Birinci hal: Novruz axşamı murdarlanmamış arx kənarına bir yumurta, iki rəngli qələm (qara və qırmızı), yaxud karandaş qoyurlar. Bunu edən qızdırsa, ürəyində arzu tutur ki, görəsən bəxtinə necə oğlan düşəcək. Başqasıdırsa, hər hansı bir iş üçün niyyət edir. Məsən, gəlin ərinin səfərdən tez qayıtmasını, ana oğlunun davadan sağ-salamat çıxmasını, hal-hazırda imtahanda uğur qazanmağı və s.
Səhər gedib arxın kənarına qoyulan yumurtaya baxırlar: yumurtanın tən ortasından qırmızı xətt çəkilibsə, niyyətlərinin baş tutacağına inanarlar. Əksinə qara xətt çəkilibsə, saçlarını yolarlar. O gündən üzləri gülməz.
İkinci hal: İlin axır çərşənbə axşamında bir yumurta götürüb sönmüş təndirin, yaxud ocağın içərisinə qoyurlar, bir tərəfinə qara, bir tərəfinə də qırmızı karandaş atıb üstünü küllə örtürlər. Bayram günü dan yeri söküləndə gedib yumurtaya baxırlar. Əgər üstünə qara xətt çəkilibsə, qoyan adamın taleyinin dönüklüyündən, qırmızı xətt çəkilibsə xoşbaxtlığından xəbər verir.
3
Novruz gecəsi yeyib içəndən sonra qaranlıq bir otaqda başına qara kələğayı örtüb əlində tutduğun güzgüyə baxsan, sənə könül verəni orada görərsən.
4
İlaxır çərşənbəsi axşamı niyyət edən ağzına su alıb qulaqlarını əli ilə yumur, qonşunun həyətinə yollanır. Orada əlini qulağından çəkib, suyu udur. Eşitdiyi ilk söz xoşdursa, niyyətinə çatacaq. Əksinədirsə, bəxtinnən küssün.
5
İlaxır çərşənbəsi axşamı niyyət edən doğmalarından birinin əkdiyi söyüdün altına gedib baxır. Tutalım, o, oğul, var-dövlət, ərinin qayıtmasını diləyir. Görsə ki, söyüdün budaqları yerə toxunur, deməli, istədikləri olacaq. Dəymirsə, bəxtinnən küssün.
6
Axır çərşənbə gecəsi pis şeylərdən danışmaq, nəs gətirmək, kefsiz olmaq, nalayiq hərəkətlər etmək olmaz. Deyirlər, ilin ancaq bu günü insanın əməli, istəyi, fikri, davranışı qanına keçir, ilboyu xasiyyətini dəyişə bilmir.
İlaxır bayramının ən gözəl xüsusiyyəti odur ki, evdə-eşikdə hər şey təzələnir. Hamı əyin-başına təptəzə libaslar geyinir.
Elə etmək lazımdır ki, təzələnən şeylər pisliyiyə, şərə xidmət etməsin.
7
Axır çərşənbədə hər həyətdə böyük tonqallar qalanır, ətrafında şənlənir, üstünnən tullanıb deyirlər:
Ağırlığın, uğurluğum odlara,
Tonqaldan atlanmayan yadlara.
Yaxud:
Ağrım, uğrum tökülsün,
Oda düşüb kül olsun.
Yansın, alov saçılsın,
Mənim baxtım açılsın.
Belə hesab edirlər ki, ölən baba-nənə ruhları ildə bir dəfə ancaq həmin gecə öz yurdlarına baş çəkirlər. Qaranlıq düşəndə ona görə gur tonqallar qalanır ki, bu ruhlar öz evlərini rahat tapsınlar. Baba-nənə ruhları damda oturub həyət-bacaya tamaşa edirlər.
Görsələr ki, səliqə-sahman var, nəvə-nəticələrinin ocaqlarında qazanlar qaynayır, üzləri gülür, hamı «bal» deyib, «bal» eşidir, sevinərlər, səhərə yaxın könülləri xoş gedərlər. On iki ay bu tə‘sirlə yaşayıb gələn ilin axır çərşənbəsində yenə gələrlər.
Əksinə, görsələr ki, yurdda qarma-qarışıqlıqdı, dam uçub, yerində bayquşdar ulayır, hamı bir-birini it kimi qapır, nə yemək var, nə içmək, öyündə bin-bərəkəti itiriblər, bərk inciyər, heç sabahın açılmasını gözləməz, küsüb gedər, bir də heç vaxt o tərəflərə üz tutmazlar.
8
Axır çərşənbələr qədəm qoyandan sonra qız-gəlin boşqablara buğda töküb səməni göyərdirlər. Kimin səmənisi birinci cücərsə onun ürəyində tutduğu niyyəti mütləq yerinə yetəcək - deyərlər.
Axır çərşənbədə səməni halvası bişirər və qonum-qonşuya paylayarlar.
Səməninin üstünə su çiləyəndə oxuyurlar:
Səməni, ay səməni,
İldə bəslərəm səni.
Səməni,
Saxla məni,
Ay səməni,
Saxla məni.
Ürəyimdə tutduğum
Yara adaxla məni.
Səməni, saxla məni.
İldə bəslərəm səni.
Səməni, saxla məni,
İldə göyərdərəm səni.
Qara yel
Əsdi, keçdi.
Səbrimi
Kəsdi keçdi.
Səməni, cəzana gəlmişəm.
Dərdlərdən bezana gəlmişəm.
Buğdamı yel vurutdu.
Arpamı sel vurutdu.
Çovdarı çəyirtkə aparıtdı.
Çəltiyi qarasu aparıtdı.
Səməni, saxla məni,
İldə göyərdərəm səni.
Sənə pis baxannara,
Susuz qoyub yaxannara,
Çər dəysin, azar dəysin,
Yellər belini əysin.
Halvanı şirin eylə,
Arzumun birin eylə,
Buğdanı saxlamışam,
Qızı adaxlamışam.
Şirnisin yazda gətir,
Atın qotazda gətir.
Səməni, ay səməni,
İldə göyərdərəm səni.
9
Çərşənbə axşamlarında küsülülərin barışdırılması mərasimi keçirilir. İlk addım bulaq başında atılır. Bir-birini uzun müddət danışdırmayan qızları araya alırlar, onlar səhənglərini dəyişdirməyincə əl çəkmirlər. Hər ikisini çimdikləyirlər. Üstlərinə sərin su atırlar. Sonra biri o biririnin qabına su doldurub qabağına qoymalıdı. Qız elə oradaca barışmaq istəyirsə, küsülü rəfiqəsinin üstünə su çiləyir. Bulaq başında barışanların bir-birinə münasibəti su kimi şəffaf və aydın olur. İl boyu bir-biri ilə «can» deyib, «can» eşidirlər.
Bayram axşamı düşənə yaxın küsülü qız almanı elə atır ki, düz küsdüyü qonşusunun qucağına düşür.
Bə‘zən küsülülərin ayaqlarının altına bənövşə dəstəsi tullayırlar. Əgər o, bənövşəni yerdən götürüb küsülüsünə versə, hamı onları təbrik edir. Əksinə, bənövşəni tapdalayıb keçsə, onda bir il heç kəs onu dindirib-danışdırmaz. İkinci hal çox nadir hallarda baş verir.
10
Axır cərşənbə günü qızlar bir yerə yığışıb fal açırlar: Suya iynə salmaq, bulaqdan su gətirmək, ürəyində niyyət tutub bayatı deməklə açılan fallar çox maraqlıdır. Bu zaman oxunan bayatılar da maraqlıdır:
Bulaq başı sərindi,
Suya girsəm, dərindi.
Ağacda var şaftalı,
Qismətinəm, dər indi.
Şaftalıyam kalam mən,
Yar qadasın alam mən.
Köçhaköç başlananda
İstəmirəm qalam mən.
11
Uşağı olmayan qadın ilaxır çərşənbəsi axşamı bağçada beli yerə batırıb bir ağız torpaq çevirir. Bir gün sonra gəlib çevrilmiş torpağın altına baxır. Əgər oradan canlı həşarat çıxsa (soğulcan), onun övladı olacaq. Çıxmasa bəxtinnən küssün - deyərlər.
12
Əyər axır çərşənbə günü ölən olarsa, inanarlar ki, o evdə bir nəfərin də həyatı təhlükədədir. Odur ki, qəbrin içinə, meyidin baş tərəfinə kiçik bir xurma budağı qoyarlar, torpaqla örtüləndən sonra isə üstünə çiy yumurta sındırıb tökərlər.