Asagi git

Kullanıcı Tag Listesi

1 den 2e kadar. Toplam 2 Sayfa bulundu
  1. #1

    • Offline
    • Site Cavabdehi
    • Array

    Üyelik tarihi
    14.08.08
    Bulunduğu Yer
    Baki, Azerbaijan
    Yaş
    35
    Mesajlar
    20.975

    Seviye: 59 
    Tecrübe: 43.539.019
    Sonraki Seviye: 47.989.448

    Konular
    10885
    Teşekkürler
    10.026
    5.713 Mesajına 11.927 Tşk. Aldı
    Bahsedildi
    16 Mesaj
    Etiketlenmiş
    27 Konu
    Tecrübe Puanı
    100
    Yazı Boyutu

    Standart Yusif Vezir Cemenzeminli

    Həyatı və yaradıcılığı

    Yusif Vəzir Çəmənzəminli 1887-ci il sentyabr ayının 12-də Azərbaycanın səfalı yerlərindən biri olan Şuşa şəhərində anadan olmuşdur.

    Yusif Vəzirin atası Məşədi Mirbaba Mirabdulla oğlu Vəzirov Şuşa bəylərindən biri idi. Onun bəyliyi 1873-ü il aprel ayının 13-də Şuşa qəza idarəsi tərəfindən təsdiq edilmiş və ona bu haqda şəhadətnamə verilmişdir. Yusif Vəzirin daşıdığı Vəzirov soyadı XVIII əsr Qarabağ hökmdarı İbrahimxəlil xanın nüfuzlu vəzirlərindən biri olan Mirzə Əliməmmədağanın tutduğu vəzir vəzifəsinə bağlı olaraq nəsildən-nəsilə keçmişdir.

    İbrahimxəlil xanın vəziri Mirzə Əliməmmədağa Vəzirov soyadını daşıyan Məşədi Mirbaba (Yusif Vəzirin atası) nəslinin ulu babasıdır. Qeyd etmək lazımdır ki, 1797-ci ilin iyun ayında İran hökmdarı Ağaməmməd şah Qacar, Şuşanı zəbt etdiyi zaman İbrahimxəlil xan tərəfindən Türkiyə dövlətinə yenicə səfir təyin olunmuş Mirzə Əliməmmədağanı dustaq etdirib qətlə yetirir. Beləliklə, Mirzə Əliməmmədağaya səfir olmaq qismət olmur.

    Taleyin qisməti belə gətirir ki, uzun illərdən sonra Türkiyədə səfirlik etmək Mirzə Əliməmmədağa nəslinin nümayəndəsi Y.V.Çəmənzəminliyə nəsib olur. O, 1919-cu ildə yeni yaranmış Azərbaycan Demokratik Cümhuriyyətinin Türkiyədə ilk səfiri olur.

    Yusif Vəzirin atası Məşədi Mirbaba İran, Orta Asiya və Türkiyənin bir qismini gəzmi.di, fars və türk dillərini mükəmməl bilirdi. O, ədəbiyyat ilə də məşğul olardı və Firdovsi ilə Füzulini çox sevərdi. Eyni zamanda xanəndələrə muğamatdan dərs deyərmiş.

    Məşədi Mirbaba gənc yaşında var-dövlətini qonaqlıqlarda xanəndə-sazəndələrə, yeyib-içməyə xərcləyib, kasıb düşdükdən sonra Ağdamda attar (dərman və ədviyyat satan) dükanı açır və orada nüsxəbəndlik (qədim tibb kitabları əsasında dərman düzəldən həkim) edir.

    Yusif Vəzir ilk əvvəl Şuşada “Kar Xəlifə” ləqəbi ilə tanınan Molla Mehdinin məktəbində oxuyur. Molla Mehdinin yanında təhsilin səmərəsiz olduğunu hiss edən Məşədi Mirbaba oğlu Yusifi Ağdama aparır və onun təhsili ilə özü məşğul olur. Ona türk və fars dillərini öyrədir. Yusifin atası onun rusca öyrənməsini də istəyirdi. Ağdamda rus məktəbi olmadığı üçün Yusif Muradbəylidəki rus məktəbinə getməli olur. Yusif bir il bu məktəbdə oxuyandan sonra hazırlaşıb realnı məktəbinə girmək üçün 1896-cı ildə Şuşaya qayıdır və imtahan verib Şuşa realnı məktəbinə daxil olur. O zaman Şuşa realnı məktəbi tədris və təchizat etibarilə Qafqaz orta məktəbləri sırasında birincilərdən sayılırdı.

    Şuşa realnı məktəbinin yuxarı kurs tələbəsi, Yusifin böyük qardaşı Əbülhəsən nümunəvi tələbə olduğu üçün Yusifin də realnı məktəbdə yaxşı tələbə olmasına çalışırdı. Lakin Əbülhəsən istədiyi kimi ona müvəffəq ola bilmirdi. Çunki Yusifin riyaziyyata o qədər də marağı yox idi. Yusif oxuduğu kitablarda hər şeydən çox rəssamların və heykəltaraşların tırcümeyi-halına diqqət yetirərdi.

