MİLLİ RƏQSLƏR (Halk Oyunları)
Rəqs sənətimizin tarixi zərb musiqi alətlərinin tarixindən xeyli qədimdir. Hələ insanlar ibtidai icma quruluşunun ilk mərhələlərində əllərini bir - birinə vuraraq, ahəngdar səs-sədaları altında rəqs etmişlər. Azərbaycan xalqı uzun əsrlər boyu rəngarəngliyi və coşğunluğu ilə insanı valeh edən rəqslər yaratmışdır. Xalqımızın xoreoqrafiyasında müxtəlif xarakterli çox rəqs olmuşdur. Kişi və qadınların tək, qoşa, kütləvi rəqslərini, habelə, oynaq mahnı ilə müşayiət olunan rəqsləri göstərmək mümkündür. Həmin rəqslər öz xareoqrafik mürəkkəbliyi, hərəkətlərin həmahəngliyi, zərifliyi və dəqiqliyi, oynaqlığı və şuxluğu ilə insanlara böyük mənəvi zövq vermişdir. Bu zəngin mənəvi sərvət sadədən mürəkkəbə doğru inkişaf edərək saflaşmış, cilalanmış və büllurlaşmışdır.
Ibtidai icma quruluşu dövründə Azərbaycan ərazisində yaşayan müxtəlif qəbilə üzvləri ova çıxdıqları zaman əl çala-çala, ya da ağac və daşları bir-birinə vuraraq rəqs edirdilər. Bu cəhətdən Qobustan və Gəmiqayadakı qayaüstü təsvirlər səciyyəvidir. Buradakı qaya rəsmləri Azərbaycan xalqının zəngin incəsənət irsimizlə yanaşı, musiqi və rəqs mədəniyyətinin inkişaf tarixini öyrənmək üçün də böyük əhəmiyyətə malikdir.
Yallı - İbtidai forması istilik, işıq və isti yemək mənbəyi olan od ocağı ətrafında mərasim təntənəsi şəklində olan yallının tarixi olduqca qədimlərə gedib çıxır. “Yal” - cərgədir, zəncir xəttidir. “Yallı”nı oynayanlar bir və ya iki cərgədə , bəzən də bir neçə cərgədə dururlar.
Ənənəvilik və adət formasını almış yallılar iki şəkildə - rəqs və oyun yallısı olmaqla zaman keçdikcə cilalanmış, yeni boyalarla zənginləşərək, yeni hərəkətləri özündə birləşdirərək bu günümüzə gəlib çatmışdır.
Yüzə qədər növü olan yallılardan bir qisminin yaranma məkanı Azərbaycanın ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvan torpağıdır. Əsrlərin qaynağından süzülüb gələn milli varlığımız sayılan yallılardan “Tənzərə”, “El yallısı”, “Gopu”, “Qazı-qazı”, “Hoynərə”, “Şərur yallısı”, “Dörd ayaq”, “Urfanı”, “Arazı”, “Siyaqutu”, “Xələfi”, “Qənimo”, “Nareyi”, “Qaladan-qalaya”, “Üçayaq”, “Üçaddım”, “Köçdü balaban”, “Gülümeyi”, “Hağışda”, “Zarı-zarı” və s. bu qəbildəndir.
Zarı -zarı - Azərbaycan xalqına məxsus bu rəqs Şərur mahalında, xüsusən Havuş və Şahbulaq kəndlərində geniş yayılmışdır. Indi çox az oynanılan “Zarı-zarı” rəqsini toy şənliklərində, xınayaxdı mərasimlərində əsasən qadınlar oynayırlar. Kişi və uşaqların da ifasında təsadüf olunur.
Haxışta - “Ha xışla” ifadəsindən götürülən milli rəqs çox coşqun, şən, əsasən yüngül hoppanmalar xarakterində ifa olunur. Bəzi rəqslərdə, xüsusən “Halay” rəqsində olduğu kimi üzbəüz dəstələr dayanırlar. Aradakı məsafə 5-6 metr olur. Dəstənin ortasında solist qız dayanır. Onu rəqsə dəvət edir və bu hərəkətləri edərkən mətni oxuyur. Qalan qızlar isə həmin sətirdən sonra uca səslə “Haxışta” deyirlər. Rəqsin musiqisi olmadığına görə ifaçı mətni “Meyxanada” olduğu kimi söyləyir.Rəqsi zərb alətləri (nağara, qoşanağara, dümbək) ilə müşayiət etmək olar.
Üç pəncə - Əfsanəyə görə qədim zamanlarda bir kəndli meşədə odun yığarkən bir ayının üç pəncə üzərində gəzdiyini görür. Ayı dördüncü pəncəsi yaralı olduğuna görə ayağını qatlayaraq, tullana-tullana yeriyirmiş. Bu hərəkət isə rəqsə oxşayır, rəqsi xatırladır. Kəndli gördüyü hərəkətlərin təsiri altında “üş pəncə” yallısını düzəldir,qurur. Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda və onun əhatə etdiyi kəndlərdə “Üç pəncə” yallısı maraqla ifa edilir. Çox zaman yaşlı adamların ifa etdikləri bu rəqs iki hissəlidir. Sakit və yeyin hissələrdən ibarətdir.
Arazı - Araz ətrafı rayonlarda, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa, Şərur, Babək və Kəngərli rayonlarının toy şənliklərində ifa olunan qədim yallı növlərindəndir. Bu yallının digər adı “Papuro” da adlanır.
Asta və sürətlə ifa olunmaqla iki hissədən ibarət yallını qadınlar və kişilər qarışıq şəkildə çeçələ barmaqları ilə çiyin səviyyəsində bir-birindən tutaraq ifa edirlər. İfaçılar sağ ayaqlarını daban üstə qarşıya sola qoyur, sağ ayağı da cəld çox da hündür olmayaraq qarşıya sola atırlar. Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa, Şərur, Sədərək, Babək rayonlarında, eləcə də Naxçıvan şəhərində keçirilən mədəni-kütləvi tədbirlərdə toy və bayram mərasimlərində folklor rəqs kollektivləri tərəfindən maraqla ifa olunur