Yasin Qaraməmmədli
Yasin Alı oğlu Qaraməmmədli 1938-ci il dekabrın 1-də Başkeçid rayonunun (Gürcüstan SSR, Marneuli r-nu) Muğanlı kəndində anadan olmuşdur.
Səkkizillik təhsilini (1946-1954-cü illər) doğma kəndlərində almış, 1954-1958-ci illərdə Marneuli Dövlət Pedaqoji Məktəbində oxumuş, 1963-cü ildə APİ-nin tarix-filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
Saatlı rayonunun Krasnoselsk və Sabirabad rayonunun Aleksandrovsk kəndlərində müəllim və tədris hissə müdiri işləmiş,
1964-cü ilin yanvarında Bakıya qayıdaraq burada fəaliyyətini davam etdirmiş - 19 nömrəli şəhər texniki peşə məktəbində tərbiyəçi,
Azərbaycan SSR Nazirlər Soveti Dövlət Mətbuat Komitəsinin Baş Mətbuat İdarəsində (Qlavlit) senzor işləmiş, həmin ilin noyabrından Azərbaycan Dövlət Radio və Televiziya Verlişləri Komitəsinə işə də’vət olunmuş, 20 ildən artıq bir müddət ərzində burada tərcüməçi, şərhçi, böyük redaktor və baş redaktorun müavini vəzifələrində çalışmışdır.
Mətbuat sahəsində çalışdığı illərdə elmi-pedaqoji fəaliyyətindən ayrılmamış, Azərbaycan SSR EA Fəlsəfə və Hüquq İnstitutunda "Bədii xarakter anlayışı" mövzusunda tədqiqat işi aparmış, bir sıra elmi nəşrlərdə məqalələr dərc etdirmiş,
1978-ci ildə dissertasiya müdafiə edərək estetika ixtisası üzrə fəlsəfə elmləri namizədi elmi dərəcəsi almışdır. Eyni zamanda 1975-ci ildən Azərbaycan Xarici Dillər İnstitutunda,
1978-ci ildən APİ-də müəllimlik fəaliyyətinə başlamışdır.
1984-cü ilin noyabrında müsabiqə yolu ilə APİ-nin fəlsəfə kafedrasında baş müəllim vəzifəsini tutmuş, kafedranın dosenti seçilmiş,
1986-cı ilin mayından 1990-cı ilin dekabrına qədər həmin kafedranın, sonra isə institutda onun təşəbbüsü ilə təzə yaradılan mədəniyyətşünaslıq kafedrasının müdiri,
1996-1998-ci illərdə Pedaqoji Universitetin tərbiyə işləri üzrə prorektoru vəzifələrində çalışmışdır.
Hazırda ADPU-nun fəlsəfə kafedrasının dosenti kimi elmi-pedaqoji fəaliyyətini davam etdirir, fəlsəfə, estetika, etika, mədəniyyətşünaslıq, habelə Bakıdakı bir sıra özəl universitetlərdə konfliktologiya və müasir dünya siyasəti fənlərini tədris edir.
Y.A. Qaraməmmədli geniş profilli mütəxəssis kimi xüsusilə ümummarif xarakterli nəşrlərə daha çox meyl edir: "Azərbaycan Sovet Ensiklopediyası"nın IX-X cildlərinin, "Fəlsəfə ensiklopedik lüğəti"nin (1997) müəlliflərindəndir,
"Davranış estetikası" kitabını tərcümə edərək ön sözlə nəşr etdirmiş (1978), orta məktəb üçün bir sıra tarix dərsliklərinin tərcüməçmsi və elmi redaktoru olmuşdur.
Ailəlidir, 2 övladı var.