Azərbayca dili haqqında qərarlar, fərmanlar, qanunlar Dövləti lisan türkcə qəbul edilərək müvəqqətən hökuməti müəssisələrdə rus lisanı istemalına müsaidə edilməsi haqqında (27 iyun 1918-ci) Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 27 iyun 1918-ci il tarixli qərarı Hökumət 27 iyun 1918-də qərar verdi: Dövləti lisan türk dili qəbul edilərək, içəridə bütün məhkəmə, idareyi-daxiliyyə və sair dəvair vəzifələri başında duranlar bu lisanı bilənlər olana qədər hökuməti müəssisələrdə rus

Bu konu 10482 kez görüntülendi 0 yorum aldı ...
Azərbaycan dili haqqında qərarlar fərmanlar və qanunlar 10482 Reviews

    Konuyu değerlendir: Azərbaycan dili haqqında qərarlar fərmanlar və qanunlar

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 10482 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Azərbaycan dili haqqında qərarlar fərmanlar və qanunlar

    Azərbayca dili haqqında qərarlar, fərmanlar, qanunlar
    [redaktə / تحریر] Dövləti lisan türkcə qəbul edilərək müvəqqətən hökuməti müəssisələrdə rus lisanı istemalına müsaidə edilməsi haqqında (27 iyun 1918-ci)

    Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 27 iyun 1918-ci il tarixli qərarı Hökumət 27 iyun 1918-də qərar verdi: Dövləti lisan türk dili qəbul edilərək, içəridə bütün məhkəmə, idareyi-daxiliyyə və sair dəvair vəzifələri başında duranlar bu lisanı bilənlər olana qədər hökuməti müəssisələrdə rus dili istemalına da müsaidə edilsin.

    (Mənbə: Azərbaycan Cümhuriyyəti hökumətinin qanun və binagüzarlıqları məcmei, №1, 15 təşrini-sani, 1919, s. 18.)
    [redaktə / تحریر] Birinci və ikinci dərəcə ibtidai məktəblərin, həmçinin orta təhsil müəssisələrinin milliləşdirilməsi haqqında Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının Qərarı* (28 avqust 1918-ci il)

    1. Bütün birinci dərəcə ibtidai təhsil müəssisələrində təhsil, dövlət dili olan türk dilini artırılmış həcmdə məcburi qaydada tədris etməklə, şagirdlərin ana dilində aparılsın. 2. İkinci dərəcə ibtidai məktəblərdə və orta təhsil müəssisələrində tədris dövlət dili olan türk dilində aparılsın. Lakin ikinci dərəcə ibtidai məktəblərin milliləşdirilmiş siniflərində tədris şagirdlərin ana dilində davam etdirilsin və eyni zamanda 1918-19-cu illərdə, lazım gələrsə ondan sonrakı tədris ilində də türk dilinin həcmi artırılmış tədrisi də tətbiq edilsin ki, həmin müddət başa çatanda dövlət dilində təhsil almayan şagirdlər bütünlüklə türk dilində tədrisə keçə bilsinlər. 3. Orta tədris müəssisələri siniflərinin bütünlüklə erməni dilində (milliləşdirilmiş) dərs keçilən paralel şöbələri, habelə həmin tədris müəssisələrinin kiçik və böyük yaşlı uşaqlar üçün olan hazırlıq siniflərinin bütünlüklə rus dilində (milliləşdirilmiş) dərs keçilən paralel şöbələri ləğv edilsin. 4. Həmin tədris müəssisələrinin birinci, imkan olduqda həmçinin ikinci sinifləri milliləşdirilsin və tədris türk dilində aparılsın; bununla belə, əgər həmin siniflərdə türk dilini bilməyən şagirdlər olsa, onlar üçün paralel şöbələr açılsın və həmin şöbələrdə tədris rus dilində aparılsın. Həm bu siniflərdə, həm də 4-cü sinif daxil olmaqla sonrakı siniflərdə dövlət dili elə həcmdə tədris olunsun ki, iki il sonra bütün şagirdlər türk dilində təhsilə keçə bilsinlər. 5. Orta tədris müəssisələrinin 5-ci sinfindən etibarən isə şagirdlər həmin tədris müəssisələrinin kursunu bitirənədək tədris rus dilində aparılsın; bununla yanaşı xalq maarif nazirinə bir vəzifə olaraq tapşırılsın ki, orta təhsil müəssisələrinin bütün siniflərində türk dilinin artırılmış həcmdə tədris olunmasına nəzarət etsin.


    (Mənbə: Aзepбaйджaнсkaя Демоkpaтичeckaя Pecnyблиka (1918-1920). 3akонoдaтeльные akты. Бaky, 1998, c. 225-226.)
    [redaktə / تحریر] Azərbaycan İnqilab Komitəsinin birinci və ikinci dərəcə məktəblərdə lisan təlimi haqqında əmrnaməsi (16 avqust 1920-ci il)

    1. Birinci və ikinci dərəcə məktəblərdə təlim lisanı şagirdlərin ana dilində olmalıdır. 2. 2-ci dərəcə məktəblərdə birinci təlim sənəsindən (altıncı təlim sənəsi) hər qruppada həftədə 4 saat olaraq türk, həmçinin rus lisanlarının təlimi məcburi olur. 3. Əkəliyyət millətlərin məktəblərində türk və rus məcburi dillərindən biri 2-ci dərəcədə ikinci təlim sənəsindən (yeddinci təlim sənəsi) idxal edilir. Həftəlik dərslərin miqdarı böylə hesab ilə götürülməlidir ki, təlimi qeyd edilən məcburi lisan kursu təmamilə icra edilmiş olsun. 4. Yazısı olmayan millətlərin məktəblərində təlim lisanı həmin millətin özü qəbul etdiyi lisan etiraf olunmalıdır. 5. Fransız və alman lisanlarının təlimi vahid zəhmət məktəbində məcburi hesab edilmir. 6. Vahid zəhmət məktəblərində latın lisanının təlimi tamamilə ləğv edilir. 7. Əkəliyyət millətləri şagirdləri olan 2-ci dərəcə məktəblərində hər qruppada (klasda) 3 həftəlik dərs ilə həmin millətin lisanı təlim edilir. QEYD: Qruppada ondan az şagird olmamalıdır.

    Azərbaycan İnqilab Komitəsinin sədri: N. Nərimanov Xalq Maarifi Komissarı: D. Bünyadzadə Katib: Qabriçidze

    (Mənbə: "Kommunist" qəzeti, 20 sentyabr 1920-ci il).
    [redaktə / تحریر] Sovet idarələrində kargüzarlığın rus və türk dillərində aparılmasını tətbiq etmək haqqında Azərbaycan İnqilab Komitəsinin Əmri* (8 fevral 1921-ci il)

    Azərbaycanda Sovet hakimiyyətinin bərpası ilə əlaqədar həm mərkəzdə, həm də yerlərdə bütün idarə və müəssisələrdə kargüzarlığın rus dilində aparılması respublikada inzibati-təsərrüfat quruculuğunun təşkili sahəsində Sovet hakimiyyətinin bütün tədbirlərinin həyata keçirilməsi işinə əngəl törətdiyinə və əsasən yalnız türk dilini bilən və anlayan geniş zəhmətkeş təbəqələrinin bu idarələrin işində bilavasitə və fəal iştiraka tam cəlb olunmasına imkan vermədiyinə və bununla da onları əslində bu işdən kənarlaşdırdığına görə həmin əmrlə bütün idarə və müəssisələrə təklif olunur ki, bu əmrin dərc olunduğu gündən etibarən üç ay ərzində həm mərkəzi idarələrdə, həm də yerlərdə onların tabeçiliklərində olan idarə və müəssisələrdə bütün kargüzarlığın paralel olaraq türk dilində aparılmasını tətbiq etsinlər. Bu əmrin icrası şəxsi məsuliyyət daşımaqla məsul idarə başçılarına həvalə olunsun. Fəhlə-Kəndli Müfəttişliyinə təklif olunur ki, bu əmrin icrasına nəzarət etsin

    Azərbaycan İnqilab Komitəsinin sədri N. Nərimanov Fəhlə-Kəndli Müfəttişliyi xalq komissarı D. Bünyadzadə

    (Mənbə: H. Hapимaнов. Избpaнные пpoизвeдeния, т. 2, Бaky, 1989, c. 431; Azərbaycan Milli Ensiklopediyası, Bakı-2007, s.300 )
    [redaktə / تحریر] Respublikanın dövlət idarələrində dövlət dilini və əhalinin əksəriyyətinin və azlıqda qalan millətlərin dillərini tətbiq etmək haqqında (27 iyun 1924-cü il)

    Sovetlərin Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 1924-cü il 27 iyun tarixli dekreti

    Sovetlərin Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin ikinci sessiyasının dil haqqındakı bəyannaməsinin 3- cü bəndinin icrası üçün Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi qərara alır: 1. Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili türk dilidir. 2. Azərbaycan SSR-in dövlət idarələrində həmin dekretdə yazılanlara əsasən qeyri-türk milləti əhalisinin əksəriyyətinin dilini (7-ci maddə), həmçinin azlıq təşkil edən millətlərin dilini (8-ci maddə) işlətməyə yol verilir. Belə dillər rus, erməni və gürcü dilləridir. QEYD: göstərilən aktların şərhində şübhə oyandıqda əsl mətn türkcəsi hesab olunur. 3. Respublikanın bütün ərazisində əhali tərəfindən icra edilməsi məcburi olan bütün qanunvericilik aktları, habelə mərkəzi hakimiyyət orqanlarının inzibati aktları dövlət dilindən əlavə əvvəlki maddədə göstərilən azlıq təşkil edən millətlərin dillərində elan edilir. 4. Yerli orqanların əhali tərəfindən icra edilməsi məcburi olan qərarları, sərəncamları və elanları dövlət dilində, müəyyən qəzanın əhalisinin əksəriyyətinin dilində (7-ci maddə) və bu dekretin ikinci maddəsində göstərilən azlıq təşkil edən millətlərin (8-ci maddə) işlətdiyi dildə elan edilir. 5. Respublikanın dövlət idarələrində kargüzarlıq aşağıda göstərilən istisnalarla dövlət dilində aparılır. QEYD: 1-ci. Az. MİK, XKS, Xalq Maarif Komissarlığı, XDİK, XƏQ, Xalq Səhiyyə Komissarlığı, XTK və Xalq İctimai Təminat Komissarlığı milli aparat, yəni öz aralarında yazışmanı dövlət dilində aparan idarələr hesab olunurlar. Adları çəkilən idarələr milliləşdirilməyən idarələrlə yazışmanı paralel olaraq türk və rus dillərində aparırlar. QEYD: 2-ci. Milliləşdirilməli olan idarələr milliləşdirilmiş idarələrlə yazışmanı və əlaqəni türk dilində və ya paralel olaraq rus və türk dillərində aparmalıdırlar. Milliləşdirilməyən idarələr öz aralarında yazışmanı paralel olaraq türk və rus dillərində aparırlar. 6. Hər bir vətəndaşın, mərkəzi dövlət idarələrinə istər dövlət dilində, istərsə də 2-ci maddədə göstərilən azlıq təşkil edən millətin işlənən dillərindən birində yazılı və şifahi ərizələr, şikayət və məlumat verməyə, həmçinin sənəd və elanların bu dillərdən birinə tərcümə olunmaqla verilməsini tələb etməyə ixtiyarı vardır. 7. Son statistika məlumatına görə əhalinin əksəriyyəti (nisbətən) qeyri-türk milləti yaşayan qəza, vilayət və rayon idarələrində kargüzarlıq əhalinin əksəriyyətinin dilində aparılır. Göstərilən qayda Sovetlərin Mərkəzi İcraiyyə Komitəsinə qəza icraiyyə komitəsinin təqdimatı üzrə müəyyən edilir. 8. Qəza və vilayət idarələrində azlıqda qalan millətin işlətdiyi dil bu dekretin 2-ci maddəsində göstərilən dillərdən biri sayılır, bu şərtlə ki, bu dil son statistika məlumatına əsasən qəza və ya vilayət əhalisinin 15 faizindən çoxunun danışdığı millətin dili olmuş olsun. Qəza idarələrində işlənən dili müəyyən etmək, qəza icraiyyə komitəsinin təqdimatı üzrə Sovetlərin Mərkəzi İcraiyyə Komitəsinə aiddir. 9. Qəza və vilayət idarələrinə və ya qəza və yaxud vilayətin vəzifəli şəxslərinə müraciət edən vətəndaşlar hər yerdə dövlət dilindən, əhalinin əksəriyyəti türk olmayan qəzalarda və vilayətlərdə əksəriyyətin dilindən, həmçinin bu dekretin 6-cı maddəsində göstərilən hüquqlar dairəsində olmaq şərtilə müəyyən qəzada və ya vilayətdə 8-ci maddəyə əsasən işlənən dildən istifadə edə bilərlər. 10. Bu dekretin 7-ci maddəsinə əsasən kargüzarlıq əhalinin əksəriyyətinin dilində aparılan qəza və vilayət idarələrinin mərkəzi hakimiyyət orqanları ilə və axırıncıların birincilərlə məktubları qəza idarələrinin kargüzarlığı aparıldığı dildə aparılır. Müxtəlif kargüzarlıq dillərində münasibətdə olan qəza idarələrinin məktubları dövlət dilində və 2-ci maddədə göstərilən dillərdən biri ilə aparılır. 11. Qəza orqanlarından aşağı inzibati orqanlar müvafiq icraiyyə komitələrinin qərarına əsasən kargüzarlığı dövlət dilində və ya bu dekretin 2-ci maddəsində qeyd edilən dillərdən birində apara bilərlər, lakin mərkəzi qəza idarələri ilə qəzanın apardığı kargüzarlıq dilində, əhali ilə isə münasibət bu dekretin 9-cu maddəsində göstərilən qaydalarda aparılır. 12. Dilləri respublikanın bütün ərazisində və ya qəzalardan birində işlənən dil hesab edilən millətlərə mənsub olmayan şəxslərə bütün idarələrdə bu dekretin 6-cı maddəsində nəzərdə tutulan hüquqlar əsasında rus dilindən istifadə etməyə icazə verilir. 13. Respublikanın məhkəmə idarələrində mühakimə dili cinayət və mülki prosessual məcəllələri ilə müəyyən edilir. Dövlət dilini və ya müəyyən yerin əhalisinin əksəriyyətinin dilini bilməyən tərəflərə: a) müəyyən qəzada azlıq təşkil edən millətin işlətdiyi dildə şikayətlər, ərizələr və ümumiyyətlə mühakiməyə aid kağızları verməyə, b) eyni dildə şifahi izahat verməyə, v) bütün mühakimə əməliyyatını, müqabil tərəfin ərizə və vəsatətlərinin, prokuror nəzarəti rəylərinin, məhkəmə orqanları hökmlərinin, qətnamələrinin, qərarlarının, şahidlərin ifadələrinin və mütəxəssislərin rəylərinin bilavasitə məhkəmə və ya tərcüməçi tərəfindən həmin dildə şifahi tərcümə olunmasını tələb etməyə, q) məhkəmə orqanlarının hökmləri, qətnamələri və qərarlarının, protokolların və digər mühakimə aktlarının, həmçinin şəhadətnamələrin, vəsiqələrin və arayışların sürətlərinin həmin dildə tərcüməsinin verilməsini və d) çağırış vərəqələri, bildiriş və elanların göstərilən dildə göndərilməsini tələb etməyə ixtiyarı vardır. 14. Həmin dekret elan edildiyi gündən etibarən qüvvəyə minir.

    Azərbaycan SSR Qanunları, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanları və Azərbaycan SSR hökuməti qərarlarının xronoloji külliyyatı. I cild, səh. 37-39. Ədəbiyyat: Balayev Xaqan. "Azərbaycan dilinin dövlət dili kimi təşəkkül tarixindən (XVI-XX)" Baki-2002. səh.118-120


    [redaktə / تحریر] Azərbaycan SSR Konstitusiyasına Azərbaycan SSR dövlət dili barəsində maddə əlavə edilməsi haqqında Azərbaycan KP MK bürosunun Qərarı* (24 iyul 1956-cı il)

    1. Azərbaycan SSR Konstitusiyasına Azərbaycan SSR dövlət dili barəsində maddə əlavə edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin aşağıdakı məzmunda təklifi qəbul edilsin: "Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir. Azərbaycan SSR ərazisində yaşayıb azlıq təşkil edən millətlərə həm öz mədəniyyət idarələrində, həm də dövlət idarələrində ana dilini sərbəst inkişaf etdirmək və işlətmək hüququ təmin edilir." 2. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinə tapşırılsın ki, bu təklifi Azərbaycan SSR Ali Sovetinin üçüncü sessiyasının müzakirəsinə çıxarsın.

    (Mənbə: ARSPİHDA, fond 1, siyahı 43, iş 87, vərəq 113.)


    [redaktə / تحریر] Azərbaycan SSR Konstitusiyasına (Əsas Qanununa) Azərbaycan SSR dövlət dili barəsində maddə əlavə edilməsi haqqında Qanun (25 avqust 1956-cı il)

    MADDƏ 1. Azərbaycan SSR Konstitusiyasına (Əsas Qanununa) Azərbaycan SSR Dövlət dili barəsində maddə əlavə edilsin və həmin maddə 151-ci maddə ilə aşağıdakı məzmunda yazılsın: "Maddə 151. Azərbaycan SSR-in Dövlət dili Azərbaycan dilidir. Azərbaycan SSR ərazisində yaşayıb azlıq təşkil edən millətlərə həm öz mədəniyyət idarələrində, həm də dövlət idarələrində ana dilini sərbəst inkişaf etdirmək və işlətmək hüququ təmin edilir." MADDƏ 2. Azərbaycan SSR Konstitusiyasının XIII fəsli: "Dövlət dili, gerb, bayraq, paytaxt" adlandırılsın və Konstitusiyanın mövcud olan 151-154-cü maddələrinin nömrələri dəyişdirilərək müvafiq sürətdə 152-55 nömrələrilə nömrələnsin.

    Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri M. İbrahimov Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi S. Cəfərov Bakı səhəri, 21 avqust 1956-cı il.

    (Mənbə: "Kommunist" qəzeti, 25 avqust 1956-cı il.)
    [redaktə / تحریر] Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasından çıxarış

    Maddə 73. Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan SSR dövlət orqanlarında və ictimai orqanlarda, mədəniyyət, maarif müəssisələrində və başqa idarələrdə Azərbaycan dilinin işlədilməsini təmin edir və onun hərtərəfli inkişafına dövlət qayğısı göstərir. Azərbaycan SSR-də rus dilinin, habelə əhalinin danışdığı başqa dillərin bütün bu orqanlarda və idarələrdə hüquq bərabərliyi əsasında azad sürətdə işlədilməsi təmin edilir.

    Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyası (Əsas Qanunu). Bakı, 1978-ci il, səh. 25.
    [redaktə / تحریر] Azərbaycan Respublikasının 1995-ci il Konstitusiyasından çıxarış

    Maddə 21. Dövlət dili I Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir. II Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.

    Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, 1996-cı il, səh. 17.
    [redaktə / تحریر] Yeni Azərbaycan əlifbası layihəsinin hazırlanması haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Qərarı (2 fevral 1991-ci il)

    Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti yanında yeni Azərbaycan əlifbasının tərtibi üzrə komissiyanın sədri F. Q. Muradəliyev yoldaşın məlumatını dinləyərək Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti qeyd edir ki, komissiya latın əlifbasına keçilməsi məsələsini hərtərəfli öyrənmək üçün xeyli iş görmüş, nüfuzlu mütəxəssisləri, elm xadimlərini və xalq təhsili idarələrinin, müvafiq nazirliklərin, baş idarələrin nümayəndələrini bu işə cəlb etmiş, respublika ictimaiyyətinin, əhalinin müxtəlif təbəqələrinin fikrini nəzərə almışdır. Latın qrafikası əsasında hazırlanmış əlifbanın layihəsi və bu əlifbaya keçmək barədə tövsiyələr Azərbaycan SSR Ali Soveti tərəfindən baxılmağa və müzakirə edilməyə layiqdir.

    Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti qərara alır:

    1. Latın qrafikası əsasında Azərbaycan əlifbası layihəsinin tərtibi üzrə komissiyanın işi bəyənilsin. 2. On ikinci çağırış Azərbaycan SSRİ Ali Sovetinə tövsiyə olunsun ki, Azərbaycan əlifbası layihəsinin hazırlanması məsələsini birinci sessiyanın gündəliyinə daxil etsin.

    Azərbaycan SSR Ali Sovetinin sədri Bakı şəhəri, 2 fevral 1991-ci il, № 1980-XI.
    [redaktə / تحریر] Yeni Azərbaycan əlifbası layihəsinin tərtibi haqqında Azərbaycan Respublikası Ali Sovetinin Qərarı (9 fevral 1991-ci il)

    Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin 1990-cı il sentyabrın 11-də təşkil etdiyi yeni Azərbaycan

    əlifbasının tərtibi üzrə komissiyanın sədrinin məlumatını dinləyərək Azərbaycan Respublikasının Ali Soveti qərara alır:

    1. Latın qrafikası əsasında hazırlanmış Azərbaycan əlifbasının layihəsi və bu əlifbaya keçmək barədə tövsiyələr Azərbaycan Respublikası Ali Sovetinin Mədəniyyət və dini əqidə məsələləri komissiyasının və Xalq təhsili, elm və elmi texniki tərəqqi komissiyasının müzakirəsinə verilsin.

    2. Göstərilən daimi komissiyalara tapşırılsın ki, yeni Azərbaycan əlifbasına keçmək məsələsinə dair xalq müzakirəsinin keçirilməsi barədə öz təkliflərini Azərbaycan Respublikasının Ali Sovetinə təqdim etsinlər.

    Azərbaycan Respublikası Ali Sovetinin sədri Bakı şəhəri, 9 fevral 1991-ci il, № 70-XII.
    [redaktə / تحریر] "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının Qərarı (25 dekabr 1991-ci il)

    "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası qərara alır: 1. 32 hərfdən İbarət latın qrafikalı Azərbaycan əlifbası kiçik dəyişikliklərlə aşağıdakı kimi sıralansın: Aa, Bb, Cc, Çç, Dd, Ee, Əə, Ff, Gg, Ğğ, Hh, Xx, Iı, İi, Jj, Kk, Qq, Ll, Mm, Nn, Oo, Öö, Pp, Rr, Ss, Şş, Tt, Uu, Üü, Vv, Yy, Zz

    2. Latın qrafikalı Azərbaycan əlifbasının bərpası aşağıdakı əsas mərhələlərlə həyata keçirilsin: - 1992-ci ildə: Sentyabr ayından orta məktəblərin 1-ci siniflərində dərslər yeni əlifba ilə keçirilsin. - Orta məktəblərin yuxarı siniflərində, texniki-peşə, orta ixtisas və ali məktəblərdə latın qrafikalı əlifbanı öyrədən fakültativ məşğələlər təşkil edilsin. - Bütün təhsil ocaqlarında müəllimlərin və dikər işçilərin latın qrafikalı əlifbanı öyrənməsi üçün lektoriyalar yaradılsın. - Bütün makinaçıların, korrektorların, mətbəə işçilərinin, qəzet-jurnal, nəşriyyat əməkdaşlarının latın qrafikalı əlifbaya yiyələnməsini təmin edən tədbirlər həyata keçirilsin. - Respublika qəzet və jurnalları rus əlifbası ilə paralel həm də latın qrafikalı əlifbadan istifadə etsinlər. - Poliqrafiya avadanlıqları hazırlayan müəssisələrlə müqavilələr bağlanılması, avadanlıqların alınması və quraşdırılması təmin edilsin. - Kitab, qəzet mətbəələrində, habelə nazirliklərin, idarələrin, institutların və sair təşkilatların poliqrafiya sahələrində şrift təsərrüfatı tədricən yenidən qurulsun. - Möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının dəyişdirilməsinə başlansın. - Xəritələr yenidən çap edilsin, şəhər, kənd, qəsəbə, küçə adlarının lövhələri, vəsiqələr, VVAQ, notariat, statistika, uçot-hesabat sənədlərinin yenidən hazırlanmasına başlanılsın. - Respublika televiziyası ilə latın qrafikalı əlifbanı təbliğ edən və öyrədən lektoriyalar təşkil edilsin. Verilişlərin adları, titrlər, alanlar Yeni əlifba ilə də verilsin. - Latın qrafikalı əlifbanı öyrənmək istəyənlər üçün ictimai əsaslarla işləyən kurslar açılsın. - Mədəniyyət ocaqlarında latın qrafikalı əlifbanın tətbiqi həyata keçirilsin. - Elmi-tədqiqat institutları tədricən latın qrafikalı əlifbaya keçsin. - Azərbaycan dilinin orfoqrafiya lüğəti hazırlanıb latın qrafikalı əlifbada çap olunsun. - Yaşayış məntəqələrində latın qrafikalı əlifbanın öyrədilməsi və təbliqi ilə məşğul olan mərkəzlər yaradılsın. - Küçə adlarının, vitrin və reklamların, idarə və müəssisə adlarının tədricən latın qrafikalın əlifba ilə yazılması təmin edilsin.

    1993-cü ildə: - Orta, orta ixtisas və ali məktəb dərslikləri latın qrafikalı əlifba ilə çap edilsin. - Orta məktəblərin ibtidai siniflərində latın qrafikalı əlifbanın öyrənilməsinə başlansın. - Təhsil sisteminin bütün sahələri üzrə latın qrafikalı əlifbanın tətbiqi başa çatdırılsın. - Mətbəələrin işinin latın qrafikalı əlifbaya uyğunlaşdırmaq üçün kompleks tədbirlər görülsün; materiallar dəyişdirilsin, fotoyığım və dikər bilgisayar (kompüter) sistemi, sətirtökən maşınlar, kitab və qəzet mətbəələrinin texniki vasitələrinin yeni əlifbaya uyğunlaşdırılması başa çatdırılsın. - Respublikanın bütün qəzet və jurnallarının, bədii elmi-texniki, ictimai-siyasi və sair kitabların, topluların latın qrafikalı əlifba ilə çapı təmin edilsin.

    3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, latın qrafikalı Azərbaycan əlifbasının bərpası üçün lazımi təşkilati tədbirlər görsün.

    Azərbaycan Respublikası Ali Sovetinin sədri Bakı şəhəri, 25 dekabr 1991-ci il, № 34.
    [redaktə / تحریر] Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu (22 dekabr 1992-ci il)

    Azərbaycan Respublikası türk dilinin dövlət dili kimi işlədilməsini öz suverenliyi üçün əsas şərtlərdən biri sayaraq onun tətbiqi, qorunması və inkişafı qayğısına qalır, öz sərhədlərindən kənarda yaşayan azərbaycanlıların ana dilində təhsil almalarına və milli-mədəni tələbatlarını ödəmələrinə himayəçilik edir.

    Bu Qanun Azərbaycan Respublikası ərazisində türk dilinin hüquqi statusunu müəyyən edir.
    Bu Qanun fərdlərarası qeyri-rəsmi münasibətlərdə hansı dillərdən istifadə edilməsini tənzimləmir.


    I. Ümumi Müddəalar

    Maddə 1. Azərbaycan Respublikasının dövlət dili türk dilidir.

    Azərbaycan Respublikasının bütün dövlət orqanlarında iş türk dilində aparılır. Türk dili respublikanın dövlət dili kimi siyasi, iqtisadi, ictimai, elmi və mədəni həyatın bütün sahələrində işlədilir və respublika ərazisində millətlərarası ünsiyyət vasitəsi vəzifəsini yerinə yetirir. Başqa millətlərin nümayəndələrinin türk dilini öyrənməsi təqdir edilir və bu işdə onlara yardım göstərilir.

    Maddə 2. Azərbaycan Respublikasında dilin hüquqi statusunu və tətbiqi sahələrini, habelə onun ərazisində yaşayan xalqların dillər işlədilməsi prinsiplərini Azərbaycan Respublikasının ali dövlət hakimiyyəti orqanları müəyyənləşdirir.

    II. Vətəndaşların dil seçmək hüququ

    Maddə 3. Azərbaycan Respublikası vətəndaşlarının təhsil üçün dil seçmək azadlığı təmin edilir. Azərbaycan Respublikası ərazisində elliklə yaşayan xalqlara və etnik qruplara respublika dövlət orqanları vasitəsi ilə ana dilində məktəbəqədər müəssisələr, orta ümumtəhsil məktəbləri və ya müxtəlif tipli tədris müəssisələrində ana dilində ayrıca siniflər və qruplar təşkil etmək hüququ verilir. Təlimin başqa dildə keçildiyi tədris müəssisələrində məcburi fənn kimi Azərbaycan Respublikasının dövlət dili olan türk dilinin öyrənilməsi təmin edilir.

    Maddə 4. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına göndərdikləri təklif, ərizə və şikayətlərə cavablar Azərbaycan Respublikasının dövlət dilində verilir.

    Maddə 5. Mühakimə icraatı və notariat əməliyyatları türk dilində aparılır. İşdə iştirak edən, mühakimə icraatının aparıldığı dili bilməyən şəxslərə işin materialları ilə tərcüməçi vasitəsi ilə tanış olmaq, məhkəmədə tərcüməçi vasitəsilə iştirak etmək və ana dilində çıxış etmək hüququ verilir.

    Maddə 6. Şəxsiyyəti və ya onun haqqında məlumatı təsdiq edən rəsmi sənədlər (pasport, əmək kitabçası, hərbi bilet, tədris müəssisələrini bitirmək haqqında attestat və diplom, doğum, nikah, ölüm haqqında şəhadətnamə və s.) türk dilində yazılır.

    Maddə 7. Xidmət sahəsinin (ticarət, tibbi yardım, nəqliyyat, məişət xidməti, şəhərlərarası rabitə və s.) işçiləri iş vaxtı Azərbaycan Respublikasının dövlət dilini işlədirlər. Dili bilməmək bəhanəsi ilə xidmət etməkdən boyun qaçırılması yolverilməzdir.

    III. Dövlət orqanlarının, müəssisələrinin və təşkilatlarının işində istifadə edilən dil

    Maddə 8. Azərbaycan Respublikası Ali Sovetinin sessiyaları türk dilində aparılır. Digər millətə mənsub

    olub Azərbaycan Respublikasının dövlət dilini bilməyən Azərbaycan Respublikası xalq deputatlarına başqa dildə çıxış etmək hüququ verilir. Azərbaycan Respublikası Ali Sovetinin, onun komissiyalarının müzakirəsinə verilən qanunların və digər hüquqi aktların layihələri Azərbaycan Respublikasının dövlət dilində təqdim edilir.

    Maddə 9. Azərbaycan Respublikası Milli Məclisinin və onun komissiyalarının, Azərbaycan Respublikası Prezidentinin qəbul etdikləri qanunlar və digər hüquqi aktlar türk dilində dərc edilir.


    Maddə 10. Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının dövlət hakimiyyət və idarəetmə orqanları aktlarının rəsmi nəşrləri Azərbaycan Respublikasının dövlət dilində buraxılır.

    Maddə 11. Azərbaycan Respublikasının prezidentliyinə, Ali Sovetinə və yerli Sovetlərə seçkilərə aid sənədlər Azərbaycan Respublikasının dövlət dilində hazırlanır və mərkəzi seçki komissiyasına həmin dildə təqdim edilir.

    Maddə 12. Azərbaycan Respublikasının dövlət mülkiyyətində olan müəssisələrdə, idarələrdə və təşkilatlarda kargüzarlıq türk dilində aparılır. Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası nazirlikləri, idarələri, müəssisələri, təşkilatları blanklarının, möhürlərinin, ştamplarının və ad lövhələrinin mətnləri türk dilində yazılır.

    Maddə 13. Energetika və nəqliyyat sistemlərinin (magistral dəmir yolu, hava, dəniz, boru kəməri nəqliyyatının və s.) təhlükəsiz və fasiləsiz işini təmin etmək məqsədilə dispetçer danışıqlarında, sənədlərin, sorğu xarakterli elanların tərtibində, gömrük xidmətində türk dilindən və qəbul olunmuş beynəlxalq dildən istifadə edilir.

    Maddə 14. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, daxili və sərhəd qoşunlarında Azərbaycan Respublikasının dövlət dili işlədilir.


    IV. İnformasiya dili və xüsusi adlar

    Maddə 15. Azərbaycan Respublikası ərazisində kütləvi informasiya vasitələrində dövlət dilindən başqa,

    digər dillərdən də istifadə edilə bilər. Yazılı elan, məlumat, reklam və digər vizual informasiya respublikanın dövlət dilində və zərurət olsa, eyni zamanda uyğun beynəlxalq dildə tərtib edilə bilər. Azərbaycan Respublikasında istehsal olunan malların etiketləri, sənaye və ərzaq məhsullarının adları, onlara aid təlimat türk dilində və zərurət olsa, uyğun xarici dildə yazılır.

    Maddə 16. Azərbaycan Respublikası ərazisindəki yaşayış məntəqələrinin, inzibati bölgü və başqa coğrafi obyektlərin adları dövlət dilində yazılır, onların xəritələrdə yazılışı dövlət tərəfindən təsdiq edilmiş xüsusi sorğu və məlumat kitabları vasitəsi ilə müəyyənləşdirilir.

    Maddə 17. Dövlət hakimiyyəti orqanlarının, nazirliklərin, dövlət komitələrinin və idarələrin, müəssisələrin, təşkilatların və onların bölmələrinin adları türk dilində yazılır.

    Maddə 18. Azərbaycan Respublikasının Azərbaycan milliyyətindən olan vətəndaşının xüsusi adı öz adından, atasının adından, familiyasından (soyadından) ibarətdir. Ata adı “oğlu” və “qızı” sözləri ilə işlənir. Azərbaycan Respublikasının hər bir vətəndaşının öz milli mənsubiyyətinə uyğun familiya götürmək hüququ var. Respublika ərazisində yaşayan başqa millətlərin nümayəndələrinin ad və familiyasının yazılışı bu Qanunla tənzimlənmir.

    V. Dövlət dili haqqında qanunun pozulmasına görə məsuliyyət

    Maddə 19. Azərbaycan Respublikasının bütün dövlət orqanlarının, müəssisələrinin, idarələrinin,

    təşkilatlarının vəzifəli şəxsləri dövlət dili haqqında Qanunun pozulmasında təqsirkar olduqda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə cəlb edilirlər.

    Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 22 dekabr 1992-ci il, № 413.
    [redaktə / تحریر] “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin Qərarı (22 dekabr 1992-ci il)

    Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:


    1. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu dərc edildiyi gündən qüvvəyə minsin.

    2. Müəyyən edilsin ki, respublika qanunvericiliyi “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılanadək Azərbaycan Respublikasının qüvvədə” olan müvafiq qanunvericilik aktlarının bu Qanuna zidd olmayan hissəsi tətbiq edilir.

    3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, Azərbaycan Respublikası hökumətinin qərarlarını “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırsın.

    4. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsinə nəzarət Azərbaycan Respublikası Milli Məclisinin Təhsil, elm, din və mədəniyyət məsələləri komissiyasına tapşırılsın.

    Azərbaycan Respublikası Ali Sovetinin sədri Bakı şəhəri, 22 dekabr 1992-ci il, № 414.


    [redaktə / تحریر] “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı (18 iyun 2001-ci il)

    Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbaycan dilinin geniş tətbiq edilməsi və sərbəst inkişafı üçün münbit zəmin yaranmışdır. Tarixin müxtəlif mərhələlərində dilimizə qarşı edilmiş haqsızlıqların, təzyiq və təhriflərin aradan qaldırılması üçün hazırda ölkəmizdə çox əlverişli şərait mövcuddur. Dil öz daxili Qanunları əsasında inkişaf edirsə də onun tədqiq və tətbiq edilməsi üçün yaradılmış geniş imkanlar bu inkişafın daha sürətli və dolğun olmasına təkan verir. Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılaşmışdır. O, xalqın ən ağır günlərində belə onun milli mənliyini, xoşbəxt gələcəyə olan inamını qoruyub möhkəmləndirmişdir. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur. Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Düşüncələrdəki dərinliyi, hisslərdəki incəlikləri bütünlüklə ifadə etmək kamilliyinə yetişə bilməsi üçün hər hansı xalqa bir neçə minillik tarix yaşaması lazım gəlir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi göstərir ki, Azərbaycan xalqı dünyanın ən qədim xalqlarındandır. Azərbaycan dilinin dünya dilləri arasında ən kamil dillərdən biri olduğu həqiqətini bir çox xalqların görkəmli nümayəndələri də dönə-dönə etiraf etmişlər. Onlar öz əsərlərində bu dili XIX əsrdə Avropada geniş yayılmış fransız dili ilə müqayisə edərək, onu Avrasiyanın hər tərəfində işlənilən bir dil kimi yüksək qiymətləndirmişlər. Milyonlarla azərbaycanlının hazırda mədəni inkişaf vasitəsi olan bu dil tarixən nəinki Qafqazda yayılmışdır, hətta müəyyən dövrlərdə daha geniş məkanda müxtəlif dilli xalqların da istifadə elədikləri ümumi bir dil olmuşdur. Neçə-neçə böyük mədəniyyətin yaradıcısı olan xalqımızın tarixi qədər onun dilinin təşəkkülü tarixi də olduqca qədimdir. Azərbaycan dili türk mənşəli ümumxalq canlı danışıq dili zəminində əmələ gəlib şifahi ədəbi dilə çevrilənədək və sonradan bu əsasda Azərbaycan ədəbi dilinin yazılı qolu təşəkkül tapana qədər yüz illər boyunca mürəkkəb bir yol keçmişdir. Qədim və zəngin tarixə malik türk dil ailəsinin oğuz qrupuna daxil olan Azərbaycan dilinin tarixi miladdan əvvəlki dövrlərə gedib çıxır. Ayrı-ayrı türk boy birləşmələrinin ümumi anlaşma vasitəsi olan bu dil IV-V əsrlərdən etibarən ümumxalq danışıq dili kimi fəaliyyət göstərməyə başlamışdı. Dilimizin özəyini ta qədimlərdən Azərbaycan torpaqlarındakı türk əsilli boyların və soyların dili təşkil etmişdir. Azərbaycan dili dialekt və şivələrinin geniş Avrasiya məkanına yayılan türk xalqlarının az qala bütün dil xüsusiyyətlərini əks etdirəcək qədər rəngarəng olmasının da başlıca səbəbi ta qədimlərdən bu torpaqlarda etnik baxımdan eyni köklü türk etnoslarının mövcud olmasıdır. Şifahi şəkildə yayılan ilkin ədəbiyyat nümunələri - dastanlar, nağıllar, bayatılar, laylalar və sair Azərbaycan şifahi ədəbi dilinin erkən formalaşması və təkamülü zərurətini yaratmışdır. Azərbaycan ədəbi dilinin yazılı qolu da əlverişli tarixi şəraitdə ümumxalq dili əsasında təşəkkül tapmışdır. Xalq şifahi şəkildə yaratdıqlarını əbədiləşdirmək üçün sonradan onları yazıya köçürmüşdür. Bu prosesin də yazı dilinin təşəkkülü və sabitləşməsində böyük əhəmiyyəti olmuşdur. Bu baxımdan "Kitabi-Dədə Qorqud" eposu olduqca səciyyəvidir. Abidənin bədii dilinin özünəməxsus səlisliyi bir daha göstərir ki, "Kitabi-Dədə Qorqud"un meydana çıxa bilməsi üçün Azərbaycan dili böyük tarixi-ədəbi hazırlıq mərhələsi keçməli idi. Qaynağını uzaq keçmişdən alan Azərbaycan dilinin ilk və ən qədim yazılı nümunələri günümüzədək gəlib çatmasa belə, ölkəmizin ərazisində qədim əlifbaların varlığı, həmçinin yazı dilimizin bədii məna kamilliyi və digər amillər bu dilin tarixi köklərə malik olduğunu sübuta yetirir. Həsənoğlu, Qazi Bürhanəddin, Nəsimi kimi söz sənətkarları Azərbaycan ədəbi dilinin belə bir bünövrəsi üzərində yüksəlmişdir. XVI əsr Azərbaycan dilinin mövqelərinin möhkəmlənməsi ilə əlamətdardır. Səfəvilər dövlətinin yaranması ilə Azərbaycan dili dövlət dili səviyyəsinə qalxaraq, rəsmi və dövlətlərarası yazışmalarda işlədilməyə başlandı. Səfəvilər dövründə Azərbaycan dili sarayda və orduda tam hakim mövqe tutaraq dövlət dili kimi rəsmiləşdi. Ana dilli ədəbiyyatın böyük ustadları Şah İsmayıl Xətai və Məhəmməd Füzuli, xalq ədəbiyyatımızın adı bizə bəlli ilk qüdrətli nümayəndəsi Aşıq Qurbani bu dövrdə yetişmişdir. Əgər şifahi şeir dili Qurbaninin əsərlərində əks olunmuşdursa, xalq şeiri dilinin yazılı qolu Şah İsmayıl Xətai və Məhəmməd Əmaninin yaradıcılığı ilə təmsil olunmuşdu. Füzulinin dolğun dili isə elmi və fəlsəfi olduğu qədər də xəlqi idi. XVII əsrin xalq şeirində cərəyan edən proseslər XVIII əsrdə şifahi xalq ədəbiyyatının bədii dilə təsiri şəklində özünü göstərir. Ədəbi dildə sadəliyə, canlı danışıq elementlərinə meylin gücləndiyi bu dövrdə Azərbaycan dilinin yeni inkişaf mərhələsi məhz Molla Pənah Vaqifin yaradıcılığı ilə başlanır. XVIII əsrdə Azərbaycan ədəbi dilində üslub baxımından da zənginləşmə prosesi gedir. Elmi üslubun təşəkkülü üçün şərait yaranır, ayrı-ayrı elm sahələrinə dair bir çox əsərlər yazılır. XIX əsr ədəbi dilimizin inkişafı xalqımızın həyatında baş verən köklü bir hadisə ilə yaxından bağlıdır. Bu, Azərbaycanın ikiyə parçalanması və nəticədə iki ayrı dövlətin tabeçiliyində bir-birindən fərqli mədəni mühitdə yaşamağa məhkum olması hadisəsidir. Müstəmləkəçilik siyasəti ilə yanaşı, Rusiyanın Şimali Azərbaycanda oynadığı mədəniləşdirici rol başqa elm sahələri kimi, dilçiliyin də inkişafına zəmin yaratmışdır. XIX əsrin ortalarından etibarən Azərbaycan dilinə aid bir sıra dərsliklər və dərs vəsaitləri yazılıb nəşr olunmuşdur. Milli maarifçi ziyalılar özləri ana dilini öyrənməyin, onu qoruyub saxlamağın ən əsas yolunun məktəblərdə tədrisin ana dilində aparılmasında gördüklərindən, Azərbaycan dilinə aid dərsliklər və lüğətlər yazmağa başlamışlar. Azərbaycan dilinə dair ilk dərsliklərin yazılmasında o dövrün görkəmli maarifçiləri Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani, Aleksey Çernyayevski, Mirzə Əbülhəsən bəy Vəzirov, Seyid Ünsizadə, Rəşid bəy Əfəndiyev, Sultan Məcid Qənizadə, Məmmədtağı Sidqi, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Abdulla Şaiq və başqalarının xidmətlərini qeyd etmək lazımdır. Zaman keçdikcə dövrün tələbinə uyğun olaraq Azərbaycan dilinin istifadə dairəsi də genişlənmiş, onun tətbiqinin və inkişafının elmi əsaslar üzərində aparılması ehtiyacı meydana çıxmışdır. Rusca-azərbaycanca və azərbaycanca-rusca lüğətlər, təcrübi-tədris kitabları nəşr olunmuşdur. Məhz bu dövrdən başlayaraq Azərbaycan ədəbi dilinin normalarının müəyyənləşməsində nəzəri-dilçilik ideyaları təzahür edir. Bu baxımdan Mirzə Fətəli Axundovun ədəbi dil haqqında milli ədəbiyyatın realist məzmununa uyğun gələn tezisləri xüsusilə diqqəti cəlb edir. Dram, satira, realist nəsr dilinin yarandığı XIX əsrdə elmi üslubun əsası kimi müasir elmi-fəlsəfi dilin ilk nümunələrinə də rast gəlirik. Mətbuat dili də bu əsrin məhsuludur. "Əkinçi"dən başlayaraq yaranmış milli mətbuat bu dilin inkişafında mühüm rol oynamışdır. XX yüzillik isə Azərbaycan ədəbi dilinin ən sürətli tərəqqisi və çiçəklənməsi dövrüdür. Ədəbi dil məsələsi hələ əsrin əvvəlindən ictimai-siyasi mübarizənin tərkib hissəsi olmuşdur. Həmin dövrdə ana dili kitabları hazırlanmış, dərsliklər buraxılmış, müntəxəbatlar tərtib olunmuşdur. Azərbaycan dilinin səs quruluşuna və qrammatik sisteminə dair kitablar yazılmışdır. Mətbuat ana dili, ədəbi dil uğrunda mübarizənin önündə gedirdi. Ədəbi dil normasının müəyyənləşməsində bütün görkəmli ziyalılar iştirak edirdilər. Xalq dili xəzinəsinin qapıları "Molla Nəsrəddin" vasitəsilə ədəbi dilin üzünə açılırdı. Bu dövrdə yaranan səhnə sənəti də yeni milli-mədəni şəraitdə ədəbi dilə bədii nitq vasitəsilə öz töhfəsini vermişdir. Ana dilinin taleyinə heç bir ziyalının laqeyd qalmadığı bu dövrdə Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov, Ömər Faiq Nemanzadə kimi görkəmli söz ustaları Azərbaycan dilinin saflığı və onun yad ünsürlərdən qorunması uğrunda fədakarcasına mübarizə aparırdılar. Azərbaycan ədəbi dilinin tarixində bundan sonrakı yeni mərhələ sovet dövrü ilə başlayır. Ərəb əlifbasını daha uyğun bir əlifba ilə əvəz etmək məqsədilə 1921-ci ildə Əlifba Komitəsi yaradıldı və həmin komitəyə Azərbaycan dili üçün latın qrafikalı əlifba tərtib etmək tapşırıldı. Bir qədər sonra isə yeni əlifbaya keçildi. 1926- cı ildə Bakıda birinci beynəlxalq türkoloji qurultay çağırıldı. Bu, türk dünyası üçün böyük tarixi əhəmiyyəti olan bir hadisə idi. Qurultayın Bakıda keçirilməsini 20-30-cu illər Azərbaycanının dilçilik sahəsindəki elmi potensialına verilən qiymət kimi səciyyələndirmək olar. Təəssüflə qeyd etmək lazımdır ki, sonralar qurultayın qərarlarının yerinə yetirilməsi yolunda süni maneələr yaradıldı, türkdilli xalqların mədəni inteqrasiyasına yönəldilmiş bu nəcib iş siyasi məqsədlərə qurban verildi. Azərbaycanın dilçi alimlərinin böyük əksəriyyəti isə totalitar rejimin repressiyalarına məruz qaldı. 1939-cu ildə latın qrafikalı əlifbadan kiril qrafikası əsasında yaradılmış yeni Azərbaycan yazısına qəti və məcburi keçmək haqqında qərar verildi. Beləliklə, 1924-cü ildən 1939-cu ilə qədər keçən on beş il ərzində xalqın yazı mədəniyyətinə bir-birinin ardınca iki ağır zərbə dəydi. Buna baxmayaraq, Azərbaycan dili çətinliklə də olsa, bütün bu illər ərzində yenə öz saflığını qoruya bilmiş, elmi və bədii ədəbiyyatda, publisistikada böyük imkanlara malik olduğunu nümayiş etdirmişdir. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində müstəqil Dilçilik İnstitutunun yaranması dilçiliyimizin bir elm kimi inkişafına da təkan verdi. Dilçilik elmimiz XX əsrdə sürətli inkişaf dövrü yaşamışdır. Həmin dövrdə ədəbi dilimizi tədqiq edən Bəkir Çobanzadə, Əbdüləzəl Dəmirçizadə, Muxtar Hüseynzadə, Əliheydər Orucov, Səlim Cəfərov, Əlövsət Abdullayev, Fərhad Zeynalov və başqa dilçi alimlərimizin böyük ordusu yaranmışdır. Dərin qürur və fərəh hissi ilə demək olar ki, Azərbaycan dilçiliyinin gərgin əməyi sayəsində dilçiliyin bütün sahələrində səmərəli işlər görülmüş, dil tarixi, dialektologiya, müasir dil, lüğətçilik sahələrində dəyərli tədqiqatlar aparılmışdır. Keçmiş sovet məkanında, eləcə də beynəlxalq miqyasda Azərbaycan türkoloji araşdırmaların önəmli mərkəzlərindən biri olmuşdur. Beləliklə, XX əsr bütünlükdə Azərbaycan dilinin yazı mədəniyyətinin əsl inkişaf yoluna qədəm qoyduğu bir dövrdür. Məhz bu dövrdə dilimizin funksional imkanları genişlənmiş, üslubları zənginləşmiş, dilin daxili inkişaf meylləri əsasında yazı qaydaları cilalanmışdır. Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilmişdir. Hər hansı bir dilin dövlət statusu alması, şübhəsiz ki, hər bir dövlətin bir dövlət kimi formalaşması ilə bilavasitə bağlıdır. Azərbaycan xalqının tarixində Azərbaycan dili XVI əsrdə Səfəvilər hakimiyyəti dövründə dövlət dili səviyyəsinə qalxsa da, milli dövlətçiliyin itirilməsi nəticəsində həmin ənənə uzun müddət qırılmışdır. Yalnız 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Azərbaycan dilinin geniş tətbiq olunması yolunda böyük imkanlar açıldı. Bu sahədə bəzi addımlar atılsa da, gənc respublikanın ömrünün qısa olması Azərbaycan dilinin cəmiyyətdə dövlət dili kimi mövqelərinin tam bərqərar edilməsinə imkan vermədi. Azərbaycanda sovet hakimiyyəti yaradıldıqdan sonra qəbul edilmiş ilk Konstitusiyada, ümumiyyətlə dövlət dili haqqında heç bir maddə olmamışdır. SSRİ-nin tərkibinə daxil olduqdan sonrakı dövrdə, daha doğrusu Azərbaycanın 1937-ci ildə qəbul edilmiş Konstitusiyasında belə bir maddə yox idi. Yalnız 1956-cı ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə 1937-ci il Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddə əlavə edildi. Lakin respublikanın o dövrdəki rəhbərliyinin mövcud siyasi vəziyyəti lazımınca qiymətləndirə bilməyərək, hadisələri sürətləndirmək cəhdləri bu nəcib işi uğursuzluğa düçar etdi. Nəhayət, mərkəzin bütün maneələrinə baxmayaraq, respublikanın 1978-ci ildə qəbul edilmiş Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddənin daxil edilməsi müyəssər oldu. Bu, həmin dövr üçün çox cəsarətli və qətiyyətli bir addım idi. Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dilinin daha da inkişaf etdirilməsi yolunda geniş üfüqlər açıldı. Təəssüflər olsun ki, respublikanın o zamankı rəhbərliyinin səriştəsizliyi nəticəsində, xalqın iradəsinə zidd olaraq, dövlət dilinin adı qeyri-qanuni şəkildə dəyişdirildi və məsələyə dolaşıqlıq, anlaşılmazlıq gətirildi. Dövlət dili haqqında məsələ 1992-ci ilin dekabrında Azərbaycanın Milli Məclisində müzakirə edildi və dövlət dilinin adının dəyişdirilməsini nəzərdə tutan antikonstitusion Qanun qəbul edildi. Təəssüf ki, belə taleyüklü məsələnin həlli üçün o zaman Milli Məclisdə cəmi 26 nəfərin lehinə səs verməsi kifayət edirdi. Halbuki dövlət dili haqqında müddəa Konstitusiyada nəzərdə tutulduğuna görə, ona hər hansı dəyişiklik edilməsi ümumxalq müzakirəsi, ali Qanunvericilik orqanı üzvlərinin ən azı üçdə iki səs çoxluğu ilə edilə bilərdi. Lakin o zaman adi Qanunvericilik qaydalarına məhəl qoyulmamış, xalqın iradəsi nəzərə alınmadan volyuntarist və məsuliyyətsiz bir qərar qəbul edilmişdir. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının layihəsinə baxılarkən dövlət dili, daha doğrusu dövlətin dilinin adı haqqında müddəa geniş müzakirə obyekti oldu. Həmin məsələ yeni Konstitusiya layihəsini hazırlayan komissiyada, kütləvi informasiya vasitələrində, müxtəlif elmi forumlarda, yığıncaqlarda, idarə, təşkilat və müəssisələrdə sərbəst, demokratik şəraitdə hərtərəfli müzakirə olundu. Nəhayət, xalq 1995-ci il noyabrın 12-də referendum yolu ilə öz mövqeyini nümayiş etdirərək, Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması müddəasına tərəfdar olduğunu bildirdi. Ana dilimizə qarşı edilmiş haqsızlıq aradan qaldırıldı, onun hüquqları qorundu, cəmiyyətdəki mövqeləri tam bərpa edildi. İndi Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları ilə cilalanmış kamil qrammatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı normaları vardır. Hazırda ölkəmizdə cəmiyyət həyatının elə bir sahəsi yoxdur ki, Azərbaycan dili orada rahat işlədilə bilməsin. Bununla yanaşı, Azərbaycan Respublikasının onillik inkişaf yolunun təcrübəsi göstərir ki, digər sahələrdə olduğu kimi, ana dilimizin öyrənilməsi və tətbiqi sahəsində də hələ görüləsi işlər çoxdur. Ölkəmizin orta və ali məktəblərində Azərbaycan dilinin müasir dünya standartlarına, milli-mədəni inkişaf tariximizin tələblərinə cavab verən tədrisi işinin təkmilləşdirilməsinə ehtiyac vardır. Bir çox kütləvi informasiya vasitələrində, rəsmi yazışmalarda, kargüzarlıq və sair sahələrdə Azərbaycan ədəbi dilinin normalarına lazımınca əməl edilmir. Azərbaycan dilinin reklam işində istifadə edilməsində ciddi qüsurlar müşahidə olunur. Kəskin tənqidlərə baxmayaraq, reklam vasitələrinin hazırlanmasında bir çox hallarda xarici dillərə əsassız olaraq üstünlük verilir. Şəhər və qəsəbələrimizin görkəminə xələl gətirən əcnəbi dilli lövhələr gənc nəslin azərbaycançılıq ruhunda tərbiyəsinə mənfi psixoloji təsir göstərir. Ölkə ərazisində yayımlanan televiziya kanallarının əksəriyyəti xarici dillərdə fəaliyyət göstərir. Kino və televiziya ekranlarında Azərbaycan dilinə dublyaj edilmiş xarici filmlərə nadir hallarda rast gəlmək olar, dublyaj edilmiş ekran əsərlərinin tərcümə səviyyəsi isə olduqca aşağıdır. Azərbaycan Respublikasının xarici siyasət sahələrində, xüsusilə ölkəmizdə fəaliyyət göstərən səfirlik, xarici nümayəndəlik və şirkətlərdə Azərbaycan dilinin işlənməsi yarıtmaz vəziyyətdədir. Xaricdə yaşayan soydaşlarımızın Azərbaycan dili dərslikləri, tədris vəsaiti, ana dilində elmi və bədii ədəbiyyat, mətbuat və sairə ilə təmin olunması qənaətbəxş deyildir. Çox qəribə görünsə də, Azərbaycan dilçiliyinin sovet dövründə əldə edilmiş sürətli inkişaf tempi son illərdə aşağı düşmüşdür və bu sahədə bir durğunluq müşahidə olunur. Azərbaycanda nitq mədəniyyəti məsələlərinin tədqiqinə və nizamlanmasına kəskin ehtiyac duyulur. Azərbaycan dilinin tətbiq dairəsi bəzən süni olaraq məhdudlaşdırılır. Rəsmi və elmi üslubun vəziyyəti heç də ürəkaçan deyildir. Azərbaycan dilinin orfoqrafik, izahlı, terminoloji və sair lüğətlərinin yenidən latın qrafikası ilə hazırlanıb çap olunması, ikidilli tərcümə lüğətlərinin tərtibi və nəşri məsələləri yubadılır. Latın qrafikasının bərpa olunması barədə qanun qəbul edilməsindən on ilə yaxın bir müddət keçməsinə baxmayaraq, onun həyata keçirilməsi olduqca ləng gedir. Bütün bu və digər məsələlərin əlaqələndirilməsi və tənzimlənməsinin, onların həlli prosesinə nəzarətin vahid mərkəzləşdirilmiş bir qurum tərəfindən həyata keçirilməsinə ehtiyac vardır. Azərbaycanın dövlət müstəqilliyinin başlıca rəmzlərindən sayılan Azərbaycan dilinin tətbiq və inkişaf etdirilməsinə dövlət qayğısının artırılması, ana dilimizin öyrənilməsi, elmi tədqiqinin fəallaşdırılması, dilimizin cəmiyyətdə tətbiq dairəsinin genişləndirilməsi və bu işə nəzarətin gücləndirilməsi məqsədi ilə qərara alıram: 1. Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət Dil Komissiyası yaradılsın. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına tapşırılsın ki, komissiya haqqında əsasnaməni bir ay ərzində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. 2. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına tapşırılsın ki, "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun layihəsini bir ay ərzində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. 3. Azərbaycan Respublikasının nazirlik, idarə, təşkilat və müəssisə rəhbərləri öz tabeliklərində olan qurumlarda dövlət dilinin və latın qrafikasının tətbiqi işinin yaxşılaşdırılması ilə bağlı uzunmüddətli kompleks planlar hazırlayıb həyata keçirsinlər və 2001-ci il avqustun 1-ə qədər ilkin nəticələr haqqında Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər. 4. Azərbaycan Respublikasının Təhsil Nazirliyi orta və ali məktəblərdə Azərbaycan dilinin tədrisi və Azərbaycan dilində təhsilin keyfiyyəti ilə bağlı əsaslı dönüş yaratmaq istiqamətində qəti tədbirlər həyata keçirilsin və müvafiq təkliflər proqramını bir ay ərzində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. 5. Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi Yazıçılar Birliyi ilə birlikdə latın qrafikası ilə yenidən çap olunması təklif olunan elmi və bədii əsərlərin, lüğət və dərsliklərin çap proqramını bir ay ərzində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. 6. Azərbaycan Milli Elmlər Akademiyası bir ay ərzində Azərbaycan dilçiliyinin müxtəlif sahələri üzrə elmi araşdırmaların cari və perspektiv planlarına yenidən baxıb təsdiq etsin və onların yerinə yetirilməsinin gedişi barədə hər altı aydan bir Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin. 7. Respublikanın şəhər və rayon icra hakimiyyəti başçılarına tapşırılsın ki: - Yerlərdə istifadə olunan lövhə, reklam tabloları, şüarlar, plakatlar və digər əyani vasitələrin Azərbaycan ədəbi dilinin qaydalarına uyğunlaşdırılması baxımından tədbirlər görsünlər və bu tapşırığın yerinə yetirilməsi haqqında 2001-ci il avqustun 1-ə qədər Azərbaycan Respublikasının Prezidentinə arayış versinlər; - Yerlərdə Azərbaycan dilinin və latın qrafikasının tətbiqi işinə nəzarəti gücləndirsinlər və bu işin gedişi barədə 2001-ci il avqustun 1-ə qədər Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər. 8. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Dövlət Televiziya və Radio Verilişləri Şirkətinə tapşırılsın ki, əcnəbi ölkələrdə istehsal edilmiş və Azərbaycanda nümayiş etdirilmək üçün alınmış kino və televiziya məmulatının Azərbaycan dilinə dublyajı işinin lazımi səviyyədə qurulması və ölkə ərazisində xarici kino və telefilmlərin Azərbaycan dilində nümayiş etdirilməsi məsələləri barədə təkliflərini bir ay ərzində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. 9. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki: - Ölkədə Azərbaycan dilində çap olunan qəzet, jurnal, bülleten, kitab və digər çap məhsullarının istehsalının 2001-ci il avqustun 1-ə qədər bütövlükdə latın qrafikasına keçməsini təmin etsin; - Azərbaycan Respublikasında Dövlət dilinə qarşı gizli, yaxud açıq təbliğat aparmaq, Azərbaycan dilinin işlənməsinə və inkişafına müqavimət göstərmək, onun hüquqlarının məhdudlaşdırılmasına cəhd etmək kimi hallara, latın qrafikasının tətbiq olunmasına maneələr törədilməsinə görə məsuliyyət növlərini müəyyən edən Qanunvericilik aktının layihəsini bir ay ərzində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; - Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında kargüzarlığın latın qrafikası ilə aparılmasını 2001-ci il avqustun 1-ə qədər təmin etsin; - Bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

    Heydər ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 18 iyun 2001-ci il
    [redaktə / تحریر] “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı (9 avqust 2001-ci il)

    Qədim və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqı dünya sivilizasiyasına bir çox dəyərli töhfələr vermişdir. Onların ilk nümunələri bəşər tarixinin böyük kəşfi olan yazı vasitəsilə Qobustan və Gəmiqaya təsvirləri, həmçinin epiqrafik abidələr şəklində daşların yaddaşına həkk olunaraq günümüzədək yaşamışdır. Tarixi faktlar sübut edir ki, bu qiymətli əsərləri yaradarkən Azərbaycan xalqı müxtəlif əlifbalardan istifadə etmişdir. İslamın qəbuluna qədər olan dövrün yazıları ilə yaradılan bu qiymətli xəzinənin böyük bir qismi məhv edilmiş, zaman keçdikcə həmin abidələrin qələmə alındığı yazı şəkilləri unudulmuş və ya ərəb qrafikasına keçirilmişdir. İslamın yayıldığı dövrlərdən isə xalqımız ərəb əlifbasından istifadə yolu ilə min ildən artıq bir zaman ərzində tariximizin ən yeni mərhələsinədək zəngin mədəni irs yaratmışdır. Ərəb əlifbası yüz illər boyu geniş məkanda müsəlman Şərqi xalqlarının ümumi yazı sistemi kimi formalaşmışdır. Böyük Azərbaycan ədibləri, alimləri, mütəfəkkirləri islam mədəniyyətinin təşəkkül tapıb inkişaf etməsində mühüm rol oynayaraq bəşər sivilizasiyasını zənginləşdirmişlər. Lakin əsrlərlə müxtəlif xalqların mədəni əlaqəsinə xidmət edən ərəb qrafikasının dilimizin səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilməməsi, onun quruluşu və xarakteri haqqında tam aydın təsəvvür yaratmaması XIX əsrin ikinci yarısından etibarən Mirzə Fətəli Axundov başda olmaqla dövrün mütərəqqi maarifçi ziyalılarını əlifba islahatı problemi üzərində düşünməyə vadar etmişdir. Bu, Azərbaycan xalqının həmin dövrdə yaşadığı tarixi şəraitdən doğan zərurət idi. Öz qaynağını Avropadan alan yeni dövrün maarifçilik hərəkatı Azərbaycan mədəniyyətinin inkişaf istiqamətini müəyyənləşdirmiş və bu da yeni mədəniyyət tipinə uyğun müasir əlifbaya olan ehtiyacı aktuallaşdırmışdır. XX əsrin əvvəllərində cərəyan edən ictimai-siyasi və mədəni proseslərin gedişatı mövcud əlifbanı daha münasibi ilə əvəz etmək ideyasını meydana atmışdır. 1922-ci ildə Azərbaycan hökumətinin qərarı əsasında yeni əlifba komitəsinin yaradılması, həmin komitəyə Azərbaycan dili üçün latın qrafikalı əlifba tərtibinin tapşırılması yeni qrafikaya keçilməsi yolunda atılmış ilk ciddi addım idi. 1923-cü ildən etibarən latın əsaslı əlifbaya keçmə prosesi sürətləndirildi. 1926-cı ildə keçirilmiş birinci Ümumittifaq Türkoloji qurultayın tövsiyələrinə cavab olaraq 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edildi. Qısa bir müddət ərzində latın qrafikasının işlədilməsi Azərbaycanda geniş kütlələr arasında savadsızlığın ləğvi üçün olduqca əlverişli zəmin yaratdı. Bütün bu nailiyyətlərə baxmayaraq həmin əlifba 1940-cı il yanvarın 1-dən kiril yazısı əsasında tərtib edilmiş yeni qrafikalı əlifba ilə əvəz olundu. Yarım əsrdən çox bir müddət ərzində kiril qrafikası ilə Azərbaycan elmi və mədəniyyətinin qiymətli nümunələri yaradıldı. Lakin kiril qrafikasının dilimizin səs quruluşuna uyğun gəlməməsi Azərbaycan ziyalılarını bu əlifbanın təkmilləşdirilməsi yolunda mütəmadi iş aparmağa sövq etdi. Təcrübə göstərdi ki, kiril qrafikasının dilimizin səs quruluşuna uyğunlaşdırılması yolunda nə qədər cəhd göstərilsə də, optimal variantın əldə edilməsi mümkün deyildir, bu da onun nə vaxtsa dəyişdiriləcəyi ehtimalını gücləndirdi. Müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu isə müvafiq qanun qəbul olunması ilə nəticələndi. On ilə yaxın bir müddətdə latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci il avqust ayında bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq qərara alıram: 1. Hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilsin. 2. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.

    Heydər ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 9 avqust 2001-ci il
    [redaktə / تحریر] Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu (30 sentyabr 2002-ci il)

    Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Bu qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.

    I fəsil Ümumi müddəalar

    Maddə 1. Dövlət dilinin hüquqi statusu

    1. 1. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan dilidir. Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vətəndaşının borcudur.
    1. 2. Azərbaycan Respublikasının dövlət dili kimi Azərbaycan dili ölkənin siyasi, ictimai, iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində işlədilir.
    1. 3. Azərbaycan Respublikası dövlət dilinin işlənməsini, qorunmasını və inkişafını təmin edir.
    1. 4. Azərbaycan Respublikasında dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, dövlət qurumlarında, siyasi partiyalarda, qeyri-hökumət təşkilatlarında (ictimai birlik və fondlarda), həmkarlar təşkilatlarında, digər hüquqi şəxslərdə, onların nümayəndəliklərində və filiallarında, idarələrdə dövlət dilinin tətbiqi ilə bağlı fəaliyyət bu qanuna uyğun olaraq həyata keçirilir, o cümlədən kargüzarlıq işləri dövlət dilində aparılır.
    1. 5. Dövlət dilinin tətbiqinin normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
    1. 6. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla (və ya onların nümayəndəlikləri ilə) və xarici dövlətlərin diplomatik nümayəndəlikləri ilə yazışmalar Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq xarici dildə Azərbaycan dilinə tərcümə olunmaq şərtilə aparıla bilər.

    Maddə 2. Azərbaycan Respublikasında dövlət dili haqqında qanunvericilik

    Azərbaycan Respublikasında dövlət dili haqqında Qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

    Maddə 3. Dövlət dilinin işlənməsi, qorunması və inkişafı sahəsində dövlətin əsas vəzifələri

    3. 0. Dövlət dilinin işlənməsi, qorunması və inkişafı sahəsində dövlətin əsas vəzifələri aşağıdakılardır:
    3. 0. 1. Azərbaycan Respublikası Konstitusiyasının və bu Qanunun tələblərinə uyğun olaraq dövlət dili ilə bağlı hüquq qaydalarının müəyyənləşdirilməsi;
    3. 0. 2. dövlət dilinin tətbiqi işinə, bu dilin işlənməsi və qorunması ilə bağlı qanunvericiliyin müddəalarına riayət olunmasının təmin edilməsi;
    3. 0. 3. dövlət dilinin inkişaf proqramının hazırlanması və dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsinin təmin edilməsi;
    3. 0. 4. dövlət dilinin saflığının qorunması, dilçilik elminin nəzəriyyəsi və praktikasının inkişafı üçün müvafiq şəraitin yaradılması və tədbirlərin həyata keçirilməsi;
    3. 0. 5. dövlət dilinin işlənməsi üçün zəruri olan maddi bazanın yaradılması;
    3. 0. 6. xarici ölkələrdə yaşayan azərbaycanlıların Azərbaycan dilində təhsil almalarına, bu dildən sərbəst istifadə etmələrinə köməklik göstərilməsi.

    II fəsil Dövlət dilinin işlənməsi, qorunması və inkişafı

    Maddə 4. Dövlət dilinin rəsmi mərasimlərdə işlənməsi

    4. 1. Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, dövlət qurumlarının keçirdiyi bütün rəsmi mərasim və tədbirlər Azərbaycan Respublikasının dövlət dilində aparılır.
    4. 2. Bu Qanunun 4. 1-ci maddəsinin tələbləri Azərbaycan Respublikasının təşkil etdiyi beynəlxalq səviyyəli rəsmi mərasimlərə və tədbirlərə, habelə müvafiq icra hakimiyyəti orqanları tərəfindən digər ölkələrdə keçirilən hər hansı rəsmi mərasim və tədbirə şamil olunmur.

    Maddə 5. Dövlət dilinin təhsil sahəsində işlənməsi

    5. 1. Azərbaycan Respublikasında təhsil dövlət dilində aparılır.
    5. 2. Azərbaycan Respublikasında başqa dillərdə təhsil müəssisələrinin fəaliyyəti qanunvericilikdə müəyyən edilmiş qaydada həyata keçirilir. Belə müəssisələrdə dövlət dilinin tədrisi məcburidir.
    5. 3. Azərbaycan Respublikasında ali və orta peşə-ixtisas təhsili müəssisələrinə qəbul zamanı Azərbaycan dili fənnindən imtahan verilməlidir.

    Maddə 6. Dövlət dilinin televiziya və radio yayımlarında işlənməsi

    6. 1. Azərbaycan Respublikasının ərazisində təsis edilən və fəaliyyət göstərən mülkiyyət formasından asılı olmayaraq bütün televiziya və radio yayımları dövlət dilində aparılır.
    6. 2. Azərbaycan Respublikasının ərazisində təsis edilən və fəaliyyət göstərən mülkiyyət formasından asılı olmayaraq dövlət dilində yayımlanan bütün televiziya və radio kanallarının aparıcıları dövlət dilini mükəmməl bilməlidirlər və onların səlis danışıq qabiliyyəti olmalıdır. Televiziya və radio kanallarında dublyaj olunan filmlər və verilişlər dövlətin müəyyən etdiyi dil normalarına uyğun olmalıdır.

    Maddə 7. Dövlət dilinin xidmət sahələrində, reklam və elanlarda işlənməsi

    7. 1. Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı, digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda reklam və elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillər də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir.
    7. 2. Azərbaycan Respublikasının ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili dövlət dilinin normalarına uyğun olaraq tətbiq edilməlidir.
    7. 3. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır.
    7. 4. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.

    Maddə 8. Dövlət dilinin xüsusi adlarda işlənməsi

    Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır. Azərbaycan Respublikası vətəndaşlarının adları və soyadlarının dəyişdirilməsi müvafiq qanunvericiliklə tənzimlənir.

    Maddə 9. İnzibati ərazi bölgüsü ilə əlaqədar dövlət dilindən istifadə

    "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünü təşkil edən inzibati ərazi vahidlərinin - şəhər, rayon, inzibati ərazi dairəsi, qəsəbə və kəndlərin adları dövlət dilində yazılmalıdır, onların dövlət dilinin normalarına uyğun olaraq yazılışı müvafiq qurum tərəfindən müəyyənləşdirilir. Bu maddədə göstərilən inzibati ərazi vahidlərinin adları dövlət dili ilə yanaşı, xarici dillərdə də yazıla bilər. Belə olan halda inzibati ərazi vahidinin adı əvvəlcə dövlət dilində və ondan sonra xarici dildə verilməlidir.

    Maddə 10. Coğrafi obyektlərin adlarında dövlət dilinin işlənməsi

    10. 1. Azərbaycan Respublikasında coğrafi obyektlərin adlarının dövlət dilinin normalarına uyğun olaraq yazılışı müvafiq qurum tərəfindən müəyyənləşdirilir.
    10. 2. Azərbaycan coğrafi adlarının xarici dillərdə verilməsi Azərbaycan dilində səslənməsinə, coğrafi adların beynəlxalq yazılış qaydalarına uyğun olaraq müəyyən edilir.

    Maddə 11. Dövlət dilinin hüquq-mühafizə orqanlarında, Silahlı Qüvvələrdə, notariat fəaliyyətində,

    məhkəmə icraatında və inzibati xətalar üzrə icraatda işlənməsi 11. 1. Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarında Azərbaycan Respublikasının dövlət dili işlənir. Dövlət dilini bilməyən şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada tərcüməçidən istifadə edə bilərlər.
    11. 2. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, sərhəd qoşunlarında və daxili qoşunlarda qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, dövlət dili işlənir.
    11. 3. Azərbaycan Respublikasının notariat fəaliyyəti üzrə kargüzarlıq dövlət dilində aparılır. "Notariat haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs dövlət dilini bilmirsə və ya notariat hərəkətinin hər hansı başqa dildə aparılmasını xahiş edirsə, imkan daxilində notarius tərəfindən rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib edə bilər və ya mətn tərcüməçi tərəfindən ona tərcümə edilə bilər.
    11. 4. Azərbaycan Respublikası məhkəmələrində cinayət mühakimə icraatı dövlət dilində aparılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada məhkəmələrdə cinayət mühakimə icraatı digər dillərdə aparıla bilər.
    11. 5. Azərbaycan Respublikası məhkəmələrində mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı dövlət dilində aparılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada bütün növ məhkəmə icraatları digər dillərdə aparıla bilər.
    11. 6. Azərbaycan Respublikasında inzibati xətalar üzrə icraat dövlət dilində aparılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada inzibati xətalar üzrə icraat digər dillərdə aparıla bilər.

    Maddə 12. Dövlət dilinin beynəlxalq yazışmalarda işlənməsi

    12. 1. Azərbaycan Respublikasının beynəlxalq yazışmaları dövlət dilində aparılır. Belə yazışmalar zəruri hallarda dövlət dili ilə yanaşı, müvafiq xarici dillərdən birində də aparıla bilər.
    12. 2. Azərbaycan Respublikasının ikitərəfli beynəlxalq müqavilələri dövlət dilində də, çoxtərəfli beynəlxalq müqavilələr isə müqavilə bağlayan tərəflərin razılığı ilə müəyyən edilən dildə (dillərdə) tərtib olunmalıdır.
    12. 3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr (sazişlər və s.) və qoşulduğu beynəlxalq konvensiyalar (protokollar və s.) dövlət dilində nəşr edilməlidir.

    Maddə 13. Dövlət dilinin normaları

    13. 1. Azərbaycan dilinin orfoqrafiya və orfoepiya normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Hüquqi, fiziki və vəzifəli şəxslər həmin normalara əməl etməlidirlər.
    13. 2. Müvafiq icra hakimiyyəti orqanı 5 ildə bir dəfədən az olmayaraq yazı dili normalarını təsbit edən lüğətin (orfoqrafiya lüğətinin) nəşr olunmasını təmin edir.

    Maddə 14. Dövlət dilinin əlifbası

    Azərbaycan Respublikasının dövlət dilinin əlifbası latın qrafikalı Azərbaycan əlifbasıdır.

    Maddə 15. Dövlət dilinin nəşriyyat işində işlənməsi

    15. 1. Dövlət dilinin nəşriyyat işində işlənməsi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən həyata keçirilir.
    15. 2. Azərbaycan Respublikasında dövlət dilində nəşr olunan çap məhsulları latın qrafikalı Azərbaycan əlifbasında buraxılmalıdır.
    15. 3. Azərbaycan yazı mədəniyyətinin tarixində mühüm rol oynamış ərəb və kiril əlifbalarından xüsusi hallarda (lüğətlərdə, elmi nəşrlərdə ədəbiyyat göstəricisi və s.) istifadə edilə bilər.

    Maddə 16. Dövlət dilinin vətəndaşların şəxsiyyətini təsdiq edən rəsmi və vahid nümunəli sənədlərdə

    işlədilməsi 16. 1. Azərbaycan Respublikası vətəndaşlarının doğum və nikah haqqında şəhadətnamələri, şəxsiyyət vəsiqəsi, əmək kitabçası, hərbi bileti və yalnız ölkə daxilində etibarlı sayılan digər rəsmi və vahid nümunəli sənədlər dövlət dilində tərtib edilir.
    16. 2. Azərbaycan Respublikası vətəndaşlarının pasport və təhsil haqqında sənədləri, zəruri hallarda digər sənədləri dövlət dili ilə yanaşı, xarici dillərdə də tərtib edilir.

    Maddə 17. Dövlət dilinin dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin,

    onların nümayəndəliklərinin və filiallarının, idarələrin adında işlədilməsi Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının, idarələrin adları Azərbaycan dilinin normalarına uyğun olaraq yazılır. Göstərilən təsisatların adını əks etdirən lövhələr, blanklar, möhürlər və kargüzarlıqla bağlı rəsmi xarakterli bütün digər ləvazimatlar dövlət dilində tərtib olunur.

    Maddə 18. Dövlət dilinin qorunması və inkişafı

    18. 1. Azərbaycan Respublikasında dövlət dilinə qarşı gizli, yaxud açıq təbliğat aparmaq, bu dilin işlənməsinə müqavimət göstərmək, onun tarixən müəyyənləşmiş hüquqlarını məhdudlaşdırmağa cəhd etmək qadağandır. 18. 2. Azərbaycan Respublikasının ərazisindəki bütün kütləvi informasiya vasitələri (mətbuat, televiziya, radio və s.), kitab nəşri və digər nəşriyyat işi ilə məşğul olan qurumlar Azərbaycan dilinin normalarına riayət olunmasını təmin etməlidirlər.

    III fəsil Yekun müddəaları

    Maddə 19. Qanunun pozulmasına görə məsuliyyət

    Bu Qanunu pozan hüquqi, fiziki və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

    Maddə 20. Qanunun qüvvəyə minməsi

    20. 1. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir. 20. 2. Bu Qanun qüvvəyə mindiyi gündən "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının 22 dekabr 1992-ci il tarixli 413 nömrəli Qanunu qüvvədən düşmüş hesab edilir.

    Heydər ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 30 sentyabr 2002-ci il
    [redaktə / تحریر] “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (2 yanvar 2003-cü il)

    "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram: 1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində: - qüvvədə olan qanunvericilik aktlarının Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; - Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; - həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktlarının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; - həmin Qanunun 4.2-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanlarına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; - həmin Qanunun 9-cu və 10.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq qurumun səlahiyyətlərini həyata keçirən orqana dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; - "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn məsələləri öz səlahiyyətləri daxilində həll etsin. 2. Müəyyən edilsin ki, "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun 1.5-ci, 13.1-ci və 13.2-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dil Komissiyası həyata keçirir. 3. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

    Heydər ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 2 yanvar 2003-cü il
    [redaktə / تحریر] “Azərbaycan dilinin orfoqrafiya qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (5 avqust 2004-cü il)

    "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 2 yanvar tarixli 835 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 71 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. "Azərbaycan dilinin orfoqrafiya qaydaları" təsdiq edilsin (əlavə olunur). 2. Azərbaycan SSR Nazirlər Sovetinin "Azərbaycan dilinin orfoqrafiya qaydaları"nın təsdiq edilməsi və Azərbaycan əlifbasında bəzi dəyişikliklər edilməsi haqqında" 1958-ci il 24 iyul tarixli 497 nömrəli və "Azərbaycan dilinin orfoqrafiya qaydaları"nın 8-ci maddəsinin dəqiqləşdirilməsi haqqında" 1959-cu il 6 aprel tarixli 268 nömrəli qərarları qüvvədən düşmüş hesab edilsin. 3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

    A. Rasizadə Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, 5 avqust 2004-cü il

    Qeyd: Ulduzla işarələnmiş sənədlər rus dilindən tərcümə edilmişdir


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azərbaycan dili haqqında qərarlar fərmanlar və qanunlar

          Kategori: Azerbaycan Tarihi

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 10482


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş