Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi» İctimai Birliyi (AMMKHM İB) Xocalı soyqırımının 17-ci ildönümü ilə əlaqədar bəyanat yayıb. Bəyanatda deyilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın silahlı dəstələri keçmiş SSRİ-nin Xankəndidə yerləşmiş 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərində misli görünməmiş soyqırımı törədiblər. Bu vəhşi cinayət aktı nəticəsində Xocalı şəhəri yerlə-yeksan edilmiş, 613 nəfər dinc sakin, o cümlədən 63 uşaq, onlarla qadın və ahıl insan, o cümlədən 8 ailə bütövlükdə, qətlə yetirilib, 487 nəfər yaralanıb, 1.275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
AMMKHM İB mütəmadi olaraq Xocalı soyqırımı ilə bağlı “dəyirmi masa”lar və s. tədbirlər keçirib, “Mən 1992-ci il favralın 26-da Xocalıda erməni işğalçılarının törətdikləri qırğının soyqırımı kimi tanınmasını dünya ictimaiyyətindən tələb edirəm!” devizi altında imzatoplama kampaniyasında, “Xocalı soyqırımı (sənədlərdə, faktlarda və xarici mətbuatda)”, “Xocalı soyqırımı: milyon imza – bir tələb” kitablarının hazırlanmasında fəal iştirak edib. Birliyin “Qolos Karabaxa” – “Voice of Karabakh” qəzetində müntəzəm olaraq Xocalı mövzusunda materiallar dərc olunub.