“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun İdarə Heyətinin üzvü - Qatır Məmməd kimə xidmət etmişdir: Azərbaycanlılara, yoxsa ermənilərə? - Onun naqanı Gəncədə qeyrətimizi, namusumuzu bütün varlığı ilə hifz edib qoruyan adlı-sanlı bəylərimizin sinəsinə tuşlanıb, arşakların «yüksək əməlləri» bilavasitə namusumuzun ləkələnməsinə xidmət edib. - Qatır Məmməd ölkənin paytaxtı ilə qərbini birləşdirən telefon, teleqraf xətlərini dağıdıb sıradan çıxarmış, Bakı-Gəncə dəmiryolunu

Bu konu 1585 kez görüntülendi 0 yorum aldı ...
Mənəvi dünyamıza Sovet sui-qəsdi:«Qatır Məmməd» dastanı 1585 Reviews

    Konuyu değerlendir: Mənəvi dünyamıza Sovet sui-qəsdi:«Qatır Məmməd» dastanı

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1585 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Mənəvi dünyamıza Sovet sui-qəsdi:«Qatır Məmməd» dastanı

    “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun İdarə Heyətinin üzvü

    - Qatır Məmməd kimə xidmət etmişdir: Azərbaycanlılara, yoxsa ermənilərə?
    - Onun naqanı Gəncədə qeyrətimizi, namusumuzu bütün varlığı ilə hifz edib qoruyan adlı-sanlı bəylərimizin sinəsinə tuşlanıb, arşakların «yüksək əməlləri» bilavasitə namusumuzun ləkələnməsinə xidmət edib.
    - Qatır Məmməd ölkənin paytaxtı ilə qərbini birləşdirən telefon, teleqraf xətlərini dağıdıb sıradan çıxarmış, Bakı-Gəncə dəmiryolunu partlatmışdır ki, Fətəli Xan Xoyskinin başçılıq etdiyi Azərbaycan ordusu Qarabağ, Zəngəzur, Göyçə və Gəncəbasar bölgələrində soyqırıma məruz qalmış köməksiz Azərbaycan türkünü erməni-rus vəhşiliyindən qurtarmaq üçün həmin tərəfə hərəkət edə bilməsin.

