Mehman Sayadov
Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Sayadov Mehman Qəzənfər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Sayadov Mehman Qəzənfər oğlu 21 noyabr 1972-ci ildə Qərbi Azərbaycanın Vardenis rayonunun Günəş kəndində anadan olmuşdur.
Orta məktəbi yeddinci sinfə qədər doğma kəndlərində oxumuş, məlum səbəbdən ailəsi ilə birlikdə Samux rayonuna gəlmişdir.
18 yaşı tamam olanda M. Sayadov Sovet Ordusu sıralarına çağırılır. 6 ay Sverdlovskidə xidmət etdikdən sonra vətənə qayıdır və 1992-ci ildə "Azərbaycan bayrağı" könüllü müdafiə batalyonuna üzv yazılaraq cəbhəyə yola düşür.
Şuşa rayonunun bir sıra kəndlərinin müdafiəsində qəhrəmanlıq nümayiş etdirir. Kosalar və Nəbilər kəndində ağır döyüşlərdə əsl qəhrəmanlıq nümayiş etdirir.
1992-ci il 9 mayda Nəbilər kəndinin müdafiəsi nəticəsində qəhrəmancasına həlak olub.
Subay idi.
Cəsədi döyüş meydanında qalmışdır.