    Yusif Vəzir hələ kiçik yaşlarında rəsm əsərləri çəkməklə məşğul olmuşdu. Əvvəlcə təbiət mənzərələri, sonralar isə ictimai-siyasi motivli karikaturalar çəkməyə başlamışdı.

    Yusifin tələbəlik illərinin sevinci uzun sürmür. Gözlənilmədən onun böyük qardaşı Əbülhəsən xəstələnir və 1904-cü ildə vəfat edir.

    Yusif Vəzirin 21 yaşlı qardaşı Əbülhəsən vaxtsız ölümü onu hədsiz dərəcədə sarsıdır. Baş verən bədbəxt hadisə ataları Məşədi Mirbabanın və anaları Seyid Əziz xanımın tez-tez xəstələnmələrinə səbəb olur. Bu hadisə dünyada haqq və ədalət olmasına inanan Yusifdə də ümidsizlik doğurur və onun uzun müddət dərsləri ilə məşğul ola bilməməsinə səbəb olur.

    Bir müddət keçəndən sonra qardaşı Əbülhəsənin yaratdığı zəngin kitabxana Yusifə verilir. Yusif Vəzir kitabxanadakı rus və əcnəbi klassiklərin kitabları ilə yaxından tanış olandan sonra onda rəsm ilə bərabər ədəbiyyata da böyük maraq oyanır. Yusif Vəzir Şuşa realnı məktəbində təhsilini rus dilində aldığı üçün 1904-cü ildə həyatından şikayət tərzində yazılmış “Jaloba” adlı ilk şerini rusca yazmışdı. Yusif Vəzir rusca yazdığı bir neçə şerini Şuşa realnı məktəbindəki rus dili möəllimi Klemiyə göstərir. Müəllim şerləri gözdən keçirib ona Çexovu oxumağı məsləhət görür. Çexovun şirin və duzlu hekayələri Yusif Vəzirin çox xoşuna gəlir.

    Yusif realnı məktəbində oxuyan zaman əmisi oğlu və dostu Mirhəsən Vəzirovla birlikdə rus dilində “Fokusnik” adlı, əl ilə yazılmış yumoristik və karikaturalı aylıq jurnal çıxarırdılar. Bu jurnalda verilən yazılar həcmcə kiçik olsa da, məzmunca diqqəti cəld edirdi.

    1905-ci ilin yayında erməni daşnaqlarının təbliğatı nəticəsində Şuşada milli qırğın başlayır. Polis və hökümət əsgərləri bu düşmənçiliyə qarşı laqeyd münasibət bəslədikləri üçün iki xalq biri-birini qırır, evlərini yandırıb, xaraba qoyurdular. Şuşanın təhlükəli vəziyyətindən doğan əsəbilik Yusif Vəzirin atası Məşədi Mirbabanın tez-tez xəstələnməyinə səbəb olur.

    Yusif Vəzirin atası 1906-cı il fevral ayının 20-də vəfat edir. Onun vəfatından sonra ailə, həyat təcrübəsi olmayan 19 yaşlı Yusifin himayəsində qalır. Atasının vəfatından sonra Yusif ilk əvvəl Ağdamdakı əttar dükanının şeylərini və dükanın özünü satmaq üçün mart ayının birində Ağdama gedir. Bir neçə gün orada qaldıqdan sonra xəstələnib Muradbəylidə yaşayan Telli bibisigilə gedir. İki ay yatalaq xəstəliyindən yatıb, ağır böhranlar keçirir. Sonra Yusifin bibisi onun sağalacağına olan ümidini itirib Şuşaya göndərir. Xəstəlikdən zəif düşmüş Yusifin üç ay yataqdan qalxa bilməməsi ailəni böyük çətinliklər qarşısına qoyur. Ailə köməksiz qalır. Yusifin anası Seyid Əziz xanım gecə və gündüz rahatlıq bilmədən onun həyatını xilas etmək üçün əlindən gələni edir. Ailənin ağır vəziyyətində Yusif hələ uşıq ikən Cənubi Azərbaycanın “Çəmənzəmin” adlı kəndində aclıq nəticəsində oradan qaçıb, Çuçaya pənah gətirib, Yusifgilin həyətlərində sığınacaq tapməş Həsənxan, Nifti və Fərəc qardaşlarından başqa heç bir qohumları onlara kömək etmir. Yusifin atası Məşədi Mirbabayev vaxtı ikən yurdları olmayan bu qardaşlara öz həyətində sığınacaq verib himayəsinə almışdı.

    Yusif sağaldıqdan sonra anasına deyir ki, əgər mən gələcəkdə adlı-sanlı adam olsam, mütləq Cənubi Azərbaycandan gəlmiş sədaqətli qonşularımızın kəndlərinin adını özümə təxəllüs qəbul edəcəyəm. Yusif Vəzir necə deyir, elə də edir. Yusif Vəzirin “Çəmənzəminli” təxəllüsünü qəbul etməsi onun həmin ailəyə bəslədiyi hörmət və məhəbbətdən gəlir. Şuşada yaranan erməni-müsəlman çarpışmaları nəticəsində azərbaycanlı tələbələri məktəblərini tərk etmək məcburiyyətində qalırlar. Yusif Vəzir də təhsilini davam etdirmək üçün Bakıya gedib realnı məktəbin altıncı sinfinə daxil olur. O, böyük səylə oxumaqla bərabər ictimai işlərlə də məşğul olur.

    Yusif Vəzir xalqın məişətini, onun adət və ənənələrini, həyat tərzini bilərək 1907-ci ildə “Şahqulunun xeyir işi” adlı hekayəsini yazır. Bu hekayə ilk dəfə 1911-ci ildə “Səda” qəzetində çap olunur. Şuşadakı milli ədavət Vəzirovlar ailəsini də ata-baba yurdundan didərgin düşməyə məcbur edir. Onlar Aşqabada köçməli olurlar.

    1907-ci ildə Yusif Vəzir Qarabağın pir və ocaqlarını kəskin tənqid edən yazısını “Molla Nəsrəddin” jurnalında “Bakı realnı məktəbinin altıncı sinif şagirdi Mir Yusif Vəzirov” imzası ilə çap olunur. Bu yazıdan sonra Aşqabadda və Bakının Hacıağa karvansarasında yaşayan qarabağlılar həyacana gəlib Yusif Vəzirə qarşı kin bəsləyirlər. Aşqabaddan gələn təhqir və hədələmə məktublarının ardı-arası kəsilmirdi. Onlar Yusif Vəzirdən “Molla Nəsrəddin” jurnalı vasitəsilə üzr istəməyi tələb edirdilər, əks halda isə öldürüləcəyini bildirirdilər. Yusif Vəzir 1907-ci il noyabr ayının 5-də “Təzə həyat” qəzetində izahat verərərk bildirir ki, “Molla Nəsrəddin” jurnalında gedən yazısının heç də “müqəddəs” pirlərə və ocaqlara sataşmaq deyil, əsas məqsəd ancaq hiyləgərləri ifşa etməkdən ibarətdir. “Mən göstərirəm ki, adını müsəlmən qoyanların içində çoxsu qurd libasına girib, millətə xəyanət edirlər, millətin gözünü bağlayıb, ümumi insaniyyət nöqtəsindən uzaq salırlar. Camaatın dərdinə qalıb məktəblər açmaqdan, yetim uşaqları oxutdurmaqdan ki, gələcəkdə küçələrdə qalıb camaata zərər yetirməsinlər... Bütün bunları eləməyin əvəzində fəqir-füqərənin axır qəpiklərini də alıb ac-acına qoyurlar. Görünür ki, bəzi oxucular məqalədəki alovlu vətənpərvərlik hissini fərqləndirə bilməyib ağızdan-ağıza yalan və şişirdilmiş şayiələr uydurub yayıblar”.

    Yusif Vəzir 1909-cu ildə Bakı realnı məktəbini bitirib, təhsilini davam etdirmək üçün həmin ilin iyul ayında Peterburqa gedib sənədlərini Mülki Mühəndislər institutuna verir. Lakin riyaziyyata qələbə çalmayacağını hiss edib sənədlərini geri alır. Orada qaldığı vaxtdan istifadə edib məşhur “Cənnətin qəbzi” hekayəsini və Qafqazın fəth edilməsinin 50 illiyi münasibətilə Dağıstanın məşhur milli qəhramanı olan Şeyx Şamili yada salaraq ona şer həsr edir. Bir aydan sonra Yusif Vəzir Peterburqdan Aşqabada qayıdır. O, Aşqabadda qaldığı müddətdə latıncanı öyrənməyə başlayır. Sonra isə Daşkəndə gedib altı ay kursda oxuyur və Daşkənd gimnaziyasında imtahan verib universitetə girmək hüququ qazanır. Yusif Vəzir 1910-cu ildə Kiyevə gedib, Müqəddəs Vladimir adına İmperator Universitetinin hüquq fakültəsinə daxil olur. Yusif Vəzirin Kiyevdəki 5 illik tələbəlik dövründə də o vətənilə hüç bir zaman əlaqəni kəsmir. Yusif Vəzir Bakıda nəşr olunan qəzetləri və jurnalları müntəzəm olaraq alır və Azərbaycanda baş verən hadisələrlə yaxından tanış olurdu. Eyni zamanda öz yazılarını da Bakıda çıxan qəzetlərdə çap etdirirdi. Yusif Vəziri düşündürən əsas məsələlərdən biri də azərbaycan dilində kitabların nəşri və yayılması olmuşdu. O, bu məqsədlə Kiyevin ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrdən ibarət xüsusi nəşriyyat heyəti təşkil etmişdi. Bu barədə Yusif Vəzir 1911-ci il iyun ayının 3-də “Səda” qəzetində çap etdirdiyi “Kiyevdə heyəti – nəşriyyat təşkili məqaləsində yazırdı... kitabçalar bir ədəbiyyata dair olmayıb, siyası, tibbi, tarixi, iqtisadi məsələlərdən də bəhs edəcəkdir.”

    Yusif Vəzirin xalq nağıllarından götürülmüş uşaqlar üçün yazdığı məşhur “Məlik Məmməd” nağılı 1910-cu ildə Kiyevdə yazılmış və 1911-ci ildə kitabça şəklində nəşr olunmuşdur.

    Kiyevdəki nəşriyyat heyəti Azərbaycanın tarixinin yazılması təşəbbüsünü də irəli sürürdü. Bu barədə Yusif Vəzir 1913-cü il mart ayının 12-də “Sədayi-həqq” qəzetində çap etdirdiyi “Biz kimik?” məqaləsində yazırdı:

    “... Tarixin millətimizə nə qədər mənfəəti olduğunu nəzərə alıb Kiyev müsəlman studentlərinin nəşriyyat heyəti ərbabi qələmimizdən Azərbaycan tarixini yazmağı rica edir. Tarix müxtəsər və sadəcə Azərbaycan dilində olmalıdır. Onu heyət təb etdirməyi öhdəsinə götürür və bundan əlavə tarix müəllifinə müküfüt da verməyi vəd edir.”

    Yusif Vəzir 1912-ci ildə “Yeddi hekayə”, 1913-cü ildə isə “Həyat səhifələri” adlı kitablarını Kiyevdə çap etdirir. Onların hər nüsxəsinin Qori müəllimlər seminariyasının müəllimi, görkəmli ədəbiyyatşunas Fiirudin bəy Köçərliyə göndərir. Firudin bəy kitabçaları aldıqdan sonra Qoridən Kiyevə göndərdiyi məktublarla Yusif Vəzir yaradıcılığına, onun mədəniyyət sahəsində xidmətlərinə yüksək qiymət verir.

    Beləliklə, Yusif Vəzirin Kiyevdəki 5 illik tələbəlik həyatı ədəbi və elmi sahədə çox əlverişli olmuşdu. O zaman o, dini məsələ, qadın məsələləri və uşaq tərbiyəsi ilə son dərəcə maraqlanırdı. Nəticədə “Arvadlarımızın halı”, “Qanlı göz yaşları”, “Ana və analıq” kitabları meydana çıxır. 1915-ci ildə birinci dünya müharibəsinin gedişi ilə əlaqədar olaraq alman hücumundan çəkinən çar höküməti Kiyev universitetini müvəqqəti olaraq Saratova köçürdüyü üçün Yusif Vəzir universiteti 1915-ci ildə Saratovda bitirir. O, universiteti bitirdikdən sonra Saratov məhkəmə palatasında hakimlik vəzifəsinə namizəd qəbul olunur. Yusif Vəzirin tutduğu vəzifə maaşsız olduğu üçün bir neçə aydan sonra başqa iş axtarmaq üçün Kiyevə gedir. Orada “Zemstvo” təşkilatına daxil olub cəbhəyə gedir. Fevral ingilabı baş verən zaman Yusif Vəzir Qalitsiyada idi.

    1917-ci ildə Ukraynanın həyəcanla doğulan milli hərəkatı bütün Rusiya daxilində yaşayan qeyri-rus millətlərə örnək olur. Bununla əlaqədar Yusif Vəzir 1917-ci ildə Qalitsiyadan Kiyevə gəlir. Orada siyasi təşkilata ehtiyac olduğunu hiss edib Kiyevdə oxuyan azərbaycanlı tələbələri ətrafına toplayaraq Türk Ədəbi Mərkəziyyə firqəsi “Musavatın” Kiyev şöbəsini yaradır. Həmin şöbəyə başçılıq etmək üçün Yusif Vəzir sədr seçilir. Müstəqil Ukrayna Respublikası yarandıqdan sonra Azərbaycan Demokratik Cumhuriyyəti Yusif Vəziri Ukraynada diplomatik nümayəndə təyin edir. Yenicə işə başlamış diplomatik nümayəndəliyin əsas məqsədi Azərbaycanı Rusiya ictimaiyyətinə tanıtmaq idi. Ona görə də onlar müsamirələr təşkil etməklə bəqabər, Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti, ticarəti və iqtisadiyyatı haqqında çoxlu məqalələr yazıb mətbuatda çap etdirirlər. Beləliklə, Azərbaycan yavaş-yavaş tanınmağa başlayır.

    Yusif Vəzir həmin təşkilatda işlədiyi dövrdə “Azərbaycanın Muxtariyyatı” və “Biz kimik və istədiyimiz nədir?” kitablarını yazıb çap etdirir.

    Yusif Vəziri düşündürən və narahat edən məsələlərdən bir də Azərbaycanın milli marşının olmaması idi. Bununla əlaqədar onun 1917-ci il dekabr ayının 19-da “Açıq söz” qəzetində çap etdirdiyi məqalədə deyilirdi: - “Hər bir millətin özünəməxsus bir milli nəğməsi var. O nəğmə oxunduqda millət fərdlərinin ruhu ucalır. Mübarizə edib öz xalqını mühafizə etmək xahişi artır. Bizim isə bu nəğməmiz yoxdur. Odur ki, milli ruhumuz da yoxdur. Düşməni yıxmaq üçün də milli ruh lazımdır. Milli şərqi əmələ gətirmək üçün şairlərimiz və musiqişunaslarımız Üzeyir Hacıbəyov cənabları çalışmalıdırlar.”

    1918-ci ildə vətəndaş müharibəsi ilə əlaqədar Azərbaycanla rabitə kəsilir. Yusif Vəzir vətəndə baş verən hadisələrdən heç bir informasiya almadığı üçün tutduğu vəzifəsini müavininə tapşırıb Simferopola gedir. Orada bir neçə ay ləngidiyi üçün ədliyyə direktorluğunda məsləhətçi işləyir. Krımdakı “Millət” qəzetində “Azərbaycan və azərbaycanlılar” adlı məqaləsini çap etdirir və Litva tatarlarının tarixi ilə maraqlanaraq onların yaranması və vəziyyəti haqqında tədqiqat aparıb yazdığı “Litva tatarlarını” adlı kitabçasını 1919-cu ildə Simferopolda (Ağ məscid) çap etdirir.

    Yol şəraiti yaxşılaşan kimi Yusif Vəzir Odessaya gedir. Müharibə ilə əlaqədar yollar bağlı olduğu üçün Yusif Vəzir Odessada iki ay qalmalı olur. O, vətənə qayıtdıqda “Azərbaycan” qəzetində “Xarici siyasətimiz”, “Milli və mədəni işlərimiz” başlığı ilə silsilə məqalələrini çap etdirir.

    Yusif Vəzir bir müddət Bakıda qaldıqdan sonra Azərbaycan Demokratik Cumhuriyyətinin Nazirlər Çurasının sədri Nəsibbəy Usubbəyovun təklifi ilə 1919-cu ildə yeni yaranmış Respublikanın səfiri kimi İstanbula göndərilir. Yusif Vəzir İstanbulda diplomatik işlə məşğul olmaqla yanaşı, öz ədəbi fəaliyyətini də davam etdirir. Belə ki, Azərbaycanı və Azərbaycan ədəbiyyatını türk aləminə tanıtmaq üçün elmi müşahidələrlə zəngin olan “Azərbaycan ədəbiyyatına bir nəzər”, “Tarixi –coğrafi və iqtisadi Azərbaycan” adlı kitablarını yazıb 1921-ci ildə onları İstanbulda çap etdirir.

    Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Yusif Vəzir tutduğu vəzifəsini artıq bitmiş olduğunu elan edib, Parisdə siyasi elmlər institutunun diplomatika fakültəsində təhsil alan kiçik qardaşı Mirinin (Mirabdulla) yanina gedir. Fransada hər hansı bir əcnəbinin hüquq sahəsi üzrə işləməsi qeyri-mümkün olduğu üçün Yusif Vəzir maddi vəziyyətinin ağır olması ilə əlaqədar məcbur olub Paris yaxınlığındakı Klişi adlı şəhərə köçüb əvvəlcə Lokomativ, sonralar isə avtomobil zavodlarında fəhləlik edir.O, “Paris xəbərləri” qəzetində də əməkdaşlıq edib “Şərq məktubları” başlığı altında cürbəcür yazılar çap etdirir. Yusif Vəzirin qardaşı Miri 1922-ci ildə təhsilini başa vurub Paris banklarının birində məmur işləyirdi. 1924-cü ildə Miri qəflətən xəstələnir. 13 ay davam edən onun xəstəliyi ölümlə nəticələnir. 1925-ci ildə Miri 29 yaşında Parisdə vəfat edir. Yeganə qardaşının vaxtsız vəfatı Yusif Vəziri həddindən artıq sarsıdır, bu ona çox böyük dərd olur. Qardaşını itirdikdən sonra Yusif Vəzir Parisdə böyük çətinliklərlə üzləşir və necə olursa-olsun, vətəni Azərbaycana qayıtmağı qərara alır. Yusif Vəzir vətəninə qayıtmaq üçün Parisdəki Sovet səlahiyyətli nümayəndəliyinə ərizə ilə və Azərbaycan SSR Xalq Komisarları Sovetinin sədri Qəzənfər Musabəyova xüsusi məktubla müraciət edir. Qəzənfər Musabəyov Yusif Vəzirdən aldığı məktubu Az.SSR-nin komunist partiyasının birinci katibi Kirova göstərir. Kirov Yusif Vəzirirn vətəninə qayıtmaq arzusunu böyük məmnuniyyətlə qarşılayır. Bir ildən sonra Ümumittifaq İcraiyyə Komitəsinin 18 yanvar 1926-cı il tarixli qərarına əsasən Yusif Vəzir sovet vətəndaşlığına daxil olur. Yusif Vəzir 1926-cı ilin aprel ayında həmişəlik olaraq mühacirətdən vətənə qayıdır.

    Qürbət ellərdən vətəninə qayıtmış Yusif Vəzir ilk əvvəl “Bakı işçisi” nəçriyyatında bədii şöbənin redaktoru, sonralar Dövlət Plan Komitəsinin ictimai-mədəni bölməsində ixtisası üzrə vəkil işləmiş və eyni zamanda müəllimliklə də məşğul olmağa başlamışdı. Əvvəlcə, Azərbaycan Dövlət Universitetinin şərqşunaslıq və pedaqoji fakültəsində, sonralar isə Pedaqoji, Tibb və Neft institutlarında Azərbaycan və rus dilləri kafedrasında dərs demişdi. Eyni zamanda Yusif Vəzir Ruhulla Axundovun redaktəsi ilə çıxmış “Rusca-Azərbaycanca lüğət”in müəlliflərindən biri olmuşdu. Azərbaycan dilində terminologiyanın yaradılmasında da Yusif Vəzir Çəmənzəminlinin böyük xidməti olmuşdur.

    Yusif Vəzir 1930-35-ci illərdə Azərbaycan Neft İnstitutunda işləyən zaman, həmin institutda çıxan “Əzizbəyov adına Azərbaycan qızıl Bayraqlı Neft İnstitutunun əxbarı” jurnalında “Neft və onun tarixi” adlı məqaləsi ilə bərabər bir çox məqalələr yazıb çap etdirmişdir.

    Yusif Vəzir bir çox hekayələrini “Maarif və mədəniyyət” jurnalında və başqa mətbuat orqanlarında çap etdirir. Sonralar isə “Qızlar bulağı”, “Studentlər”, “1917-ci il” adlı romanlarını çap etdirir. 1935-ci ildə “Həzrəti-Şəhriyar” adlı komik pyesini bitirir. Uzun illər tədqiqatçıların diqqətindən kənarda qalan “Həzrəti-Şəhriyar” komediyası, nəhayət, ilk dəfə 1980-ci ildən incəsənət toplusu “Qobustan” jurnalının 4cü nömrəsində çap olundu.

    Yusif Vəzir tərcümələr üzərində də işləyirdi. O, L.Tolstoyun, İ.Turgenevin, A.Neverovun, N.Qoqolun, B.Lavrenevin, L.Seyfulinanın, V.Hüqonun və s. bir neçə əsərlərini rus dilindən Azərbaycan dilinə tərcümə etmişdi. O, kino-ssenarilərin tərcüməsi işində də fəal iştirak etmişdi. Azərbaycan dilində ilk səsli film olan məşhur “Çapayev” filminin ssenarisini də Azərbaycan dilinə 1936-ci ildə Y.V.Çəmənzəminli tərcümə etmişdi.

    Yusif Vəzir 1937-ci ilin aprel ayında tamamladığı “İki od arasında” adlı tarixi romanı işdən çıxarıldığı üçün çap etdirə bilməmişdi. Üç sağlığında nəşr etdirmək qisməti olmayan Yusif Vəzirin bu tarixi romanı ilk dəfə 1960-cı ildə “Azərbaycan” jurnalında möəyyən ixtisarla “Qan içində” adı ilə çapdan çıxmışdı. Yusif Vəzir Yazıçılar İttifaqından çıxarılmamışdan 3-4 ay əvvəl yazdığı “Altunsaç” adlı kinossenarisini də “Azərfilmə” vermişdi. Əsər geniş mütəxəssis müşavirəsində oxunub bəyənilməyinə baxmayaraq “Azərfilmin” direktoru Merkel son mərhələdə Yusif Vəzirə müraciət edərək demişdi, “Studentlər” romanınız tənqid edildiyi üçün sizinlə müqavilə bağlaya bilməyəcəyəm.

    Yusif Vəzirin 1937-ci ildə cürbəcür bəhanələrlə işdən kənar edilməsi ona mənəvi əzab verirdi. Həyatını xalqın istiqlaliyyətinə və tərəqqisinə həsr rdən Yusif Vəzir özündə heç bir günah görməyib. 1937-ci il may ayının 20-də Azərbaycan. KP-nın Mərkəzi Komitəsinin birinci katibi M.C.Bağırova ərizə ilə müraciət edir. Yusif Vəzir M.C.Bağırova yazdığı ərizənin cavabının gəlməsindən əlini üzərək 1937-ci il iyun ayının 8-də Ümumittifaq KP-nın baç katibi İ.V.Stalinə ərizə ilə müraciət edir. Bu ərizədən də cavab gəlmir. Yusif Vəzir 20-25 gün Moskvada qalıb Stalinə yazdığı ərizə barədə Mərkəzi Komitəyə müraciət edir. Lakin ordan da heç bir cavab ala bilmir. Çarəsiz qalan Yusif Vəzir Bakıya qayıdır. 1938-ci ildə “Kommunist” qəzetində çıxan bir elanda bildirilirdi ki, Özbəkistan SSR-nin Urgənc şəhərindəki Xorəzm Vilayət Pedaqoji institutunda rus dilində dərs deməyə meəllim yeri tutmaq üçün müsabiqə elan olunur. Yusif Vəzir sənədlərini toplayıb Urgənc şəhərinə göndərir. Müsabiqədən keçib rektorluqdan dəvət alır. 1938-ci ilin avqust ayında Yusif Vəzir Urgəncə yola düşür. O, Urgənc pedaqoji instituta baç müəllim və eyni zamanda institut kitabxanasına müdir təyin olunur.

    1937-38-ci illərdə represiyaya məruz qalan Azərbaycanın bir qrup elm və mədəniyyət xadimlərindən B.Çobanzadə, N.Şahsuvarov, H.Zeynallı, H.Nəzərli və başqalarının verdikləri ifadələr əsasında 1940-cı il yanvar ayının 25-də Yusif Vəzir Urgəncdə həbs edilib Bakıya gətirilir. O, altı aya yaxın Keşlə həbs düşərqəsində saxlanıldıqdan sonra 1940-cı ilin iyul ayının 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərqəsinə göndərirlər.

    Yusif Vəzir Çəmənzəminli 1943-cü il yanvar ayının 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsində vəfat edir.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Yusif Vezir Cemenzeminli

          Kategori: Azerbaycan Edebiyatı

          Konuyu Baslatan: Emine

          Cevaplar: 1

          Görüntüleme: 2532

    Sükut Eyledim,'Kahrı Var' Dediler. Biraz Söyledim,'Zehri Var' Dediler. Sustum,'Kahrından Susuyor' Dediler. Biraz Konuştum, 'Zehrini Kusuyor' Dediler.

    Asya (10.08.11) Beğenenler

  2. #2

    • Offline
    • Site Cavabdehi
    • Array

    Üyelik tarihi
    14.08.08
    Bulunduğu Yer
    Baki, Azerbaijan
    Yaş
    35
    Mesajlar
    20.975

    Seviye: 59 
    Tecrübe: 43.539.019
    Sonraki Seviye: 47.989.448

    Konular
    10885
    Teşekkürler
    10.026
    5.713 Mesajına 11.927 Tşk. Aldı
    Bahsedildi
    16 Mesaj
    Etiketlenmiş
    27 Konu
    Tecrübe Puanı
    100
    Yazı Boyutu

    Standart Hikayeleri

    Əziz


    Ballı xala qabı eşib, bir qızarmış iri kələm dolması tapıb, oğlu Qulunun ağzına uzatdı.
    -Qurbanın olsun anan, buncuğazı ye!
    Qulu cavabında “iştaham yoxdur” dedisə də, Ballı xala dolmanı bir az da irəli uzatdı:
    -Yox, vallah yeyəcəksən!
    -A kişi, yemirəm!
    -Yox, yeyəcəksən!
    Qulunun iştahası yox idisə də, axırda əlacı kəsilib, rəngsiz dodaqlarını aralayıb, dolmanı içəri ötürdü.
    Ballı xalanın dul qızı Güldəstə dolma qabına bir tikə vuranda əlinə bir qırmızı üzək keçib, cəld qovzadı:
    -Qulu, bunuca ye!
    -A kişi, yemirəm!
    -Bıy, ədə bir ağzını aç!
    Qulu istədi saralmış üzünü turşaldıb, bacısına acıqlansın, bir vaxt gördü üzəyin ucu ağzına yetib, yağı damcılayır. Əlacı kəsilib, yenə rəngsiz dodaqlarını araladı və üzəyi içəri ötürdü.
    Qulu üzəyi bir əngindən o biri ənginə aparıb, asta-asta çeynəyirdi, bir də gördü xalası kor Qızxanım qabdan bir sümük tapıb, apardı qıpıq gözlərinin qabağına və bir az o yan-bu yana çöndərib zənn ilə baxdıqdan sonra çığırdı:
    -Qulu, xalan kor olsun, bircə bu sümüyü gəmir!
    Qulu dolu ağzını çöndərib, ütük qaşlarını qovzuyub; altı-üstü şişmiş gözlərini süzməkdə xalasına nə deyəcək idisə, beş-altı yerdən onun sözünü kəsib çığırışdılar:
    -Bıy, bəs adam şikəst xalasının sözünü yerə salar?! Ye, nədir ki, bir sümükdür, dayna!
    Qulu səsini xırp kəsib, sümüyü qapdı.
    Ballı xalanın əri evindən döyülüb qovulmuş qızı Xırda bir yaxşı tikə tutub, gözləyirdi ki, Quluya versin. Qulu bunu görcək ağzında əzilmiş üzəyi bir əgkinə yığıb, bacısının üstünə çığıranda üzəyin bir parçası gedib boğazında qaldı və öskürməyə başladı.
    Bir dəqiqədə ev səs ilə doldu:
    -Su, su! Gədəcik öldü!
    Ballı xala Qulunun dalına əli ilə döyəcləyib deyirdi:
    -Hamısı sənin! Hamısı sənin!
    Əri Kərbəlayı Gülüməli karıxdığından elə barmaqlarını yalaya-yalaya qalmışdı; dul bacı su gətirirdi; döyülüb qovulmuş bacı o baş-bu başa yüyürüb çığırırdı.
    Xala başını Qulunun üzünə yavıqlaşdırdı ki, ağzını tapıb, əlini soxsun...
    -Xoşbəxtlik üz verdi – üzək Qulunun boğazından ötüb getdi və külfət sakit olub, öz xüsusi işlərinə məşğul oldu.
    Yatmaq vaxtı yetişdi; həyətə yüz mütəkkə getdi. Ağacların altında yatacaqlar salındı. Qulunu dörd-beş adam yatırmağa apardı. Ballı xala irəlidədi və “başıma dönüm, çöl soyuqdur” deyib Qulunun üstə bir qış yorğanı saldı; dul qız nənəsinin sözünü təsdiq edib, birini də o saldı; qovulmuş qız da bir cecim tapıb gətirdi. Xala gözünün üstə əlini qoyub, bir göyə baxdı və sonra nə fikir elədisə gödək tumanı atıla-atıla yatacağına tərəf getdi və əlini sürtüb, dəstə ilə çıxmış yeddi-səkkiz tumanı tapıb, Qulunun üstə saldı.
    Kərbəlayı Gülüməli gecə papağını geyib, bərk səslə:
    -Ay uşaq, Qulu rahat oldumu?
    Elə ki beş-altı yerdən “rahat oldu” deyə səs gəldi, Kərbəlayı aftafanı götürüb, öskürə-öskürə həyətin dibinə getdi. Qulu gecə sabaha kimi istidən yata bilməyib, o yan-bu yana çöyrükdü və hər çöyrükəndə də üstündən bir yorğan sürüşüb düşdü. Belə oldu ki, axırda üstünü tamam açdı və bu surətlə yuxuya getdi.
    Sabah evə qarışıqlıq düşmüşdü. Qulu azarlamışdı. Kərbəlayı Gülüməli ağ tumanlı həkim dəlləyin yanına yüyürürdü. Ballı xala keçi piyi axtarırdı ki, Qulunu piyləsin; qızlar ağlaşırdılar. Xala da üzərlik yandırıb, Qulunu tüstüyə verirdi.
    Sükut Eyledim,'Kahrı Var' Dediler. Biraz Söyledim,'Zehri Var' Dediler. Sustum,'Kahrından Susuyor' Dediler. Biraz Konuştum, 'Zehrini Kusuyor' Dediler.

    Asya (10.08.11) Beğenenler

  • Konuyu değerlendir: Bu konuyu beğendiniz mi?

    Yusif Vezir Cemenzeminli


    Değerlendirme: Toplam 0 oy almıştır, ortalama Değerlendirmesi puandır.

Ziyaretçilerin arayarak bu sayfada buldukları

yusif vezir cemenzeminli

yusif vezir cemenzeminli yaradiciligi

yusif vezir cemenzeminli iki od arasinda eseri
yusif vezir cemenzeminli iki od arasinda
cemenzeminli heyat
hezreti yusif musiqi kocur
yusif vezir cemenzeminli haqqinda
yusif vezir cemenzeminli eserleri
yusif vezir cemenzeminli haqqinda melumatcemenzeminliyusıf vezır cemenzemınlı heyatı ve yaradıcılıgıyusif vezir cemenzeminlinin heyat yaradicilligi haqqinda melumatyusif vezir cemenzeminli iki od arasinda eserin yukleazeri balasi satasmaq axiriyusif vezir cemenzeminli heyati ve yaradiciligicemenzeminlinin yaradiciligiyusif vezir cemenzeminli yaradıcıligiYusif Vezir Çemenzeminlinin Iki od arasinda romaniyusif vezir cemenzeminli iki od arasinda romaniYusif vezir cemenzeminlinin heyati ve yaradiciligi haqqindaYusif vezir cemenzeminli qizlar bulagi eserikitabxanacemenzeminliyusif cemenzeminli iki od arasinda eseriyusif vezir cemenzeminli hekayeleriyusif cemenzeminlinin iki od arasinda
SEO Blog

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216