    HAŞİYƏ: Uşaq vaxtlarımda (təxminən 1985-1987-ci illərdə) tarixi ədəbiyyata qarşısıalınmaz bir maraq göstərdiyimdən valideynlərim mənə tez-tez müxtəlif kitablar alırdılar. Bir dəfə sırf təsadüf nəticəsində dastançı Qocayev adlı birisinin (onun adı nədənsə yadımda elə bu formada qalıb – dastançı Qocayev kimi) yenicə nəşr etdirdiyi qırmızı cildli «Qatır Məmməd» kitabını əlimə almışdım. Tariximizlə bağlı bədii əsərləri birnəfəsə oxuduğumdan bu kitabı da dərhal oxumağa başladım. Azərbaycan şifahi xalq dilinin incəliklərinə qədər əks olunması əsəri oxucuya daxilən yaxınlaşdırsa da, ayrı-ayrı qoşmalar məndə kitaba qarşı müəyyən doğmalıq hissləri yaratsa da, əsərin bəzi məqamlarında külli miqdarda cavabsız suallarla üzləşməli olurdum. Düşünürdüm ki, görəsən Fətəli Xanın Qatır Məmmədin dəstəsini məhv etmək məqsədilə Gəncəbasara qatarla göndərdiyi qoşunu dağıtmaq üçün nədən o boyda Bakı-Gəncə dəmir yolunu partlatmaq lazım gəlmişdir? Məgər, müəllimlərimizin dediyi kimi, insanların gediş-gəlişini yaxşılaşdıran bu dəmiryolu daha heç kimə gərək olmayacaqdımı? Və bu orduyla kişi kimi qabaq-qabağa vuruşub qalib gəlmək olmazdımı?..
    Əlbəttə, o vaxt bu cür suallar indi qeyd etdiyim kimi uzun və mürəkkəb deyildi, o zaman fikrimi tam ifadə etmək istədikdə çətinlik çəkirdim. Lakin bu və bunun kimi suallar kitabı oxuyan zaman və oxuduqdan sonra da mənə rahatlıq vermirdi. İlk dəfə mənfi, düşmən obraz kimi bu kitabda rastıma çıxmış Fətəli Xan Xoyski surətini «-ski» soyad sonluğuna görə yad birisi sanmışdım (əsərlərdə tez-tez bu cür soyad sonluğuna malik olan hansısa pristav, qubernator, naçalnik obrazlarına rast gəlirdik). Lakin təəccüblü də olsa, onun «xalqa zidd, qaniçən, qəddar» simasını nə qədər eləsəm də, təsəvvürümdə canlandıra bilməmişdim. Bəzi epizodlardakı süniliyi isə hiss etməmiş deyildim. Məsələn, yadımdadır ki, dastanda ara-sıra «Qatır Məmməd naqanını sinəsinə basıb aldı görək nə dedi» tipli cümlələri oxuyarkən sözügedən epizodu təxəyyülümdə canlandırır, atamdan naqanın bir tapança olduğunu öyrəndikdən sonra isə təəccüb edirdim ki, «məgər naqan saz-filandırmı ki, onu sinəyə basıb bu uzunluqda şer deyəsən?» Üstəlik, Qatır Məmmədin fövqəladə aşıqlıq qabiliyyətinə malik olmasının heç bir yerdə söylənməməsi mənim daxili şübhələrimə haqq qazandırırdı.

    Dastanda Qatır Məmmədin öldürülmə səhnəsinin təsviri indi də yadımdadır, təxminən bu cür qeyd olunmuşdu: «Qatır Məmmədin ölümünə göy kişnədi, bulud ağladı, camaat ağ çıxardı, qara geydi» və s.
    Fərman Eyvazlının təxminən o vaxtlar işıq üzü görmüş «Qaçaq Kərəm» romanı tez-tez ailəmizdə müzakirələrə səbəb olurdu. Bir dəfə hər ikisi müəllim olan atam və rəhmətlik babam bu romanı müzakirə edərkən digər xalq qəhrəmanlarından da söz düşdü. Mən Qatır Məmmədin adını çəkdim, həmin vaxt atamın narazılıqla dediyi «- əşi, Qatır Məmməd uşaq-muşaq olub, süni qəhrəmandır, o hara, Qaçaq Kərəm hara?» sözləri mənim uşaq təxəyyülümdə böyük çaşqınlıq yaratmışdı. Onun haqqında çəkilən film və çap olunmuş dastan mənim atamın dediklərindən tamamilə fərqli şeyləri təlqin edirdi. Mən sadəcə olaraq atama hansısa kitabdan və ya filmdən daha çox inandığım üçün Qatır Məmməd obrazını yadımdan çıxarmağa çalışdım. Atamın təsadüfən dediyi bu sözlər sonradan da uzun müddət yaddaşımdan silinmədi.
    O zaman mənim kimi minlərlə Azərbaycanlı, türk balası gizlədilən acı həqiqətlərdən bixəbər idi. Bir qədər sonra Sovetlər Birliyinin çöküşü zamanı aydın olacaqdı ki, «xalqın qəddar düşməni» kimi tanıdılan Fətəli Xan Xoyskilər bu millətin yolunda nə qədər cəfalara, əzablara və məhrumiyyətlərə sinə gərib, şirin canlarını Azərbaycan istiqlalı yolunda göz qırpmadan fəda ediblər. Azərbaycan türkünü imkan olduğu qədər qırıb-çatmağı hədəf götürmüş erməni-hayk tör-töküntülərini məhv etmək, Qarabağ və Qərbi Azərbaycan bölgələrindən süpürüb kənara atmaq üçün bu insanlar sən demə hər şeylərindən keçiblər, ordunu götürərək sərkərdə kimi onun önündə ən qızğın döyüşlərin olduğu yerlərədək gedib çıxmışlar. Və sonunda Azərbaycanın başkəndi Bakıda iyrənc bolşevik çevrilişindən sonra bu insanlar bir-bir, məhkəməsiz-filansız, vəhşicəsinə rus cəlladları, başkəsənləri tərəfindən və onların boşqab yalayanları olan Əliheydər Qarayev kimilərinin fitvası ilə güllələnmişlər, qırmızı bolşevik terroru onların nəslində bircə nəfər belə başıpapaqlı qoymamış, hamısını məhv etmiş, Sibirin şaxtalı çöllərində çürütmüşdür. Bunları sovet dövrünün cocuqları olan bizlər bilə bilməzdik. Çünki beynimizi həmin o dastançı Qocayev kimiləri «Lenin baba», «xalqlar dostluğu», «erməni-azərbaycanlı qardaşlığı», «şanlı Qızıl Ordumuz», «möhtəşəm sovet vətənimiz» kimi yalan dolu nağıllarla sürəkli doldurmaqda idilər...
    «Qatır Məmməd» dastanının yaranması tarixi haqda onu deyə bilərik ki, quzey Azərbaycanda bolşevik hakimiyyəti bərqərar olduqdan və möhkəmləndirildikdən sonra, təxminən 30-cu illərdən etibarən bu dastanla bağlı ayrı-ayrı epizodlar toplanmağa və bir-bir mətbuatda çap edilməyə başlamışdır. Dastan haqqında aparılmış tədqiqatlardan aydın olur ki, bu cızma-qaranın əsas hissələrini Kor Aşıq, Aşıq İsaq, Teymur Bisavad adlı adamlar və digərləri yaratmışlar. P.Əfəndiyevin bildirdiyinə görə, Qatır Məmmədin dəstəsində olmuş Gödək İbrahim, Xankişi, Arşak, İvan, Dəli Qara və başqalarının xatirələrindən də dastanın ayrı-ayrı hissələrinin quraşdırılmasında istifadə olunmuşdur.
    Maraqlıdır ki, araşdırmaçılar bu adamlara istinadən Qatır Məmmədin dəstəsində aşıqların da olduğunu önə çəkməklə bir növ özlərini gələcək nəsillərin tənəsindən və nifrətindən sığortalamaq niyyəti güdüblər yəni «ey gələcək nəsil, bilin, bu əsəri biz özümüz yazmamışıq ha, onun dəstəsindəki aşıqlar belə söyləyiblər». Bunu anlamamaq üçün ən azı sadəlövh olmaq və sovet nağıllarına inanmaq gərəkdir. Sovetin son illərində nəhayət ki, dastanın yuxarıda haşiyədə xatırlatdığım «Qatır Məmməd» adlı nəşr variantı işlənib-hazırlanmışdır. Deyildiyinə görə, Zahid Xəlil bu dastandan, necə deyərlər, təsirlənərək və ilhamlanaraq eyni adlı pyes də yazıb-yaratmışdır.
    Araşdırmaçı P. Əfəndiyev dastanın Azərbaycanın Gəncə bölgəsində sovet hakimiyyətinin qurulması uğrunda gedən inqilabi mübarizədən bəhs etdiyini söyləyir və qeyd edir ki, «burada xalqın mübarizəsi həm xarici – türk, ingilis işğalçılarına, həm də yerli bəy və hakimlərə, müsavatçılara qarşı aparılmışdır». Bundan sonra o, Qatır Məmmədin həyat tarixçəsinin ayrı-ayrı yerlərinə toxunub onun «1917-1919-cu illərdə böyük qəhrəmanlıqlar göstərməsi»ndən danışır. Bu qəhrəmanlıqların nədən ibarət olduğunu bir anlığa təsəvvür etsək, görərik ki, özünə Qatır ləqəbi götürmüş bu adam rus şovinizminə daima rəşadətlə duruş gətirən, hər zaman milli-istiqlal mübarizəmizin ön sıralarında yer alan Gəncəbasar əhlinə və əsasən də onların əsilzadə təbəqəsi olan Gəncə bəylərinə qarşı xüsusi amansızlığı ilə seçilmişdir. İri torpaq sahibləri hesab olunan Zülqədərovun, Məmmədxanbəyovun, Adıgözəlovun və başqalarının mülklərini dağıdıb viran qoymuş, yerli bəylərdən sayılıb-seçilənlərini güllələmiş, başına özü kimi beş-on quldur yığıb yol kəsmiş, adam öldürmüş, erməni və ruslarla oturub-durmuş, onu öz anti-türk əməllərində bir alətə çevirmiş erməni daşnakı Şaumyanın və digər rus bolşeviklərinin ismarıclarını sözsüz yerinə yetirmişdir. Azərbaycan Sovet Ensiklopediyasının (ASE) III cildində onun haqqında yazılan məqalədə Qatır Məmmədin bilavasitə «Bakı komissarları» adı ilə tanınan vəhşi və talançı qaragüruhdan təlimatlar alması açıq bir şəkildə qeyd olunur.
    Müsavat hökümətinə və onun yaratdığı orduya ziyan vurmaq üçün Qatır Məmməd ölkənin paytaxtı ilə qərbini birləşdirən telefon, teleqraf xətlərini dağıdıb sıradan çıxarmış, Bakı-Gəncə dəmiryolunu partlatmışdır ki, Fətəli Xan Xoyskinin başçılıq etdiyi Azərbaycan ordusu Qarabağ, Zəngəzur, Göyçə və Gəncəbasar bölgələrində soyqırıma məruz qalmış köməksiz Azərbaycan türkünü erməni-rus vəhşiliyindən qurtarmaq üçün həmin tərəfə hərəkət edə bilməsin.
    Xalqın hər tərəfdən təkləndiyi, rus və ingilis işğalçılarına qarşı təkbaşına mübarizə apardığı, eyni zamanda da, rusların buyruq qulu rolunu oynamış ermənilərin ölkədəki başıpozuqluğu fürsət bilib törətdikləri vəhşiliklərə öz milli ləyaqət və mənliyi səviyyəsində cavab verdiyi o ağır günlərdə özünü qanmazlığı ilə ad çıxarmış bir heyvanın törəməsi adlandıran və əməllərində bunu sübut etməyə çalışmış bu insan nə Azərbaycan türkünü erməni-rus-ingilis fitnəsindən qorumaq üçün bir iş görüb, nə erməni daşnaklarına, rus ordusuna bir güllə atıb, nə də milli barışıq yolunda hansısa cəhd göstərib. Bu adamın atdığı bütün addımlar sütunları kövrək, özü isə arxasız olan gənc Azərbaycan Cumhuriyyətinin yıxılmasına, çökdürülməsinə, onsuz da başı fəlakətlərdən və bəlalardan ayılmayan Azərbaycan türkünün yeni-yeni faciələrə düçar olmasına xidmət etmişdir.
    Bu gün heç bir çətinlik çəkmədən, elə təkcə yuxarıdakı faktları xatırlamaqla deyə bilərik: Azərbaycan türkünün Vətənin istiqlalı uğrunda çarpışan igid-igid övladlarını xaincəsinə arxadan vurmuş bu adam sözügedən dövr tariximizdə qara ləkədir! Maraqlıdır, bəs bu məxluq, onun gördüyü nadürüst əməllər dastanda necə təsvir olunur? Bunu əyani surətdə görmək üçün bir-iki şerin məzmununa nəzər salmaq da kifayət edir.

    Yardı düşmən ürəyini,
    Tökdü sel kimi qanı.
    Qovdu tez eldən-obadan,
    Osmanlını, bəyi, xanı.
    Bir zabiti atdan saldı,
    Bilinmədi adı, sanı.
    Güllə döşündən dəyəndə
    Tülkü kimi çıxdı canı.
    Top-tüfəngi yerə atıb
    Yalvardı düşmən Məmmədə...

    Azərbaycan türkünü iyrənc rus-bolşevik məkrindən, erməni fitnəsindən xilas etməyə gəlmiş, vətənimizin azadlığı yolunda hesabagəlməz itkilər, şəhidlər vermiş, bu şanlı vəzifənin öhdəsindən layiqincə gəldikdən və özünün vur-tut 15 minlik qüvvəsi ilə bolşevik, eser, daşnak və ingilislərin 85 minlik ordusunu darmadağın edib Bakını aldıqdan sonra çəkilib öz məmləkətinə getmiş türk ordusunun zabitləri əsərdə «tülkü» qismində təsvir olunur. Mənfur kommunist rejimi özünü bütün iyrəncliyi ilə bu cızma-qarada açıb göstərmişdir. Bu cür şerlərin sayı dastanda bəs deyincədir. Hətta bunların yazılmasında xalq ədəbiyyatımızın incilərindən, xüsusən də, «Koroğlu» dastanının müxtəlif elementlərindən də gen-bol istifadə olunmuşdur. Daha bir şerdən bir bəndə nəzər salaq.

    Məmməd baş əyməz fələyə,
    Qan qusdurar xana, bəyə,
    Gələndə kəllə-kəlləyə
    İgid qoç gərək, qoç gərək...

    Sovet dövründə «əl gəzdirilmiş» əksər dastanlarımızda olduğu kimi, bu saxta əsərdə də gözümüzə çeşidli surətlər dəyir. Bu surətlərin əksəriyyəti Qatır Məmmədin silahdaşları, onun dəstəsinin üzvləridir. Dədələrimiz əbəs yerə deməyiblər ki, «dostunu göstər, sənin necə adam olduğunu söyləyim». Qatır Məmmədin dostları və silahdaşları, dastandan da göründüyü kimi, Kolya, Volodya, Arşak, Qoç Hambarsum (?), Hayk və digərləridir. Ümumən götürdükdə, dastan haqqında yazılmış bir çox «elmi» məqalələrdə «Qatır Məmmədin dəstəsində rusların, ermənilərin azərbaycanlılarla birlikdə çiyin-çiyinə vuruşması faktının dastanda parlaq şəkildə əks olunması» tezisi qırmızı xətt kimi keçir. Bu, əlbəttə ki, tamamilə başa düşüləndir. Azərbaycan türkünün qədim və tarixi dastanlarında effektiv «xalqlar dostluğu» elementi tapa bilməyən və bu səbəbdən də araşdırmalar zamanı, necə deyərlər, «rastlarına çıxan milçəyi böyüdüb fil etməklə» kifayətlənməli olan, bəzənsə bunun azlıq elədiyini düşünüb dastanlarımıza külli miqdarda süni əlavələr etmiş partiya-dövlət orqanlarının buyruq qullarına tapşırılmışdı ki, «yeni, yepyeni» bir dastan işləyib-hazırlasınlar və burada kommunistlərin ürəyinə su səpən bir tərzdə beynəlmiləlçiliyi, xalqlar dostluğunu, erməni-azərbaycanlı qardaşlığını təbliğ etsinlər, «böyük rus qardaşlarımızı» mədh edərək göylərə qaldırsınlar. Onlar da «ləbbeyk» deyərək qollarını çirmələmiş və gələcək həyat karyeralarının bu işdən ötdüyünü düşünərək «Qatır Məmməd» adlı bir cəfəngiyat toplusu yaratmışlar. Bu işi görərkən sözügedən qrupdan olan Azərbaycan sovet dastançı-alimləri min illər ərzində torpağın dərinliklərinə kök salmış, həyatın sərt rüzgarlarına qarşı başını dik tutmaqla, səbr, təmkin nümayiş etdirməklə duruş gətirmiş Azərbaycan türkü adlı qollu-budaqlı bir çinarın gövdəsinə balta çaldıqlarının fərqinə belə varmamışlar, çünki bu amillə müqayisədə tərəzinin digər gözündə qərar tutmuş vəzifə, pul, sovet cəmiyyətində qazanılan şan-şöhrət və ilaxır amillər onların gözünə daha ağır gəlmişdir. Acı da olsa, bu dastan üzərində aparılmış araşdırmalara və görülmüş işlərə bundan qeyri qiymət vermək müşkül məsələdir.
    Dastançılarımız bu əsərdə ən azı Qatır Məmmədi reklam etdikləri qədər onun yuxarıda adı çəkilən erməni, rus və digər millətlərdən olan silahdaşlarını vəsf etmiş, onları dürlü-dürlü epitetlərə qərq etmiş, tərifləyib göylərə qaldırmışlar. Bu barədə dastanda yer almış dörd bəndlik daha bir şeri Azərbaycan oxucusuna təqdim etmək istərdim.

    Məmməd ilə Kolya çəkir planı,
    Qoç Ələsgər tez haqlayır qalanı,
    Volodyanın açılanda naqanı
    Deşib keçir lap döşünü bəylərin.

    İsfəndiyar Məmmədindi sağ əli,
    Yüksək olur Arşakın hər əməli,
    Lap kökündən uçur zülmün təməli,
    Atır bu gün xalq daşını bəylərin.

    Dəli Qara nərə çəkir nər kimi,
    Qoç Hambarsum güllə atır ər kimi,
    Noxtalayıb düşmənləri xər kimi
    Cilovlayır on beşini bəylərin.

    Yapon Tapdıq baxmır hərzə-hədyana,
    Mərd Hüseyn aman vermir düşmana.
    Babayan da güllə səpir hər yana,
    Nəbi tökür göz yaşını bəylərin.


    Bu misraları oxuduqdan sonra başımıza gətirilən fəlakətlərin dəhşətini bir daha gerçək formada dərk edə, həmin dövrün hadisələrini qəlbimizdən gələn sonsuz ağrı-acı ilə, daha aydın şəkildə təsəvvür edə bilərik: biçarə Azərbaycan türkünü qırıb-məhv etmək, onun qanı-canı bahasına, dişi-dırnağı ilə, min bir əzab-əziyyətlə qurmuş olduğu cumhuriyyəti tarmar etmək məqsədilə çizilən planların altında kolyaların adı ilə bir sırada «öz» məmmədlərimizin də adı olubmuş. Volodyaların, ivanların naqanı Gəncədə qeyrətimizi, namusumuzu bütün varlığı ilə hifz edib qoruyan adlı-sanlı bəylərimizin sinəsinə tuşlanıb, arşakların «yüksək əməlləri» bilavasitə namusumuzun ləkələnməsinə xidmət edib (Gəncə qırğınları zamanı bolşeviklərin şəhəri almasından sonra erməni Arşakların qadınlarımızı, yeniyetmə qızlarımızı, gəlinlərimizi əsir alınmış kişilərin gözü önündə necə zorlayıb öldürməsi, Gəncə məscidinə toplaşıb Tanrıya dualar edən zavallı insanları gözünü qırpmadan, diri-diri yandırması barədə əslən gəncəli olan, Türkiyədə yaşamış mərhum həmyerlimiz Məmməd Altunbayın tükləri ürpəşdirən uşaqlıq xatirələri ilə dolu «Azadlığa uçan türk» kitabını oxumaq hamıya tövsiyə olunur). Əsərdə Hambarsumlar vaxtilə Koroğluların layiq görüldüyü «qoç» ləqəbi ilə çağırılır. Belə yerdə ağsaqqallarımız yana-yana deyiblər: «Batasan, ay dünya! Fələyin çərxinə bax! Dövrana, ruzigara bax!» Gəncə bəylərinin «on beşini birdən cilovlayan» «Qoç» Hambarsumlar onları eşşək kimi noxtalayırmış sən demə, bizim də xəbərimiz yox. Babayanlar hər yana gülləni yağış kimi yağdırırmış sən demə.
    Bunları şerə köçürüb yazan və öz xalqının bədbəxtliyi üzərində özünə gün ağlamağa çalışan həmin o biqeyrət yazarların görəsən heç bircə dəfə də olsa vicdanı dilə gəlibmi? 1918-ci il Bakı qırğını, 1920-ci ilin Gəncə qətliamı, Şuşada, Göyçədə, Zəngəzurda, İrəvanda axıdılan qanlarımız bircə anlıq da olsa gözlərinin önündən keçibmi? Bu insanlarda ümumiyyətlə görəsən vicdan deyilən bir nəsnə olubmu? Hər şeydə zəmanəni günahlandırırıqsa, həmin kommunist dövrünü bizimlə birgə keçmiş erməni və gürcü alimləri öz tarix və ədəbiyyatlarına bu qədər iyrəncliklər əlavə etməyiblər, öz şifahi xalq yaradıcılığı nümunələrini bu günə qoymayıblar, bu sayaq saxtakarlıqlar etməyiblər. Elə isə bəs bizimkilər niyə ediblər bu əməlləri? Kimin ayağına yazasan bu boyda «Qatır Məmməd» adlı cızma-qaranı? Bu, Azərbaycan türkünün varlığına, tarixinə və ədəbi dünyasına qarşı sui-qəsd deyilsə, bəs nədir?
    Araşdırmaçılar bu dastanda xalqa düşmən surətlər kimi Xudadat bəy Rəfibəyovu, Vəkilovu, Nəsibbəyovu (?), Fətəli Xan Xoyskini və digərlərini görürlər (bax: «Azərbaycan şifahi xalq ədəbiyyatı», Bakı, 1981, səh. 274). Bu insanların millətimizin rifahı və xoşbəxt gələcəyi naminə gördüyü işlərin yüzdə birini xalqımız üçün etməmiş nanəciblər onları əsərdə «xalq düşməni» kimi təqdim etmişlər. Təkcə Rafael Hüseynovun «Rəfibəylilər» adlı orijinal və milli düşüncə tərzinə malik əsərini oxumaq kifayətdir ki, el-obanın dirəyi, xalqın arxası, pənahı olmuş Rəfibəylilərin bu millətin və bu vətənin yolunda çəkdikləri cəfa və məhrumiyyətləri görək. Əsərdə «sinfi düşmən» kimi damğalanan Xudadat bəy Rəfibəyli bolşeviklərin hakimiyyət çevrilişindən dərhal sonra güllələnmiş ilk qəhrəman şəhidlərimizdən biri olub. Bu gün bizlər onun kimi vətən və millət fədailərinin ruhu qarşısında dönə-dönə baş əyirik. Və yaxud millətinin başına bəlalar gətirən ünsürlərə qarşı qətiyyətlə mübarizə aparmış və bu mübarizədə hətta canından belə keçmiş Fətəli Xan Xoyskinin bolşevik çevrilişindən bircə ay sonra Tiflisdə Arakelyan soyadlı erməni daşnakı tərəfindən öldürülməsi onun Azərbaycan türkü üçün nə qədər lazımlı bir insan olduğunu söyləməyə imkan verir. Əgər bu sifarişli qətllər onları cismən məhv etmək üçün hazırlanmışdısa, sovet dövründə xalqın boğazına dürtülmüş «Qatır Məmməd» dastanı bütövlükdə millətimizin dünəninə, bu gününə, sabahına edilmiş bir sui-qəsddir.
    Adına «qəhrəmanlıq dastanı» deməyə dilimiz gəlməyən bu hədyanlar məcmusu barədə verilən əksər elmi rəylərdə bu dastanda «Kommunist Partiyasının rəhbər rolunun, habelə, şanlı kommunarlar S.Şaumyanın, M.Əzizbəyovun və s. inqilabi qəhrəmanlıq mübarizəsinin real bir şəkildə təsvir olunması» kimi mədhiyyə xarakterli qeydlər vardır. Dastanda əsas qollar (hekayətlər) kimi «Qatır Məmmədin telefon, teleqraf xəttini kəsməsi və neft kəmərini partlatması» (?), «Şaumyan və Əzizbəyovla görüş», «Mülkədar torpaqlarının zəbt edilməsi», «Partizanların məhkəməsi» başlıqları təqdim olunur və dastanda ümumiyyətlə əlliyə yaxın belə hissələr olduğu bildirilir.
    Maraqlıdır ki, dastanın sonunda «on beş nəfər silahdaşı ilə birlikdə Rusiyaya getmək və Qızıl Ordu ilə geriyə Vətənə dönmək arzusunda olan Qatır Məmmədin gecə yuxuda ikən silahdaşları ilə birlikdə xaincəsinə öldürülməsini» «oktyabr inqilabından ilham alan» həmin Azərbaycan sovet ədəbiyyatçıları əsl milli matəm və qlobal faciə kimi qələmə vermiş, zəngin bədii ifadələrlə təsvir etmiş və ağlamayan gözdən yaş çıxarmaq gücündə olduqlarını bir daha öz partiyalarının dahi rəhbərlərinə nümayiş etdirmişlər. Bir sıra yazıçılarımız onların bu işini alqışlayaraq onlardan «ilham almış» və Qatır Məmmədə pyeslər, qalaq-qalaq poemalar, şerlər ithaf etmişlər. Belə yerdə rəhmətlik Y.Səmədoğlunun «Qətl günü» əsərində meşədə qalxanın üzərində oturmuş qurdun yanıqlı ulartısı yada düşür – Azərbaycan türkü başına gətirilən faciələrin uzun illər boyu toy-bayram kimi qeyd edilməsini məhz bu cür qarşılamış, onilliklər ərzində içindən boğula-boğula qalmışdır.
    «Qatır Məmməd» haqqında bu qeyd etdiklərimizdən sonra bir daha, qəti bir şəkildə sözügedən dastanın Azərbaycan ədəbiyyatından tamamilə çıxdaş edilməsinin vacibliyini vurğulamaq istərdik. Qoy bütün Azərbaycan xalqı belə qəbul etsin ki, belə bir əsər ümumiyyətlə heç vaxt olmayıb. Qoy yeni nəslimiz bilsin ki, onların babaları Qatır Məmməd kimi milli satqın və xəyanətkarlara heç zaman inanmamış və yenilməmişlər. O zaman yəqin ki, başımızın üstündən – Tanrı dərgahından bizlərə baxan, rus-bolşevik işğalçılarına qarşı qeyrət savaşı açaraq bir udumluq istiqlal üçün həyatını qurban etmiş şəhidlərimizin ruhu rahat olar.




    2 Şərh əlavə edilmişdir



    Ad və soyadı: İlham Valehoğlu

    E-mail: [email protected]

    Şərh: Məqaləyə görə təşəkkür edirəm



    Ad və soyadı: Firudin Xəlilov



    Şərh: Düzgün yazıdır. Mən də sizinlə razıyam


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Mənəvi dünyamıza Sovet sui-qəsdi:«Qatır Məmməd» dastanı

          Kategori: Azerbaycan Edebiyatı

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 1585


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş