Kullanıcı Tag Listesi

NOVRUZ məəcunları Həddindən dadlı, ləzzətli və cana xeyirli bir şey yedikdə, adətən «bu yemək deyil, əsl məəcundu, məəcun» deyirik. «Məəcun» nə dəməkdir? Dilimizin izahlı lüğətində oxuyuruq: «Məəcun - xalq təbabətində xüsusi hazırlanıb xəstə və zəif adamlara verilən xəmirvari bir yemək növüdür» * İnsanlar uzun sürən sərt qış günləri tazətər meyvələr yemək imkanından məhrum olub, qeyri-qənaətbəxş qidalandıqlarına görə, onların orqanizmləri lazımi maddələr almır və nəticədə, bədənin qoruyucu

Bu konu 966 kez görüntülendi 0 yorum aldı ...
Azərbaycan NOVRUZ məəcunları 966 Reviews

    Konuyu değerlendir: Azərbaycan NOVRUZ məəcunları

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 966 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.494
    Konular
    5200
    Beğendikleri
    0
    Beğenileri
    14
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Azərbaycan NOVRUZ məəcunları

    NOVRUZ məəcunları


    Həddindən dadlı, ləzzətli və cana xeyirli bir şey yedikdə, adətən «bu yemək deyil, əsl məəcundu, məəcun» deyirik. «Məəcun» nə dəməkdir? Dilimizin izahlı lüğətində oxuyuruq: «Məəcun - xalq təbabətində xüsusi hazırlanıb xəstə və zəif adamlara verilən xəmirvari bir yemək növüdür» * İnsanlar uzun sürən sərt qış günləri tazətər meyvələr yemək imkanından məhrum olub, qeyri-qənaətbəxş qidalandıqlarına görə, onların orqanizmləri lazımi maddələr almır və nəticədə, bədənin qoruyucu gücü aşağı düşərək, bir qayda kimi heçə enir..Nəticədə, onlar tez-tez xəstələnib sağlamlıqlarını itirir və Yaz fəslini, demək olar ki, artıq taqətdən düşüb üzülmüş, həddindən zəifləmiş halda qarşılayırlar. Belə ki, xəstəliklərə qarşı müqaviməti artırmaq, sağlamlıqlarını YAZ-YAY günlərinə qədər qoruyub saxlamaqdan ötrü ulu babalarımız NOVRUZ bayramı ərəfəsindəki 90 gün müddətində bir para bayram və İLAXIRÇƏRŞƏNBƏLƏRİndə, bir adət-ənənə olaraq, həm müştərək halda, həm bir ailə çərçivəsində qidalı, cana xeyir verən, bədənə güc-qüvvət, istilik gətirib onu möhkəmlədən xüsusi «məəcun» yeməklər hazırlar və onları ilk növbədə xəstə uşaq, qoca və zahılara, yerdə qalanları isə başqa ailə üzvlərinə yedirdirdilər. * Mütəxəssislərin rəyinə görə, NOVRUZ ərəfəsində qeyd olunan bayramlar zamanı məəcun hazırlamaq ənənəsi hələ Şumer dövrü Orta Asiyadan Yaxın Şərqə keçmişdir. Bu ənənəni Orta Asiyada məskunlaşmış bütün türk xalqlarının məişət və bayramlarında yaşaması buna gözəl dəlalətdir. Tutalım, qazax türklərinin son illərə qədər NAVRIZKÖÇƏ yeni il mərasimi zamanı hər evdə iri çənlərdə qaxac olunmuş ət tikələri, buğda yarması, az miqdarda darı, düyü, noxud, qarğıdalı və s. bitki danələri və quru pendirdən hazırlanmış çox ləzzətli bir bayram bişmişinə «navrızköçə», yəəni NOVRUZ xaşılı deyirlər. * Qırğız türkləri isə buna oxşar məəcuna «nooruzköçə» adı vermişlər. Onların xaşılı, əslində darı yaxud buğda yarmasından bişirilmiş bir növ duru şorbadır. «Auzköçə» deyilən başqa bir xörək bir az duz qatılmış qovut qarışığının yeni doğmuş inək südündə qaynadılması ilə alınır. Eyni zamanda NOVRUZ günü Xarəzm və Səmərqənddə «novruzqucə» və ya sadəcə «qücə» adı daşıyan bir təam ayrı-ayrı evlərdə bişirilərək məscidlərə aparılır və burada nəzir-niyaz təki məsciddəkilərə paylanır. Sıyıq aşı və bizim hədiyi xatırladan həmin «qücə» yeddi cür «hübubat», yəəni dənli-paxlalı bitki - hind darısı, buğda, arpa, darı, düyü, lobiyə və maşın qarışığından bişirilir. * Əslinə varsan, bunlara oxşar un və bitki danələrindən hazırlanan bəsit məəcunlar xalqımız arasında «xaşıl».«hörrə»,«hədik» və «umac» adları altında tanınır. Onlara ÇIRAĞAN bayramından başlayaraq, adətən qışın Böyük və Kiçik Çillələri və Boz Çilləyə qədər ən şaxtalı çağlarında bişirilən adi yemək kimi baxılmışdır. Diqqət yetirsək, bu bişmişlərdə, bir qayda olaraq şəkər-şərbət və ədviyyat əsla işlənmir. Sən demə onlar vaxtilə köçəri həyat sürmüş türk xalqları üçün daha səciyyəvi sayılan xüsusi yeməklərdir. Bu xalqlar Yaxın Şərqə yeridikcə buradakı bir sıra yerli adət-ənənələrlə tanış olduqda, bu təamlara artıq şəkər və ədviyyat qatmağa başlamışlar. Nəzərə almalıyıq ki, bizim günlər istifadə etdiyimiz şəkər çuğundurundan alınan qənd, əslində XVİİİ yüzilin «kəşfi»dir. Ulu babalarımız ondan öncəki zamanlarda şəkər qamışı «neyşəkər»dən alınan məhsullarla yanaşı, əsas etibarilə bədənə istilik gətirən saf arı balı, həmçinin üzüm, əncir, xurma, tut və bu kimi şirin meyvələrdən alınmış şərbət,riçal və doşablardan istifadə etmişlər. Neyşəkərin vətəni cənub-şərqi Asiya olsa da, ondan alınan şəkər Yaxın Şərqə yalnız Vİ yüzildə gəlib çıxmışdır. Burada meyvə şirələri və həmin şəkərin qarışığından alınmış şəffaf, bəəzən isə bozumtul, çəhrayı və ya sarı rəngli kristallara «nabat» demişlər. Ağ sapa düzülmüş buza bənzər bu «şəkər parçaları» əski zamanlardan bəri xalqımız arasında, bir adət olaraq bayram mərasimi və toy-nişan şirniyyatı tək işlənməkdədirlər. * Bəllidir ki, Orta Asiya-Türküstanın ayrı-ayrı yerlərində NOVRUZ bayramı üçün müştərək tərzdə göyərdilmiş buğda şirəsindən özünəməxsus bir həlim bişirilir ki, ayrı-ayrı yerlərdə ona «sumalək», «sümələq» və «səmənağ» deyilir. Yurdumuzda əsas etibarilə novruzağzı qış bayramları və mübarək YERÇƏRŞƏNBƏ gecəsi hər ailə yaxud bir məhəllənin sakinləri müştərək şəkildə hazırlayıb yedikləri şirin məəcun isə «səməni həlimi» və ya «səməni mayası» (ona «maya səməni» və səhvən «halva» da deyirlər) adlanır. * Bundan ötrü SUÇƏRŞƏNBƏ günü buğdanı «çərşənbə suyu» ilə isladırlar. Üç gündən sonra o, cücərməyə başladıqda onu həsir və ya tabaq üzərinə yayaraq yenə sular, «boy atmasın, çimini kökə versin» deyə, üstünü örtüb basdırırlar. Əski zamanlar bu müddət ərzində kişilər gecə-gündüz buğdanın «keşiyini» çəkib onu qorumuşlar. Bir həftəyə buğdanın göyü 5-6sm.-ə qədər qalxır və onun sıx ağ rişələri bir-birinə qarışır. Bu zaman rişələri və tazətər göyü parça-parça doğrayıb həvəng və təknələrdə həvəngdəstə yaxud yumru daşlarla yeddi dəfə əzirdilər. Əldə edilmiş horranı hissə-hissə, əl ilə bərk-bərk sıxaraq şirəsini yığır, puçalını aparıb axar sulara tökür, şirənin dibinə yığılmış süd təki ağ qatı mayeni isə uşaqlara içirirdilər. Adət-ənənəyə görə, sonra həmin şirəni ağbirçək və çoxuşaqlı qadınlar ələk və ya süzgəcdən keçirib qazanlara tökdükdə ona bir az buğda unu əlavə edirdilər. * Səməni mayası, bir qayda olaraq təmiz çəmənlik yaxud açıq bir tarlada (sonralar müqəddəs pir və ya məscid yanında) bişirilirdi. Vaxtilə çərşənbə axşamı gecə başlayıb sübh çağı tamamlanan səməni büsatı əsl el şənliyi, toya çevrilərək el-oba içində «səməni toyu» yaxud «sümənaq toyu» adlanırdı. Belə ki, bu axşam kəndin, məhəllənin yaşlı qadınları və qız-gəlini, hərənin əlində bir xonça, uşaqları ilə birlikdə bir neçə ocaq üstə asılmış iki-üç pudluq iri miss qazanın (onlara «daş qazan» demişlər) başına toplaşır və meydanın hər tərəfini əlvan xonçalarla bəzəyərək, qazanların «qulluqunda» dururdular. Bəəzən isə hamı əl-ələ verib ocaqların ətrafına dövrə vurub rəqs edir, oxuyur zarafatlaşıb gülüşürdülər. * Əski adət-ənənəyə görə, səməni mayasını, necə deyərlər «əməli-saleh» qadınlar bişirməliydilər. O, yaxşı qızarsın deyə, qazanların altını hökmən qıpqırmızı, sağlam cüssəli bir qadın yandırmalıydı, Əyninə ağ paltar geymiş bir ağbirçək (hamı onu «ocaqanası» çağırırdı) uzun dəstəkli taxta ərsin «palm» ilə qaynayan səməni şirəsini daima qarışdırmalıydı. Şirə həzin-həzin qaynadıqca qatılaşır və tamam-kamal bişənə yaxın onun rəngi qızarıb fındıq boyda həbbəciklər atmaqa başlayırdı. Xalq arasında ona «səməninin fındıq atması» deyilir. Elə bu zaman qazanlara «acil», yəəni qabıqlı qoz-fındıq, badam atılır və buna müvafiq - «səməniyə saldım badam, ətrafımı aldı adam, qoymurlar bir barmaq dadam, dərdi-bəlanı unudam…» sözlərilə başlanan bir mərasim oxuması ifa olunurdu Sonra bədnəzərdən ötrü qazanların ağzına bir çimdik duz (şirənin özünə duz qatmazlar) qoyulurdu. * Səməni bişib qurtardıqda qadınlar qazanları qaldırıb üç dəfə pir və ya meydan ətrafına gəzdirir və yenə öz yerlərinə qoyduqu zaman: «səməni, ay səməni, səndən mən can istərəm,damarıma qan istərəm, gözlərimə işıq ver, işıq ver, yaraşıq ver» və bu kimi arzu-niyyətlər deyirdilər. Sonra ağbirçək qadınlar bir-bir səməni mayası ilə dolu qazanlara yanaşır, onların yanına bir qədər pul, yumurta (bunlar «ocaqanası»na çatır) qoyaraq, qazanlara təəzim edir, sağ əllərini üç dəfə qazanlara, sonra isə dodağ və alınlarına çəkirdilər ki, buna da xalq arasında «qazan ziyarəti» deyirdilər. Bundan sonra hamı meydançanı tərk edir və inanırdılar ki, bu vaxt Xızırzında pünhan gəlib bişmiş səməni mayasını «qəbul edəcəkdir». Bəəzən Xızırzındanın əlinin izi açıq-aşkar görünsün deyə, qazanların ağzına məcməyidə un qoyurdular. * Səməni mayasını, adətən səhər tezdən yeyirdilər, «Ocaqanası» qatı mayanı 8-10 nəfərlik iri tabaqlara doldurub, nəzir-niyaz deyə-deyə onları səməni büsatı iştirakçılarına paylayırdı. Səməni mayası şirin çıxarsa, o qəbul edilmiş, acıtam olduqda isə «Xızırzında nəzirimizi qəbul etmədi» deyirdilər. Dədə-baba qaydasına görə, ilk əvvəl sonsuz gəlinlərə və «əlləz»-xəstə uşaqlara verilirdi. Yerdə qalan mayanı təbərrük və novbar təki yeddi qapıya paylar, hər evin payına düşən səməni mayasına bir fındıq yaxud badam atırdılar. Deyirlər ki, dadına baxmazdan əvvəl mayanın içindəki qoz-fındığı çıxarıb cibində yaxud pul kisəsində gəzdirsən, dərd-bəladan uzaq olub varlanaraq, həmişə pullu olarsan. Yaxud, onu xeyir-bərəkət gətirən əziz bir nemət tək, gələn bayrama qədər evdə saxlayırdılar. * Bəəziləri səməni mayasını səhvən «halva» adlandırırlar. Əslinə qalarsa, «səməni halvası» bu mayaya müəyyən miqdar əlavə un, doşab və ya şəkər, bir para ədviyyat, istiot qatıb onu xəmir təki yoğurduqdan sonra sacda bişirib ardınca ona qoz ləpəsi vurur və kiçik-kiçik hissələrə ayırıb yarımkürə «qübbə» şəklinə salırlar ki, ona «qübbə səməni», «suman və ya sühan halvası», bəəzən isə «İsfahan halvası» deyirlər. * Bu halva ilə yanaşı el-oba içində «şəkərpara halva» deyilən digər bir məəcun da bişirilir ki, burada buğda ununu aramla qızararaq üzərinə şərbət, yaxud doşab töküb qatılaşana qədər qarışdırırlar. Əcdadımızın düşünüşünə görə, hər iki halva bədənə güc-qüvvət gətirir, insanı kökəldir, sinir sistemi və cinsi fəaliyyət üçün xeyli faydalıdır. Adət üzrə, qış günləri əncir doşabı ilə un qarışığından bişirilib yalnız qurudulduqdan sonra yeyilən «zincilfərəc» də həmin qəbildən olan şirin məəcunlardan biridir. * Halvanın digər növü sayılıb ibtidası çox əski zamanlarla bağlı olan «quymaq» xörəyi uzun müddət xəstə və taqətsizlərə verilən bir məəcun təki tanınmış, son zamanlar nə səbəbdənsə yalnız doğum zamanı və ondan sonrakı dövrdə zahıya yedirdilən xüsusi bir yemək kimi şöhrət tapmışdır.Bu məəcunu yemiş zahı sən demə, həm ruhən, həm cismən təəmin olunurdu. O, qısa bir müddətdə, ən çoxu 10 gündən sonra artıq yatağından qalxıb işinə-gücünə qayıdırdı. Quymağı çalmaqdan ötrü unu kiçik odda yağda qızardır və qarışdıra-qarışdıra arabir ona su tökür, zəfəran, sarıkök, duz əlavə edərək yağ damlaları üzərinə çıxana qədər bişirir, ardınca üstünə bal yaxud şərbət(bizim günlər şəkər siropu) töküb yeyirlər. Bu məəcunun yalnız duzla bişirilmiş bir başqa növünə «əsəday» demişlər. * Dünyagörmüş nənələrimizin söylədiyinə görə, ötənlərdə mamaça və iki ağbirçək qadın tərəfindən çalınan quymaq hökmən müvafiq ayinlə müşayiət olunmalıymış. Belə ki, hamı (qaydaya görə burada yeyənlərin sayı tək olmalı) süfrə başına əyləşdikdə iki yandan quymaqla dolu tavadan yapışmış ağbirçəklər üç dəfə onu süfrəyə qoyub qaldıraraq: «deyə-deyə gəlib, gülə-gülə gedin» demişlər. Süfrə başındakılar quymaqı yedikdən sonra əl çalıb ucadan gülüşürmüşlər. * Bu sadə tərkibli məəcunların hazırlanması, söz yox ki, əksər ailələrin maddi imkanı çərçivəsində olmuşdur. Orta çağlarda dövlət sarayları və vəzifə sahiblərinin evlərində süfrəyə gətirilən mürəkkəb tərkibli məəcunlar yalnız varlı ailələrə məxsus olmuşdur. * Məəlum olur ki, Osmanlı səltənətinin Ali sarayında ərsəyə gətirilən «məsir» adlı bir NOVRUZ məəcunu bir vaxtlar hədsiz şöhrət qazanmışdı. Əski yazılarda həmin məəcun «padzəhr» məqsədilə hazırlanan bir məlhəm kimi qeyd olunur. İş burasındadır ki, bir zamanlar ayrı-ayrı tacidarlar zəhərlənməməkdən ötrü özləri üçün tərkibi hər vasitə ilə məxfi saxlanılan xüsusi məəcunlar hazırlatdırmışlar. Hələ 5000 il bundan əvvəl bəlli olub tərkibi 54 maddədən ibarət «məsir»sən demə qədim Misirdə firoonlar dövrü ilin müəyyən vaxtı (ola bilsin İLBAŞINDA // YAZGÜNTƏNİ bayramı ərəfəsində), tacidar üçün məəbədlərin birində tərtiblənən bir məəcun olmuşdur. Yaxın Şərq saraylarında «məsir» hazırlamaq ənənəsi orta çağlardan başlayaraq bizim yüzilə kimi özünəməxsus yer tutmuşdur. * Vaxtilə İLBAŞINDA // NOVRUZ bayramı münasibətilə Osmanlı səltənəti və Səfəvilər dövləti saraylarında «nevruziyyə» yaxud «novruziyə» deyilən mürəkkəb tərkibli bir məəcunun hazırlanması üçün saray xəzinəsindən külli miqdarda vəsait ayrılmışdır. Həmin «novruziyə»nin tərkibinə gəldikdə, adətən Səfəvilər sarayındakı bayram ziyafətləri süfrəsi üçün vacib sayılan «yeddisin xonçası»nın tərkibinə istinad olunur. Düzünə qalarsa, onun tərkibi bu xonçanın tərkibilə heç bir əlaqəsi yoxdur. * Xoşbəxtlikdən bu yaxınlarda mütəxəssislər ortaçağ saraylarında hazırlanan «novruziyə» məəcunun tərkibini aşkar etmişlər. Həmin aşkarlamaya görə, bu məəcunun tərkibi aşağıdakı maddələrdən ibarət olmuşdur:
    * 200 oqqa (təxm.256qr.) ağ şəkərə 2 oqqa (2.566qr.) gülab, 250 dirhəm (780qr.) darçın qabığı qatır və elə həmin miqdarda qırmız və çiçək qurusu, 80 dirhəm (250qr.) sabünotu. 50 dirhəm (156 qr) mixək, hərəsindən 30 dirhəm (təxm. 100qr.) keşniş toxumu, xırda hind qozu və vanil tozu, 25 dirhəm (80qr.) sünbüli-hindi, 15 dirhəm (50qr.) havlıcan kökü əlavə edir, elə o qədər də hil, şirinbadam yağı. Sonra yenə hərəsindən 10 dirhəm (30 qr.) mələkotu və zəncəfil tozu, 8 dirhəm (25 qr.) öd ağac (aloe), 3 dirhəm ( 9qr.) ənbər, 2 dirhəm (6qr.) müşk, üstəgəl hələlik miqdarı bizə bəlli olmayan - qırmızı bibər, qara istiot, cirə, zirə, saqqız, zəfəran, xardal toxumu, biyan kökü, razyana, rəvənd kökü, lumu duzu, portağal qabığı, qara çörəkotu və s.
    * Gördüyümüz kimi, tərkibi bir qayda olaraq 40-50 maddənin qarışığından ibarət «novruziyə»nin hazırlanması təbiidir ki, orada işlədilən ədviyyatın hansı miqdarda, nə vaxt istifadə edilməsi xüsusi məharət, uzun təcrübə, incə həssaslıq tələb edirdi. Bu məəcun bayramdan bir gün əvvəl saray həkimbaşılarının ciddi nəzarəti altında yoğrularaq, ayrı-ayrı vəzifə sahiblərinə qızıl, gümüş və ya büllur masqura və camlara doldurulur, üzərinə qızıl tozu və qırmızı rəngli xüsusi «novruzşəkəri» səpilirdi. Bayram axşamı onları ayrıca sinilərə düzərək qiymətli zərbaf parçalara büküb əlvan lent və tüllərlə bəzədikdən sonra, üstünə mahir xəttatların qızılı mürəkkəblə yazdıqları «təbriknamə»lər sancıb xonçalarda ayrı-ayrı evlərə göndərmişlər. Keçmişin insanları inanmışlar ki, bu ləzzətli «novruziyə»dən səhər erkən, ac qarına yesən, şəfa tapa bilərsən. Bu məəcun insana sakitlik, dinclik təlqin etməklə yanaşı, tərkibindəki ədviyyatın təəsirindən qızışdırıcı xüsusiyyətlərə də malik olmuşlar.
    * «Novruziyə» hazırlayıb paylamaq adət-ənənəsi uzun müddət öz əhəmiyyətini itirməmiş, bayram günləri istər Osmanlı səltənəti, istər Səfəvilər dövlətində tərkibi vurtut bir neçə maddədən ibarət olub əlvan kağızlara bükülmüş məhəlli «novruziyə»lərinin məscid minarələri başından aşağıda (orada, bir qayda olaraq bimarxana, xanəgah və hamamlar yerləşirdi) toplanmış camaatın başına atırdılar. Onları tutub yeyən uşaq, əlil və xəstələr arxayındılar ki, təzə il ərzində onlar daha qüvvətli və davamlı olacaq, bədənləri əsla xəstəlik görməcəkdır.
    * Sonrakı dövrlər hər il martın 21-də yerli hakim və varlı şəxslərin ailə üzvlərinin ayırdıqı vəsait hesabına hazırlanan NOVRUZ məəcunları da müxtəlif adlar altında və yenə minarə və damlardan atmaq yolu ilə xalqa paylanırdı. Bununla yanaşı, həmin zamanlar artıq əczaxanalarda camaata, guya tərkibi əski məəcunları xatırladan bir «qüvvət» məəcunu da satılmışdır. Əfsuslar olsun ki, son yüzillər mübarək NOVRUZ bayramı üçün məəcun hazırlamaq adət-ənənəsi büsbütö unudularaq bayram tədbirlərindən birdəfəlik çıxarılmışdır .


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azərbaycan NOVRUZ məəcunları

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 966

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş