Elçin Mehrəliyev AZƏRBAYCAN ƏDƏBİYYATI QARABAĞIN İŞĞALI PROBLEMİ HAQQINDA Müasir Azərbaycan ədəbiyyatını düşündürən ən vacib mətləblərdən biri Qarabağ uğrunda mübarizədə müvəqqəti məğlubiyyətin səbəblərini araşdırmaqdan ibarətdir. Belə səbəbləri məzmun və qayəsinə görə iki qrupa bölmək olar: 1) Məğlubiyyətə gətirib çıxaran daxili səbəblər; 2) Məğlubiyyəti şərtləndirən xarici səbəblər. Azərbaycan ədəbiyyatı müharibə gedən bir ölkədə ayrı-ayrı partiyaların yaradılması, siyasi cəbhələşmə,

Bu konu 1567 kez görüntülendi 0 yorum aldı ...
AzƏrbaycan ƏdƏbiyyatı qarabağın işğalı problemi haqqında 1567 Reviews

    Konuyu değerlendir: AzƏrbaycan ƏdƏbiyyatı qarabağın işğalı problemi haqqında

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1567 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart AzƏrbaycan ƏdƏbiyyatı qarabağın işğalı problemi haqqında

    Elçin Mehrəliyev
    AZƏRBAYCAN ƏDƏBİYYATI QARABAĞIN İŞĞALI PROBLEMİ HAQQINDA


    Müasir Azərbaycan ədəbiyyatını düşündürən ən vacib mətləblərdən biri Qarabağ uğrunda mübarizədə müvəqqəti məğlubiyyətin səbəblərini araşdırmaqdan ibarətdir. Belə səbəbləri məzmun və qayəsinə görə iki qrupa bölmək olar: 1) Məğlubiyyətə gətirib çıxaran daxili səbəblər; 2) Məğlubiyyəti şərtləndirən xarici səbəblər.
    Azərbaycan ədəbiyyatı müharibə gedən bir ölkədə ayrı-ayrı partiyaların yaradılması, siyasi cəbhələşmə, hakimiyyət uğrunda mübarizələr amilini birmənalı olaraq məğlubiyyətin başlıca daxili səbəbi kimi əks etdirir. Ədəbiyyatın bu mövqeyini Aruzun «Kaftar» hekayəsindəki qısa mükalimə ilə də ifadə etmək mümkündür: «Müharibə başladı… Sonra da başsız başçıların çəkişməsi ucbatından Qarabağ yiyəsiz qaldı. Düşmən torpağın üstünə yeridi» (1). Odur ki, Qarabağ mövzusuna mütəmadi müraciət edən yazıçı-publisistlərimizin yaradıcılığında müvəqqəti məğlubiyyətə görə şübhə, güman yüz yerə yönəlsə də, ayrı-ayrı fərdlər deyil, daxili parçalanmaya səbəb olan siyasi tərəflər, maraqlar ittiham edilir; nicatımız naminə siyasi qüvvələri birliyə və həmrəyliyə çağırış ideyası qırılmaz bir tel kimi izlənərək inkişaf etdirilir.
    Cəmiyyətdəki hərc-mərcliyin, başıpozuqluğun cəbhədə vəziyyətə mənfi təsirini S. Əhmədli «Axirət sevdası» əsərində belə əks etdirmişdir: «Çovğun bürümüş yollar, dolaylar, enişlər, meşə çığırları hey əsgərdi. «Yol evi» səmtdən axışıb gəlirdilər. Kimi də meşə talasında ocaq qalayıb qızışırdı, hamısı silahsız, başsız əsgərdi. Bunlar niyə səpələnmişdi qarda-qiyamətdə çöllərə? Əyin-başları da qalın deyildi. Elə bil əldən buraxılıb, fəlakətdən qurtulub çatmışdılar buraya» (2, s. 51). Cəbhədəki vəziyyəti əks etdirən belə bir epizoda da diqqət yetirək: «Komandir əsgəri Direktorun əlindən alıb kənara itələdi:
    - Müəllim, bir dayan görüm. Nə olub?
    - Görmürsən bu binamusları, postu qoyub qaçırlar.
    Komandir qorxudan ciyərləri ağızlarından gələn, tozun-torpağın içində, tökülüb-itən bu burnufırtılıqlı əsgərlərə baxdı… Ömründə bircə dəfə də silah görməyən bu burnufıtılıqlı uşaqlara heç bir təlim keçmədən, döyüşə hazırlamadan, hətta əyinlərinin ölçüsünə-filanına baxmadan əsgər paltarı geyindirib doldururdular avtobusa və göndərirdilər ermənilərin ət maşınının ağzına, elə bil millətin qəsdinə durmuşdular. Belələrinin çoxu birinci döyüşdəcə güllənin səsindən şoka düşürdü. . . (3, s. 96). Bu kiçik təsvirlər, «hamısı silahsız, başsız əsgərdi», «tökülüb-itən burnufırtılıqlı» ifadələri müharibədəki acınacaqlı vəziyyəti, ordudakı pərakəndəliyi, hərbi intizamın lazımi səviyyədə olmamasını aydınlaşdırır.
    Ədəbiyyatın ekstremal şəraitdə yaranmış vəziyyətə, xüsusən də düşmən qarşısından qaçmaq kimi sosial-mənəvi problemə münasibəti müxtəlifdir. X. R. Ulutürkün «Hara qaçırsan, dayan!», N. Xəzrinin «Cəbhədən qaçan oğlan» adlı şerləri müharibənin ilk illərində yazılmış və fərarilik milli mentalitetə yad və yabançı bir xüsusiyyət kimi lənətlənmişdir. Cəbhədən qaçmaq hallarına ədəbiyyatın ilk münasibətindən belə məlum olurdu ki, problemin kökü daha dərindədir və cəmiyyətdən gəlmədir. Əsgər cəbhəyə nə üçün göndərildiyini dərk edir, amma ölüm təhlükəsindən uzaqlaşmaq üçün öz qənaətində yanılmadığına əsaslar axtarır, bəhanələr gətirir. Orduda yeyinti hallarını, əsgərlərə xidmətin yarıtmazlığını, general olmaq üçün dəridən-qabıqdan çıxanları, milyardçı şirkətçilərin, müftəxorların kef-damaqda olmasını, daha nələri-nələri xatırlayır və qarışıq hisslər, fikirlər içində səngəri tərk edir.
    Fərarilik motivi çox zaman satqınlıq, xəyanət motivləri ilə yanaşı işlənir. Doğrudur, ədəbiyyatın yurdu qoyub qaçanla, satqını, xaini ittihamı bir qədər fərqlidir. Birincilərə münasibətdə tərbiyəedici xüsusiyyət – Vətənin sadəcə torpaq deyil, altından keçilən bayraq, tarix, əcdadların xatirəsi, ruhu və s. olmasının, vətəndaş məsuliyyətinin izahı özünü qabarıq göstərirsə, ikincilərə münasibətdə satqının – daxili düşmənin kimliyi haqqında suallar və barışmaz düşüncələr əsas yer tutur. Satqının, xəyanətkarın kimliyi ilə bağlı axtarış çox zaman «içimizdəki yad, içimizdəki düşmən» - kimi mücərrəd bir nəticə ilə sonuclanır. Yaxud A. Abbasın «Dolu» romanında, Ə. Azayevin «Əsgər anası» povestində şahid oluruq ki, davaya heç də hamı torpaqlarımızı qorumaq üçün gəlməyib. Hətta onların içərisində cəsur döyüşçünü məhv etmək üçün fürsət axtaranlar da var. Həqiqətən də, içimizdəki xainlərin əli ilə «Dolu»da Drakonun qətlinə sifariş verilir, «Əsgər anası»nda Elnur qətlə yetirilir. Əyyub Qiyasın «Qırmızı…. qıpqırmızı» hekayəsində «arxadan vurulma» motivi ruhların söhbəti əsnasında açılır: «…Komandir yumruğu ilə torpağa ilişdirdi:
    - Hər şey aydın oldu. Bizim itkin düşən əsgərlərimizin izinə düşdüm, onları da arxadan vurublar, sonra da silahlarını götürüblər. Məni də elə vurdular… Səni də… (4, s. 430-431). Eləcə də Z. Məhərrəmlinin «Döyüşə qızlar gedir» oçerklər kitabının qəhrəmanlarından Gültəkin Əsgərova Şuşanın işğalı ərəfəsində şəhərin başlı-başına buraxıldığını, «hətta düşmənin 120-dək hərbi maşınının şəhərə maneəsiz yaxınlaşdığını gördüyünü ürək ağrısı ilə bildirir: – Bunlara satqınlıqdan, dönüklükdən başqa nə ad vermək olardı?! – qənaətinə gəlir (5, s. 14). Yaxud M. Abdullanın «Əvvəl. Axır» romanında təsvir edilən epizodların birində ermənilər tərəfindən döyüşən rus hərbçisi Andrey Azərbaycan ordusunun «davasız-filansız qaçması»ndan təəccüblənərkən erməni Aron ona belə deyir: «Narahat olma, əvvəldən danışılıb» (6, s. 183). H. Mirələmovun «Yanan qar» romanında düşmən qarşısından qaçan ordunun əslində ordu adıyla rayona soxulmuş bir dəstə quldurdan ibarət olması, min oyundan çıxaraq camaatın son qəpik-quruşunu əlindən alması fikri aşılanır. A. Abbas «Dolu» romanında düşmənin Ağdam istiqamətində cəbhə boyu hücumunu təsvir edərkən «Yeddiyüzdoqquz topun-tüfəngin götürüb qaçır» nidasını şəhərin süqutuna səbəb olan başlıca amil kimi vurğulayır. Digər çoxsaylı bədii və sənədli-bədii əsərlərdə də oxşar məzmunlu fikirlər əks etdirilir, hiss olunur ki, bu müəmmadan doğan suallar yazarlara rahatlıq vermir.
    A. Rəhimovun «Ovlaq keçidi» povestinin qəhrəmanı Qafar kişinin nəzərincə, daxildəki xəyanətkarlar, təxribatçılar ölkədə müharibə getdiyi bir vaxtda oğurluqla, quldurluqla, talançılıqla məşğul olan, mötəbər yığıncaqlarda vətən, xalq, millət adından danışsalar da, əməlləri, fikirləri, düşüncələri ilə öz şəxsi mənafelərinə, ambisiyalarına xidmət edən «it südü əmmişlərdi». «İt südü əmmişlərin» kimliyi yazıçının «İkili dünyam» romanında bir qədər də aydınlaşır. Əsərin əsas qəhrəmanı Valeriyə məlum olur ki, xəyanətkar sadə adamlar, adi əsgərlər deyil, yüksək rütbəli hərbçilərdi, yuxarı kürsüdə əyləşən rəhbərlərdi, çinovniklərdi. Cəsuslar bir tərəfdən «Mənim xalqım», «Mənim millətim», «Mənim vətənim» deyə-deyə küçələrdə, meydanlarda, televizorda və başqa informasiya vasitələrində bağırırlar. Sonra da müxtəlif kanallarla sirləri erməni hərbi kəşfiyyat idarələrinə ötürürlər. Əvəzində ermənilərdən küllü miqdarda pul, ruslardan isə yüksək vəzifə vədləri alırlar (7).
    F. Süleymanov «Ana gördüm gözüyaşlı» kitabında tükürpədici bir hekayəti xatırlatmaqla azərbaycanlılar arasında terror və təxribat aparmaq məqsədilə qəsdən «türkləşdirilmişlərin» aramızda bu gün də olduğunu və Qarabağ müharibəsində məğlubiyyətimizdə ciddi rol oynadığını göstərir, konkret ad çəkir: «Şabanov – Qubadlı-Zəngilan bölgəsindəki komandir. Buna sübut 1993-cü ildə bütün qoşunlara çıxmaq əmri verib. . . Şabanov da bu nəsildəndir. Özü də Rusiyada hərbi qulluqda olarkən «udostovereniya»sına Spitakda doğulduğu yazılıb. Yaxşı olardı ki, belə adamların bütün nəslini yoxlayıb, ədalət məhkəməsinə versinlər ki, xalqımızı belə dilənçi günə salmasınlar…» (8, s. 198-201). Yazıçı bu hökmü birdən-birə çıxarmır. Əvvəlcə, 1968-ci ilin iyulunda Kislovodskda dincələrkən pasportunda 1914-cü ildə Spitakda doğulduğu, adının, soyadının Səfərov Aydın İbrahim oğlu olduğu göstərilən, əslində isə milliyyətcə xalis erməni olan Qurqen Avonesyanla tanışlığından bəhs edir. Can üstündə olan Qurgen Spitak şəhərindəki «Erməni xalqının xoş gələcəyi» adlandırılan qapalı məktəbdə təhsilə cəlb edilərək türklərə nifrət ruhunda tərbiyə edilməsi, bu məqsədlə ən iyrənc yollara əl atılması, hətta onun ailə üzvlərinin işgəncə ilə qətlə yetirilərək bu cinayətin türklər tərəfindən törədildiyi fikrinin başına yeridilməsi, İkinci Dünya müharibəsi illərində üzvü olduğu Daşnaksütyun partiyası tərəfindən Həzi Aslanovu qətlə yetirmək barədə tapşırıq alması və s. haqqında danışmaqla sanki son nəfəsdə mənəvi sıxıntıdan qurtulmaq istəyir. Yazıçı bu əhvalatın təəssüratı ilə Şabanov xəyanətinin kökünü arayır.
    Ə. Əmirlinin «Ölü doğan şəhər» romanında isə hətta Azərbaycanın öz hüdudları daxilində erməni şovinst təşkilatlarının, erməni millətçi dərnəklərin fəaliyyət göstərməsi kimi acı bir həqiqət çılpaqlığı ilə ortaya qoyulur. Əsərdə Azərbaycan təhsil sistemində işləyən erməni qadınının «Krunk» kimi erməni terrorçuları ilə əlaqəli olan bir təşkilata üzv olması və bu motiv ətrafında cərəyan edən hadisələr əks etdirilir. Yazıçı qələmə aldığı bu acı reallıqla məğlubiyyətimizə gətirib çıxaran və daha çox siyasi səbatsızlıqla bağlı olan mühüm bir amili qabartmış olur. Biz eyni mövqe və münasibətlə M. Abdullayevanın «Ürəkkeçmə» povestində də qarşılaşırıq: «Ermənilər elə əvvəldən Bakının göbəyində yaşayırdılar… mərkəzdəki «arxitektur» evlərdə, «stalinka» mənzillərdə buğlana-buğlana bizim əleyhimizə planlar tutur, qurğular qururdular» (9, s. 103). Lakin bu da hamısı deyil. «Yanan qar» romanında Sergey bacısı Vartanuşu əsirlikdən xilas etmək üçün bakılı dostlarını saf-çürük edərkən uzun bir siyahı üzərində düşünməli olur və nəhayət «dağa-daşa düşməkdənsə «ermənilərin böyük yeznəsi» adı ilə tanınan, «Bakının beş-üç kişisindən biri hesab olunan» əmisi qızı Rayanın ərinin üstündə dayanır (10, s. 37). Bu kimi bədii epizodlar, ədəbi mühakimələr vətənə xəyanət hadisəsinin əsasən milli unutqanlığın – ermənilərə inam-etibar göstərməyin, onlarla qohumluğun faciəvi aqibəti olduğunu əks etdirir.
    Məkrli düşmənlə qohumluğun faciəvi aqibəti S. Əhmədlinin «Axirət sevdası» romanında, artıq döyüş bölgələrinə soxulmuşların xəyanətkar əməllərində əks etdirilir: «Kəlbəcər uğursuzluğu yayılmasın, səsə düşməsin deyə, çoxlarını pərən-pərən salmışdılar. Məhəmmədgilin hissəsini aparmışdılar Neftçalaya. Orada həmin bu taqım komandirini də (yasa gəlmiş komandir - E. M. ) sorğuya tutmuş, sonra ayrı-ayrı bölgələrə göndərmişdilər. İki komandiri həbs etdilər, onların məhkəməsi oldu. Demə, birinin anası erməniymiş. İş kəsdilər, özü də hərbi məhkəmənin qərarı ilə onlar cəzanı cəbhə bölgəsində çəkməliymişlər. Az qan tökülmüşdü bu qeyrətsizlərin ucbatından. Qoy, gedib cəbhədə yenidən axıtsınlar millət balalarının, kasıb-kusub uşaqlarının qanını!» (2, s. 59).
    Eyni kökdə xəyanət motivi Ə. Hacızadənin «Qan» hekayəsinin başlıca ideya-məğzini təşkil edir. Yazıçı bu əsərində təsvir etdiyi epizodla neçə-neçə vətənsevər gəncimizin satqınlığın qurbanı olması gerçəkliyini qələmə alır, Rafiq obrazı vasitəsilə xainin təbiətini açır, «türkə nifrətin» ana südü ilə nəsildən-nəslə keçməsi həqiqətini təsdiq edir (11, s. 347-348).
    Qarabağ uğrunda mübarizədə müvəqqəti məğlubiyyətin daxili səbəbləri haqqındakı ədəbi baxışların müqayisəli təhlili belə bir nəticəyə gəlməyə imkan verir ki, bu səbəblər əsasən özünüqınaq ruhunda göstərilib şərh edilir. Bu isə xalqı ayıq-sayıqlığa çağırmaq, cəmiyyəti mənən sağlamlaşdırmaq arzu-məramından irəli gəlir. Ədəbiyyat məğlub vəziyyətdən çıxış yolunu yalnız bütün Vətənin əsgərə çevrilməsində görür, yalnız bu yolla Vətənin ərazi bütövlüyünü təmin etmək, suveren hüquqlarını qorumaq olar, - qənaətinə gəlir.
    Qarabağ uğrunda mübarizədə Azərbaycanın məğlubiyyətinə şərait yaradan amillər sırasında bu münaqişədə xarici dövlətlərin marağı məsələsi xüsusilə diqqətə çəkilir. Çünki Anarın «Otel otağı»nın qəhrəmanı Kərim Əsgəroğlunun düşündüyü kimi, bu dava tək bir Qarabağ davası deyil, hətta Ermənistan-Azərbaycan arasında müharibə də deyil, böyük dövlətlərin gizli əli, açıq maraqları var burda: «Savaş döyüş meydanlarından başqa çox uzaq məkanlarda cərəyan edir, - dedi – böyük dövlətlərin paytaxtlarında, uluslararası şirkətlərin, mötəbər bankların, silah, neft, narkotik alverçilərinin maraqları toqquşduqları yerlərdə. Dünya mass-mediyasında, Moskvanın, Vaşinqtonun, Parisin hökumət kabinetlərində, hakimiyyət dəhlizlərində,… din amilində…» (12). Odur ki, Qarabağ savaşı xristian dininə mənsub birlik əsasında ermənilərə havadarlıq edən xristian dünyasının müsəlman aləminə qarşı müharibəsi anlamında dərk edilir, Azərbaycan xalqının faciələrinə biganə münasibət, ən yaxşı halda, problemin həllinə ikili standartlarla yanaşma qınaq və tənqid hədəfinə çevrilir. «. . . Cümü motorolleri həyətdə saxlayıb yataqxananın blokuna girmək istəyəndə Məmməd kişi ondan soruşdu:
    - Bura bax, ə, Cümü, ermənilər müsəlman olsaydı, ruslarnan Amerika yenə onlara qəhmər çıxacaqdılar?» (13, s. 51). Odur ki, erməni təcavüzü faktına birbaşa, konkret fakt və rəqəmlərin dili ilə aydınlıq gətirilir. «Torpaq məsələsi ilə bağlı xalqların taleyi ilə oynamaq olmaz!» – ümummilli etirazı ucadan səslənir.
    S. Şərifova problemin ədəbiyyatda qoyuluşu və işlənməsi vəzifəsindən bəhs edərkən qeyd edir ki, erməni millətçilərinə xarici yardımı təsvir edən yazarlar əsas aksenti Rusiyaya etmişlər (14, s. 49-50). Həqiqətən də Qarabağ mövzusunda yaranan əsərlərdə Azərbaycan xalqına qarşı qeyri-humanist həmrəyliyin dinamik səciyyə daşıması, münaqişənin meydana gəlməsi və inkişafı prosesində rusların rolu məsələsi xüsusilə qabardılır. Ədəbiyyat göstərir ki, Qarabağa tuşlanan güllələr əslində indi atılmır, bu güllə iki yüz ildir yol gəlir, xalqın varlığından keçir. Milli ədəbiyyatda belə bir mövqenin, ideya xəttinin təzə olmaması da Azərbaycan xalqının faciəvi taleyində rus imperiya siyasətinin köklü rol oynadığını təsdiq edir. Lakin bu bir faktdır ki, müasir Azərbaycan ədəbiyyatında «Rusiya amili»nin qabardılmasına meyl Qarabağ hadisələri ilə canlanmışdır. Bu meyl ilk olaraq publisistikada özünü göstərməyə başlasa da, tədricən ədəbiyyatımızın bütün sahələrində səciyyəvi hal kimi özünü göstərmişdir. Buna müvafiq olaraq ölüm-itim olayları arxasında gizlənən siyasi kələklər Azərbaycan torpaqlarının işğalına stimul verən köklü səbəblər kimi şərh edilir.
    «Atan kazaklardır».
    Atan ruslardır. . .
    Birinci Pyotrun vəsiyyətindən
    Boylanıb, dikəlib qalxır Rusiya
    Gözlərini qıyıb, odlu lülədən
    baxır Rusiya
    Bomba kimi, mərmi kimi
    Yağır üstümüzə, yağır Rusiya (15, s. 7)
    Milli ədəbiyyat müstəqil bir ölkəyə badalaq verən, azadlıqsevər bir xalqın qollarını qandalsız təsəvvür etmək istəməyən qüvvələrə «Qarabağdan əlini çək» xəbərdarlığı edir, Azərbaycan torpaqlarını ermənilərə pay vermək niyyəti güdənlərin kimliyini açıq-aydın cizgilərlə əks etdirməklə tarix qarşısında cavab verəcəkləri ilə hədələyir:
    Torpaq üstdə şahidlər də,
    Torpaq üstdə şəhidlər də
    Haray çəkir:
    xallı «mələk»,
    sən də, sən də Qarabağdan
    əlini çək, əlini çək! (16, s. 10)
    V. Babanlının «Ana intiqamı», Ə. Hacızadənin «Möcüzə», A. Rəhimovun «İkili dünyam», Nigarın «Daş hasar», A. Abbasın «Dolu», F. Günayın «Qara qan», N. Məmmədlinin «Zəngulə», M. Abdullanın «Əvvəl. Axır», E. Mollayevanın «Əsir ürəklərin fəryadı» və digər bu kimi roman və povestlərdə rus hərbçilərinin ermənilərə yardım göstərmələri faktları ayrı-ayrı obrazlar, epizodlar, dialoqlar vasitəsilə əks etdirilməklə, əslində belə tərəfkeşliyin ənənəviliy xüsusiyyətinə – Rusiyanın Qafqazla bağlı yürütdüyü tarixi siyasətin mühüm tərkib hissəsi olmasına, bunun kök və səbəblərinə aydınlıq gətirilir. Məsələn, Ş. Süleymanovun «Qibləsiz məzar» romanının əsas obrazlarından olan tarixçi-alim Xalid, I Pyotrun «Vəsiyyətnaməsi»ndən söz salarkən, Türkiyə, İran və Qafqazla bağlı fikirlərini, onun Qafqazın müsəlman əhalisinə qarşı nifrət hissini xüsusi qeyd edir (17, s. 175-178). Yaxud V. Babanlının «Ana intiqamı» povestində və A. Rəhimovun «İkili dünyam» romanında məlum tarixi siyasi kursun davamı müxtəlif baxış bucaqlarından şərh olunur. Əgər «Ana intiqamı»nda iki qonşu milləti hərbi qarşıdurma səviyyəsinə gətirib-çıxaran səbəblərin bədii araşdırması əsas yer tutursa, «İkili dünyam»da artıq qanlı qarşıdurmanın baş verdiyi bir mərhələdə Rusiyanın mövqeyi və rus hərbçilərinin ermənilərlə birgə azərbaycanlılara qarşı döyüşməsi aksentinə üstünlük verilir. Belə ki, «Ana intiqamı»nda bir səhnə – Haykanuşgildə qonaqlıq məclisini, bu məclisdə Yerevandan gəlmiş tosqun professorun tost söyləməsini təsvir edən epizod çox xarakterikdir. Yazıçı bu epizod vasitəsilə təxminən 60-cı illəri nəzərdə tutur. Tosqun erməni professoru nitqində genosid hadisəsini yada salır, düşməncəsinə deyir ki, «türklərin vəhşi genosidindən, millətimizin o müdhiş soyqırımından düz qırx altı il keçir». Məkrli düşmənlərimiz bu niyyətlərini illər boyu gizli saxlayırdılar, hətta üzdə «sovet xalqlarının dostluğu» şərəfinə ağız dolusu danışsalar da, ürəklərində bədxah niyyətlərini bir an belə yaddan çıxarmır, öz aralarında türkə düşmənçilik ideyalarını yayaraq şüurlara aşılayırdılar. Əsərin qəhrəmanı Qumru onların bu sifətlərini adi həyat tərzlərində, məişətlərində müşahidə etmişdir. Lakin buna baxmayaraq, bizim hər birimiz kimi, Qumru da bəzən rastlaşdığı bu cür hadisələri kifayət qədər nəzərə almamışdır. İllər keçmiş, sovet cəmiyyətinin ideya-mənəvi əsasları laxlamışdır və məhz belə bir vaxtda erməni millətçiləri baş qaldırmışlar. Keçmiş sovet gerçəkliyinin, nəhayət Qorbaçovun həyata keçirdiyi bədnam «yenidənqurma» hadisəsinin bu acı həqiqətini V. Babanlı öz povestində müharibəyə gətirib çıxaran siyasi amil səviyyəsində mənalandırmışdır. «İkili dünyam»da isə rus zabiti İvan Kiselyov belə deyir: «Azərbaycan iki hissəyə bölünüb. Cənubi Azərbaycan İranın, şimali Azərbaycan rusların əsarətindədir. Azərbaycanın geniş ərazisi, zəngin sərvətləri var. Bilirsən ki, Azərbaycanda indi güclü milli oyanış gedir. İki yerə parçalanmış bu xalq birləşərsə, Şərqdə güclü bir dövlət yarana bilər. Ona görə də bu nə ruslara, nə də İrana faydalı olar. Bunun üçün Azərbaycan daim nəzarətdə saxlanmalıdı. Ruslar bu respublikanı əldən vermək istəmirlər. Buna birbaşa müdaxilə etməyi də özlərinə sığışdırmırlar. Qorxurlar ki, beynəlxalq aləmdə az-çox olan nüfuzlarını da itirsinlər. . . Bunun üçün erməniləri irəli itələyir, özləri pərdələnmiş şəkildə Azərbaycana qulaqburması verirlər» (7, s. 232).
    Beləliklə, Azərbaycan ədəbiyyatı «Böyük Ermənistan» xülyası ilə zəhərlənmiş erməni məfkurəsinin mürtəce mahiyyətini, Azərbaycana təcavüzə gətirib çıxaran siyasi ideologiyanı ifşa etməyə, onun eybəcərliklərini açıb göstərməyə xüsusi diqqət yetirir. Bu meyl ən müxtəlif üslub (bədii-tarixi, bədii-etnoqrafik, bədii-elmi), forma və janrlarda hiss olunur. Müxtəlif istiqamətdə bədii araşdırmalar oxucunu inandırır ki, törədilən cinayətlərin kökü maraqlı dövlətlərin Qafqaz siyasəti və ermənilərin mentaliteti ilə əlaqəlidir. Qarabağ mövzusunda yazılan əsərlərdə Vətənin təklənmiş, heç kimi olmayan insan obrazı kimi canlandırılması da buradan irəli gəlir və Azərbaycanın müharibə şəraitindəki ağır vəziyyəti ilə bağlıdır. Ədəbiyyat bu motiv vasitəsilə xalqın özünəgüvənc, özünəinam motivinə gəlib çıxır. Bu mübarizədə haqlı olmağımız yetərli deyil, həm də güclü olmalıyıq – qənaətinə gəlir.
    Ədəbiyyat
    1. Aruz. Kaftar. «Kredo» qəz. , 2007, 27 yanvar
    2. Əhmədli S. Axirət sevdası. /«Azərbaycan» jurn. , 1998, № 1-2
    3. Abbas A. Dolu. «Azərbaycan» jurn. , 2007, № 12
    4. Qiyas Ə. Sonuncu büt. Bakı: Qanun, 2007.
    5. Məhərrəmli Z. Döyüşə qızlar gedir. Bakı: Dünya, 1997
    6. Abdulla M. Əvvəl. Axır. Bakı: «Qapp-Poliqraf», 2004.
    7. Rəhimov A. Romanlar. Bakı: Azərnəşr, 2004
    8. Süleymanov F. Ana gördüm gözüyaşlı. Bakı: Sumqayıt, 1998.
    9. Abdullayeva M. Ürəkkeçmə. Bakı: «Adiloğlu», 2004.
    10. Mirələmov H. Yanan qar. Bakı: Kür-Araz, 2007.
    11. Hacızadə Ə. Əsərləri. On cilddə, I c. , Bakı: «Nafta-Press», 2004.
    12. Anar. Otel otağı. «Azərbaycan» jurn. , 1996, № 1-3.
    13. Elçin. Qarabağ şikəstəsi / Bayraqdar. Bakı: Qapp-Poliqraf, 2004.
    14. Şərifova S. Müasir Azərbaycan romanlarında ictimai-siyasi mühitin təsviri problemləri. Bakı: «BQU», 2007.
    15. İsmayılzadə İ. Haran ağrıyır Vətən?, «Azərbaycan» jurn. , 1996, № 4-6.
    16. Mehdi. F. Əllidən sonra. Bakı: Yazıçı, 1993.
    17. Süleymanlı Ş. Qibləsiz məzar. Birinci kitab. Bakı: Ulduz, 2004.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: AzƏrbaycan ƏdƏbiyyatı qarabağın işğalı problemi haqqında

          Kategori: Azerbaycan Edebiyatı

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 1567

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş