Azərbaycan dilində, indi bizim danışdığımız ana dilimizdə ilk ədəbi abidəni kim yaratmışdır? Söhbət, əlbəttə, yazılı ədəbiyyatdan gedir.
Azərbaycan ədəbiyyatşünaslığında uzun müddət bu məsələ ətrafında sükut dövrü yaranmış, bu dövr başa çatdıqdan sonra isə yekdil bir qənaət hasil olmuşdur.
O da bundan ibarətdir ki, Azərbaycan dilində ilk bədii nümunənin müəllifi XIV əsrdə yaşamış İzzəddin Pur Həsən Əfsəranidir. Belə bir ehtimal irəli sürülmüşdü ki, İzzəddin Pur Həsən (Həsənoğlu) azəri türkcəsində hətta ilk divanın müəllifidir və onun “Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər” mətləli qəzəli də həmin divandan bizə gəlib çatan tək nümunədir. Lakin sonralar daha bir qəzəli aşkar edildi və beləliklə, elm aləmində - filologiyada Həsənoğlunun doğma ana dilimizdə ilk şeirlər yazan bir müəllif olduğu fikri sözsüz qəbul olunmağa başladı.
Lakin əlyazmalar yanmır, it-bat olmur və orta əsrlərin qaranlıq künc-bucaqlarından elə əsərlər bu günə gəlib çatır ki, bir anda artıq ehkama çevrilən həqiqətlər alt-üst olur. İndi ədəbiyyat tarixçiləri Azərbaycan dilində yazılan ilk bədii əsəri Həsənoğlunun qəzəlindən yox, ondan bir əsr əvvəl yazılmış “Dastani-Əhməd Hərami” poemasından başlayırlar.
Əvvəlcə, bu əsərlərin elm aləminə tanıdılması barədə… Bizim müraciət edəcəyimiz başlıca mənbə ədəbiyyatşünas Əlyar Səfərlinin “Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı” (Bakı, 1982) dərsliyidir.
Həsənoğludan ilk dəfə XV əsr təzkirəçisi Dövlətşah Səmərqəndi söz açmış, onun kifayət qədər məşhur bir şair olduğunu, farsca və türkcə (Azərbaycanca) şerlər yazdığını qeyd etmişdir. Dövlətşah onun Əfsəraində doğulduğunu da yazır ki, bu da Xorasandadır. Elmi ədəbiyyatda isə Həsənoğludan bir şair kimi ilk dəfə M.F.Köprülü söz açmışdır. Bütün tədqiqatlarda şairin ədəbi irsindən cəmi iki qəzəli haqqında danışılırdı. Biri Azərbaycanca, digəri farsca. Azərbaycanca həmin qəzəli barədə aşağıda söz açacağıq. Fars dilində yazılmış qəzəli isə Azərbaycan dilinə klassik poeziyadan bir çox əsərləri uğurla dilimizə tərcümə etmiş Böyükağa Qasımzadə (1916-1957) çevirmişdir. Həmin qəzəl budur:
Rəhmsiz xəlq olunubdur o nigarım, nə edim?
Aparıb fikri bütün səbrü qərarım, nə edim?
El mənə tənə vurur - söylə, tükənməzmi yasın?
Axı mən bağrıyanıq aşiqi-zarəm, nə edim?
Ayqabaqlım görüşə gəlmədi, tənha gəzərək,
Saymayım nəcmi-münəvvər, şəbi-tarəm, nə edim?
Yar apardı canımı, olmadı dildar mənə,
Özü asudə gəzir, mən güli-xarəm, nə edim?
Saldı əldən qəmi-məşuqə məni, yoxmu dəva,
Eşqdən oldu pərişan səri-karım, nə edim?
Hər iki dünyada Allah gözəli dust tutar,
Mən ki, puri Həsənəm, yoxdu nigarım, nə edim?
Həsənoğlunun ikinci qəzəlini (azəricə isə çox-çox sonralar alman şərqşünası B.Fleminq elm aləminə tanıtmışdır.
Biz hər iki qəzəl haqqında, qısaca da olsa, söz açaq.
Birincisi, professor Nizami Cəfərovun qeyd etdiyi kimi, “Azərbaycan təfəkkürü XIII-XVI əsrlərdə özünün türk (oğuz-Səlcuq) dili mədəniyyətini yaradıb formalaşdırır. Həsənoğludan Füzuliyə qədərki dövrdə klassik poetik təfəkkür inkişaf edir”… Bu mənada Həsənoğlu Azərbaycan poetik təfəkkürünün sübh şəfəqi kimi işıq saçır. Onun dilində elm aləminə məlum iki qəzəli çox maraqlı bir mənzərəni əks etdirir.
Birinci qəzəldə Azərbaycan, fars və ərəb sözləri çox qəribə bir tərzdə birləşib “qohum” olmuşlar. Bu, onu göstərir ki, ədəbi təfəkkür öz milli stixiyasını göstərməyə başlayır. Lakin bu milli stixiya hələ aparıcı mövqedə duran ərəb-fars poetikasının güclü təsiri altındadır.