Kullanıcı Tag Listesi

Milli bayramlar və əlamətdar günlər Orucluq bayramı Qurban bayramı 20-21 mart - Novruz bayramı 28 mart - Təhlükəsizlik Orqanları İşçiləri Günü 28 may - Respublika Günü 15 iyun - Qurtuluş Günü 17 iyun - Səhiyyə İşçiləri Günü

Bu konu 4310 kez görüntülendi 0 yorum aldı ...
Azerbaycan Milli bayramlar və əlamətdar günlər 4310 Reviews

    Konuyu değerlendir: Azerbaycan Milli bayramlar və əlamətdar günlər

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 4310 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.494
    Konular
    5200
    Beğendikleri
    0
    Beğenileri
    14
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Azerbaycan Milli bayramlar və əlamətdar günlər

    Milli bayramlar və əlamətdar günlər


    Orucluq bayramı
    Qurban bayramı
    20-21 mart - Novruz bayramı
    28 mart - Təhlükəsizlik Orqanları İşçiləri Günü
    28 may - Respublika Günü
    15 iyun - Qurtuluş Günü
    17 iyun - Səhiyyə İşçiləri Günü
    26 iyun - Azərbaycan Silahlı Qüvvələri Günü
    2 iyul - Azərbaycan Polisi Günü
    22 iyul - Milli Mətbuat və Jurnalistika Günü
    1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan dili Günü
    5 avqust - Hərbi Donanma Günü
    15 sentyabr - Bilik Günü
    18 sentyabr - Milli Musiqi Günü
    20 sentyabr - Neftçilər Günü
    1 oktyabr - Prokurorluq İşçiləri Günü
    18 oktyabr - Müstəqillik Günü
    6 noyabr - Televiziya və Radio İşçiləri Günü
    12 noyabr - Konstitusiya Günü
    17 noyabr - Milli Dirçəliş günü
    31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü
    20 yanvar - Ümumxalq Hüzn Günü
    29 yanvar - Gömrük İşçiləri Günü
    26 fevral - Xocalı Faciəsi
    10 mart - Milli Teatr Günü
    12 mart - Daxili Qoşunlar Günü

    BEYNƏLXALQ BAYRAMLAR VƏ TARİXİ GÜNLƏR

    1 yanvar - Yeni il bayramı
    14 fevral - Sevgililər Günü
    21 fevral - Beynəlxalq Ana Dili Günü
    8 mart - Beynəlxalq Qadınlar Günü
    15 mart - Ümumdünya İstehlakçılar Günü
    21 mart - İrqi Ayrı-seçkiliyin (diskriminasiya) Ləğv Edilməsi Uğrunda Beynəlxalq Mübarizə Günü
    27 mart - Beynəlxalq Teatr Günü
    1 aprel - Ümumdünya Gülüş Günü
    18 aprel - Tarixi abidələrin mühafizəsi Günü
    22 aprel - Beynəlxalq Yer Kürəsi Günü
    3 may - Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü
    9 may - Faşizm üzərində Qələbə Günü
    18 may - Beynəlxalq Muzeylər Günü
    1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü
    5 iyun - Ətraf Mühitin Mühafizəsi Günü
    26 iyun - Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü
    1 oktyabr - Beynəlxalq Ahıllar Günü
    5 oktyabr - Müəllim Günü
    24 oktyabr - Birləşmiş Millətlər Təşkilatı Günü
    14 noyabr - Ümumdünya Diabet Günü
    1 dekabr - QİÇS-ə qarşı Beynəlxalq Mübarizə Günü
    3 dekabr - Ümumdünya Əlillər Günü
    10 dekabr - İnsan Hüquqları Günü

    ORUCLUQ BAYRAMI

    İslamın müqəddəs bayramları arasında orucluq mühüm yer tutur. Bu bayramın tarixi müsəlman təqvimi ilə hicrinin 2-ci ilindən (miladi 623-cü il) başlanır. Oruc Ramazan ayında tutulduğu üçün ona "Ramazan orucu" da deyirlər. İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və müqəddəs ay hesab edilir. Onu əcazi şəkildə "on bir ayın sultanı" da adlandırırlar, çünki bu ayın gecələrindən birində müqəddəs kitabımız olan Qurani-Kərim nazil olub. Həmin gecə "qədir" və ya "əhya" gecəsi adlanır.

    Qədir gecəsinin konkret olaraq hansı gün olduğu bilinmir. Bununla bağlı müxtəlif rəvayətlər var. Amma ümumi fikir belədir ki, qədir gecəsi Ramazan ayının son on gecəsindən biridir, həm də tək günün gecəsidir. İslamşünasların fikrincə, bu gecə Ramazan ayının 19, 21, 23, 25, 27-si gecələrindən biridir. Qurani-Kərimdə "Qədir surəsi" vardır. Bu surədə qədir gecəsi haqda belə yazılır: "Biz bu gecə həqiqətən qüdrət, əzəmət hədiyyə etmişik, bu gecə min aylardan da qüdrətlidir, mələklər aşağı enərək, Allahın əmrini gözləyirlər, bu gecə şəfəqin doğmasına qədər aləmdir, sübhdür." Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani-Kərimdə yazılır: "Sübh açılınca, ağ sap qara sapdan fərqlənməyincəyə qədər yeyib-için, sonra gecəyə kimi orucunuzu tamamlayın".

    Qeyd: Müsəlmanlar ən mühüm ibadətlərini, o cümlədən orucu və həcci, Fitr və Qurban bayramlarını hicri-qəməri (Ay) təqviminə əsasən yerinə yetirirlər. Ayın isə Günəşə və Yerə nisbətən vəziyyətindən asılı olaraq müxtəlif səfhələri (ayın görünən xarici tərəflərindən hər biri) olur. Bu səfhələrdən biri də hilaldır, yəni təzə aydır. Qurani-Kərimdə deyilir ki, "(Ya Məhəmməd!) Səndən hilallar barədə soruşurlar. De: Bunlar insanlar və həcc üçün vaxt ölçüləridir". İnsanlar vacib ibadətlərinə ayın hilalına əsasən əməl etmişlər: hilalı görəndə oruc tutmuş, onu yenidən görəndə oruclarını başa vurmuşlar. İki təzə ay arasında keçən müddət 29,5 orta Günəş gününə bərabərdir ki, bu da bir ay edir. Qədim ərəblər bunu vaxt vahidi kimi götürərək bəzi ayları 29, bəzilərini isə 30 gün qəbul etmişlər. Ay ili biri 29, digəri isə 30 gün sürən 12 aydan ibarətdir. Ay (qəməri) təqvimi də buradan yaranmışdır. Bu təqvimə əsasən, ilin uzunluğu 354 gün sürür. İkinci xəlifə Ömərin dövründə qərara alındı ki, tarixləri Məhəmməd peyğəmbərin (s.ə.s.) Məkkədən Mədinəyə hicrəti ilindən hesablasınlar. Orucluq dövründə adam dünya ləzzətindən çəkinir, gündəlik fəaliyyətini davam etdirsə də, özünü Allaha ibadətə həsr edir, nəfsini təmiz saxlayır və bu vaxt şeytan onun qəlbinə yol tapa bilmir. Peyğəmbərimiz (s.ə.s.) buyurur ki, Ramazan ayı gələndə cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar, şeytanlar da zəncirdə olar. Döyüşdə və ya əsirlikdə olduğuna görə oruc tutmayanlar sonra münasib bir vaxtda onun əvəzini (qəzasını) tutmalı və ya fidyə verməlidirlər.

    Orucu qəsdən pozanlar isə onun əvəzini tutmaqla yanaşı, tövbə etməli və kəffarəsini ödəməlidirlər. Kəffarə isə 60 gün oruc tutmaq, yaxud 60 yoxsulu yedirtməkdir. 60 günlük kəffarə orucuna bir günlük qəza orucu da əlavə olunur. Orucluğun başa çatdığı gün fitr bayramı adlanır. Həmin gün bütün müsəlmanlar bir-birlərini təbrik edir, vəfat edənlərin qəbirlərini ziyarət edir, ruhlarına dualar oxuyurlar. Bayram günü hər kəs öz himayəsində olanlar üçün təqribən 3 kq buğda, yaxud xurma və ya kişmiş miqdarında kasıblar üçün fitrə zəkatı verməlidir. Orucluq insanlara öz iradələrini, dözümlülüyünü yoxlamaq imkanı verir, onları paklığa, xeyirxahlığa dəvət edir. "Qabusnamə"nin müəllifi Keykavus ibn İsgəndər oğluna nəsihət edərək yazır: "Ey oğul... bil və agah ol ki, Allah-Təalanın sənin ac və ya toxluğuna ehtiyacı yoxdur. Oruc Allah tərəfindən sənin var-dövlətinə və özünə vurulan möhürdən ibarətdir. Bu möhür mal və bədənin yalnız bir hissəsinə deyil, bəlkə, bütün üzvlərinə vurulur: əl-ayağa, gözə, dilə, qulağa, qarına. Ey oğul, bil və agah ol: orucluğun ən böyük məqsədi ondadır ki, sən gündüz yemədiyini ehtiyacı olanlara verəsən ki, zəhmətinin faydasını görmüş olasan, elə bu zəhmət ona görə lazımdır ki, onun xeyri ehtiyacı olana çatsın". Orucluq bayramı ölkəmizdə Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən dövlət səviyyəsində qeyd olunmağa başladı.

    QURBAN BAYRAMI

    İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən Qurban bayramı ölkəmizdə də dövlət səviyyəsində bayram edilir.

    Üç səmavi dinin - yəhudilik, xristianlıq və İslamın hər üçündə müxtəlif formada qurbanlıq mövcuddur. Lakin İslamda bu ayin xüsusi mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı durur. İnsanları halallığa, paklığa səsləyən Qurban bayramının çox maraqlı tarixi və şərtləri var. Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazır idi. Lakin uca Allah bunu öz elçisinə rəva bilmədi və qurbanlıq üçün ona bir qoç göndərdi. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər. İbrahimin qoca yaşında Allah ona bir oğlan uşağı (İsmayılı) nəsib etmişdi. Çox sevdiyi balasını Allah yolunda qurban verməyə hazır olması peyğəmbərin Allah qarşısında imanının, səmimiliyinin və mütiliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsidir. Bu hadisə onu göstərir ki, insanlar Allahı sonsuz imanla sevməli və öz sevgilərində bu cür səmimi olmalıdırlar.

    Çətin anlarda Allahı yada salıb, yaxşı zamanlarda Onu unutmaq möminə yaraşan hərəkət deyil! Bu rəvayətin başqa bir fəlsəfi-əxlaqi mənası ondan ibarətdir ki, İslam dinində insanın Allah yolunda qurban kəsilməsi qəbul olunmur. İslama qədər bir çox dinlərdə insanları qurban vermə ayinlərinə rast gəlmək mümkündür. Məsələn, atəşpərəstlər insanı odda yandırırdılar. Onlar bu yolla guya Allaha yaxın olduqlarını göstərirdilər. Qədim Çində də insanları tanrılara qurban vermək adəti var idi. Bu ölkədə təbii fəlakətlərdən, daşqınlardan hifz olunmaq üçün uşaqları çaya atırdılar. İnsan Allahın yaratdığı ən şərəfli və ən üstün məxluqdur. Allah özünün yaratdığını özü yolunda qurban kəsilməsini qəbul etmir. İsmayıl Qurbanında kəsilən heyvanlarda bir sıra şərtlər vacib sayılır. Qurbanlıq kimi seçilən heyvan qoç, iribuynuzlu dana, yaxud da dəvə olmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur.

    Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha yaxşıdır. İsmayıl Qurbanında kəsilən heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi İslamda məsləhət görülmür. Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və sevincinə şərik olmaqdır. Beləliklə, bu bayramın və ayinin də əsasında, orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur. Bəzən bir neçə adam bir heyvan alıb onu öz aralarında bölüşməklə, yaxud gedib bazardan ət alıb gətirməklə öz qurbanını kəsmiş hesab edirlər.

    Lakin İslam dininə görə bunlar qurbanlıq hesab olunmur. Əlbəttə, bir neçə nəfər yığışıb bir dananı qurban kəsə bilərlər, bu şərtlə ki, hər bir şəxsə düşmüş ət payını ən azı üç hissəyə bölmək mümkün olsun. Bu hissələrdən biri onların öz ailəsinə sərf olunmalı, qalan hissələr isə fəqir-füqəraya paylanmalıdır. Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın. Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər. Qurbanlığın şərtlərindən biri də budur ki, qurban kəsmək yalnız buna imkanı olan varlı adamların boynunda haqdır. İmkanı olmayan adama isə qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün borc pula heyvan almaq İslamda təqdir olunmur, çünki bu bayramın əsas mahiyyəti zənginlərlə imkansızların birliyi, qardaşlığıdır. Bu bayramda hamı sevinməlidir: varlılar - Allaha xoş gedən əməli icra etdikləri və kasıbları sevindirdiklərinə görə, kasıblar isə - dünya nemətindən əldə etdiklərinə və başqalarından gördükləri mərhəmətə və qayğıya görə.

    20-21 mart NOVRUZ BAYRAMI

    Hər bir xalqın tarixində müxtəlif bayramlar, el şənlikləri olmuşdur. Onlardan bəziləri xalqa yad müəyyən bir ideologiya ilə bağlı olduğundan zaman keçdikcə unudulmuş, yaddaşlardan silinmişdir. Yalnız o bayramlar əsrlərin sınağından keçir ki, onların əsasında humanist milli və bəşəri ideyalar durur. Azərbaycan xalqının uzaq qədimlərdən bu günədək sevə-sevə qeyd etdiyi belə bayramlardan biri də Novruz bayramıdır. Çox qədim zamanlardan başlayaraq dünya xalqlarının bir çoxu yazın gəlməsini, təbiətin oyanmasını, əkin işlərinin başlanmasını bahar bayramı kimi qeyd etmişlər. Bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi qarşılamışlar. Qədimdə bir sıra Şərq xalqları, o cümlədən Mərkəzi Asiya və Azərbaycan türkləri də baharın gəlişini bayram etmişlər.

    Bu bayram Novruz adlandırılmışdır. Novruz bayramı martın 21-də və ya 22-də keçirilir. Bu isə yaz gecə-gündüz bərabərliyinə təsadüf edir. Bir çox tədqiqatçılar Novruzun yaranma tarixini, onun zərdüştilik və ya müsəlman mədəniyyəti ilə əlaqələrini araşdırmış, əski mənbələrdə bir-birini təkzib və ya təsdiq edən müxtəlif faktlar aşkar etmişlər. Lakin ümumi fikir belədir ki, Novruzu konkret bir dinlə, etiqadla bağlamaq düzgün deyil. Novruz bayramı, birlik, qardaşlıq bayramı, xalq şənliyidir.

    Qədim dövrlərdən bəri xalqımız Novruzu yeni ilin başlanğıcı hesab etmiş, onu bolluq, bərəkət və firavanlığın əzəli kimi rəmzləşdirmişdir. Novruz inanclarının əsasında insana, təbiətə həyat verən dörd ünsürün - Suyun, Odun, Yelin (havanın), Torpağın isinməsi, "dirilməsi" durur. Odur ki, Novruz şənlikləri təzə ilin başlanmasına, yəni martın 21-nə dörd həftə qalmış keçirilməyə başlayır. Bu aya Boz ay deyirlər, Həmin ayın hər çərşənbəsi təbiətin bir ünsürü ilə əlaqələndirilmiş və beləliklə, insanların təsəvvüründə ilaxır çərşənbələr yaranmışdır. Əski inamlara görə bu çərşənbələrin hər birində təbiətin dörd ünsüründən biri "dirilmişdir".

    İlin Novruzdan əvvəlki dörd axır çərşənbəsi müqəddəs sayılır. Bunlar Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi adlanır. Bu çərşənbələrdə də xalqımızın adət-ənənələri yaşayır. Su çərşənbəsi Bu çərşənbəyə "Əzəl çərşənbə", "Sular Novruzu" da deyirlər. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər.

    Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən Novruz rəsmi dövlət bayramı kimi qeyd olunur.

    28 mart - TƏHLÜKƏSİZLİK ORQANLARI İŞÇİLƏRİ GÜNÜ

    1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətində milli təhlükəsizliyi təmin etmək başlıca vəzifələrdən biri idi. AXC-nin müdafiə naziri Səməd bəy Mehmandarov Milli ordu quruculuğu ilə yanaşı, xüsusi xidmət orqanlarının təşkili qayğısına qalmağa başladı. Azərbaycanın yeni, xüsusi xidmət orqanlarının yaradılması istiqamətində ilk addımlar atıldı.

    Ölkədəki daxili və xarici vəziyyətin kəskinliyini nəzərə alaraq 1919-cu il martın 28-də Müdafiə naziri S. Mehmandarovun 157 №-li əmrinə əsasən kəşfiyyat və əks-kəşfiyyat xidməti təşkil olundu. Bu təşkilatın vəzifəsi terrorizmə, casusluğa, təxribatlara qarşı mübarizə aparmaq idi. Əksinqilabla Mübarizə Təşkilatının (ƏMT) ilk rəisi vəzifəsinə Azərbaycan parlamentinin üzvü Məmmədbağır Şeyxzamanov təyin olundu. Təəssüf ki, bu təşkilatın fəaliyyəti uzun çəkmədi və 1920-ci il martın 6-da öz fəaliyyətini dayandırmalı oldu.

    Təşkilatın arxiv sənədlərində ayrı-ayrı şəxslərə göndərilmiş məktublardan aydın olur ki, Bakıda Denikin ordusunun casusları sıx əlaqədə işləmiş, geniş casusluq şəbəkəsi yarada bilmişdilər. Denikin ordusunun Azərbaycana qarşı təxribatı ilə əlaqədar ƏMT-nin saxladığı və həbs etdiyi şəxslərin əksəriyyəti erməni idi. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan dərhal sonra bu təşkilatın üzvləri repressiyalara məruz qaldılar. M. Şeyxzamanov güllələndi. Sonradan onu bu vəzifədə əvəz etmiş qardaşı Nağı Şeyxzamanov Türkiyəyə mühacirət etməyə məcbur oldu. Təşkilatın üzvləri - generallar Şahzadə Əmir Kazım Mirzə Qacar, İbrahim ağa Usubov, Əbdülhəmid Qaytabaşı, Məmməd bəy Sulkeviç, polkovnik Rüstəm bəy Şıxlinski də güllələndilər. 70 illik sovet rejimi dövründə əvvəllər Ümumrusiya Fövqəladə Komissiyasının (ÇK), sonralar isə Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) filialı olan Azərbaycan SSR DTK-sı SSRİ-nin siyasi, iqtisadi və sosial mənafelərinin qorunmasına xidmət etmişdi.

    Bu orqana başçılıq etmiş özgə millətlərin nümayəndələri - əsasən ermənilər və ruslar xalqımızın ən layiqli övladlarını, düşünən beyinlərini məhv etməkdə xüsusi rol oynamışlar. Yalnız xalqımızın böyük oğlu Heydər Əliyevin bu orqanda rəhbərliyə gəl- məsi (əvvəl müavin, sonra isə sədr) nəticəsində yüzlərlə azad düşüncəli Azərbaycan övladı Sovet rejiminin repressiyalarından xilas olundu. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən az sonra, 1991-ci il noyabrın 1-də yaradılmış Milli Təhlükəsizlik Nazirliyi təkcə ad etibarilə deyil, məzmunca da dəyişdi. MTN Azərbaycanın milli mənafelərinin və dövlət təhlükəsizliyinin təminatçısına çevrildi.

    MTN-in şəxsi heyətinin Azərbaycanın dövlət təhlükəsizliyinin möhkəmləndirilməsində və qorunmasında xüsusi rolu vardır. Milli müstəqilliyə və dövlətçiliyə qarşı yönəlmiş dövlət çevrilişlərinə cəhdlər zamanı silahlı qarşıdurmada nazirliyin çoxlu sayda əməkdaşları həyatlarını qurban vermişlər. Onlardan 4 nəfəri "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

    Azərbaycan Respublikasının Prezidenti H. Əliyevin 1997-ci il mart tarixli fərmanı ilə 28 mart - Milli Təhlükəsizlik Orqanları İşçiləri Günü elan olunmuşdur. Milli Təhlükəsizlik orqanları üçün xüsusi təhsil almış peşəkarların hazırlanması məqsədilə 1998-ci ilin dekabrında Milli Təhlükəsizlik Nazirliyinin Akademiyası təsis olunmuşdur.

    28 may - AZƏRBAYCAN RESPUBLİKA GÜNÜ

    Uzun bir dövr Azərbaycan Rusiyanın müstəmləkəsi olmuşdur. Ancaq Azərbaycan xalqı həmişə azadlığa, müstəqilliyə qovuşmaq üçün mübarizələr aparmışdır. XX əsr tarixə yalnız elm, texnika əsri kimi yox, həm də milli oyanış, xalqların müstəmləkəçilikdən azad olmaları və milli dövlətlərin yaranması əsri kimi də daxil olmuşdur.

    1917-ci ildə Rusiyada baş vermiş inqilab nəticəsində Romanovlar sülaləsinə son qoyuldu. Nəticədə Rus İmperiyası dağıldı. Xalqlar öz müqəddəratlarını özləri həll etməli oldular. Bu imkandan istifadə edərək 1918-ci il mayın 28-də Azərbaycanın milli qayəli, milli təfəkkürlü övladları Azərbaycan Demokratik Cümhuriyyətini elan etdilər.

    ADC təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik respublika idi. Bu Respublika parlamentli dövlət idi. Onun dövlət atributları - bayrağı, himni, gerbi qəbul edildi. Üç rəngli bayrağında türkçülük, islamçılıq və avropalaşmaq bir vəhdətdə idi. Ancaq ADC cəmi 23 ay yaşaya bildi. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal etdilər və Respublika süqut etdi.

    Respublika Günü - dövlət müstəqilliyinin bərpası günü - 1990-cı ildən dövlət bayramı kimi qeyd olunur.

    15 iyun - QURTULUŞ GÜNÜ

    1993-cü ilin may-iyun aylarında Azərbaycan öz tarixinin ən ağır günlərini yaşayırdı. Birinci Qarabağ müharibəsində böyük itkilər, hərbi uğursuzluqlar, iqtisadi tənəzzül, dövlət rəhbərliyindəki çəkişmələr xalqın səbir kasasını daşdırırdı. Azərbaycan hökuməti xalq arasındakı dayaqlarını itirirdi.

    İyunun 4-də Surət Hüseynovun rəhbərliyi altında Gəncə şəhərindəki ordu hissələri qiyam qaldırmışdı. O dövrkü hakimiyyətin səriştəsizliyi və iradəsizliyi ucbatından bu qiyam getdikcə daha geniş miqyasda yayılaraq vətəndaş müharibəsi xarakteri almışdı. Daşnakların "Böyük Ermənistan" yaratmaq niyyətləri, Azərbaycanı Qafqazın siyasi xəritəsindən silmək planları reallaşmaq üzrə idi. Azərbaycan torpağı etnik əlamətə görə parçalanıb yox olmaq təhlükəsi qarşısında qalmışdı. Gəncədə qardaş qanı tökülmüşdü.

    Bakı yaxınlığında - Navahı kəndində vətəndaş müharibəsinin ilk güllələri atılmışdı. Özünün zəifliyini hiss edən Respublika rəhbərliyi xalqın təkidli tələbi ilə o vaxt Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik edən Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu. Beləliklə, dünya miqyaslı böyük siyasi xadim Azərbaycanda hakimiyyət başına gəldi. Bununla da daxili və xarici düşmənlərimizin bütün planları iflasa uğradı. 1993-cü il iyun ayının 15-də Heydər Əliyev Azər- baycan Respublikası Ali Sovetinin sədri vəzifəsinə seçildi.

    H. Əliyevin hakimiyyətə qayıdışı ilə hadisələrin gedişində həlledici dönüş baş verdi. Müdrik dövlət xadimi bir neçə siyasi gedişdən sonra vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Qurtuluş savaşında qələbəyə doğru dönüş başlandı. Nəyə görə 1993-cü il iyunun 15-ni Qurtuluş Günü adlandırırıq? Azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir.

    Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur. Dövləti olmayan xalq ölümə məhkumdur. Dövlətçilik xalqın "ölüm, ya olum" məsələsidir. Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidməti kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarmaqda idi. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir! Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı. H. Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi ki, "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir".

    17 iyun - SƏHİYYƏ İŞÇİLƏRİ GÜNÜ

    Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Nizamnaməsində sağlamlıq insanın ən əsas hüquqlarından hesab edilir. Azərbaycanda tibbin inkişafı daha çox XX əsrlə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra onun həyata keçirdiyi sosial-mədəni tədbirlərdən biri də sağlamlığı mühafizə ilə bağlı idi. Bununla əlaqədar olaraq Nazirlər Şurasının 17 iyun 1918-ci il tarixli sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olundu.

    İlk səhiyyə naziri Xudadat bəy Rəfibəyli oldu. Yeni təşkil olunmuş nazirliyin qarşısında o vaxtlar geniş yayılmış vəba, taun, qızılca, vərəm, malyariya kimi keçici xəstəliklərin qarşısını almaq, xəstəxanalar və feldşer məntəqələri açmaq, ixtisaslı həkimlər və tibb bacıları hazırlamaq kimi vəzifələr dururdu.

    Bu məqsədlə Azərbaycan hökumətinin xarici ölkələrə oxumaq üçün göndərdiyi 100 nəfər istedadlı gənc arasında həkimlik ixtisasına yiyələnənlər də var idi. İndi Azərbaycanda öz sənətinin sirlərinə dərindən bələd olan, insanların sağlamlığı keşiyində duran minlərlə səhiyyə işçisi vardır.

    Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən 17 iyun Səhiyyə İşçiləri Günü kimi qeyd olunur.

    26 iyun - AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİ GÜNÜ

    1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlandı. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. İstedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildilər. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi.

    Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştəlilik göstərdi, Qazaxda Azərbaycan sərhədlini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi. Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi istedadlı generalları var idi. AXC süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi.

    Onun rəhbərlərinin əksəriyyəti Nargin adasına aparılıb güllələndi. Sovet hakimiyyəti dövründə də Rusiya imperiyasının azərbaycanlılara qarşı hərbi siyasəti dəyişməmişdi. Sovet dövründə çar dövründən fərqli olaraq azərbaycanlı gənclər hərbi xidmətə çağırılırdılar. Lakin onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti batalyonlarında xidmət edirdilər.

    Məqsəd aydın idi - azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə imkan verməmək. Bu siya- sətin mahiyyətini yaxşı başa düşən Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra, 1971-ci il iyunun 20-də C. Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təşkil etdi. Dövlət başçımız azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail olmuşdu.

    C. Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin silahlı qüvvələrin formalaşmasında müstəsna rolu vardır. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində misilsiz igidliklər göstərmişlər. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra milli ordunun yaradılması günün ən vacib məsələsinə çevrilmişdi.

    Lakin hələ 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması barədə qərarın və həmin ilin oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən silahlı qüvvələrin yaradılması haqqında qanunun qəbul edilməsinə baxmayaraq, o dövrün Respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün heç bir səy göstərmirdi. Ermənistanın gündən-günə genişlənməkdə olan hərbi təcavüzü Milli Ordunun yaradılması işini sürətləndirməyi tələb edirdi. Lakin ilk vaxtlar yaradılmış hərbi hissələr müxtəlif siyasi qüvvələrin əlində alətə çevrilmişdi.

    Ordu quruculuğuna yalnız 1993-cü ildən başlamaq mümkün oldu. Bu dövrdən etibarən ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi. Görülmüş tədbirlər nəticəsində qısa zaman kəsiyində Füzuli və Ağdam rayonlarının bir sıra yaşayış məntəqələri işğaldan azad edildi, cəbhədə təşəbbüs Azərbaycan ordusunun əlinə keçdi. Bu uğurların müvəqqəti olduğunu güman edən düşmən öz havadarlarının köməyindən və silah sursatından istifadə edərək 1994-cü ilin ilk aylarında bütün cəbhə boyu irimiqyaslı hücum əməliyyatlarına başladı. Lakin Azərbaycan ordu hissələrinin Füzuli, Beyləqan, Ağdam və Tərtər istiqamətlərindəki müqaviməti ilə rastlaşan və Azərbaycan əsgərinin qəhrəmanlıq nümunələrinin şahidi olan düşmən cəbhədə atəşkəsə razılıq verməli oldu.

    Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalamışdır.

    Prezidentin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Bu ordu işğal olunmuş ərazilərimizi düşməndən azad etməli, ölkəmizin ərazi bütövlüyünü qorumalıdır. Tarixi varislik ənənəsinə uyğun olaraq Prezidentin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.

    2 iyul - AZƏRBAYCAN POLİSİ GÜNÜ

    Azərbaycan polisinin tarixi çox da uzaq deyil. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan az sonra, Nazirlər Şurasının 1918-ci il 2 iyul tarixli sərəncamı ilə Daxili İşlər Nazirliyi tərkibində müstəqil Azərbaycanın polis orqanları yaradıldı. Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət etdi, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirdi. AXC süqut etdikdən sonra, bolşevik diktaturası bütün milli dövlət və hüquq-mühafizə strukturlarını, o cümlədən milli polisi ləğv etdi.

    Əvəzində "milis" adlandırılan bir qurum yaradıldı. Milisin vəzifəsi insanların təhlükəsizliyini qorumaq, cinayətkarlığa qarşı mübarizə aparmaqdan d-ha çox bolşevik rejiminin qorunmasına, azadfikirli insanların təqib və həbs edilməsinə yönəldilmişdi. Sovet mili- si mövcud olduğu 70 il ərzində dövlətin repressiya aparatı rolunu oynamışdır.

    Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra polis adı bərpa olundu, onun funksiya və vəzifələri dəqiqləşdirildi. Azərbaycan polisi Birinci Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Daxili işlər orqanlarının və daxili qoşunların şəxsi heyətinin 931 nəfəri bu müharibədə şəhid olmuşdur.

    Polisin sıralarında xeyli sayda "Milli Qəh- rəman" adına, habelə orden və medallarla təltifə layiq görülənlər vardır. Bu gün Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, eyni zamanda beynəlxalq standartlara uyğunlaşdırılır. Prezident H. Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-si Azərbaycan Polisi Günü kimi qeyd olunur.

    22 iyul - MİLLİ MƏTBUAT VƏ JURNALİSTİKA GÜNÜ

    Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir. Böyük çətinliklərdən sonra o, Bakıda ana dilində "Əkinçi" qəzetinin nəşr edilməsi üçün icazə almışdı. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdı. "Əkinçi" qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu. 1875-1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görmüşdü. "Əkinçi" qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynamışdır.

    Qəzetin mütərəqqi ideyaları Rusiya hakim dairələrini narahat etmiş və iki il sonra qəzet bağlanmışdı. Azərbaycan mətbuatının ilk müjdəçisi "Əkinçi"dən sonra bu sahədə xeyli irəliləyişlər olmuşdu. XIX əsrin sonlarında "Ziya", (1879), "Kəşkül" (1880), "Kaspi" (80-90-cı illər) qəzetləri nəşrə başlamışdı. XX əsrin əvvəllərində C. Məmmədquluzadə, M. Şahtaxtinski, S. Hüseyn, Ö. Faiq Nemanzadə, Ü. Hacıbəyov və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparırdılar. Bu gərgin mübarizə öz nəticəsini verdi. "Şərqi-rus" (1903), "Həyat" (1905), "Açıq söz" (1915), "Azərbaycan " (1918) kimi demokratik ruhlu, milli qayəli qəzetlər meydana çıxdı.

    1906-cı ildə "Molla Nəsrəddin" jurnalının nəşrə başlanması ilə Azərbaycan mətbuatında siyasi satiranın əsası qoyuldu. Redaktoru Xədicə xanım Əlibəyova olan "İşıq" jurnalının bütün əməkdaşları qadınlardan ibarət idi. Sovet hakimiyyəti dövründə bütün sovet respublikalarında olduğu kimi Azərbaycanda da mətbuat sovet ideologiyasının ruporuna çevrilmişdi. Azad və demokratik mətbuatdan söhbət belə gedə bilməzdi. Yalnız bolşevik rejiminin, kommunist ideyalarının təbliği ilə məşğul olan qəzet və jurnallar nəşr olunurdu. Mətbuat üzərində ciddi senzura hökm sürürdü. Kommunist Partiyasının orqanı olan "Pravda" (bu qəzetin dilimizə tərcüməsi "Həqiqət" olsa da, səhifələri qərb demokratiyasına qarşı iftiralarla, ictimai və iqtisadi-siyasi həyatın müxtəlif sahələrinə aid yalan informasiyalarla dolu idi) qəzetinin ilk nömrəsinin çapdan çıxdığı gün - 5 may Mətbuat Günü kimi qeyd olunurdu.

    Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan - qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əkinçi" qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başladı.

    1 avqust - AZƏRBAYCAN ƏLİFBASI VƏ AZƏRBAYCAN DİLİ GÜNÜ

    Azərbaycan xalqının dünya sivilizasiyasına bəxş etdiyi nadir töhfələrdən biri də Qobustan və Gəmiqaya təsvirləri, həmçinin epiqrafik abidələrdir. Tarixi faktlar sübut edir ki, bu qiymətli əsərləri yaradarkən xalqımız müxtəlif yazı növlərindən və əlifbalardan istifadə etmişdir. Qədim Manna dövlətində yerli yazı növü ilə yanaşı, heroqliflərdən də istifadə olunduğu məlumdur. Ulu əcdadlarımız olan albanların 52 hərfdən ibarət əlifbası vardı.

    Ölkəmizdə İslam dininin yayılması ilə əlaqədar ərəb əlifbasından geniş istifadə olunmuş, yüz illər boyu ərəb dili din, elm və təhsil dili rolunu oynamışdır. Lakin əsrlərlə müxtəlif xalqların mədəni əlaqələrinə xidmət etmiş ərəb qrafikası dilimizin səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilmir, onun quruluşu və xarakteri haqqında tam aydın təsəvvür yaratmırdı. Bu çatışmazlıqlar M. F. Axundzadə başda olmaqla dövrün mütərəqqi maarifçi ziyalılarında əlifba islahatı keçirmək ideyaları yaratmışdı. Lakin o vaxt bu ideyanı həyata keçirmək mümkün olmamışdı.

    1922-ci ildə Azərbaycan hökumətinin qərarı ilə Yeni Əlifba Komitəsi yaradıldı. Bu Komitəyə Azərbaycan (türk) dili üçün latın qrafikalı əlifba tərtib etmək tapşırığı verildi. Bu yeni əlifbaya keçilməsi yolunda atılmış ilk ciddi addım oldu.

    1923-cü ildən etibarən latın qrafikalı əlifbaya keçmə prosesi sürətləndirildi. 1926-cı ildə keçirilmiş Birinci Ümumittifaq Türkoloji Qurultayın tövsiyəsinə əsasən 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edildi. Bu hadisə Azərbaycanda savadsızlığın ləğv olunmasında mühüm rol oynadı. Lakin Türkiyə Cümhuriyyətində də latın qrafikalı əlifbaya keçilməsi və bunun nəticəsində SSRİ- də və xaricdə yaşayan türk xalqları arasında mədəni əlaqələrin güclənməsi qorxusu Sovet imperiyası rəhbərliyində Azərbaycan əlifbasının yenidən dəyişdirilməsi planlarını yaratdı.

    1940-cı il yanvarın 1-dən kiril qrafikalı əlifbaya keçmək haqqında qərar qəbul olundu. Sonralar kiril qrafikasının Azərbaycan dilinin fonetik səs sisteminə uyğunlaşdırılması üçün Azərbaycan kiril qrafikasında müəyyən dəyişikliklər aparıldı. Yarım əsrdən çox bir müddət ərzində kiril qrafikası ilə Azərbaycan elmi və mədəniyyətinin qiymətli nümunələri yaradıldı. Azərbaycan öz dövlət müstəqilliyini bərp


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azerbaycan Milli bayramlar və əlamətdar günlər

          Kategori: Azerbaycan Önemli Günleri

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 4310

    Konu AyMaRaLCaN tarafından (11.02.13 Saat 18:40 ) değiştirilmiştir. Sebep: Azerbaycan Milli bayramlar və əlamətdar günlər
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş