Milli Azadlıq Hərəkatının Lideri - Əbülfəz Elçi Bəy
ƏBÜLFƏZ ELÇİ BƏY
(1938-2000)
Azərbaycan Xalq Hərəkatının lideri, Azərbaycan Xalq Cəbhəsinin yaradıcısı, AXC-nin və Xalq Cəbhəsi Partiyasının rəhbəri, müstəqillik uğrunda mübarizənin öndəri, XX əsrdə Azərbaycanın deyil, Türk Dünyasının ən tanınmış siyasi və ictimai xadimi.
Əbülfəz Əli Elçi bəy 1938-ci ilin İyun ayını 24 ünde Naxçıvan Muxtar Respublikasının Ordubad rayonun Kələki kəndində anadan olub. 1957-1962-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində (ərəb dili bölümü) oxuyub.Universiteti bitirdikdən sonra iki il, 1962-64-cü illərdə Misirdə tərcüməçi işləyibdir. 1964-cü ildə Bakıya döndükdən sonra Universitetinin tarix fakültəsinin aspiranturasında oxumuş və 1968-ci ildən Asiya və Afrika xalqları tarixi kafedrasında müəllim kimi fəaliyyət göstərib. «Tülunilər dövləti» mövzusunda namizədlik dissertasiyı müdafiə edib. 1971-ci ildən başlayaraq tələbələr arasında gizli dərnəklərin yaradıcısı və təşkilatçısı olub. 1975-ci ildə Sovet quruluşuna qarşı mübarizəsinə və antisovet dissident fəaliyyətinə görə Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən həbs edilmiş, 18 aylıq məhbus həyatından sonra, 1976-cı ilin iyul ayında azadlığa buraxılıb. Ə. Elçi bəy xüsusi xidmət orqanlarının tövsiyyəsi ilə Universitetdə və digər ali məktəblərdə işləmək hüququndan məhrum edilmiş, 1976-cı ildən başlayaraq 1992-ci ilə qədər S.Mümtaz adına Əlyazmalar İnstitutunda müxtəlif vəzifələrdə çalışmışdır.
Ötən əsrin 80-ci illərinin sonunda Dağlıq Qarabağda separatist meyllər başlandıqdan və Azərbaycan ərazisi Ermənistan təcavüzünə məruz qaldıqdan sonra Ə.Elçi bəy müqavimət hərəkatının təşkilatçısı olmuş, 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsini yaradanlardan biri olmuş və sonra isə onun ilk sədri seçilmiş, həyatının sonuna qədər bu istiqlal və demokratiya məktəbi olan bu partiyaya rəhbərlik etmişdir. O, 1989-cu ilin dekabrında Güney Azərbaycanla sərhədlərin götürülməsinin əsas təşəbbüsçüsü kimi çıxış etmiş, 1990-cı ilin 20 yanvar hadisələrindən sonra ardıcıl təqiblərə məruz qalmışdır.
Ə.Elçibəy 1992-ci ilin iyununda Azərbaycan Xalq Cəbhəsinin ilk qanuni namizəd kimi xalq tərəfindən Azərbaycan Respublikasının prezidenti seçilmişdir. Onun prezidentliyi dövründə Azərbaycan Respublikasında demokratik islahatlar həyata keçirilmiş, xarici qoşunlar Azərbaycandan çıxarılmış, milli valyuta dövriyyəyə buraxılmış, təhsildə inqilab olan test sistemi gerçəkləşdirilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində ciddhi addımlar atılmışdır.
1993-cü ilin iyununda antimilli qüvvələrin xarici ölkələrin dəstəyi ilə qaldırdığı qiyam nəticəsində Ə.Elçi bəy Bakını tərk etmiş. 1997-ci ilin payızına qədər Ordubad rayonunun Kələki kəndində sürgün şəraitində yaşamağa məcbur olmuşdur. Bu müddət ərzində o, siyasi və ictimai fəaliyyətdən uzaqlaşmamış, bütövlükdə AXC-yə və milli-demokratik hərəkata rəhbərlik etmişdir. Məhz onun liderliyi ilə 1995-ci ildə AXC ictimai-siyasi təşkilatdan siyasi partiyaya çevrilmişdir. Siyasi fəaliyyətlə yanaşı, Ə.Elçibəy elmi yaradıcılıqla da məşğul olmuş, 1997-ci ildə İstambulda «Tolunoğulları dövləti» və 1998-ci ildə Ankarada «Bütöv Azərbaycan yolunda» adlı əsərləri nəşr olunmuşdur.
90-cı illərdə geniş siyasi fəaliyyəti ilə Ə.Elçi bəy Güney Azərbaycan məsələsini yenidən siyasi müstəviyə gətirmiş, Bütöv Azərbaycan Birliyi təşkilatını yaratmışdır.
XX yüzilin sonunda Azərbaycan türklərinin milli azadlıq mücadiləsinə liderlik edən Ə.Elçi bəy 2000-ci ilin avqustunda vəfat etmiş, onunla vida mərasimi ümumxalq hüzn gününə çevrilmişdir. Onun adı və əməlləri əbədi olaraq Azərbaycan Xalq Cəbhəsi Partiyasının, Azərbaycan xalqının milli mücadilə tarixinə daxil olmuşdur.
Sevgim - Millətə !
Vurğunluğum - Azadlığa , ədalətə !
İtaətim - Müəllimlərimə !
Borcum - Dostlarıma !
Nifrətim - Yalançılara , iki üzlülərə !