Aşağı git

Kullanıcı Tag Listesi

1 den 1e kadar. Toplam 1 Sayfa bulundu
  1. #1

    • Offline
    • Azerbaycan Cavabdehi
    • Array

    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.533
    Tecrübe Puanı
    100

    Seviye: 55 
    Tecrübe: 25.980.390
    Sonraki Seviye: 26.073.450

    Beğendikleri
    3.478
    3.622 Mesajına 5.184 Tşk. Aldı

    Bahsedildi
    2 Mesaj
    Etiketlenmiş
    8 Konu
    Yazı Boyutu

    Standart Azerbaycan Kino

    Kino

    Yaxın qonşuları və uzaq ölkələri ilə karvan və dəniz yolu vasitəsilə daim əlaqə saxlayan, ticarət edən Azərbaycan torpağı qədim yaşayış məskənidir. Azərbaycanın, onun paytaxtı Bakının adına müxtəlif dövrlərə aid mənbələrdə tez-tez rast gəlirik. ΧIΧ əsrin 70-ci illərindən sonra Bakının yüksəliş dövrü başlanmışdır. O vaxtlar neft sənayesinin genişlənməsi, kapitalist münasibətlərinin inkişafı kiçik feodal şəhərinin misli görünməmiş yüksəlişinə həlledici təsir göstərmişdir. Bakı tez bir zamanda quberniya mərkəzindən Rusiyanın irimiqyaslı birinci dərəcəli neft sənayesi mərkəzinə çevrilmişdir. O dövrdə neft "bumu" dünyanın diqqətini Bakıya cəlb etmişdi. Şəhər iqtisadiyyatının inkişafı çoxlarını bu yerlərə çəkib gətirirdi. Milli burjuaziya öz mövqelərini günü-gündən möhkəmləndirirdi. Yadelli kapitalistlər Bakıya sərvət toplamaq, varlanmaq həvəsilə gəlirdilər. Bakıya ucuz işçi qüvvəsi və müxtəlif sənət adamları da daimi yaşamaq və işləmək üçün axışırdılar. Misal üçün, "Kaspi" qəzetinin 20 may 1899-cu il tarixli sayında yazılmışdır: "Bakıya fəhlə axını hələ də davam edir, demək olar ki, Həştərxandan Bakıya paroxodla Volqaboyu quberniyalardan 100, hətta daha çox rus fəhləsi gəlir". Əlbəttə, bu fəhlələr əsasən Bakıda qalıb Abşeronun neft mədənlərində işə düzəlirdilər. Göründüyü kimi, neft XIX əsrin II yarısından sonra böyük iqtisadi və strateji əhəmiyyət kəsb edirdi.

    Belə bir vaxtda Fransada ixtira olunmuş sinematoqraf dünyanın ən iri şəhərlərində olduğu kimi, çox keçmədən Bakıda da peyda oldu. Tezliklə neft Bakısında yerli həyatdan bəhs edən müxtəlif mövzuda ilk kinosüjetlər çəkildi.

    1898-ci il yanvarın 8-də Bakıda xarici filmlər göstərilməyə başlandı. Həmin il iyunun 21-də Bakıda Vasil Vyatskinin teatr-sirkində sirk tamaşası vaxtı Bakı həyatından bəhs edən "Şəhər bağında xalq gəzintisi", "Qatarın dəmiryol stansiyasına daxil olması", "Qafqaz və Merkuri" cəmiyyətinə məxsus paroxodun limandan yola düşməsi" və "Bazar küçəsi sübhçağı" kinosüjetləri nümayiş etdirildi. Eksperiment xarakteri daşıyan bu baxışdan fərqli olaraq, həmin il avqustun 2-də yeni proqram müstəqil şəkildə göstərildi. Bu proqrama "Bibiheybətdə neft fontanı yanğını", "Əlahəzrət Buxara əmirinin "Великий князь Алексей" paroxodunda yolasalma mərasimi", "Qafqaz rəqsi" xronikal-sənədli və "İlişdin" bədii kinosüjetləri daxil edilmişdi. Bu kinosüjetləri fransız yəhudisi, Rusiyada anadan olub böyümüş, 25 ildən artıq Bakıda yaşayıb işləmiş, Bakı elmi foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mixayloviç Mişon lentə almışdır. Həmin kinosüjetlərdən 2-si - "Bibiheybətdə neft fontanı yanğını" və "Balaxanıda neft fontanı" 2001-ci il-də Azərbaycan Dövlət Filmfondunun təşəbbüsü ilə Fransanın kinoarxivindən Azərbaycana göndərilmişdir. Həmin kinosüjetlər hazırda filmfondda 35 mm-lik plyonkada və videokasetdə qorunub saxlanılır. Bu kəşfin nəticəsi olaraq, Azərbaycan Respublikasının Prezidenti, cənab Heydər Əliyev 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə avqustun 2-sini kino işçilərinin peşə bayramı - Azərbaycan kinosu günü elan etmişdir.

    1915-ci ildə Pirone qardaşları Bakıda "Filma" Səhmdar Cəmiyyətini yaratdılar. 1915-1916-cı illərdə həmin cəmiyyət bir neçə bədii film, o cümlədən "Neft və milyonlar səltənətində" və "Arşın mal alan" kinolentlərini çəkdi. Xüsusilə bu iki filmdə təsvir olunan xalqın adət-ənənəsi, əxlaqı və məişəti o dövrdə tamaşaçılarda böyük maraq doğurmuşdu. "Neft və milyonlar səltənətində" filminin süjeti 2-ci dəfə 80-ci illərdə "Qızıl uçurum" adı altında səsli və rəngli variantda yenidən ekrana çıxarıldı.

    1920-ci ildə Azərbaycan XI Qırmızı ordu tərəfindən işğal olunandan sonra ölkənin kino tarixinin yeni dövrü başlandı. Reportaj səciyyəli "XI Qırmızı ordu hissələrinin Bakıda paradı", "Bakıda Şərq xalqlarının I qurultayı", "26 Bakı komissarı cənazələrinin dəfni", "XI Qırmızı ordu komandirləri dağlıların qonağıdır", "Pyotr meydanında iməcilik", "Sovet Azərbaycanının I ildönümü" xronikal lentləri yeni ideologiyanın ilk nümunələridir. Sovet Azərbaycanı kinosunun başlanğıcı hesab olunan bu lentlərin çəkilişindən üç il sonra, yəni 1923-cü il aprelin 28-də Bakıda AFKİ nəzdində I Dövlət kinofabrikinin rəsmi açılışı oldu. Burada texnika cəhətdən mükəmməl olmasa da, kinolaboratoriya, çəkiliş üçün yararlı pavilyon, geyim tikilən, dekorasiyalar hazırlanan emalatxanalar vardı.

    AFKİ 1924-cü ildə "Qız qalası" bədii filmini ekranlara buraxdı. Bir il sonra yaradıcı kadrların hazırlanması məqsədilə AFKİ nəzdində 2 illik aktyor və rejissor studiyası təşkil olundu. Burada Moskvadan və Leninqraddan dəvət olunmuş kino mütəxəssisləri dərs demiş, yerli kadrlar təhsil almış, kino sənəti ilə bağlı ümumi kurs keçmişlər.

    20-30-cu illərdə istehsal olunan bədii filmlərin, o cümlədən "Bismillah", "Müxtəlif sahillərdə", "Hacı Qara", "Sevil", "Lətif", "26 komissar", "İsmət", "Bakılılar", "Kəndlilər" kinolentlərinin əsasını yaxın tarixin hadisələri, qadın azadlığı, ölkədə gedən dəyişikliklər təşkil edirdi. Bu filmlərin bəziləri "montaj" kinematoqrafı prinsipləri üzərində qurulmuşdur. Bu dövrdə kinofabrikdə hər il onlarla sənədli və elmi-kütləvi film çəkilmişdir: "Azərbaycanda çəyirtkə ilə mübarizə", "Azərbaycanda ipəkçilik sənayesi", "Hərbi dənizçilərin həyatı", "Suraxanı neft mədənlərində yanğın", "Azərbaycana səyahət", "Azərbaycan balığı", "I Türkoloji qurultay", "Şərqə doğru" və s.

    30-cu illər Azərbaycan kinosunda üç hadisə xüsusilə diqqəti cəlb edir. Birincisi, Azərbaycanda ilk dəfə cizgi kinosunun əsası qoyulmuş, 1933-cü ildə istehsal olunan "Cat" təlimat filmi bütünlüklə cizgi kinosu üsulu ilə yaradılmış, 1935-ci ildə isə Azərbaycan xalq nağıllarının motivləri əsasında "Abbasın bədbəxtliyi" cizgi filmi çəkilmişdir. İkincisi, respublikada ilk səsli bədii film-"Mavi dənizin sahilində" (1935) çəkilib ekranlara buraxılmışdır. Bu film bir tərəfdən səssiz kinonun ən yaxşı təcrübəsini özündə cəmləşdirmiş, digər tərəfdən səsdən istifadə etməklə Azərbaycan kinosunun imkanlarını daha da artırmışdır. Ekranda biz şahə qalxan dalğaların qorxunc səsini, balıqçıların şaqraq gülüşlərini, əməkçi insanların söhbətlərini eşidirik. Bu filmdə dəniz artıq fon rolunu oynamır, fəal şəkildə hadisələrə müdaxilə edir, eyni zamanda musiqi ekranda cərəyan edən hadisələrin tamaşaçı tərəfindən asanlıqla qavranılmasına yaxından köməklik göstərir. Üçüncüsü, Azərbaycanda ilk dəfə filmlərin Azərbaycan dilində səsləndirilməsinə 1937-ci ildə başlanmış, həmin il bütün SSRİ-də məşhur olan "Çapayev" bədii filmi dublyaj olunmuşdur.

    30-cu illərin sonunda film istehsalında nəzərə çarpan böhran 40-cı illərdə və 50-ci illərin əvvəllərində daha da dərinləşdi. Bu, əsasən "film qıtlığı", sovet dövlətinin başçısı Stalinin estetik baxışları və zövqü, sənətdə irəli sürdüyü "az olsun, yaxşı olsun" prinsipi ilə bağlı idi. O, bütün bədii filmlərə şəxsən özü baxır, müəyyən göstərişlər verir, onun bir filmlə bağlı söylədiyi fikir heç bir əsas olmadan digər filmlərə də şamil edilirdi. Yaradıcılıq totalitar rejimin bu cür ideoloji çərçivəsinə süni şəkildə salındığına görə iki tammetrajlı bədii film - "Fətəli xan" və "Bakının işıqları" çəkilib başa çatdırılmasına baxmayaraq ekranlara buraxılmamışdır.

    1941-1945-ci illər müharibəsi ərəfəsində və müharibə başlanarkən Bakı kinostudiyasında 2 bədii film - "Yeni horizont" və "Səbuhi" istehsal olundu. Müharibə illərində sənədli kino ustaları ilə yanaşı bədii kinoda çalışanlar da əsasən xronikal-sənədli filmlərin, kinojurnalların çəkilişində iştirak edirdilər. O dövrün sənədli filmlərindən "Beş dəqiqəlik konsert", "Cənub sərhədlərinin keşiyində", "Vətən uğrunda", "Mahnılar və şeirlər", "Biz Bakını müdafiə edirik", "416-cı", "Almanların Şimali Qafqazda vəhşilikləri", "Bakı döyüşür", "Qayğı", "Cərrah qız", "General Həzi Aslanov" və s. qeyd etmək olar.

    Müharibə dövründə "Vətən oğlu", "Bəxtiyar", "Sovet pəhləvanı", "Sovqat" qısametrajlı, "Bir ailə", "Sualtı qayıq T-9" tammetrajlı bədii filmləri çəkilmişdir.





    1945-ci ildə "Arşın mal alan" musiqili komediyası ekranlaşdırıldı. Bu film nəinki Azərbaycan, həm də sovet kinematoqrafiyasına ümumdünya şöhrəti qazandırdı. Həmin əsər 1965-ci ildə genişekranlı və rəngli variantda 3-cü dəfə istehsal olundu.

    Azərbaycan kinosunun yeni inkişaf mərhələsi 50-ci illərin ortalarına təsadüf edir. ÜİDKİ-ni bitirmiş bir dəstə gənc artıq Bakı kinostudiyasında fəaliyyətə başlamışdı. Bunların arasında ssenaristlər, rejissorlar, operatorlar, rəssamlar var idi.

    50-ci illərin II yarısında artıq bədii və sənədli filmlərin istehsalının həcmi nəzərə çarpacaq dərəcədə genişləndi. Sənətkarlıq baxımından bir-birindən xeyli fərqlənən filmlər istehsal olundu: "Görüş", "Bəxtiyar" "Qara daşlar", "Qızmar günəş altında", "Mahnı belə yaranır", "Onun böyük ürəyi", "Bir məhəllədən iki nəfər", "Uzaq sahillərdə", "Ögey ana". Bu illərdə iki məşhur film - "Xəzər neftçiləri haqqında dastan" və "Dənizi fəth edən", tammetrajlı bədii-sənədli filmləri çəkilib ekranlara çıxarıldı.

    60-cı illər Azərbaycan kinosunda həm bədii, həm də məzmun cəhətdən tədricən yeniləşmə dövrü kimi diqqəti cəlb edir. Həmin vaxtlar "Telefonçu qız", "Yenilməz batalyon", "Sən niyə susursan?", "İyirmialtılar" və başqa filmlər istehsal olundu. 60-cı illərin sonu - 70-ci illərin əvvəllərində Azərbaycan kinosuna yeni nəslin böyük bir dəstəsi gəldi. Onların işə fəal girişməsi sayəsində Azərbaycan kinosunun yeni mərhələsi başlandı və bu yeniləşməyə nisbətən orta və yaşlı nəslin nümayəndələri də qoşuldu. Bu dövrdə milli kinonun professional səviyyəsinin yüksəlməsi, təsvir vasitələrinin genişlənməsi, ideoloji stereotiplərin müəyyən dərəcədə yumşalması, sosial və əxlaq problemlərinin daha kəskin həlli nəzərə çarpır. "Bir cənub şəhərində" filmi Azərbaycan kinosunda mərhələ təşkil etsə də onun ətrafında uzun müddət mübahisələr getdi. Bu, hər şeydən əvvəl yeni ideyalar və yeni baxışların gerçəklənməsi ilə bağlı idi. Dövrün başqa filmlərindən - "Bizim Cəbiş müəllim", "Yeddi oğul istərəm", "Axırıncı aşırım", "Ad günü", "Sevinc buxtası", "İstintaq", "Gün keçdi", "Şərikli çörək", "Nəsimi", "Dədə Qorqud", "Babək" və s. buna misal göstərmək olar.

    80-ci illərdən başlayaraq Azərbaycan kinosunda tənqidi pafos artır, ictimai müdaxilə getdikcə güclənirdi. Biz artıq sovet miflərinin məhvinin, illüziyaların tədricən dağılmasının şahidi oluruq. Bunları "Bağlı qapı arxasında", "Özgə ömür", "Şeytan göz qabağında", "Təxribat", "Sahilsiz gecə", "Lətifə" və s. filmlərdə də müşahidə edirik. İnamla demək olar ki, 80-ci illər Azərbaycan kinosunun kamillik dövrü idi.

    Kinematoqrafçılarımız bu illərdə sənətlə bağlı ən çətin məsələləri həll etmək qabiliyyətinə malik idilər. Və onlar bu vəzifələrin öhdəsindən bacarıqla gəlirdilər. "Təkcə adanı özünlə apara bilməzsən", "Üzeyir ömrü", "Yeddi gözəl", "Sizi dünyalar qədər sevirdim", "Pirverdinin xoruzu", "Cansıxıcı əhvalat", "Yaramaz", Ölsəm... bağışla", "Əlaqə" filmləri həmin illərin kino məhsullarıdır. Lakin SSRİ süqut edəndən sonra dövlətin vahid kinematoqrafik monopoliyası da ölkə kimi dağıldı. İttifaq respublikaları, o cümlədən Azərbaycan müstəqillik əldə etdi.

    90-cı illərin keçid dövrünü yaşayan Azərbaycan kinosu bazar iqtisadiyyatı şəraitində çətin vəziyyətə düşdü. Buna baxmayaraq kinematoqrafçılarımız vəziyyətdən çıxış yollarını arayır, dövlət və sponsor vəsaiti hesabına filmlər çəkirdilər. "Qətl günü", "Qətldən yeddi gün sonra", "Nakəs", "Pəncərə", "Təhminə",




    "Yuxu", "Yük", "Dağıdılmış körpü", "Ailə", "Vahimə", "Təsadüfi görüş", "Sarı gəlin", "Nə gözəldir bu dünya" müstəqillik dövrünün uğurlu filmlərindəndir. Azərbaycan kinosunda müxtəlif illərdə uşaqlar haqqında və uşaqlar üçün filmlər yaradılmışdır. Bunların arasında "Bir qalanın sirri", "Sehrli xalat", "Qərib cinlər diyarında", "Gilas ağacı", "Skripkanın sərgüzəşti", "Şir evdən getdi", "Mən mahnı qoşuram", "Asif, Vasif, Ağasif", "Gəmi saatının sirri", "Pəncərə" və s. filmlərin adlarını çəkmək olar.

    Ölkəmizdə kinematoqrafiya yarandığı gündən sənədli kinofilmlər istehsal olunur. Bütün dövrlərdə bu iş ara vermədən davam etdirilmiş, kino sənətimizin bu sahəsində də müəyyən uğurlar qazanılmışdır. 50-60-cı illərdə çəkilmiş "Mingəçevir", "Arazın sahillərində", "Kür", "Sabir", "Bu, Qum adasında olmuşdur", "Hanı mənim övladlarım?", "M.F.Axundov", "Məhəmməd Füzuli", "Balıqçılar", "Qobustan", "Bu, həqiqətin səsidir. "Bəstəkar Qara Qarayev", "Azıx mağaraları", "Şirvanşahlar sarayı", 70-80-ci illərin kino məhsulları olan "İçərişəhər", "O geri çəkilməlidir", "Bizim 416", "General Aslanov", "Son söz", "Səfillər", "Kreslo", "Meydan", "Ata", "Dissonans", "Ölü zona", "Ağ-qara dünya", "Naməlum torpaq", "Qaçqınlar", "Vətən mənə oğul desə", "Əsrin kontraktı" və s. filmlər bu qəbildəndir.

    1968-ci ildə kinostudiyada cizgi filmləri sexi bərpa olunandan sonra burada "Cırtdan", "Fitnə", "Çaqqal oğlu çaqqal", "Bulud niyə ağlayır?", "Dınqıl sazım, dınqıl", "Şah və xidmətçi", "Meşəyə insan gəlir", "Toral və Zəri", "Akvarium", "Gəldi Kosa", "İthaf", "Söhbətül-əsmar" və s., ümumiyyətlə 100-dən artıq cizgi filmi çəkilmişdir.

    Filmlərimiz müxtəlif illərdə bir çox beynəlxalq və ümumittifaq kinofestivallarda mükafatlara layiq görülmüşdür. Onların arasında "Sovet Azərbaycanı", "Dənizi fəth edənlər". "Dissonans", "Sərhəd" və s. sənədli, "Nəsimi", "Yaramaz", "Yarasa", "Hər şey yaxşılığa doğru", "Sarı gəlin", "İstintaq", "Ad günü", "Çalışqan adam" bədii filmləri vardır. Görkəmli kinodramaturq, həmyerlimiz R. İbrahimbəyov "Günəşdən usanmışlar" (Rusiya) bədii filminə görə Amerika Kino akademiyasının "Oskar" mükafatına layiq görülmüşdür.

    1988-ci ildə "Azərbaycanfilm"in nəzdində xronikal-sənədli filmlər birliyinin bazasında yaradıcılıq birliyi kimi 3 studiya-"Salnamə", "Yaddaş" və "Rakurs" təşkil olundu. 1993-cü ildən bunlardan ikisi - "Salnamə" və "Yaddaş" Dövlət Sənədli Filmlər Studiyası statusu ilə fəaliyyətlərini davam etdirir.

    1987-ci ildə təşkil olunmuş "Debüt" eksperimental - gənclik yaradıcılıq studiyasında qısametrajlı bədii və sənədli filmlər çəkilir, burada gənclər öz bacarıqlarını sınaqdan çıxarmaq imkanı əldə edə bilirlər.

    1990-cı ildə yaradılmış "Azanfilm studiyasında cizgi filmləri istehsal olunur.

    1970-ci ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası nəzdində yaradılmış "Mozalan" satirik kinojurnalının ilk nömrəsi 1971-ci ildə işıq üzü görmüşdür. 1980-ci ildən kinostudiyanın tərkibindən ayrılıb, Azərbaycan Dövlət Kinematoqrafiya Komitəsinin orqanına-"Mozalan" Respublika satirik kinojurnalının təsərrüfat hesablı müstəqil baş redaksiyasına çevrilmişdir. Kinojurnalın əvvəllər 8, son illərdə 4, hazırda isə 1 nömrəsi ekrana çıxarılır.

    C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında 1990-cı ilə qədər ildə təqribən 7 bədii film, 20-dən artıq sənədli və elmi-kütləvi film istehsal olunmuşdur. Respublikada 2000-dən artıq kinoqurğu (1985) var idi. İndi onların sayı xeyli azalmışdır. 7-ci və 21-ci Ümumittifaq kinofestivalları (1974, 1988), kino həvəskarlarının 40-cı beynəlxalq festivalı (UNİKA-78) Bakıda keçirilmişdir.

    1994-cü ildə Azərbaycan Dövlət Filmfondu yaradılmışdır. Fondda 2000-ə qədər adda Azərbaycan və xarici ölkə studiyalarında istehsal olunmuş bədii, sənədli və cizgi filmlərinin surətləri, bundan başqa filmlərin ilkin materialları qorunub saxlanılır. Burada həmçinin filmlər, onların yaradıcıları haqqında müxtəlif sənədlər də vardır. Filmfond FİAF-ın - Beynəlxalq Kinoarxivlər Federasiyasının üzvüdür. Bu, filmfonda dünyanın filmotekaları ilə sıx əlaqə saxlamağa imkan vermişdir. Azərbaycan Dövlət filmfondu nəzdində Kino muzeyi fəaliyyət göstərir.

    Azərbaycan televiziyasında çoxlu sənədli, cizgi və bədii televiziya filmi yaradılmışdır. 1958-ci ildə "Səməd Vurğun" ilk sənədli, 1960-cı ildə "Aygün" ilk bədii, 1965-ci ildə "Danışan işıqlar" ilk cizgi filmləri istehsal edilmişdir. 1968-ci ildə "Ekran" Yaradıcılıq Birliyi təşkil olunmuşdur. 1973-cü ildən "Azərbaycantelefilm" YB adlanır. Bu illərdə Birlikdə "İnsan Xəzəri xilas edir", "Bu, Səttar Bəhlulzadədir", "Xuraman", "Bakı. Müharibə illəri", "Göylər sonsuz bir dənizdir", "Tənha ruh", "Deportasiya", "Vulkanla üz-üzə"'. "Arşın mal alan"-55 və s. sənədli, elmi-kütləvi filmlər "Zəncirlənmiş adam", "Poçt qutusu", "Bəşir Səfəroğlu", "Aktrisanın təbəssümü", "Bayramda yağış", "Başmaq" və s. bədii, "İlham", "Göyçək Fatma", "Ustalar-qızıl əllər", "Möcüzələr adası", "Sağ ol, dostum" və s. cizgi televiziya filmləri çəkilmişdir.

    SSRİ dağılandan sonra bazar iqtisadiyyatı şəraitində yaşayan Azərbaycanda 25-dən artıq müstəqil kinostudiya və kinoşirkəti, dövlət kino sistemində bir neçə studiya fəaliyyətə başladı. Bu studiya "Lətifə", "Gecə qatarında qətl", "Girişmə, öldürər", "Bəxt üzüyü", "Sonuncu məhəbbət", "Etiraf", "Kənar adamlar", "Müqəddəs torpaq", "O dünyadan salam", "Qırmızı qatar", "Köpək", "Son döyüş", və s. bədii filmlər istehsal olunmuşdur. Hazırda kommersiya müstəqil studiyaların bir çoxu maliyyə çatışmazlığı ucbatından öz fəaliyyətlərini dayandırmışdır.

    Azərbaycan kinematoqrafçıları vətəndaşlıq mövqeyindən çıxış edərək ermənilərin Qarabağa təcavüzünü, Qarabağ müharibəsinin mahiyyətini və səbəblərini kinonun geniş imkanları vasitəsilə açıb göstərən "Hücum", "Tələ", "Fəryad", "Haray", "Ağ atlı oğlan", "Ümid", "Qarabağ şikəstəsi", "Hər şey yaxşılığa doğru", "Sarı gəlin", "Ailə" bədii filmlərini yaratmış, özlərinin vətənpərvərlik borcuna sadiq qalaraq ön cəbhədən çoxlu kinomateriallar çəkib gətirmiş, bu mövzuda "Qarabağ düyünü", "Vətən mənə oğul desə", "Naməlum torpaq", "Ulu diyarın harayı", "Qaçqınlar", "Qədirin sorağında" sənədli, "Ana", "Xocalı-əsrin faciəsi", "Həsrət", "Ruhum dağlar aşarsa...", "Qan yaddaşı", "Elan olunmamış müharibə", "Azadlıq ordusu", "Sərkərdə" və s. sənədli videofilmlər çəkmişlər.Bu gün Azərbaycan kinosu ölkənin bir formasiyadan digər formasiyaya keçid dövrünü yaşasa da, o artıq bazar iqtisadiyyatı şəraitində fəaliyyətini davam etdirir, azad bazara daxil olur. Kinomuz bu yolu mütləq keçməlidir, çünki kino işçilərimizin yeni nəsli özəl kino istehsalı şəbəkəsini daha da genişləndirəcək, yeni şəraitə uyğunlaşıb dünya kinosunun tərkib hissəsi kimi Azərbaycan kinematoqrafiyasını inkişaf etdirəcək, xalqımıza layiq sənət əsərləri yaradacaq.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azerbaycan Kino

          Kategori: Azerbaycan Sineması

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 569


    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


  • Konuyu değerlendir: Bu konuyu beğendiniz mi?

    Azerbaycan Kino


    Değerlendirme: Toplam 0 oy almıştır, ortalama Değerlendirmesi puandır.

Ziyaretçilerin arayarak bu sayfada buldukları

Q. Qarayev x

azerbaycan xronikal filmler haqqinda

SEO Blog

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197