Kullanıcı Tag Listesi

KOSAKOSA - Novruzda Günsevər əcdadımızın qədim mifik görüşlərində ilin Yazgüıntəni 20-21 mart günü ulu Günəş «taxta çıxıb yer üzündə hakimiyyəti ələ aldıqdan» sonra günlərin işığlı çağları tədricən artmaqa başlayır və 21-22 iyun Yaygündurumu günləri Günəş öz «hakimiyyəti dövrü»nün ən uca zirvəsinə qalxaraq yer üzünün şimal yarısında ilin ən uzun gündüzünə nail olurdu. * Lakin elə həmin «uzun gündüz»dən etibarən Günəşin hərarəti günbəgün aşağı enməyə başlayır, get-gedə gecələr uzanır və

Bu konu 742 kez görüntülendi 0 yorum aldı ...
Azərbaycan KOSAKOSA - Novruzda 742 Reviews

    Konuyu değerlendir: Azərbaycan KOSAKOSA - Novruzda

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 742 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.494
    Konular
    5200
    Beğendikleri
    0
    Beğenileri
    14
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Azərbaycan KOSAKOSA - Novruzda

    KOSAKOSA - Novruzda


    Günsevər əcdadımızın qədim mifik görüşlərində ilin Yazgüıntəni 20-21 mart günü ulu Günəş «taxta çıxıb yer üzündə hakimiyyəti ələ aldıqdan» sonra günlərin işığlı çağları tədricən artmaqa başlayır və 21-22 iyun Yaygündurumu günləri Günəş öz «hakimiyyəti dövrü»nün ən uca zirvəsinə qalxaraq yer üzünün şimal yarısında ilin ən uzun gündüzünə nail olurdu. * Lakin elə həmin «uzun gündüz»dən etibarən Günəşin hərarəti günbəgün aşağı enməyə başlayır, get-gedə gecələr uzanır və nəhayət, sentyabrın 23-24 Payızgüntəni günü, guya «zəifləyib taqətdən düşmüş» ulu Günəş düz altı aylıq «hökmüranlıq»dan sonra, necə deyərlər «taxtdan salınır» və bundan sonra o, gündən-günə üzü aşağı, «dərin və zülmət quyu»ya sarı yuvarlanmaqa başlayır və yuvarlandıqca gündüzlər qısalır, gecələr uzanır və dekabrın 21-22 Qışgündurumu günləri həddindən «qocalmış» Günəş Qalaktikanın mərkəzi sayılan zodiaqın KOUS (ərəbcə «Kaman» deməkdir, sonralar onu «Oxatan» adlandırmışlar) bürcünün ən dərin nöqtəsinə düşür. Bu vaxt yer üzündə 14 saat davam edən ilin ən uzun gecəsi baş verir və guya bu dəm KOUS və OĞLAQ bürcləri arasındakı bir «keçid»də Zülmət ilə Nur arasında ölüm-dirim savaşı başlayır. * Nəticədə, OĞLAQın köməyilə Günəş KOUSa qalib gəlib OĞLAQ bürcündə sığınacaq tapmaqla, sən demə orada tamam «cavanlaşır» və bu halda artıq OĞLAQın belində Zülmət quyudan yuxarı qalxaraq yenidən bu qoca dünyaya qədəm basır və bu zaman qaranlıq dünya-aləm nura qərq olur. * Bir sözlə, ulu Günəşin bir illik «səyahəti» ulu babalarımızın təxəyyülündə bu cür təcəssüm olunub müvafiq bayram, mərasim və ayinlərdə öz əksini tapmışdır. Belə ki, ilin ən uzun «Yelda» gecəsi, Günəşin necə deyərlər «ölüb yenidən dobulmasına» həsr olunub, xalqımız arasında həm son, həm əzəl bayram sayılan ÇIRAQAN bayramı keçirilmişdir. Bu uzun gecə qara libaslara bürünmüş insanlar səhərə kimi yatmayıb «ölüm-dirim savaşı»na, Cünəşin KOUSə «qalib gəlib bu dünyaya qayıtması»na önəmli təkan vermək məqsədilə bütün şəhər və kənd meydanlarında, uca dağ-təpə başında saysız-hesabsız tonqallar alışdırmışlar. Dan yeri sökülən zaman isə hamı birlikdə ənənəvi «Gün çıx» oxumaları ifa etməklə QIZIL // QIRMIZI GÜNü yer üzünə dəəvət edib salamlamışlar. Ədəbiyyatda bu qədim mərasimə «Günəşi istiqbal», yəəni Səma Odunun salamlanması, el-oba içində isə «Danatma» adı ilə tanınır * KOSAKOSA tamaşasının məzmununa diqqət yetirsək, onun açıq-aşkar və birbaşa «Günəşin taxta çıxması» və NOVRUZ gününə uzaq adiyyatı olduqunu görmək çətin deyil. Əslinə varsaq, o daha çox Qışgündurumu günləri qeyd olunan ÇIRAQAN bayramının məzmunu ilə bağlıdır. Belə ki, Xİİ yüzildə keçirilmiş təqvim islahatı nəticəsində əvvəllər ilin başlanqıcı sayılan ÇIRAQAN bayramında ifa olunan bu mərasim tamaşası NOVRUZ ərəfəsindəki İLAXIRÇƏRŞƏNBƏLƏRİnə atılmış və həmin tədbirlərin məzmunu və məqsədlərinə uyğunlaşdırılmışdır. İndi burada KOUS bürcü süni olaraq şaxtalı zalım qışın «rəmzi surəti»nə çevrilərək KOUSƏ-KOSA adı ilə çağırılmış, Günəşi insanlara qaytaran cəsur və dözümlü OĞLAQ isə TƏKƏ adı ilə yazın-baharın qondarma «timsalı» tək şöhrət tapmışdır. Başqa sözlə desək, KOSAKOSA yalnız 800 ildir ki, NOVRUZ bayramına qovuşmuşdur. * Ən azı 4000 il yaşa malik bu qədim tamaşanın ədəbi mətni, deyək ki ilkin «dramaturgiyası», təbiidir ki erkən çağlar tam başqa şəkildə səslənmişdir. Təəssüflər olsun ki, həmin mətnlər bizim zamana gəlib çatmamışlar. Hal-hazırda əldə olan mətnlər isə demək olar ki ötən əsrin «məhsulu» olub həqiqətdə həvəskar məhəlli şairlərin qoşduqu şerlərdirlər. Onları qoşanlar və ifaçılar tamaşaya dəxli olmayan, tutalım «Mərmər hovuzun dörd qırağında» və buna oxşar şübşəli nəğmə və şer parçaları, məzəli mükalimələr əlavə etməklə tamaşanı istədikləri qədər uzada bilmişlər. * Bir sözlə, zaman-zaman bu tamaşa öz erkən mətləbindən tam uzaqlaşaraq ciddi mərasim xüsusiyyətlərini itirmişdir. Son illər, bir adət olaraq NOVRUZ bayramı günü ifa olunan KOSAKOSA oyunu müəmmalı və anlaşılmaz bir məzmuna malik, məənasız və bəsit bir əyləncə, olsa-olsa sirk təlxəklərinin ifa etdiyi şit, qaba və bəsit zarafatlar, bayağı oxuma və ləyaqətsiz səhnələrdən ibarət bir «məzhəkə»dir. Bunlara baxmayaraq, hazırda əldə olan mətnlərin məzmunu, vaqiələrin ardıcıllıqı və tamaşanın pərakəndə süjetini izləyib müəyyən fərziyələrə əsaslanaraq tamaşanı, təqribən də olsa, bərpa edib həyata qaytarmaq mümkündür. * İndi gəlin KOSAKOSA mərasim tamaşasının rekonsruksiya olunmuş bir variantını ilə tanış olub onun nisbətən erkən çağlarını təsəvvürə gətirək. * Vaxtilə gündüz günorta çağı göstərilən bu mərasim tamaşasını geniş bir məkanda, deyək ki şəhərin mərkəzi meydanında, yaxud karvansara həyətində, kəndirbaz üçün qurulub «karxana» və ya «dor» adlanan bir qurğunun altında keçirilmiş, karxana isə bu oyunda, demək olar ki bir növ müasir teatr dekorasiyasını əvəz etmişdir. Belə ki, bu «dekorasiya», bir qayda olaraq bir-birindən 10-15m. aralı, 3-4m. hündürlüyündə yerə basdırılmış iki və ya üç şalbandan ibarət olub iki - biri uca, biri alçaq dirəyin haçalarına maili şəkildə tarım çəkilmiş yoğun kəndir dolanırdı. Buradakı uca dirək əlvan yaylıqlar, ulduz-ay nişanları ilə bəzəndiyi halda, o biri, ondan bir qədər alçaq olan dirək qara yaylıqlar ilə süslənirdi.
    * * *
    Başlanqıcda meydanda tamaşanı idarə edən şəxs, daha doğrusu oyunun icraçısı, yaxud aparıcısı (vaxtilə ona «Önayaq», «Keçəl», «Kosabaşı» və s. adlandırsalar da, biz onu OYUNBAŞI çağıracayıq) peyda olur və onun işarəsilə bir az kənarda, dəstə şəklində durub bellərinə qırmızı yaxud yaşıl qurşaq, başlarına qırmızı çatqı sarımış, yaxud araqçın qoyub, əllərində taxta qaşıq-çömçə, bəəziləri isə yanan şam tutmuş ağ köynəkli yeniyetmə oğlanlardan (5-6 nəfər) ibarət kiçik bir Xorun ifasında: «Ay həccələr, hüccələr (yəəni çox hörmətli qonaqlar), gəlir əziz gecələr, uzanar gündüzlər, qısalar gecələr» və digər sözlərdən ibarət məəlum bir nəğmə səslənir. * Bu ənənəvi oxumadan sonra OYUNBAŞI ilk öncə şer dililə, ifa olunacaq mərasim tamaşasının nədən bəhs edəcəyini qısaca da olsa, tamaşaçıların yadına saldıqdan sonra yenə həmin Xorun ifasında: «Gün çıx, gün çıx, dağa, daşa sal işıq, qara bulud çəkilsin, qızıl günə yol versin. Gün çıx, gün çıx, payla işıq aydın açıq! İşıq payla, çağla, çağla, çağla qapımızda!» sözlərindən ibarət daha bir oxuma səslənir, Ardınca isə Xorun solisti: «Həsrətdən düşdüm xəstə, günüm qalx başım üstə. Tez ol çıx, mənim günüm, dağ-daşı bəzə günüm» - söyləyir və xor yenə: «Gün çıx, gün çıx, kəhər atı min çıx, gün özünü yetirəcək, qarı çöldən götürəcək» və s. oxuyur. * Bu zaman meydana axsaya-axsaya əlində ucu əyri naxışlı yekə bir çomaq KOSA daxil olur. O, meydanın bir yanında durmuş aparıcı və Xora məhəl qoymayıb guya kimisə axtararaq, oyan-bu yana, karxanaya göz gəzdirir, hər iki dirəyin başına, dibinə və kəndirin üstünə baxdıqdan sonra keçib qara dirək dibində gizlənmək istəyir. Onun hərəkətlərini maraqla izləyən OYUNBAŞI (onun qurşağından adətən kiçik bir təbil asılır, o, sözlərini çox vaxt təbil çalmaqla müşayiət edir) bu yerdə üzünü tamaşaçılara tutub astaca: «Qorxmayın, məclisə KOSA gəlib, gör necə də erkən gəlib, belində örkən, əlində əsa gəlib»- deyir. Ardınca Xor ucadan: «Ay, uyruğu-uyruğu, əritməmiş quyruğu, saqqalı it quyruğu, bığları yovşan KOSA» -oxuyur. Sonra aparıcı KOSAya: «A, bu KOSA hardan gəlib, süzdürüb yandan gəlib, yolu qoyub damdan gəlib, qolları mərcan gəlib» - deyir. * KOSA isə çox pərt olmuş halda dirək dibindən çıxıb meydanın ortasına varır. Burada aparıcı ona müraciətlə: «A, Kosakosa gəlsənə, gəlib salam versənə, öz şirin söhbətinlə məclisi əylətsənə» deyir. KOSA yenə çaşbaş qalıb bilmir nə eyləsin, gülməli şəkildə əzilib büzülür. * Bu zaman OYUNBAŞI yenə: «A. Kosakosa gəlmisən vaxtında meydanə sən, tutmayınca Günü sən, çəkilmə bir yanə sən» - dedikdən sonra, yenə KOSAya: «KOSA bizə görə qulluq?». KOSA özünü darta-darta: «Qulluq deyil, buyruqdu». Bu vaxt Xor: «Ay uyruğu-uyruğu, KOSAnın var buyruğu!». KOSA gülməşəkər olub özünü naza qoyub dartır və təkəbbürlə meydanı dolaşa-dolaşa: «Mən gəlmişəm kef görəm, zurna görəm, dəf görəm» deyir. Bu dəm aparıcı ona: «KOSA, pozma halını, yırğala saqqalını, qanını etmə qara, bekar qalıb nağara, gəl biz çalaq, sən oyna, kor olsun düşman, oyna» dedikdə, Xor - qaşıq, aparıcı və tamaşaçılar isə əl çalır, nağara (təbil, qoşanağara) səslənir və KOSA şövqlə: «Dumbulu çala-çala getdim bağa ..», yaxud «Üşüdüm, ha üşüdüm…» və ya «Bazardan aldım hidara qoz…» şerlərini oxuya-oxuya əzilib büzülərək rəqs etməyə başlayır. KOSAnın rəqsinə xeyli tamaşa edən OYUNBAŞI tamaşaçılara KOSAnı göstərərək: «Şiş papaq var başında, qələm oynar qaşında, KOSA yüz əlli beş yaşında, lap, lap cavandı KOSA» deyir, Nağara getdikcə iti ritmdə çalır. KOSA çırtıq çalıb ucadan cürbəcür əcaib səslər çıxarır, dəmir nallı başmaqını bərk-bərk yerə vurub şıdırığı rəqs edir. Aparıcı üzünü tamaşaçılara tutub: «KOSA necə oynayır, quş kimi qaqqıldayır, it kimi kimi zıqqıldayır, başmaqı taqqıldayır» *
    Əski rəsm və yazılardan aydın olur ki, KOSAnın başında şiş papağ və ya balqabağa bənzər ucu qotazlı bir qalpaq olmuşdur. Sonralar isə onun başında bir qayda olaraq üzəri ay-ulduz təsvirlərilə bəzənmiş kəlləqənd kağızı olmuşdur. Əslində uzun konusvari papağlar uzaq keçmişdə münəccimlərin baş geyimi olmuş. Bu da KOSAnın ulduz bürcünü təmsil etdiyinə birbaşa dəlalətdir. O, uzun qollu gödək ağ ləbbadə geyərək, qılçaları dizdən yuxarı yalın qalırdı yaxud tərsinə geyilmiş qısa kürkün altından qarnına yastıq bağlayıb, qurşağına və boynuna kiçik zınqrovlar asır, yaxasını müxtəlif dəmir qırıntıları, heyvan ələngələri və pişik kəlləsilə bəzəyir, ayaqına altına nal vurulmuş taxta başmaq keyir Onun sifətində əsl keçi saqqalından və ya eşşək quyruqundan uzun saqqalı, mumdan şiş burnu olur. O, bəəzən üzünü sadəcə unlayır yaxud his-kömürlə qaraldır, bəəzən çiyinlərindən qoyun bağırsaqları asır, yanında lülə sümük və ya süpürgə gəzdirirdi.
    * KOSA meydanda atılıb düşdüyü zaman sən demə, QIZIL//QIRMIZI GÜNü təmsil edən bir ip canbazı diqqəti özünə cəlb etmədən, lakin onu görmüş tamaşaçıların alqışı və Xorun «Gün çıx, gün çIx…» oxumasının müşayiətilə uca dirək başına qalxaraq əlinə ləngər götürüb tarım çəkilmiş kəndir üzərində yeriməyə hazırlaşır. * Hamının diqqəti canbazda olduqunu duyub görən KOSA birdən yerində donub qalır və sonra təşviş içində kəndir altında ora-bura vurnuxaraq, əcaib-qəraib səslər çıxarır, uca dirək başına qalxmı canbazı aşağıdan hədələyir. Əlindəki çomağı ox-kaman təki tutaraq, guya canbazı nişan alır və nəhayət, dirəyə yaxınlaşıb guya canbazı tutmaq üçün «ağaca dırmanmaqı» xatırladan hərəkətlərlə dirəyin başına çıxmaq istəyir, lakin azca qalxıb aşağı yuvarlanır. Xor isə dönə-dönə: «Gün çıx, gün çıx, dağa, daşa sal işıq, işıq payla aydın açıq! İşıq payla, çağla, çağla, çağla qapımızda» oxumasını ifa edir. * Uca dirək başında olan canbaz isə deyəsən həqiqətən KOSAnın hədələrindən təşvişə düşüb çox ehtiyatla kəndir üzərində yerimək istəyir və elə ilk addımda özünü saxlaya bilməyib əl-ayaqı ilə kəndirdən yapışıb sallanır və asılı halda aşağıya, qara yaylıqlarla bəzənmiş dirək tərəfə sürüşməyə başlayır. Aşağıdan onun hərəkətlərini izləyən KOSA həmin dirək altına keçərək orada gizlənib canbazı tutmaqa hazırlaşır. * Canbaz isə kəndirlə sürüşə-sürüşə qarşıdakı qara dirəyin üstünə çatıb oradan da aşağıya, yerə düşür. Elə bu dəm KOSA bir balıq toru, yaxud iri bir çuvalın ağzını açıb dərhal canbazın başına salıb tez çuvalın ağzını bağlayır və ya canbazı kəndirlə dirəyə sarıyır. Bundan sonra hədsiz sevinən KOSA ləzzətlə əllərini bir-birinə sürtür və çomağına taxta at kimi minib təkəbbürlə ucadan: «Mən gəlmişəm kef görəm, zurna görəm, dəf görəm» deyib, cuşa gələrək əl-qolu bağlı canbaz ətrafında «taxta at»-çomaq belində addanıb düşür, amma bu səfər onun üçün artıq nağara səslənmir, təərif deyilmir. Onun hərəkətlərini bir qədər kənardan müşahidə eyləyən OYUNBAŞI tamaşaçılara: «Ay, bərəkallah KOSA, gör necə dingildəyir, ona baxıb görənin, qulağı cingildəyir» deyir, Xor da artıq susur. KOSA bunlara əsla əhəmiyyət verməyib yenə addanıb düşür, tamaşaçıları əyləndirmək üçün gülməli hərəkətlər eyləyir, amma birdən ayaqları ilişir və o, şappıltı ilə yerə sərilir.
    * Dalınca KOSA ah-ufla diz ystə dikəlib, başına, ayaqına, yekə qarnına əl gəzdirib özünü toxtatmaqa çalışır. OYUNBAŞI tamaşaçılara «KOSA dəliqanlıdı, qolları mərcanlıdı, qarnına əl vurmayın, KOSA ikicanlıdı» - deyir. Bu zaman KOSA bir də əlini şiş qarnına sürtüb üz-gözünü əcaib hala salaraq yazıq-yazıq tamaşaçılara: «İşlədim-işləmədim, günüm budu, yediyim yarma aşı, yarısı sudu, geydiyim yeddi dəst paltar, təzəsi budu» - deyir. Ardınca Xor: «Bu dərd səni yandırar, a KOSA, bu dərd səni öldürər, a KOSA, düşmənləri üstünə güldürər, a KOSA» oxuyur. KOSA ağzı-gözü ilə gülməli şəkildə ağlamsınaraq: «Qazancım yayda lopuq, qışda topuqdu, inanın» - deyib çomağına dirənərək ucadan: «Aman-aman belim vay, kömək edin ay haray, tutun mənim əlimdən, ağrı getsin belimdən» deyə, zarıldayır:. * Aramla KOSAya yanaşan OYUNBAŞI sakitcə ona: «A, KOSAKOSA, KOSAKOSA, abır-həyanı gözlə, saqqalı yoldurma gəl, qalx ayaqa, durma gəl. Özün etdin özünə, külü səpdin gözünə» - deyir. KOSA isə yenə: «Aman-aman belim vay…» və s. çığırır. Hamı susur. Bu dəfə Xor: «KOSA gedib özündən, rəngi qaçıb üzündən, vay KOSAnın halına, yasdıq qoyun dalına». Aparıcı isə üzünü tamaşaçılara tutub: «Boğazı tut saplağı, kirpidəndi papağı, KOSA gülmək istəyir, qoymayın ağlamaqa» deyib, tamaşaçılara göz vurur. Bu dəm Xor OYUNBAŞInın işarəsilə: «Ay, uyruğu-uyruğu…» sözlərilə başlanan məəlum nəğməni təkrarən oxuyur. KOSA ah-ufla yenə qalxmaq istəyir, yerində səndələyir və belini tutaraq meydanın ortasında yerə sərəlib özünü vurur «ölülüyə». * OYUNBAŞI hərəkətsiz, nəfəssiz KOSAya yaxınlaşıb onun nəbzini yoxlayır, üzünə su səpib onu ayıltmaq istəyir, lakin KOSA ayılmır ki, ayılmır. Ardınca aparıcı KOSAnın başı üstündə əyləşib dua oxuyur, salavat çevirir, sonra onun başını qaldırıb dizinin üstünə qoyur və guya təşviş içində oxşaya-oxşaya tamaşaçılara: «Bu KOSA ölməkdədi, gözləri çölməkdədi, Biçara qaldı KOSA, kəfənsiz öldü KOSA». Gənclərin Xoru isə: «Aftafa deşik, su durmaz, qazan kiçik, yağ durmaz, biçarə qaldı KOSA, halvasız öldü KOSA,arşın uzun, bez qısa, kəfənsiz öldü KOSA». Dalınca OYUNBAŞI: «Əmiri börk başında, qələm oynar qaşında, yüz əlli beş yaşında, lap cavan öldü KOSA. gəlməz kimsələr yasa». Cavabında Xor : «Ay uyruğu-uyruqu…» nəğməsini oxuyur, OYUNBAŞI: «Arşın gətir, bez apar, çuval gətir, qoz apar. Canın sağ olsun KOSA, başın sağ olsun KOSA» deyir, sonra istehza ilə tamaşaçılara: «Siz KOSAya ağlayın, başa qara bağlayın» deyir. Elə bu əsnada meydanda TƏKƏ görünür. O, oğla tək ora-bura hoppanıb mələyir. * Bu vaxt KOSA diksinib xortlayır və yerindən dikələrək həyəcanla: «Ölməmişəm yalandı, kömək edin amandı, tutun mənim əlimdən, ağrı getsin belimdən». OYUNBAŞI hədsiz təəccüb içində tamaşaçılara: «KOSA ölüb, xortladı, sırtıq üzün odladı». Xor yenə: «Ay uyruğu-uyruğu…» nəğməsini oxuyur. Aparıcı KOSAnın əlindən tutub onu qaldırır. * Oğlaqın mələməsindən xortlamış KOSA özünü yaman itirir, dərhal çəkilib dirəyə sarılmış canbazın qabağını tutur ki, TƏKƏ onu görməsin. Oğlaq əvvəl həqiqətən onu görmür. Bu yerdə OYUNBAŞI oğlaqı tamaşaçılara təqdim edir: «Bu TƏKƏ axta TƏKƏ, boynunda noxta TƏKƏ, tükləri bizbiz olar, qışda çıxar taxta, TƏKƏ» və s. sözlərlə TƏKƏnin «təərifi»nə başlayır: «TƏKƏM, TƏKƏM naz eylər, çobana avaz eylər, yığar qoyun quzunu, bayramı pişvaz eylər. Bu TƏKƏnin fəndi var, daş-kəsəkli kəndi var, hər qapıda oynasa, bir nəlbəki qəndi var». *
    Xalq arasında onu TƏKƏ deyə çağırsalar belə, burada çəpiş, oğlaq təki nəzərdə tutulur, onun «rolu»nu isə adətüzrə zirək bir oğlan uşağı oynayır, O da KOSA təki, yırtıq bir çuxanı tərsinə geyib, belinç at və ya kəl quyruqu bağlayır, sifətini hislə qaraldar yaxud üzünə dəridən üzlük taxar, bəəzən isə üzərində gözlər üçün deşik olub uclarına zınqrov taxılmış qoşa keçi buynuzlu, keçi saqqallı bir keçə papaq keçirirdi. Elə bu səbəbdən xalq arasında ona «Təkəməsqərə» (yəəni keçi təlxək) və «Keçəpapaq» da demişlər. O, oyun zamanı əsla danışmaz, yalnız arabir mələyib əlindəki qaşıqları bir-birinə vurur.
    * Təərifi eşidən TƏKƏ oxumanın ritminə uyğun əlindəki qaşıqları bir-birinə vuraraq bir qədər yerində dingildəyib rəqs edir. Bu vaxt OYUNBAŞI hiylə ilə oğlaqdan: «KOSKOSAnı gördünmü? KOSAya salam verdinmi? KOSA buradan ötəndə, Qırmızı Gün gördünmü?» deyə, soruşur. Bu sözləri eşidən oğlaq ilanvurmuş təki dayanıb diqqətlə ətrafa göz gəzdirir və qara dirək dibində dirəyə sarınmış, yaxul çuval içində tərpənən canbaz - QIZIL GÜNün qabağını tutmuş KOSAnı görür. Bu dəm yenə nağara çalınır, oğlaq ucadan böyüyür və çox əsəbi halda meydanda, gah geriyə çəkilir, gah şaxə qalxıb KOSAnın üzərinə şığımaq istəyir. O, canbaza yaxınlaşmaq istədikdə, KOSA uzun çomağı ilə keçinin qabağını kəsir və sonra üzü tamaşaçılara: «Keçinin əcəli yetişəndə başını çobanın çomağına sürtər» - deyib, çomağın əyri ucunu TƏKƏnin buynuz və ayaqlarına ilişdirmək istəyir. Amma onun bu cəhdləri heç cür bbaş tutmur və nəhayət o, çomağı hirslə kənara atıb keçi ilə üz-üzə durur və: «Keçi dərisin soyarlar, üzünə saqqal qoyarlar» - deyə, onun saqqalından tutmaq istəyir, onun yeriş-duruşunu, səsini yamsılayır və sonra ağ ləbbadəsinin uzun qolları ilə keçiyə buynuz göstərir, nallı taxta başmaqlarını bərk-bərk yerə vurmaqla, əynindəki dəmir-dümürü silkələməklə, «xox», «fu» səsləri çıxarmaqla TƏKƏni hədələyib hürkütmək və hər vasitə ilə onu canbazdan uzaqlaşdırmaq istəyir, ardınca baş-başa verib, guya oğlaq ilə kəllələşməyə hazırlaşır. Bunlar isə keçini daha da hiddətləndirir. O, QIZIL GÜNü azad etmək üçün əlverişli məqam axtarır və s. * Başqa sözlə desək, bu yerdə nağaranın müşayiətilə laloyunu tərzində «KOSA ilə TƏKƏnin savaşı» nümayiş etdirilir. Lakin bu məqamda çomaq deyir KOSAnın dişinə və o hiylə işlədib görünmədən itib yox olur. Bu yerdə OYUNBAŞI üzü tamaşaçılara: «KOSA batdı palçıqa, ayağından nal çıxa, uca dirək başından, bir Qırmızı gün çıxa» deyir. Xor isə: «KOSA getdi işinə, çomaq dəydi dişinə, KOSAnı ötürdülər, köçün gora sürdülər, TƏKƏ gün çıxarmasa, gözlərin oymaq gərək»- oxuyur. Ardınca «Gün çıx, gün çıx,…» nəğməsi təkrarlanır. * TƏKƏ artıq qalib gəlmiş tərəf kimi tamaşaçıların şiddətli alqışı və Xorun təərifi altında tez «qara dirəyə» yaxınlaşıb canbazı dirəkdən açır və KOSAnın atıb qaçdıqı çomağı isə qaldırıb canbaz - QIZIL GÜNə uzadır. O isə çomaqla «qara yaylıqlı dirək» başına qalxır və çomağı ləngər təki əlində tutub cuşa gələrək, tamaşaçıların alqışı və Xorun: «Birən-birən, ikən-ikən, qəmzə başa qara tikan. Əvvəl altı saymadıqım, doğurcıqım, nurlucıqım, Gün çıx! Gün getdi su içməyə, indi gələr, ay indi gələr, qırmızı don biçməyə, indi gələr, ay indi gələr, gün özünü yetirəcək, qarı yerdən götürəcək» - oxumasının müşayiətilə kəndir üzərilə aramla qarşıdakı uca dirəyə tərəf, yuxarıya qalxmaqa başlayır. *
    Başqa bir varianta görə, KOSA TƏKƏnı buynuzlayıb həqiqətən öldürür, sonra canbaz irəlidə TƏKƏ onun ardınca, hər ikisi kəndirlə yuxarı qalxırlar. Canbazın zahiri görünüşünə gəldikdə, vaxtilə onun başını özünəməxsus biçimli bir çələng bəzəmiş, qolları və boynuna al-əlvan parça zolaqları və yaylıqlar tikilmiş qırmızı libasına parlaq ulduz təsvirləri sancılırdı. Sonralar o başına araqçın keçirir, al qırmızı ipək və ya atlas arxalıqın sinəsi və kürəyini müxtəlif biçimli güzgü qırıntıları, pardaxlanmış xırda dəmir parçaları tikilirdi. Belə ki, onlar oyun zamanı bərq vurub işıldayaraq «Günəş təki nur saçıb» tamaşaçıların gözlərini qamaşdırırdı.
    * Bir sözlə, canbaz - QIZIL GÜN kəndirin üzərilə yuxarı yeriməyə başlayır. TƏKƏ isə meydanda kəndir altında əlindəki qaşıqları taqqıldadaraq canbaza ürək-dirək verir, aşaqıdan onun hərəkətlərini izləyib onları tənzimləyir. Canbaz yuxarı qalxdıqca nağara və Xorun qaşıqları səslənirdi. Xor isə: «Gün çıx, gün çıx, kəhər atı min çıx. Günüm nurdan su içib, al qırmızı don biçib. Gün qalxıb dağ başına, budu gəldi ha, budu gəldi. Örtübdü ağ başına, budu gəldi ha, budu gəldi» və s. oxuüur, OYUNBAŞI isə onun dalınca: «Bu TƏKƏ, yarış TƏKƏ, boynu bir qarış TƏKƏ, KOSAyla gəl küsmə sən, onunla barış, TƏKƏ!» deyə, onu öyüyür. * Nəhayət, canbaz uca dirəyin başına çatır, onu aşaqıda izləyən TƏKƏ sevinərək atlanıb düşür, tamaşaçılar isə cuşa gəlib QIZIL GÜNü alqışlayırlar. Bu vaxt dirək arxasında qalanmış böyük bir tonqala od vurulurdu. Xor yenə qaşıqları bir-birinə vuraraq, yaxud əl çala-çala: «Gün çıxdı, KOSA qaçdı, aləmə işıq saçdı, dağlar yamyaşıl oldu, çöllər çiçəklə doldu, QIZIL GÜN sən hər gün çıx, dağa, daşa sal işıq», sonra isə: «Gün çıxdı, lalə çıxdı, qızıl piyalə çıxdı, göydən duman çəkildi. qaranlıqlar əskildi» və dübarə: «Doğdu Günəş qırmızı, topladı oğlan qızı, hərə bir iri çiçək, bir obanın ulduzu…» və bu kimi sözlərdən ibarət şən-şux nəğmələrlə QIZIL GÜNü alqışlayır. * Bu sözlərdən ruhlanan canbaz yuxarıda, kəndir üstündə, TƏKƏ isə aşağıda, meydanda daha bir neçə «kəndirbaz hoqqası» (trük) nümaüiş etdirirdi. Sonra Xor: «Ay, həccələr, hüccələr, gəldi əziz gecələr. Uzanar gündüzlər, qısalar gecələr, sallanar torbalar bacadan, uşaqlar pay istər qocadan…» mərasim nəğməsini oxuyur. Ardınca OYUNBAŞI tamaşaçılara müraciətlə: «Bayram gəlir, qohum-qardaş sağ olsun, şadlıq olsun, ləzzət olsun, dad olsun, hamı dursun ayağa, TƏKƏnin payın versin, verənin oğlu olsun, verməyənin qızı, sayası sizin olsun» deyir, Xor isə təkrarən: «Ay həccəloər, hüccələr…», NOVRUZ ərəfəsindəki şənliklər zamanı isə: «NOVRUZ- NOVRUZ bahara, gələk sizə nahara. Süfrənizdə gül olsun, gül olsun, bülbül olsun, bal olsun, həm yağ olsun, evdəkilər sağ olsun…» sözlərlə başlayan bir «novruzlama» oxuduqdan sonra adət-ənənə olaraq tamaşaçılardan ifaçılar üçün pay toplanırdı. * Elə bu zaman meydanda: «KOSAnın payın verin, balın verin, yağın verin» deyə, çömçəni irəli uzatmış KOSA peyda olur və o da, ayrıca tamaşaçılardan pay yığmaqa başlayır. Bu dəm «marş havası» çalınır və bununla gülüşmə və sevinc içində KOSAKOSA mərasim tamaşası tamamə yetir.
    * * *
    Sonralar zaman göstərdi ki, KOSAKOSA oyunundan ötrü hər kənddə, obada bir kəndirbaz saxlamaq, yaxud onu kənardan dəəvət edib, bundan ötrü karxana quraşdırmaq qeyri-mümkündür. Və təbiidir ki, get-gedə oyundakı kəndirbazdan tam imtina olundu. İndi bu tamaşada «karxana»nı ikitaylı nərdivan əvəz edir yaxud canbaz - QIZIL GÜN bir cüt hündür və qarmaqlı taxtaayaqa qalxıb onun üstündə gəzirdi. * Oyunun digər qədim variantında KOSA çiyninə içində məəbəddən oğurladıqı Günəş tanrısı Dədə Günəşi təmsil edən bir qızıl heykəli və ya alnına güzgü parçası yapışdırılmış bir zərli-zibalı kişi kuklası-müqəvvanı, yaxud üzərinə qırmızı parça çəkilmiş bir dairə və ya içinə balaca bir uşaq salınmış çuval ilə meydana daxil olub, guya çuvalı gizlətməkdən ötrü yer axtarır, sonra ağacın dibində uzanıb yatır. Çuvalın içindəki uşaq tamaşaçıları öz məzəli hərəkətlərilə güldürürdü. Ardınca, həmin çuvala təsadüf edən TƏKƏ hər şeyi başa düşüb buynuzu ilə yatmış KOSAya bir zərbə vurub onu öldürür və beləcə QIZIL GÜN-uşaq çuvaldan xilas olunurdu. Sonrakı illər KOSA artıq çuvalına bir diri pişik salırdı. Bir qədər sonra isə bunları KOSAnın «arvadı» GƏLİN əvəz edirdi ki, onu da KOSA uzaq bir yerdə gizlətmək istəyirdi və s. * Beləliklə, erkən QIZIL GÜNün izləri tamamilə itirilmişdir. Açıq-aşkar görünür ki, ilk çağlar, tutalım, «Günəşi istiqbal» adı daşıyan bu əsatir mənşəli mərasim tamaşası təkamül zamanı üç hissəyə parçalanmışdır. Biri, sonralar sırf məişət tərzli Kosaöldü // Kosagəldi // Kosa-gəlin adı ilə tanınan meydan tamaşası. İkincisi, bayram günləri ərzaq-pul toplamaq məqsədilə evləri gəzərək nümayiş etdirilən Qoduqodu // Dodudodu və Təkə oyunu. Üçüncüsü isə Kəndirbaz oyunu // İpdə oyun tək şöhrət tapmış ayrıca bir oyun növü. * Bir sözlə, əski mərasim oyunlarımızı gələcək nəsillərə ötürmək istəyiriksə, bu milli irsi kor-koranə deyil, yetkin formada, tarixi məzmunu və mənşəyi aşkarlanıb bərpa olunmuş şəkildə etməliyik ki, onlar əbədi olaraq yaşamaq hüququna malik olsunlar.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azərbaycan KOSAKOSA - Novruzda

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 742

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş