Ruslan Muradov
Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə Muradov Ruslan Həmid oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Muradov Ruslan Həmid oğlu 27 iyun 1973-cü ildə Mingəçevir şəhərində doğulmuşdur.
1990-cı ildə Mingəçevir şəhər 10 saylı orta məktəbi bitirdikdən sonra Vitebsk şəhərində ali məktəbə daxil olmuşdur. Təhsilini yarımçıq qoyaraq, Mingəçevirə qayıtmış, atasının işlədiyi Mingəçevir Texniki rezin məmulatı zavodunda işə düzəlmişdir.
1992-ci ilin 22 yanvarında Milli Ordu sıralarına daxil oldu. 1992-ci ilin aprelində Ağdamın Papravənd kəndinə göndərilir. Burada həyata keçirilən kəşfiyyatın daha uğurlu olmasında R. Muradovun da müstəsna rolu olmuşdur.
1992-ci ildə Azərbaycan Silahlı Qüvvələrinə məxsus bir təyyarə vurulmuşdur. O, təyyarəçini xilas etmək üçün bir neçə yoldaşı ilə birlikdə keçirilən əməliyyatda iştirak edərək mühasirəyə düşmüşdür. Mühasirəni yararaq təyyarəçiləri azad edirlər. 1992-ci il avqustun 22-də Ağdam rayonunun Gülyataq kəndinin azad olunması uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olmuşdur.
Subay idi.
Mingəçevir şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Vaxtilə oxuduğu orta məktəb indi onun adını daşıyır. Məktəbdə büstü qoyulmuşdur.