Cavanşir Rəhimov
Azərbaycan Respublikası prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 saylı fərmanı ilə Rəhimov Cavanşir İzzət oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Rəhimov Cavanşir İzzət oğlu 5 iyun 1973-cü ildə Qax rayonunun Qaşqaçay kəndində dünyaya gəlmişdir.
Ailəsi ilə birlikdə Bakıya köçən Cavanşir, Suraxanı rayonu 104 saylı orta məktəbi bitirdikdən sonra, təhsilini texniki - peşə məktəbində davam etdirmişdir. İdman ustası idi.
1992-ci ildə hərbi xidmətə çağırılaraq Azərbaycan Hərbi Hava Qüvvələrində xidmət etmişdir. Hərbi vertolyotun bort atıcısı kimi hərbi peşənin sirlərinə yiyələnmişdir. 1992-ci ildə səmaya qalxan Cavanşir bir neçə dəfə uğurlu uçuş keçirərək düşmənə ağır zərbə vurmuşdur.
Növbəti dəfə Kasapet yüksəkliyi uğrunda gedən döyüşdə vertolyot düşmən tərəfindən vurulur və bu zaman zərbədən Cavanşir taxıl zəmisinə düşür. Bir aydan sonra malqara otaran çoban Cavanşirin meyidinə rast gəlir və yaxınlıqdakı hərbi hissəyə aparır. 1992-ci ilin sentyabr ayının 9-da Müdafiə Nazirliyinin işçiləri və Cavanşirin atasının iştirakı ilə dəfn edilir.
Subay idi.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Bakının Suraxanı rayonundakı 146 saylı orta məktəb onun adını daşıyır. Qaraçuxur qəsəbə parkında büstü qoyulmuşdur.