakının düşmən işğalından qurtarmasında yaxşı nəticələr göstərmiş 56-cı alay, Dərbənddə də buna oxşar fəaliyyəti ilə fərqlənmişdi. 38-ci alay isə şəhərə qərb istiqamətindən girmişdi. Düşmənin ən azı 800 piyadası, səkkiz pulemyotu və bir zirehli qatarı vardı. Xəzər dənizində rus çar ordusundan qalma Ərdəhan və Qars adlı döyüş gəmiləri isə açdıqları top atəşi ilə döyüşlərə yardım edirdilər. Düşmən əsgər və silah baxımından da 56-cı alaydan üstün idi. [215] [216] [217] Dərbəndi ələ keçirən 56-cı piyada alayının döyüşkən tərkibi 679 əsgərdən ibarət idi. 12 pulemyotu, 12 də topu vardı. Dərbənddə düşməndən birinin arxa qapağı çıxarılmış üç top ilə dörd pulemyot ələ keçirilmişdi. 15-ci piyada diviziyası Bakıdan 210 kilometr şimalda yerləşən Dərbəndə qədər irəliləmiş və cəmi beş gün ərzində bölgəni nəzarət altına almışdı.
    Polkovnik Biçeraxov Dərbəndi müdafiə edən qüvvələrin komandiri polkovnik Bertrandı bacarıqsızlıqda günahlandırıb vəzifədən kənarlaşdırdı və həbs etdirdi. Biçeraxov qüvvələri 6-7 oktyabr gecəsində bir zirehli qatarla 15-ci piyada diviziyasına qarşı cəbhəni yarmağa təşəbbüs göstərdi. Ancaq türk hərbi birlikləri tərəfindən geri oturduldu. Qatardan açılmış bir vaqonda, sursatla birgə bir pulemyot və birinin arxa qapağı çıxarılmış iki top ələ keçirildi. Gecə baş verən bu hadisədən sonra yenə 7 oktyabrda səhər saatlarında 8 pulemyot və 4 top ilə müşayiət olunan 880-ə qədər düşmən piyadası 56-cı piyada alayına qarşı hücum təşkil etdi. Bu hücum da geri oturduldu. Dərbəndin şərqindəki dağlıq və meşəlik sahəyə çəkilən Biçeraxov qüvvələri ilə 9 oktyabrda da qanlı döyüşlər oldu. Rus birlikləri 12 və 13 oktyabrda da hücum manevrləri etdilər, ancaq hər dəfə də məğlub olaraq ağır itkilərlə geri çəkilmək məcburiyyətində qaldılar


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Şimali Qafqaz hərəkatı

          Kategori: Azerbaycan Tarihi

          Konuyu Baslatan: ŞiMaL

          Cevaplar: 0

          Görüntüleme: 1237


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş