Azərbaycan dili → Orfoepiya və orfoqrafiya qaydaları
Azərbaycan dili → Orfoepiya və orfoqrafiya qaydaları
İkinci hecasındakı saiti “u”, bəzən də “ü” ilə deyilən sözlər “i” ilə yazılır.Məs:münbit, ümid, münsif, müdir, mühit, müflis, müdhiş. İstisna: üfüq, mühüm.
Qandax, Muxax, Qazax, Samux, Yevlax sözlərinə saitlə başlanan şəkilçi qoşulduqda sondakı x samiti ğ samiti ilə əvəz olunmur. Lakin tələffüz zamanı ğ kimi tələffüz oluna bilər: Qazax [Qazağ]
O saitli alınma sözlər a və o ilə deyilməsindən asılı olmayaraq o ilə yazılır: avtomat, biologiya, velosiped, ensiklopediya, kollektiv, kombinat, laborant, obyekt, poeziya, poema, poçtalyon, problem, professor, solist, motor, polkovnik və s.
İki saitin arasında gələn qoşa samitlər qoşa samitlə yazılır: kassa, libretto, operetta, nəqqaş, kəmiyyət, kapella və s.
Əslində sonu qoşa samitlə bitən iki və çoxhecalı alınma sözlər bir samitlə yazılır: ekspres, kilovat, kiloqram, konqres, metal, proses, sərhəd, hüsnxət və s.
Rus dilində -iy, -skiy ilə qurtaran xüsusi və ümumi alınma isimlərin sonundakı y yazılmır: Qorki,Yaroslavski, Mayakovski, sanatori, planetari və s.
Əslində birhecalı olub, tələffüzdə çox zaman sonundakı iki samit arasına u və ya ü saiti artırmaqla deyilən sözlər iki cür yazılır:
iki saitlə yazılanlar: qəbir, qədir, eyib, ətir, zehin, izin, səbir, ömür, isim, nəsil, sətir, sinif, fəsil, fikir, cisim, şəkil, heyif, meyil, şeir, əsil
bir saitlə yazılanlar: qəbz, qəsr, əmr,zülm, nəbz, nəfs, hüzn, həsr, üzv, həbs, kəsr, sədr, mətn.
-vari şəkilçisi ilə yazılan sözlərin düzgün yazılışı: buynuzvari, yüngülvari, üzükvari, qalxanvari, igidvari.
Tərkibində qeyri, əks, küll, eks, vitse, kontr, ober, super sözləri işlənən mürəkkəb isimlər defislə yazılır.
idi, imiş, ikən köməkçi sözləri adlardan (isim, sifət, say, əvəzlik) və saitlə bitən fellərdən sonra ayrı, samitlə bitən fellərdən sonra isə həm ayrı, həm də bitişik yazılır: ata idi, uşaq idi, uşaq ikən, uşaq imiş, gəlmiş imiş, gəlmişmiş, gələr ikən, gələrkən.
-can, -cən, -dək, -tək qoşmaları sözlərə bitişik yazılır. -mı4 və sana2 ədatları sözə bitişik yazılır. İstisna: əgər mı4 sual ədatı da-də bağlayıcısından sonra gəlirsə, hər ikisi ayrı yazılmalıdır: Sən də mi məni atırsan?
Bəzi mürəkkəb adların yazılışları: Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Baş naziri, AR Milli Məclisinin Sədri, Babək Rayon Təhsil Şöbəsi
İxtisarlar (abreviatura) üç cür yazılır:
Tam ixtisarlar aid olduqları sözlərə uyğun olaraq böyük və ya kiçik hərflə yazılır: MDB, BMT, metr-m, cild-c
Yarımçıq ixtisarlar aid olduqları sözlərə uyğun olaraq böyük və ya kiçik hərflə, mürəkkəb adların tərkib hissələri isə bitişik yazılır: akad.(akademik), prof.(professor), Azərkitab (Azərbaycan kitabı)
Sözün orta hissəsinin düşməsi ilə yaranan ixtisarlar defislə yazılır: k-b (kitab)
Yeni orfoqrafiyada dəyişilmiş sözlər: abveriatura, anten, heyif, hospital, Höte, hüsncamal, hüsnxidmət, hüsnrəğbət, hotel, meyil, şeir, profilaktori, sanatori, şillə, varid olmaq, vaz keçmək, bağırsaq, kompyuter, nəqarət, şirtək, hərgünkü, hərgünlü, ala-bəzək,(alabəzək quş adı bitişik yazılır) ala-çiy
Bir y ilə yazılan sözlər: tərbiyə, heyət, tövsiyə, təhkiyə, ehtiyac, ehtiyat, mərsiyə
Xüsusi isimlər ümumiləşdirmə bildirərək cəmləşdikdə böyük hərflə yazılır: Nizamilər, Sabirlər, Aşıq Ələsgərlər
Rus dilində tərkibində ц olan ümumi isimlər s ilə yazılır: dosent, lisey, konsert, sex, sirk, sement və s. Vitse sözü istisnadır.Xüsusi isimlərdə sözün əvvəlində s, sözün ortasında və axırında ts yazılır.
Söz başında və ortasında ov, öv hərf birləşmələrindəki v samiti tələffüzdən düşür və o, ö saitləri bir qədər uzun tələffüz olunur: dovşan {do:şan}, yovşan {yo:şan}, qovurma {qo:urma}, sovqat {so:qat}, qırqovul {qırqo:ul}, çovdar {ço:dar}, dovğa {do:ğa}, çovğun {ço:ğun}, ovuc {o:uc}, ovxalama {o:xalama}, ovuşdurma {o:uşdurma}, tövlə {tö:lə}, lövbər {lö:bər}, növbə {nö:bə}, dövlət {dö:lət}, bənövşə {bənö:şə}, tövbə {tö:bə}, gövdə {gö:də}, gövşəmək {gö:şəməxı}. İstisna: ovçu, ovçuluq, ovlamaq, zövq, şövq, dövran.
Sonu a, ə saitləri ilə bitən çoxhecalı sözlərə əvvəlində bitişdirici y samiti olan müəyyən şəkilçilər qoşulduqda həmin saitlər ahəng qanununa uyğun olaraq tələffüz zamanı ı, u, i, ü səslərindən birinə çevrilir, yəni sözün sonundakı açıq saitlər qapalı sait kimi kimi tələffüz olunur:
ismin yönlük halında: kölgəyə-[kölgüyə], arabaya-[arabıya], dərəyə-[dəriyə], özgəyə-[özgüyə]
felin indiki zamanında: yaşayır-[yaşıyır], işləyir-[işdiyi]r, otlayır-[otduyu]r, bulayır-[buluyur]
felin qeyri-qəti gələcək zamanında: İşləyər-[işliyə]r, bulayar-[buluyar], söyləyər-[söylüyər], başlayar-[başdıyar]
felin qəti gələcək zamanında: yaşayacaq-[yaşıyacaq], oynayacaq-[oynuyacaq], atlayacaq-[atlıyacaq]
felin arzu və lazım şəklində:yaşaya-[yaşıya], işləyə-[işdiyə], işləyəsidir-[işdiyəsidir].
indiki zaman məzmunlu feli sifətlərdə: yaşayan-[yaşıyan], söyləyən-[söylüyən], tərləyən-[tərriyən]
bir sıra müxtəlif sözlərdə: anayam-[anıyam], oynaya-[oynuya], saxlayın-[saxlıyın]
Rus dilindən alınan sözlərdə əgər vurğu [o] saitinin üstünə düşmürsə, o zaman [o] saiti [a] kimi tələffüz olunur: motor-[mator], kombayn-[kambayn], bloknot-[blaknot], qonorar-[qanarar], domino-[damino], dosent-]dasent]. İstisna: bomba’, Bombe’y, bota’nika.
Sonu [ç] ilə bitən sözlərə d, z, s, t, l, n samitləri ilə başlanan şəkilçilər, eləcə də sözlər qoşulduqda həmin sait [ş] kimi tələffüz olunur: keçdi [keşdi], heç zaman [heş zaman], qaçsan [qaşsan], üç dəfə [üş dəfə].
Bəzi qoşasaitli sözlərdə saitlərdən heç biri düşməsə də, uzanma baş verir: qiraət-[qira:ət], qənaət-[qəna:ət], bəraət-[bəra:ət], şücaət- [şüca:ət].
Cevap: Azərbaycan dili → Orfoepiya və orfoqrafiya qaydaları
Saitlərin yazılışı
1. O saitli alınma sözlər a və ya o ilə deyilməsindən asılı olmayaraq o ilə yazılır: avtomat, biologiya, velosiped, ensiklopediya, kollektiv, kombinat, laborant, obyekt, poeziya, poema, poçtalyon, problem, professor, solist, motor, polkovnik.
2. Ü saitli alınma sözlər ü ilə də yazılır: alüminium, bülleten, büro, jüri.
3. Aşağıdakı sözlər ədəbi tələffüzdə olduğu kimi, iki heca ilə yazılır: qəbir, qədir, eyib, ətir, zehin, isim, nəsil, ömür, səbir, sətir, sinif, fəsil, fikir, şəkil, heyif, meyil, əsil, şeir.
4. Əslində sonu a ilə bitən alınma sözlərdən aşağıdakılar a-sız yazılır: anket, aptek, armatur, atmosfer, vitrin, qəzet, idiom, kayut, kaset, kontor, konfet, lent, maşın, perspektiv, pyes, planet, reklam, sistem, sitat.
Samitlərin yazılışı
5. Birinci hecasındakı samiti həm n, həm də m ilə deyilən sözlər n ilə yazılır: anbar, qənbər, zənbil, günbəz, sünbül, şənbə. Kombayn, kombinat, kömbə, pambıq sözləri istisnadır.
6. Əslində sonu qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər bir samitlə yazılır: ekspres, kilovat, kiloqram, konqres, metal, mühüm, proses, sərhəd, hüsnxət.
7. Sonu -iy, -skiy ilə qurtaran xüsusi və ümumi alınma isimlərin sonundakı y yazılmır: Qorki, Yaroslavski, Mayakovski, ssenari, planetari, profilaktori, sanatori.
Qeyd. Kimyəvi element adları əslinə uyğun olaraq yazılır: kalium, maqnezium, natrium.
8. Rus dilində tərkibində ц olan ümumi isimlər s ilə yazılır: dosent, konsert, sex, sirk, sement, lisey.
Vitse sözü istisnadır.
Xüsusi isimlərdə sözün əvvəlində s, sözün ortasında və axırında ts yazılır:
Setkin, Siolkovski, Vorontsov, Kuznetsov, Motsart, Muromets.
9. Rus dilində tərkibində щ olan alınma sözlərin əvvəlində və axırında bir ş, sözün ortasında isə iki ş (şş) yazılır: Şedrin, Şerba, şotka, borş, Vereşşaqin, Quşşin, meşşan.
10. Əsli h samitli alınma sözlər h ilə yazılır: Heyne, hektar, Hegel, hegemon, hidrogen, himn, hospital, hotel.
11. Əsli c samitli alınma sözlər c ilə də yazılır: Cek London, cemper, Siciliya.
12. Əsli q samitli alınma sözlər incə saitli hecalarda g ilə yazılır: biologiya, dialektologiya, genezis, general, geologiya, gigiyena, gimnastika, gitara.
Sözün müxtəlif yerlərindəki qoşa sait və samitlərin yazılışı
13. Qoşa saitlə deyilən sözlər qoşa saitlə də yazılır: maaş, saat, camaat, bədii, əmtəə.
14. Təkhecalı sözlərin sonunda qoşa samitin hər ikisi yazılır: vatt, zənn, zidd, küll, rədd, sirr, fənn, xətt, haqq, hiss.
Bu sözlərə samitlə başlanan şəkilçi əlavə olunduqda söz kökündəki qoşa samitdən biri düşür: zid-dir, sir-daş, fən-lər, xət-siz, his-siz.
15. İki sait arasında gələn qoşa samitlər qoşa samitlə yazılır: ballada, kassa, şassi, vassal, kapella, klassik, libretto, operetta, nəqqaş, səyyar, kəmiyyət.
Qeyd. Qruppa, antenna, tonna, apparat, parallel sözləri və -ma hecası ilə qurtaran sözlər aşağıdakı kimi yazılır: qrup, anten, ton, aparat, paralel, diaqram, proqram, stenoqram, teleqram.
Şəkilçilərin yazılışı
16. Sözdüzəldici şəkilçilər aşağıdakı kimi yazılır:
1. Bir cür yazılan şəkilçilər:
1) -i və ya -vi şəkilçisi: daxili, tarixi, həyati, cənubi, şimali, dairəvi, kimyəvi, kütləvi, Gəncəvi;
2) -vari şəkilçisi: buynuzvari, qalxanvari, yüngülvari, üzükvari.
2. İki cür yazılan şəkilçilər:
Kar samitlə bitənlərdə: -qan, -kən; cingiltili samitlə bitənlərdə -ğan, -gən şəkilçiləri: yapışqan, çalışqan, döyüşkən, sürüşkən, burulğan, deyingən.
3. Dörd cür yazılan şəkilçilər:
1) -kı, -ki, -ku, -kü şəkilçiləri: axşamkı, bildirki, səhərki, onunku, gündüzkü, bugünkü;
2) sifət və isim düzəldən -ı, -i, -u, -ü şəkilçiləri: badımcanı, darçını, narıncı, ceyranı, dərbəndi, çərkəzi, novruzu, gümüşü;
3) fel köklərindən isim və sifət düzəldən şəkilçilər:
sonu kar samitlə bitənlərdə:
a) -ki, -qı, -kü, -qu: seçki, bıçqı, sürtkü, pusqu;
b) -kin, -qın, -kün, -qun: bitkin, satqın, ötkün, tutqun;
sonu cingiltili samitlə bitənlərdə:
a) -gi, -ğı, -gü, -ğu: vergi, çalğı, bölgü, vurğu;
b) -gin, -ğın, -gün, -ğun: əzgin, qırğın, düzgün, yorğun.
4) -ıstan, -istan, -ustan, -üstan şəkilçiləri samitlə bitən sözlərdə: Dağıstan, Türkmənistan, Monqolustan, Türküstan.
Qeyd. Saitlə bitənlərdə -stan yazılır.
Rəqəmlə yazılan miqdar saylarında şəkilçilərin yazılışı
17. Rəqəmlə yazılan miqdar saylarına mənsubiyyət və hal şəkilçiləri əlavə edildikdə şəkilçidən əvvəl defis qoyulur: 20-dən, 3-də, 2-yə, 6-nın, 5-i, 17-si.
Ərəb rəqəmlərindən sonra ahəngə görə sıra sayının şəkilçisi ixtisarla (-cı, -ci, -cu, -cü) yazılır: 6-cı, 2-ci, 10-cu, 3-cü.
Mürəkkəb sözlərin yazılışı
18. Bir vurğu ilə deyilən mürəkkəb sözlər bitişik yazılır: arabir, balacaboy, beşillik, beşmərtəbə, qalxanabənzər, qanunvericilik, qurultayqabağı, dilucu, günəbaxan, gülərüz, müxtəliftərəfli, özbaşınalıq, soyuqqanlı, ümumbəşəri, ucdantutma, bugünkü, hərgecəki, ilbəil, günbəgün, qaçaqaç, Bülbüloğlu, Qənbərqızı, Həsənoğlu, Çərkəzqızı, Əliağa.
19. Tərkibindəki sözlərin səciyyəsindən asılı olaraq, aşağıdakı hallarda defisdən istifadə edilir:
1) qoşa sözlərdə: adda-budda, az-maz, qara-qura, qarma-qarışıq, qonaq-qara, dedi-qodu, əzik-üzük, kağız-kuğuz, sür-sümük, aşıq-aşıq, top-top;
2) tərkibində qeyri, əks, külli, anti, eks, vitse, kontr, ober, super sözləri işləndikdə: qeyri-adi, qeyri-iradi, əks-inqilab, əks-hücum, külli-ixtiyar, vitse-admiral, kontr-admiral, ober-leytenant, super-market;
3) izafət tərkiblərində: tərzi-hərəkət, nöqteyi-nəzər, həddi-buluğ, tərcümeyi-hal;
4) tərkibində mənaca bir-birinə yaxın və ya zidd sözlər işləndikdə: ab-hava, alış-veriş, ölüm-itim, kafe-restoran, kilovat-saat, cənub-qərb, şimal-şərq, az-çox, elə-belə, gec-tez, ağıllı-kamallı, ucsuz-bucaqsız, pis-yaxşı, fabrik-zavod, iki-üç, gedər-gəlməz, yazar-yazmaz, bitməz-tükənməz, dinməz-söyləməz.
Köməkçi sözlərin yazılışı
20. İdi, imiş, ikən köməkçi sözləri adlardan (isim, sifət, say, əvəzlik) və saitlə qurtaran fellərdən sonra ayrı, samitlə bitən fellərdən sonra həm ayrı, həm də ilk saiti buraxılaraq, şəkilçiləşmiş variantlarda bitişik yazılır: ata idi, ata imiş, ata ikən, uşaq idi, uşaq imiş, uşaq ikən, gəlməli idi, gəlməli imiş, gəlməli ikən, gəlmişdi, gəlmişmiş, gəlirkən, gəlmiş imiş...
21. Qoşmalar iki cür yazılır:
1) birhecalı qoşmalar (-can, -cən, -dək, -tək) aid olduqları sözə bitişik yazılır: dağacan, evəcən, küçəyədək, quştək;
2) ikihecalı qoşmalar (qədər, kimi, ötrü, təki, təkin, üçün, ilə) aid olduqları sözdən ayrı yazılır: evə qədər, adam kimi, ondan ötrü, sənin təki, şagird üçün.
Qeyd. İlə qoşması samitlə bitən sözlərdə ahəng qanununa uyğun olaraq -la, -lə şəklində bitişik yazıla bilər.
22. Mənşəcə mürəkkəb olan aşağıdakı bağlayıcılar bitişik yazılır: yainki, yaxud, nəinki, habelə, halbuki, həmçinin, hərgah, hərçənd, çünki.
23. İki sadə bağlayıcıdan və sadə bağlayıcı ilə başqa nitq hissələrindən əmələ gələn bağlayıcılar və bağlayıcı sözlər bir-birindən ayrı yazılır: belə ki, buna görə də, bununla da, bunun üçün, və ya, və yaxud, daha da, demək ki, yoxsa ki, guya ki, odur ki, ona görə, ona görə də, onun üçün də, tutaq ki, həm də.
24. Ədatlar sözlərdən ayrı yazılır: di get, gör ha, dedim də, sən ki, daha gözəl, lap pis, ən yaxşı.
-mı, -mi, -mu, -mü və -sana, -sənə ədatları istisnadır.
Onlar aid olduqları sözlərə bitişik yazılır: Kitabdırmı? Qəşəngdirmi? Oxudumu? A kos-kosa gəlsənə, torbanı doldursana?
Qeyd. -mı, -mi, -mu, -mü sual ədatı -da, -də ədatından ayrı yazılır: Sən də mi gedirsən? O yenə də mi danışacaq?
25. Eyni nidanın təkrarından əmələ gələn nidalar defislə yazılır: bəh-bəh, vay-vay, pəh-pəh, uy-uy, ha-ha-ha.
26. Müxtəlif sözlərdən əmələ gələn nidalar ayrı yazılır: ay aman, ay haray.
Birinci hərfi böyük yazılan sözlər
27. Xüsusi isimlərin (yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır: Səməd Vurğun, Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyli, Uzun Həsən, Süleyman Rüstəm, Süleyman Sani, Bəxtiyar Vahabzadə, İsgəndərlər, Mehdi Hüseynzadələr, Nizamilər, Hacı Qaralar...
28. Bədii əsərlərdə heyvanlar və cansız əşyalar surət kimi işlədildikdə onların adlarının birinci hərfi böyük yazılır: Qırat, Alapaça, Bozdar, Məstan:
29. Tarixi hadisələrin, dövrlərin, sülalələrin, nomenklatur terminlə işlənən yer adlarının, eləcə də qədim yazılı abidələrin və s. adlarının birinci sözünün birinci hərfi böyük yazılır: Vətən müharibəsi, Yeddiillik müharibə, Versal sülhü, Dəmir dövrü, Orxon-Yenisey abidələri, Çaldıran döyüşü, Sasanilər dövrü, Səfəvilər sülaləsi, Xəzər dənizi, Azadlıq meydanı, Şuşa qalası...
Belə mürəkkəb adlara fərqləndirici söz əlavə olunduqda onun da birinci hərfi böyük yazılır: Orta Paleolit dövrü, Son Paleolit dövrü.
30. Ölkələrin, muxtar respublikaların, vilayət və diyarların rəsmi adlarının tərkibindəki bütün sözlərin ilk hərfi böyük yazılır: Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Bakı Şəhər İcra Hakimiyyəti.
31. Yüksək dövlət vəzifələri (Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikası Milli Məclisinin Sədri), fəxri adlar, habelə nazirlik, komitə, birlik, cəmiyyət, qurum, akademiya, universitet, texnikum, teatr, filarmoniya, siyasi partiya, eləcə də tarixi günlərin və s. adlarının tərkibindəki bütün sözlərin (yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır: Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Heydər Əliyev adına Bakı Beynəlxalq Aeroportu, Azərbaycan Dövlət Nəşriyyatı, M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Beynəlxalq Qadınlar Günü, Ağstafa Rayon Təhsil Şöbəsi ...
32. Orden, medal, bədii əsər, opera, balet, kinofilm, qəzet, jurnal, kinoteatr, mehmanxana, nəşriyyat, kafe, restoran, düşərgə, yeməkxana, mağaza və s. adları dırnaqda və böyük hərflə yazılır: "İstiqlal" ordeni, "Azərbaycan Bayrağı" ordeni, "Ata və oğul" povesti, "Yeddi gözəl" baleti, "Uzaq sahillərdə" filmi, "Azərbaycan" qəzeti, "Cücələrim" kafesi, "Bahar" mağazası, "Badamlı", "İstisu" mineral suları...
Qeyd. Dırnaqda yazılan belə adlara artırılan şəkilçi dırnaqdan kənarda yazılır: "Xalq qəzeti"nin bugünkü nömrəsi, "Yeddi gözəl"in ilk tamaşası:
33. Mirzə, hacı, şeyx, seyid, şah, soltan, ağa, bəy, bəyim, xan, xanım və s. sözlər rütbə, ləqəb və titul bildirib sözlərdən əvvəl gəldikdə böyük, sözlərdən sonra gəldikdə isə kiçik hərflə yazılır: Mirzə Fətəli, Hacı Qara, Şeyx Nəsrullah, Seyid Əzim, Şah İsmayıl, Soltan Mahmud, Abbas mirzə, Nadir şah, Abbasqulu ağa, Fətəli xan, Heyran xanım:
İxtisarlar (abreviaturlar)
34. İxtisarlar üç cür yazılır:
a) tam ixtisarlar aid olduqları sözlərə (xüsusi və ya ümumi isimlər) uyğun olaraq böyük və ya kiçik hərflə yazılır: AR (Azərbaycan Respublikası), BMT (Birləşmiş Millətlər Təşkilatı), MM (Milli Məclis), m.(metr), c. (cild)..;
b) yarımçıq ixtisarlar aid olduqları sözlərə uyğun olaraq, böyük və kiçik hərflərlə, mürəkkəb adların tərkib hissələri isə bitişik yazılır: akad. (akademik), prof. (professor), Azərkitab (Azərbaycan kitabı), AzərTAc (Azərbaycan Dövlət Teleqraf Agentliyi)..;
c) sözün orta hissəsinin düşməsi ilə yaranan ixtisarlar defislə yazılır: d-r (doktor), z-d (zavod):
35. İxtisarlara əlavə edilən şəkilçilər onların son hecasına uyğun olaraq yazılır: MEA-dan, BMT-yə, MDB-nin:
Sözün sətirdən sətrə keçirilməsi
36. Sözlər yeni sətrə hecalarla keçirilir: və-tən, mək-təb-li-lər :
Bir saitdən ibarət hecalar istisnadır: ai-lə-li...
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 avqust tarixli 108 nömrəli qərarı ilə təsdiq edilib.