Hidayət Rüstəmov
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Rüstəmov Hidayət Eldar oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Rüstəmov Hidayət Eldar oğlu 19 avqust 1970-ci ildə Ağdam rayonunun Xıdırlı kəndində anadan olmuşdur. Səkkizillik təhsilini başa vurduqdan sonra təhsilini Ağdam şəhərindəki 50 saylı texniki peşə məktəbində davam etdirmişdir.
1988-90-cı illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1991-ci ildə Ağdam rayon Daxili İşlər Şöbəsinin post - patrul alayına qəbul olundu. İlk günlərdən bir çavuş kimi qəhrəmanlıqla vətənə qulluq edirdi.
23 dekabr 1991-ci il Meşəli kəndinə ermənilərin hücumu zamanı kənd mühasirəyə alındı. İnsanları təhlükəsiz yerlərə yerləşdirərək, qeyri - bərabər döyüşlərdə fəallıq göstərdi. Son damla qanına qədər erməni yaraqlılarına qarşı döyüşən H. Rüstəmov qəhrəmancasına həlak oldu.
Subay idi.
Ağdam rayonunun Şəhidlər xiyabanında dəfn edilmişdir.