Azərbaycanın zəngin musiqi sənəti çoxəsrlik inkişaf tarixinə malikdir. Bu musiqi haqqında ilk məlumatlar arxeoloji qazıntılar zamanı əldə edilən bir sıra abidələrdən, Qobustan (e.ə. XVIII-III minilliklər) və Gəmiqaya (e.ə. III-I minilliklər) qaya rəsmlərindən alınmışdır. "Kitabi - Dədə Qorqud"da (VII yüzil), Nizaminin, Füzulinin əsərlərində orta əsrlərin musiqi həyatı, musiqi janrları, musiqi alətləri barədə zəngin məlumat verilmişdir. Azərbaycanın Səfiəddin Urməvi (XIII əsr), Əbdülqadir Marağai (XIV əsr), Mirzəbəy (XVII əsr), Mir Möhsün Nəvvab (XIX əsr) kimi məşhur alimlərinin risalələrində orta əsr musiqi mədəniyyətinin, ifaçılığının yüksək inkişaf səviyyəsi açıqlanmış, Azərbaycan musiqisinin nəzəri problemləri işlənilmişdir.
İlk yazılı ədəbi abidəmiz olan "Kitabi-Dədə Qorqud" dastanında musiqi ilə bağlı bir sıra parçaların mövcudluğu, dastan boyunca müxtəlif musiqi alətlərinin adlarının çəkilməsi müsiqimizin qədimliyinə əyani sübutdur.
İlk yazılı musiqi risalələrimiz isə XIII əsrə aiddir. XIII-XV əsrlərdə Yaxın və Orta Şərqin musiqi-nəzəri fikrinin inkişafı məhz Azərbaycanın iki böyük alimi və musiqiçisi Səfiəddin Urməvi (1217-1294) və Əbdulqadir Marağainin (1353-1435) adları ilə bağlıdır. Urməvinin yazdığı "Kitab əl-Ədvar" və "Şərəfiyyə" risalələri Azərbaycanda musiqi elminin əsasını qoymuş və onun gələcək inkişafı üçün zəmin yaratmışdır. O, musiqi elminə "Sistemçilik" məktəbinin yaradıcısı kimi, tabulaturanın banisi kimi daxil olmuşdur. Urməvinin yaratdığı musiqi sistemi, not cədvəli o dövrün ən kamil not sistemi və tabulaturası idi.
Marağaidən sonra yaranmış risalələrdə Şərq musiqi nəzəriyyəsinin əsasını təşkil edən bir çox mürəkkəb nəzəri problemlər artıq qoyulmamış və qismən qoyulmuşsa da müxtəlif variantlarda əvvəlkilərin təkrarı olmuşdur. Bu risalələrin əsas dəyəri isə onların təcrübi əhəmiyyətində idi. Bu dövrün risalələrindən Marağainin kiçik oğlu Əbdüləziz Çələbinin "Nəqavətil Ədvar" risaləsini və onun oğlu Mahmud Çələbinin "Məqasid əl-Ədvar" əsərini göstərmək olar.
XVII əsrin əvvəllərində Cənubi Azərbaycanda yaranmış maraqlı risalələrdən biri də Mirzə bəyin "Musiqi haqda" risaləsidir.
XIX yüzilin axırlarından etibarən Azərbaycanın bir sıra şəhərlərində musiqi məclisləri, cəmiyyətləri, dərnəkləri təşkil olunur (Şamaxıda Mahmud Ağanın, Şuşada Xarrat Qulu Məhəmməd oğlunun, Mir Möhsün Nəvvabın, Bakıda Məşədi Məlik Mənsurovun). XIX yüzilin 80-ci illərində M.M.Nəvvab məşhur xanəndə Hacı Hüsü ilə birgə yaratdığı "Musiqiçilər məclisi"ndə musiqinin estetik problemləri, ifaçılıq, muğam sənəti müzakirə olunurdu. Məclisə məşhur xanəndə və sazəndələr Məşədi Cəmil Əmirov, İ.Abdullayev, S.Şuşinski, Sadıxcan və b. daxil idi. Şuşa vokal sənətinin görkəmli nümayəndələrindən Xarrat Qulunun tələbəsi Hacı Hüsü idi. O, muğamları bilən müsiqişünas və alim olmuş, bir sıra muğamları təkmilləşdirmiş, yeni muğamları yaratmışdır. Mirzə Sadıq Əsəd oğlu (Sadıqcan) XIX yüzilin böyük tar ustadı olmuş, tarı rekonstruksiya etmiş və müasir tarın yaradıcısı olmuşdur. Məşədi Zeynal Məşədi cəmil Əmirov, Şirin Axundov, Qurban Primov bu məktəbin davamçılarıdır.
Dünyada bir neçə şəhər var ki, musiqi onun hər daşına, qalasına, ab-havasına hopmuşdur. Belə şəhərlərdən Avstriyanın Vyana, İtaliyanın Neapol, Azərbaycanın da Qarabağının Şuşa şəhəridir. Hətta xalq arasında məşhur kəlam var ki, "Şuşada körpələr bələkdə belə muğam üstündə ağlarlar".
Şuşa Qafqazının konservatoriyası təbirini və təyinini haqlı olaraq qazanmışdır. Şuşa konservatoriyasının parlaq nümayəndələri dünyanın bütün qitələrində Azərbaycan musiqisini ləyaqətlə təmsil edərək ona şöhrət gətirmişlər.
Şuşa - Mir Möhsün Nəvvabın, Xarrat Qulunun, Hacı Hüsünün, Sadıxcanın, Məşədi İsinin, Əbdülbağı Zülalovun, Cabbar Qaryağdıoğlunun, Keçəci oğlu Məmmədin, Məşədi Məmməd Fərzəliyevin, İslam Abdullayevin, Seyid Şuşinskinin, Bülbülün, Zülfi Adıgözəlovun, Xan Şuşinskinin, Məşədi Cəmil Əmirovun, Qurban Pirimovun, bəstəkarlardan Üzeyir Hacıbəyovun, Zülfüqar Hacıbəyovun, Fikrət Əmirovun, Niyazinin, Əfrasiyab Bədəlbəylinin, Soltan Hacıbəyovun, Əşrəf Abbasovun, Süleyman Ələsgərovun, müğənni Rəşid Behbudovun vətənidir. Bu hələ Şuşa musiqiçilərinin tam siyahısı deyil.
XX yüzilin əvvəllərində ictimai-siyasi və mədəni yüksəliş şəraitində Ü.Hacıbəyov müasir Azərbaycan professional musiqi mədəniyyətinin əsasını qoydu və şifahi ənənəli milli sənətlə bəstəkar yaradıcılığının sintezini yaratdı. Bu da Şərq aə Qərb mədəniyyətlərinin fəal qarşılıqlı təsirinə səbəb oldu. 1908-ci ildə Ü.Hacıbəyov H.Z.Tağıyevin teatrında qoyduğu "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycan operasının deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoydu, muğam-opera janrının yaradıcısı oldu. Azərbaycan dinləyicisi üçün yeni janrın qavranılmasında çətinlik olacağını dərk edən Ü.Hacıbəyov Füzulinin "Leyli və Məcnun" poemasına və xalq musiqi janrlarına (muğam, mahnı, rəqs) müraciət etmiş, dövrün əhval-ruhiyyəsi, xalqın mənəvi tələbləri ilə səsləşən səhnə əsəri yaratmışdır.