O,qəzəb rəmzi, yenilməz iradə timsalı idi. Bir sözünü iki etmək imkansızdı və özü də heç vaxt dilindən qopmuş sözü dəyişməz, söylədiyinin ziddinə getməzdi. "Hökmdarın qılıncı sözündən iti olmalıdır !" Bu, qüdrətli sərkərdə Teymurləngin sözləridir və sadəcə sözləri deyil, ömrü boyu sadiq qaldığı əqidəsidir. Amma o, həyatında yalnız bir dəfə sözündən döndü, yalnız bir dəfə ona xas olmayan zəiflik, yumşaqlıq göstərdi. Yumşaqlıq kəlməsi isə ona qətiyyən yaraşmır. Qədim alban əlifbasının günümüzə

Bu konu 1556 kez görüntülendi 0 yorum aldı ...
Teymurləngi təslim edən 1556 Reviews

    Konuyu değerlendir: Teymurləngi təslim edən

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1556 kez incelendi.

  1. #1
    Yaver ARANCI - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    25.10.2008
    Mesajlar
    298
    Konular
    108
    Beğendikleri
    0
    Beğenileri
    0
    Tecrübe Puanı
    592
    @Yaver ARANCI

    Standart Teymurləngi təslim edən

    O,qəzəb rəmzi, yenilməz iradə timsalı idi. Bir sözünü iki etmək imkansızdı və özü də heç vaxt dilindən qopmuş sözü dəyişməz, söylədiyinin ziddinə getməzdi. "Hökmdarın qılıncı sözündən iti olmalıdır !" Bu, qüdrətli sərkərdə Teymurləngin sözləridir və sadəcə sözləri deyil, ömrü boyu sadiq qaldığı əqidəsidir. Amma o, həyatında yalnız bir dəfə sözündən döndü, yalnız bir dəfə ona xas olmayan zəiflik, yumşaqlıq göstərdi. Yumşaqlıq kəlməsi isə ona qətiyyən yaraşmır. Qədim alban əlifbasının günümüzə yetişməsinin səbəbkarı, ondördüncü yüzilin salnaməçisi Foma Metsopski "biz bunu öz gözlərimizlə görmüş, qulaqlarımızla eşitmişik" deyə qələmə aldığı "Teymurləngin tarixi" əsərində qüdrətli sərkərdədən vəhşət içində, zəhri yarılmış halda bəhs edir, onu "qaniçən əjdaha, iblisin bütün dəhşətli kinini, mənfurluğunu və mübhəm sirlərini özündə toplamış, çox rəhmsiz, zalım" adlandırır, bəzən minlərlə insanı quyu qazdıraraq "uf" demədən diri-diri basdırtdığını təsdiqləyirdi. Yenə onun xəbəridir ki, Teymurləng xəyanətindən xəbər tutduğu Sultaniyyə hökmdarı Adili iri mis çənə atdıraraq camaatın gözü qarşısında qaynatdırmışdı. Onlarla başqa fars və türkdilli qaynaq da Teymurləngin şücaətlərindən, dövlətçi və döyüşçü əzmkarlığından heyranlıqla danışmaqla yanaşı, onun amansızlığından, qəzəbinə tuş gələni hansı dəhşətlərə məruz qoymasından tükürpədici səhnələri nağıl eləyir. Bəs o kim idi ki, adı da DƏMİR olan bu möhkəmdən möhkəm insanı hikkəsini udmağa vadar edə bildi? O hansı gücün sahibi idi ki, məğlubedilməz Teymuru yendi? Onda nə sehr vardı ki, bir an içində fatehlər fatehi Teymuru təslim etməyi bacardı? Ən qorxmaz sərkərdələrin qarşısında zağ-zağ əsdiyi Teymurləngə qalib gəlmiş şəxs məntiqlə orta çağın ən möhtəşəm hərbçisi olmalıdır. Kim idi o? * * * Kəmaləddin Əbdülqadir bin Cəmaləddin Qeybi əl-Hafiz Marağayi. Budur o qəhrəman! Amma ona Xacə Əbdülqadir, Əbdülqadir Quyəndə, Əbdülqadir Hafiz, Əbdülqadir Udi də deyirlər. 1353-cü il dekabrın 17-də Azərbaycanın o çağlar mühüm elmi və mədəni mərkəzlərindən birinə çevrilmiş Marağa şəhərində dünyaya göz açmış Əbdülqadir uzun bir ömür yaşadı ("sürmədi", məhz yaşadı!). Allahdan qadir kimsə yoxdur. Hər insana azdan-çoxdan hansısa qüdrəti də bağışlayan Allahdır. Ona görə də özünə - Əbdülqadir, yəni "qadir olanın qulu, Allahın nökəri" ləqəbini götürəndə Marağalı Kəmaləddin haqlı idi. Hökmdarlara "Allahın yer üzündəki kölgələri" söyləyiblər. İş elə düşdü ki, məcazi mənada "Allahın köləsi" ləqəbini seçmiş Əbdülqadir həm də onillər boyu elə gerçəkdən Allahın müxtəlif kölgələrinin, ayrı-ayrı zəmanə padşahlarının xidmətində durmalı oldu. Amma Allah ona elə qabiliyyət ərməğan etmişdi ki, bu vergiylə şərəflənmişə gündə min yol "nökər" desən də, onu daim qul hesab etsən də, o, nökər olmur, o, qul ola bilmir. Qanunla o, hökmdarların itaətində duran adicə bir bəndə idi. Amma qadir Allahın möcüzəsi idi ki, ağası olan hökmdarlar bu qula baş əyirdilər. Səlahiyyəti hüdud tanımayan hökmdarlar öz doğmaca balalarına da buyurmuşdular ki, bu nökərin qulluğunda dursunlar, ona kiçiklik etsinlər. * * * Marağalı Əbdülqadir 82 il yaşadı və ilk gəncliyindən başlayaraq daim hökmdarların həndəvərində oldu. Hamını özünə tabe edənlərin, hamının onlara tabe olmasından ləzzət alanların hər birinin içərisində hər halda hərdən-hərdən mütəmadi tabe etdirməkdən bezərək tabe olmaq istəyi də oyanır. Əbbdülqadir yanında olduğu hökmdarların hər birini özünə tabe etdirmək, onları müti pərəstişkarına çevirmək məharətinə malik idi. Bəlkə də Allah ona belə uzun ömür bağışlamışdı ki, hakimiyyəti sürəkli olsun, ona daha çox hökmdarlar təzim etsin, təzim edərək anlasınlar ki, onlar ən güclü deyillər, ən qadir deyillər, hətta sıravi nökərləri də onlardan daha seçkin ola bilər. Əbdülqadir bir topa İŞIQ olmaqdan özgə həm də Allahın göndərdiyi dərs, bir ibrət idi. Böyründə gəzib-dolaşan bir qələm sahibi, bir katib, bir salnaməçi olaydı, bu ömrü günbəgün, saatbasaat yazıya alaydı, sabaha ötürəydi. Yazılmış olsaydı, həmin ömür tarixçəsi tək Əbdülqadir Marağalıdan danışmazdı, sözümüzün, musiqimizin, sənətimizin, ziyalılığımızın o dövrkü aləminə çıraq tutardı. Lakin nə heyif ki, orta çağ tarixçilərinin adda-budda qeydlərindən qeyri arxalanacağımız mənbələr yox kimidir. Məxəzlər olmadansa Əbdülqadiri əsl böyüklüyü, əsl möcüzəliyi ilə təsəvvür etmək çətindir. Təbii ki, qaynaqlar onun artıq şöhrətə çatdığı, özünü təsdiq etdiyi əyyamların xəbərlərini yetirir. Uşaqkən, yeniyetməykən kimdə o uzaqgörənlik olardı ki, xırdaca bir məxluqda gələcəyin dahisini sezsin? Ona görə də uşaqlıq illəri barəsində yeganə işarəni elə Əbdülqadir özü verir. Ona başucalığı və ölməzlik gətirmiş əsərlərindən birinin - "Məqasid ül-əlhan"ın sonluğunda "mövlana" adlandırdığı atasının bir sıra elm sahələrində, xüsusən musiqişünaslıqda mükəmməl bilik yiyəsi olduğunu, musiqi elminin sirlərini də ona lap kiçik yaşlarından aşıladığını yazır: "O həzrətin bu bəndəyə həmin fənni təlim etməkdə məqsədi ondan ibarət idi ki, musiqinin üsullarını və qaydalarını mənimsəyərək yaxşı əzbərləmiş olduğum Allah kəlamı "Quran"ın avazla oxunması ilə məşğul olum". Məhəmmədəli Tərbiyətin "Danişməndan-i Azərbaycan"ı, təəssüf ki, bilgini hansı qaynaqdan aldığını açıqlamadan Əbdülqadirin 4 yaşından dərs oxumağa başlamasını, 8 yaşında "Quran"ı tamam-kamal əzbərləməsini ("hafiz" - hafizəsində, yadında saxlayan - təxəllüsü elə buradandır. Adətən orta əsrlərdə Müqəddəs Kitabı sinədən bilənləri belə çağırardılar), 10 yaşında ərəb dili sərf-nəhvini - qrammatikasını, məani və bəyan elmlərini bütünlüyü ilə mənimsədiyini, riyaziyyat və musiqi elmlərinə digər elmlərdən daha çox rəğbət göstərərək müasiri olan alimlərin bu sahələrə aid əsərlərini mütaliə edərək incəliyinə qədər öyrənmiş olduğunu bildirir. Əbdülqadirin öz atasını dövrün ən birinci zəka sahiblərindən sayması, əsas müəllimi kimi qəbul etməsi əsassız deyil. Mövlana Qiyasəddin Qeybi oğluna yalnız elm yox, həm də helm öyrətmişdi. Onu həyatda özünü qorumağın, kəmfürsət dövranın və məkrli insanların qurduğu tələlərdən salamat qurtulmağın gizlinclərindən də agah eləmişdi. Müasirləri Mövlana Qeybini zirək, zarafatcıl, dərrakəli şəxs kimi nişan verir. Xandəmir "Həbib üs-siyər" əsərində rəvayət edir ki, Əmir Teymurun kiçik oğlu Şahruxun bir-birilə yola getməyən Xacə Qiyasəddin Pir Əhməd və Əmir Əlaəddin Şəqai adlı iki vəziri varmış. Xacə Qiyasəddin Əbdülqadirin atası ilə yaxın imiş. Dostuna kömək məqsədilə o, Herat yaxınlığındakı abad və gəlirli Yəhyaabad kəndini cüzi haqq ödəməklə Mövlana Qeybiyə icarəyə verir. Bundan xəbər tutan digər vəzir böhtanlar uyduraraq o biri vəzirin dövlət torpaqlarını dağıtdığı xəbərini tələm-tələsik qoyur şahın ovcuna. Şahrux iftiraçı, mərdüməzar vəziri məsələni araşdırmaq üçün həmin kəndə göndərir. Vəzirin gəlişindən və nə məqsədlə gəldiyindən soraq alan Qeybi onu kənddə qarşılayan kimi araşdırmadan öncə süfrəyə dəvət edir və hiss etdirmədən evyıxan qonağına çoxlu bəng verir. Amma süfrəyə əyləşməzdən qabaq şaha da ismarıc yetirir ki, sizin mən fağırın torpaq dərdini təhqiq eləməyə yolladığınız vəzir o qədər bəng qəbul edərək gəlib ki, ətini kəssən, xəbəri olmaz? Beləliklə, xeyirxah bir işə pəl vurmaq istəyən paxıl vəzir özü tora düşür. Atasından təkcə savad almamış, tədbirli olmağın da yol-yolağasını mənimsəmiş Əbdülqadirə bu keyfiyyət ayaq altında quyu qazanların bol olduğu saraylarda büdrəməməkçün onillərlə çox əl tutdu. Ömrün qürubunda Əbdülqadirin qələmə aldığı, bir növ, ömür yolunun aynası hesab edilə biləcək 80 beytlik məsnəvisində onun keşməkeşli həyatı vərəq-vərəq açılır: Şükr olsun, həmd olsun, ey qadir Xuda, Məni əziz etdin hər bir diyarda. Eyş-işrətlə sürdüm ömrü illərlə Asudə yaşadım səltənətlərdə. Dövrün şahlarının yığnaqlarına, Çağrıldım bağlara, qəsrə, saraya. Nəğmələr çaldım ki, ruhu dəbərdər, Bəstələdim çoxlu gözəl təsniflər. Şahlar kərəminə mən layiq oldum, Aradıqlarımı onlarda buldum. Lap əvvəl lütflər, ənam gördüm mən Cahan padşahı Sultan Üveysdən. Ehsan sahibiydi, adil hökmdar Etmiş mürüvvəti, haqqı bərqərar. "Şeir de!" - söylərdi o mənə bəzən - "Bir söz ki, qurtarım dərddən, möhnətdən". Gah da musiqi, üns məclislərində Ərəb, fars, türk gəlsə, üz tutub mənə Derdi: "Əbdülqadir, udunu dindir, Ey misli yox ustad, meydan sənindir!" Gah söylər: "Növbət qoş", ya "Oxu qəzəl" Deyirdi: "Dünyada yox sənə bədəl". Əyan-əşrəfini o şah yığaraq Öləcəyin dedi düz dörd ay qabaq. İl yeddi yüz yetmiş altı olanda O şah da həyata dedi: "Əlvida". Cavan yaşda getdi fani dünyadan Kimdir bu aləmdə əbədi qalan?! (Şeirlərin farscadan tərcümələri mənimdir - R.H.). 1376-cı ildə ömrə "əlvida" deyən Sultan Üveys Cəlayirinin sarayında Əbdülqadirin həyatındakı ən həlledici hadisələr baş vermişdi, onun parlayışlarının təməli məhz bu dərbarda qoyulmuşdu. Bu sətirləri Sultan Üveys 1373-cü ildə öz dəsti-xətti ilə yazmış, gənc şair və musiqiçinin tərifində xəsislik etməyərək əsrin məhz onun əsri olduğunu dilə gətirmişdir: "Zəmanədə tayı-bərabəri olmayan Kəmaləddin Əbdülqadirin əsrində biz doğrudan bir zərrəyik, həqiqətən bir zərrə. O isə zamanın təkcəsi və bütün dövrlərin ən ulu sənətkarıdır. Heç şübhə yoxdur ki, onun nə misli, nə oxşarı var. Bizə çətin görünən və çox xoş gələn xeyli bəstələr vücuda gətirdi, bunları xoşagələn bir tərzdə ifa etdi. Zəmanənin bütün tanınmış ustadları və musiqi biliciləri onun vəsfində aciz qalaraq çaşqınca barmaqlarını dişləməyə məcbur oldular, hamısı etiraf etdi ki, belə qabiliyyəti, belə qüdrəti göstərməyə gücləri çatmaz. Onun qüdrətini sübut etməyə və dəlil axtarmağa ehtiyac belə yoxdur. Əslində, bu iş günəşdən də aydındır. Ömründən və gəncliyindən daim faydalansın!" Belə qəlb genişliyilə Əbdülqadiri göylərə dikəldən Sultan Üveys özü ömründən gözdolusu faydalana bilmədi, həyatdan getdi və xəbəri olmadı ki, onun vəfatından bircə il sonra Əbdülqadir nə hünər göstərdi. Sultan Hüseyn gəldi yerinə - oğlu, O, yurdun gözünün işığı oldu. Üzü də, gözü də, özü də süstlü Lətif məclislərin bəzəyi, gülü. Ay üzlü gözəllər səs-səsə verər, "Əbdülqadir!" deyib dillənərdilər. "Səsinə təşnəyik, sazına heyran Əllərin, avazın dərdlərə dərman. Arif məclisidir yenə bu axşam, Sənsən bu məclisə bəzək verən şam. Məclis sənsiz olsa, mənası nədir? Sənin nəğmələrin cana can verir". Başıma altunlar səpirdi onlar Zövqü-səfa içrə tutmuşdum qərar. Vəfasızmış ömür, açaraq pəncə Əcəl bu gəncə də verdi işgəncə. Əbədi şad olsun onun saf ruhu Mənə yüz lütf etmiş, arxa durmuşdu. Cəlaləddin Sultan Hüseyn taxta çıxdığı ilk ildəcə - 1376-nın fevralında Əbbdülqadiri "uca ustadım", "bənzərsiz", "dünyadakı bütün bəstəkarlar sənin köləndir" deyə məftunluqla öyürdü. Əbdülqadiri qeyd-şərtsiz hamının Tək sənətkar kimi etiraf etməsinə bais olan hadisə isə növbəti ildə baş tutdu. 1377-ci il yanvar ayının 10-da Sultan Hüseynin Təbrizdəki sarayında dövrün adıbəlli musiqiçi və musiqişünas alimlərinin toplandığı bir məclis qurulur. Məclis sadəcə çal-çağır yığnağı deyildi, həddən ziyadə qəliz şərtləri olan bir yarışma keçirilirdi. İştirakçılar -Şeyxülislam-i əzəm Xacə Şeyx ül-Kucəc, Dəstur-i əzəm Əmir Şəmsəddin Zəkəriyya, Səfiəddin Urməvinin "Şərəfiyyə"sinə şərh yazmış Mövlana Cəlaləddin Fəzlullah Abidi, Əbdülqadirin müəllimlərindən olan Xacə Raziyəddin Rizvanşah, Ömərşah, digər mahir sazəndə və xanəndələr toplaşıbmışlar. Müsabiqə mövzusu olaraq ortaya "növbət-i mürəttəb" söhbəti atılır. Adətən belə əsərlər 4 hissədən ibarət olurdu. "Qövl" adlanan birinci bölmədə ərəbcə şeir, "Qəzəl" adlanan ikinci parçada farsca bir şeir, "Təranə" adlanan üçüncü qismətdə rübai vəznində şeir, "Fürudaşt" adlanan dördüncü tikədə yenə birinci bölmədəki biçiminə yaxın tərzdə ərəbcə şeir səslənirdi. Əbdülqadir hamının "Növbət-i mürəttəb"i bəstələməyin ifrat müşküllüyündən danışdığını, belə əsərlərin bir neçə günə bəstələnməsinin mümkünsüzlüyü iddialarını eşidincə cəsarətə gəlib dillənir: "Ondan hər gün birini yazaram. Bir neçə gün sonra ramazan başlanır. Şərt qoyulsa, lap ramazanın 30 gününün hər birində təzə "Növbət-i mürəttəb" bəstələrəm". O vaxtkı mədəni mühitin ən nüfuzlu musiqiçilərindən biri kimi qəbul edilən Raziyəddin Rizvanşah şübhəsini gizlətmir: "Yəqin cavan dostumuzun irəlicədən yazmış olduğu 30 əsər var, onları bizə yeni bəstələrdir deyə təzə adı ilə göstərmək niyyətindədir". Əbdülqadir meydan oxuyur: "Şeirlərin mövzusunu da, hansı vəzndə olmasını da, bəstələrin hansı muğamlar üstündə, hansı ritmdə seçilməsini də siz hər gün özünüz müəyyənləşdirərək təklif edin, ona əsasən də işləyim". Sultan Hüseyn ən çox şəkk eləyən Rizvanşahı bu müsabiqədə baş münsif təyin edir. Şərtin təxminən yerinə yetirilməz olması nəzərə alınaraq mükafat da lap böyük miqdarda müəyyənləşdirilir - 100 min qızıl dinar. Və 30 gün dalbadal Əbdülqadir hamını ofsunlayır. Hər gün verilən mövzularda bir-birindən incə şeirlər yazır, onlara yenə münsiflərin şərtinə müvafiq olaraq seçilən muğamların kökündə bir-birindən lətif musiqilər qoşur və hamısını da sonsuz məlahətlə ifa edir. Təəccüblü o idi ki, son dərəcə qısa zaman kəsiyində doğulmalarına rəğmən sanki onların hər birini bu cavan müddətlərcə ürəyində, beynində gəzdirib bişirirmiş. Vəd şah dilindən çıxmışdı - vədəxilaflıq edilmir, bağlanmış şərt ən ali səviyyədə yerinə yetirilir. Amma şəriksiz qalib olduğu müsabiqənin bitəcəyində - 30-cu gün Əbdülqadirə yalnız boyun olunmuş 100 min altun dinar təqdim edilmir. Həmin gün müəllimi Rizvanşah qızının da xeyir-duasını verərək Əbdülqadirin evinə gəlin göndərir. Əhməd Bahadır xan oldu şah sonra Bir şah ki, hünərdi o başdan-başa. İstedad sahibi, bilgin, vergili, Onunla keçirdim iyirmi ili. "Əziz dost" deyirdi mənə o həzrət, Qədrimi bilirdi, verirdi qiymət. Gözəllik məftunu adil, lütfkar Gah işrət edərdi, gah da ki şikar. Əliylə dirçəldi nəslinin yurdu Təbrizdə, Bağdadda məscidlər qurdu. Ona məndən yaxın olmadı bir kəs Gecə-gündüz aldı nəğməmlə nəfəs. Duydum zamanında mən çox səfalar Sanki röya imiş o keçən rüzgar. Təbrizə gedərkən elədi vəfat Şəhid oldu, bitdi nurlu bir həyat. Onun pak ruhuna qoy pərvərdigar Yüz min rəhmət etsin, ta ki dünya var! Bu dünya belədir əzəldən bəri: Soldurub-saraldar göyçək gülləri. Şah Şüca, Bərqüq Şah, bir çox hökmdar Daim sənətimə mail oldular. Şahzadə Şeyx Əli, o şahi-cahan Bihuş idi mənim çalğılarımdan. Bir müddət şah oldu Sultan Bəyazid İnsaflı şahzadə, o nakam şəhid. Hər bir əsərimə rəğbət edərdi, Məni yüksək tutar, hörmət edərdi. Əbdülqadirə himayədarlıq etmiş şah və şahzadələrin daşıdıqları tac və əyləşdikləri taxtın tələbinə uyğun olaraq əsas məsuliyyətlərindən biri vacib dövlət fərmanlarını, qonşu ölkələrin hakimlərinə məktubları tərtib edərək imzalamaq idi. Ancaq onların hamısı Əbdülqadirə necə vurğun idisə, hər biri onun barəsində öz xətti ilə möhürlü-imzalı bir təəssürat yadigar qoyub. Həmin Sultan Əhməd 1377-ci ilin iyununda "Vəsfnamə" adı verdiyi səhifələrə ürəyini belə boşaldırdı: "Bütün elmlərdə əsrin ən biliklisi, dövrün filosofu, həmdəm yoldaşım və qayğıkeş sirdaşım Kəmaləddin Əbdülqadirin fəzilətlərini və üstün sifətlərini izah etmək istəsəm, özümü çətinliyə salmış olaram. Özünü çətinliyə salmaq isə bəsirət sahiblərinin və ağıllı şəxsiyyətlərin nəzərincə bəyənilməzdir. Həmin səbəbə görə də mən burada ondan gördüklərimin və onun haqqında eşitdiklərimin ancaq mindən birini və çoxdan azını deyə biləcəyəm, mənim dilim onları təsvir etməkdə acizdir. "Quran"ı son nöqtəsinədək əzbər bilir, sözləri səs qaydalarına uyğun olaraq elə oxuyur ki, sanki ayə onun özü haqqındadır. Onun "Quran" oxuması elə həmin Kitabdakı bu kəlamla uyğundur: "Quran"ı öz səsinizlə bəzəyin, çünki gözəl səs "Quran"ın gözəlliyini daha da artırar". Xəttatlıqda isə onun xətti ən nəfis, əlvan paltardan, ipə düzülmüş mirvari dənələrindən qiymətli, gözün qarasından və könül sevdasından əzizdir. O, xətt növlərini - mühəqqəq, reyhani, süls, nəsx, rüqə, tövqi xətlərini ən yüksək səviyyədə bilir və yazır". * * * Bir dəfə Bağdadda ikən Sultan Əhməd Əbdülqadirlə qayıq gəzintisinə çıxıbmış. O, Şeyx Cüneyd Bağdadidən 4 misralıq bir şeir oxuyaraq qayığı sürənlərə işarəylə Əbdülqadirə deyir: "Bu dördlüyə qayığımızdakı 30 avarçəkənin sayı qədər, 30 müxtəlif musiqi bəstələyə bilərsənmi?" Əbdülqadirə "Edə bilərsənmi" sualını verməkmi olardı? Sahilə yan alana qədər sonralar "Dövr-i şahi" adıyla məşhur olacaq 30 nəğməni bəstələyib oxuyur? Ulular ulusu, cahan sultanı O böyük tacdar, dinin hayanı. "Şahlar şahı", "Dinin qütbü" - deyilən Ölkənin sahibi Teymur Kürəkən. Allahın hökmüylə gəldi Bağdada, Mənə çox iltifat göstərdi o da. Məni Səmərqəndə o rəvan etdi, Bir kənd, ev, bağ, bostan ərməğan etdi. Mavərənnəhri mən gördüm bir cənnət, Əhalisi tamam pakizəxislət. Şeyx-qazi, gənc-qoca, savadlı-avam, Xoş fikrə gəldilər haqqımda tamam. "Ey hikmət sahibi, sənin tək gövhər Heyhat, səksən ildə görmədik bizlər". Əsrin şahlarının uşaqları da, Durdu xidmətimdə hər bir sarayda. Əta elədilər, hey xələt, nəmər, Mənimçün qurdular çox toy-düyünlər. Ordusuyla gəlib enincə atdan Məni axtarardı şah hər bir zaman. "Əvvəl şeir söylə, könlümüz gülsün Ruhumuz həzz ilə dolsun büsbütün". Bəzən buyurardı: "Sən ey aləmdə Bənzəri olmayan! Udu al ələ". Gah öpüb deyərdi: "Şux nəğmə qoş sən Nöhövt muğamında, Nəva kökündən". Səkkiz yüz səkkizdi fani aləmdən Qüdrətli hökmdar köçüb gedərkən. Ruhuna qovuşsun haqqın rəhməti, Ruhu tərk etməsin heç vaxt cənnəti. Çoxdusa da hökmü, malı, qoşunu Əcəl məğlub etdi axırda onu. Qoy ruhu behiştlik olsun əbədi, Yerinə gənc Sultan Xəlil yüksəldi. Bu hadisə - Teymurun nəvəsi Sultan Xəlilin taxta çıxması 1405-ci ildə olacaq. Aralıqdakı illərdəsə Əbdülqadirin həyatındakı ən dramatik çaxnaşmalar cərəyan etmişdi. 1386-cı ildə Teymurləng ordusunun müzəffər yürüşlərindən və onun Təbrizi də işğal etməsindən qorxuya düşən Sultan Əhməd Cəlayiri bir dəstə simsar bildiyi şəxsi, o sıradan Əbdülqadiri də götürərək ikinci paytaxt olan Bağdada qaçır. 7 il sonra, 1393-cü il avqustun 10-da Teymur Bağdadı da zəbt edir. Və yenidən qaçmağı qət edən Əhməd Cəlayiri bu dəfə Misirə, Məmlük sultanı Bərkükə pənah aparır və özü ilə götürdüyü qaçqınlar arasında sevimlisi Əbdülqadir də var. Lakin bu dəfə bəxt onlara arxa çevirir, qaçıb qurtara bilmirlər. Nizaməddin Şaminin "Zəfərnamə"si anladır ki, Teymurilərin süvariləri Kərbəla hüdudlarında Sultan Əhmədi və ailəsini, eləcə də onunla bahəm bir dəstə sənətçini haqlayır. Əbdlülqadir də yaxalananlar arasındadır. Bağdadda Əbdülqadir Teymurla ilk dəfə rastlaşır. Hökmdarların qılığına girməyin çox üsullarına bələd olan Əbdülqadir Teymurun hüzuruna gətirilincə udunu dilləndirir və hökmdara müraciətlə türkcə oxumağa başlayır: Məşriq ü Məğrib müsəxxərdir sənə, Dövlət-i nüsrət müqərrərdir sənə. Fəth-i nüsrət daima bilgindədir, Dövlətin Haqdan müqərrərdir sənə. Fənd işləyir, Teymurləng Əbdülqadiri bəyənir və qənimət kimi götürdüyü digər sənətçilərlə birgə onu da özünün qurub-yaratdığı, şah əsəri saydığı Səmərqəndə yola salır. Lakin Əbdülqadir bir müddət Səmərqənddə qaldıqdan sonra, yəqin ki, ona daha doğma olan Təbrizə getmək icazəsi almağa nail olur və Miranşahın sarayına gətirilərək onun nədimlərindən birinə çevrilir. Dövlətşah Səmərqəndinin "Təzkirət üş-şüəra"da yazmasınca, atdan yıxılaraq beyni silkələnmiş, ağlı çaşmış, üstəlik həm də mütəmadi başağrılarından qurtulmaq üçün içkiyə qurşanmış Miranşahın yöndəmsiz hərəkətlərindən narazılıqlar artmağa başlayır. Şikayətlər Teymurun qulağına çatır. Dövlət idarəçiliyi kimi ümdə məsələlərdə qeyzli Teymur heç oğula da güzəştə gedən deyildi. Başılovlu götürülür Təbriz sarı, Miranşahın əlindən bütün səlahiyyətlərini alır, taxtı nəvəsinə - Miranşahın oğlu Əbubəkrə həvalə edir. Amma Miranşahın ağılsız hərəkətləri nəticə etibarıilə onu həm də 3 nədiminin qəniminə çevirir. Qan axmasa, can çıxmasa, könlü ovunmayacaq əsəbi əmir Teymur Miranşahın bu hala düşməsinə günahkar arayır və belə qərara gəlir ki, Miranşahı yoldan çıxaran elə nədimləri olub - Mövlana Məhəmməd Kuhistani, Mövlana Məhəmməd Nayi və Kəmaləddin Əbdülqadir. Üçü də edama məhkum edilir. Onları Qəzvində dar ağacından asmaq əmri verilir. Bundan duyuq düşən Əbdülqadir fərraşlar yetişənəcən təğyiri-libas edərək qələndəri dərviş qiyafəsinə girir, qaçıb gizlənməyə girəvə tapır. Bunu eşidən Teymurun qəzəbinin hüdudu yoxdur. Yenidən ələ keçərsə, daha Əbdülqadir asılmaq, boynu vurulmaq kimi "rahat" ölümlə "canını qurtara" bilməyəcək. Onu məşəqqətli bir qətl gözləyir və Teymurləng ayrıca göstəriş də verir ki, məlunu tutan kimi edamdan öncə onun hüzuruna gətirsinlər. Teymur Əbdülqadiri tapmaq və tutmaq əmri vermişdisə, nəyin bahasına olursa-olsun icra etmək lazım idi. Əks təqdirdə əmri yerinə yetirməyi bacarmayanların da aqibəti dəhşətli olacaqdı - təkcə vəzifələrini yox, başlarını da itirəcəkdilər. Tapırlar və tuturlar Əbdülqadiri. Gətirirlər onu qorxunc Teymurun hüzuruna. Teymur Əbdülqadiri qanlı baxışlarıyla qarşılayır. Onun kinli, ağır baxışına davam gətirmək, dözmək mümkünsüz imiş. Mənbələr təsdiqləyir ki, çoxları olurmuş ki, Teymur onlara baxınca dodaqları partlayırmış, burunlarından qan açılırmış. Əbdülqadir özünü itirmir - əl atır silaha! Başlayır yüksək səslə, insanı tilsimləyən məlahətli avazıyla "Quran"dan oxumağa. Bu oxunun uzandığı anlar ölümlə dirim arasındakı məsafəydi. Əbdülqadir oxuyur, Əmir Teymur dinləyir. Teymur müdrik adam idi. Dinləyir və qarşısında ondan kiçik olmayan hökmdarın dayandığını, əlbəttə ki, görür, qarşısındakının Allahın nadir bir əsəri olduğunu dərk edir və həyatında ilk dəfə qəti məğlubiyyətə düçar olduğunu anlayır. Bu məğlubiyyət, əslində, həm də daim qəzəbli Teymurun içərisindəki heç kəsə görünməyən, heç vədə zühur etməyən, hökmdarın özünün də ört-basdır etdiyi, qəlbində boğduğu zərif bir ruhun zəfəri idi. Ətrafdakılar görünməmiş möcüzəyə şahid kəsilirlər, Əmir Teymur gülümsünür: "Ay hiyləgər! Can qorxusundan "Quran"a sığındın". Və düşmən Əbdülqadir bircə an içində dönüb olur Teymurləngin sevimlisi! 1405-ci ilə, Temyurun son nəfəsinədək onun istəklisi olaraq qalır. "Sözümüz". O dövrdə hökumət fərmanlarına belə ünvan qoyurdular. Və bu fərmanı 1398-ci ilin 20 mart günündə iki dəfə Əbdülqadirin qətlinə qərar vermiş Teymurləng imzalayıb: "Əbdülqadir insanların ustadı, fəzilət sahiblərinin qibtə etdiyi, əxlaqı təriflərə layiq elə bir şəxsiyyətdir ki, onun böyüklüyünün şöhrət sədasını lal qranit belə duymuşdur. Riyazi elmlərdən olan musiqi sənətində indiyədək ona bənzər bir istedad sahibi dil açaraq nəğmə oxumamışdır. Oxursa aye-yi "Quran", ağıl ondan alar min can, "Zəbur" ifa edən Davud qılarmış məhz bu cür heyran. Səsi oylə füsunkar ki, Ay-ulduz da xəcil qalmış, Olub tənbur kimi Zöhrə, boyun əymiş utanmaqdan. Onun bütün sözləri, istər nəzm, istər nəsr olsun, oxşarı tapılmaz, bənzəri ağla gəlməz. Nəcib keyfiyyətlərinin faydalı nemət süfrəsində ona xəfif bir etiraz belə edilə bilməz. Hüzurumuzda o, tam bir yaxınlığa layiq görülmüş, sözə sığmaz bir xüsusiyyətə malik olaraq ən yüksək mövqe və hər kəsdən ayrı bir mərtəbəyə çatmışdır. O, Padşahlar padşahının hər növ hüsn-rəğbətinə nail olmuşdur və bunu haqqı olaraq qazandığını hər kəs bilməlidir. Hər kəs onu razı salmağa çalışmalı, onun dediklərini yerinə yetirməyi, onun istəklərini icra etməyi, onu uca tutmağı vacib bilməlidir". Bu, sözü qılıncından iti olan Əmir Teymurun fərmanı idi. İcrası mütləq olan və Əbdülqadirin onun səltənətindəki müstəsnalıq hüququnu rəsmiləşdirən hökmü! Əmir Teymurun bu hökmünə bəlkə də hamıdan daha dəqiq riayət edən onun ardıcılları, oğul-uşağı oldu. Teymurdan sonra taxta çıxan nəvəsi Xəlil də, Xəlildən sonra şahlıq edən Teymurun oğlu Şahrux da Əbdülqadirə ürəkdən məhəbbət bəsləyirdilər. Ən etibarlı şahid elə Əbdülqadir özüdür: Mənə nəvazişlə daim o sultan Deyirdi: "Var ol, ey misli olmayan! Əyyam şahlarından sən bir yadigar, Məhşər gününədək yaşa bəxtiyar. Hünər sahibi ki, sənə bənzəyər, Aləmdə kim görmüş indiyə qədər?! Yanımdasan deyə fəxr edirəm mən, Qədrin əziz, çünki həmməsləkimsən". Neçə illər, aylar xoşbəxt, asudə, Yaşadım o cavan şah sayəsində. Həyatdan doymağa macal tapmadan, Həmin növcavan da köçdü dünyadan. Dünya şahlarının padşahıdır, Kama çatmış Şahrux Soltan Bahadır. Gözü də, dili də, dodağı da pak Pislik etməz, qılmaz kimsəni dərdnak. Xoşəxlaq, qəlbi gen, ehsanlı padşah, Hər iki dünyada yar olsun Allah. Bir kimsə görməyib belə hökmdar, Mehriban, imanlı, əhdə vəfadar. Mətləbə qovuşsun hər arzu-kamın, Əbdülqadir olsun sənin qulamın. O şahlar ki mənə olmuş havadar, Pərdə çəkib zaman, gediblər onlar. Dövlətin hər zaman qalsın möhtəşəm, Arxan, yarın olsun Allah da hərdəm. Ən kiçik təbəən olsam da sənin, Qalacam sonacan dua deyənin. Bu qoca vaxtımda mən sənə mehman Xətrimi əziz tut, ey şahi-cahan. Qar səpib ağardıb saçımı zaman, Pambıq əskik olmaz qulaqlarımdan. Ömrün təzə ayı başlandı yenə, Zövq ü səfa acı gəlməkdə mənə. Həyat saqisi də gətirib badə, Bir udum şərab, amma dibində. Saçım ağ, üz qara, ürəyim yara, Qocaldım, üzüldüm, qəlb para-para. Parlayan günəşim göydən enibdir, Solub bənizim də, nuru sönübdür. Kaş sənin dövlətin qalsın əbədi, Olmasın ömrünün heç nəhayəti. Tanrı yarın olsun bulunsan harda, Hər iki aləmdə qorusun Xuda. Sənə iman nuru arzulayıram, İbadətin qəbul olsun, vəssəlam! Artıq qocalsam da, ürəyim cavan, Qəlbdən atəş getmir, sevda başımdan. İxtiyarkən gənclik göstərməkdəyəm, Nəğmə inciləri saçıram hər dəm. Gözəl əsərlər ki yaratmışam mən Qalacaq aləmdə qiyamətəcən. Əbdülqadir haqqında köks dolusu tərifləri əks etdirən tarixi sənədlərdən birindən Sultan Üveysin oğlu Sultan Bayəzidin səsi gəlir, amma əslində bu qiymətlər Əbdülqadiri görmüş, ona valeh qalmış bütün çağdaşlarının könül sözləri təsiri bağışlayır: "Hünər sahibləri içrə sən hər kəsdən daha yüyrək, Sən alilər fəzasında günəşsən, parlayırsan tək. Ey Əbdülqadira, sənsən hər üstündən daha yüksək, Özün bir Xızrsan, amma sözün İsa kəlamı tək. Məhəmməd tək nəcibsən sən, üzün Yusif kimi göyçək. Bu tumarda zamanın padşahları və ünlü simaları, yeganə olan Kamal haqqında nə söylədilər və nə yazdılarsa, o, söylənənlərdən yüz minlərcə dəfə üstün və daha ucadır. Hətta mənim bu yazdıqlarımdan da yüksəkdir. Yazdıqlarımın min qatını da əlavə olaraq yazsam, onun ucalığını deyib başa çıxa bilmərəm". İnsan oğlu səsi tutub saxlamağı, çoxaldıb əbədiləşdirməyi XX əsrdə bacarıb. Bizlər, Əbdülqadir Marağayini dinləməmiş insanlar heç vaxt onun haqqında söylənmiş bu sözlərin hansı riqqətdən yarandığını sonacan dərk edə bilmərik. Bizə qalan Əbdülqadirin kitablarıdır. Onun musiqiçi olan və dərslərini atalarından almış 3 oğlu da varmış - Nurəddin Əbdürrəhman, Nizaməddin Əbdürrəhman və Əbdüləziz. Dövrlərində onlar da tanınan musiqiçilər olublar, risalələr də qələmə alıblar. Lakin ataları qədər ad-san qazana bilməyiblər və tarixin dumanlarında əriyib itiblər. Əbdülqadirinsə şəfəqləri elə gur olub ki, vaxtın ən qatı sislərini də yararaq parıl-parıl parlayır və hər zaman da parlayacaq. Əbdülqadirin kitabları onu yaşadan ən sadiq balalarıdır - bəstələdiyi 130 nəğməni qovuşduran "Kənz əl-əlhan", "Came əl-əlhan", "Kənz əl-ləhniyyə", "Şərh ül-kitab-i ədvar", "Zübdət əl-ədvar", "Fəvaid-i əşərə", "Məqasid əl-əlhan"... Amma o həm də şair idi. Avazı bizə çatmayıbsa da, şeirlərindən gələn sədalar elə öz sağlığında olduğu kimi təzədir, təravətlidir, aydındır: Təbiba, dərdimiz çoxdur, əlac eylə şirin cana, Sənin ki şəfqətin yoxmuş, sözüm yox böylə nadana. Əlacım şahı görməkdir, mənə məlhəm o ayçöhrə, Yolunda baş fəda etdim, canım qurban o canana. Könül səndən şəkər umdu, cavabında zəhər verdin, Deyilmişsən mənə məlhəm, əlim yetməzmi dərmana? Danışma çox da "Qanun"dan, "Səfa"bəxşim olammazsan, Xudadandır nicat yalnız, odur çarə hər insana. Demişdin təsnif icad et, yaratdım bir yeni nəğmə, Çalım udda o ahəngi, qulan as sən o əlhana. Səfa bəxş etsə gər Allah, bu Əbdülqadirə haqdır O yəqin eyləmişdir ki, şəfası bağlı "Quran"a. 3 dili - türkcəni, ərəbcəni, farscanı təmiz bilib, hər 3 dildə həm nəsr, həm şeir yazıb. Bir az öncəki şeir farsca qoşduqlarındandırsa, bu beytlər qələmindən necə damıbsa, o cürədir - saf ana dilində: Bənzəyir cənnətə yazı növbahar, Xassə ba ruy-i xoş-i an gülüzar. Yar ilə zövq ü səfa qıl dərçəmən, Çünki bulubdur çəmən çün ruy-i yar. Çün şahım girsə qəminə eşq üçün, Gül ayağına saçar axça nisar. Dövlə eylər bülbül-i dəstansəra, El qaxarlar sərv ü bustan ü çinar. Mövsüm-i eyş ü tərəbdür, sultanım, Cana xoş! Kim qıldı işrət ixtiyar. Bər ləb-i cu vü kənar-i bustan, Yar dodağın sor vü tutgil dərkənar. Sufi-ye safi ki bulmuş tövbəkar, Onun üçün, saqiya, cam-i mey ar. Çünki gördün şahi, Əbdülqadira, Bəxt yarın oldu, sənsən bəxtiyar. Əbdülqadir qəliblərə sığmayanmış, yenilikçiymiş, icadçıymış. O yükü ki, vəzifəni ki bu gün dünya bəstəçiliyində fortepiano çəkir, həmin ağırlıq orta əsrlərdə Şərqdə udun çiynindəymiş. Əbdülqadir udu ona gəlib çatan şəkildə qəbul edə bilməyib - əl gəzdirib. Kanonu da təkmilləşdirib, 46 mis lövhədən ibarət və heç bir alətlə müqayisə edilə bilməyəcək saz-i əlvah, 76 kasadan ibarət çini kasat adlı çalğı alətlərini ixtira edib, dövründəki bütün musiqi alətlərinin, demək olar ki, hamısının səsləniş imkanlarını artırmaqçün onlara əlavələr edib. Ancaq musiqidə bunca sehrkar ola-ola yenə ürəyi həmişə sözə can atıb, şeirə sığınıb. Musiqi əsərlərinə səpilmiş qoşqularından əlavə müstəqil "Divan"ının olması barədə də ehtimallar var. Gər çəmən sarı aparsa ətrini badi-səba, Gül duyunca köynəyin eylər özüyçün bir qəba. Eşqinə düşmüş könüllər, uçmağa açmış qanad, Zərrə-zərrə olmuş ol qəlblərlə dolmuşdur hava. Macaraya uğradır hərdəm bizi ləl ləblərin, Biz hara, bunca sitəmlər, bu cəfalar, qəm hara. Bircə yol, nolar, bizə sən gözucu salsan nəzər, Aləmi göz yaşımız qərq eyləmişdir sel-suya. Sormayırsan heç vədə ovqatımı sən lütflə Etməyirsən bir sual: "Halın nə, Əbdulqadira". Əbdülqadirin şeirlərini orta çağın və sonrakı zamanların şairlərinin hamısından seçdirən digər əhəmiyyətli göstərici də var. O, peşəkar musiqiçi olduğundan necə bəstələrində, eləcə də şeirlərində kəlmələri riyazi dəqiqliklə düzür, onun şeirlərinin hər biri əslində haçansa oxunmuş, melodiyaları indi unudulmuş, havası İtkin təsniflərin, nəğmələrin mətnləridir - sözbəsöz, misrabamisra musiqiyəuyğun, ekvoritmik mətnlər. Azərbaycanda, Orta Asiyada, İranda bu gün də yaşayan, xalq mahnısı, el təsnifi kimi bilinən, amma diqqət edilincə həvəskar deyil, kamil ustad əlindən çıxdığı anlaşılan qədim havacatların hər birinə şübhə ilə yanaşın - ardında Əbdülqadirin nəfəsi ola bilər. Ey can-i cahan, bəhr-i səfa, bizi unutma, Ey mahcəbin, mehrliqa, bizi unutma! Haqdan diləyür can ü könül ömrün uzağı, Virdim budurur sübh ü məsa - bizi unutma! Ol dəm ki üzün versə şaha hüsn zəkatı, Gər olmaya hazır bu gəda, bizi unutma! Ayrılmadı canım qılıc ilə eşigündən, Gər çərx-i fələk qıldı cüda, bizi unutma! Vardır kərəmindən bu qədər bizə təvəqqe, Gər saldı cüda bizi qəza, bizi unutma. Biz ömrünü çün dilərüz əz həqq be duaha, Sən eyş qıl u ruhfəza, bizi unutma! Hicrin qıladur hər nəfəsi sinəmi məcruh, Vergil bu cərahata dəva, bizi unutma! Marağalı Əbdülqadiri biz, hələ ki, şairlərimiz sırasına daxil etməmişik. İlk dəfədir onun ana dilində və farsca yazdığı şeirlər belə geniş halda həmvətənlərinə çatır. Bu gün dünyanın irəli getmiş xalqlarının heç biri öz tarixlərinin XIV-XV əsrlərindən Əbdülqadirin qarşısına nəinki onun nəhənglikdə, heç ona yaxın düşə biləcək məqamda şəxsiyyət çıxara bilməz. Amma biz Əbdülqadirin sözlərini də özünün qoşduğu, musiqisini də özünün yazdığı və dövrünün not sisteminə müvafiq olaraq kağız üzərində əbədiləşdirdiyi bəstələrini indinin musiqi dilinə - not sisteminə asanlıqla çevirə, dünyanın ən iri konsert salonlarında onun əsərlərindən ibarət konsertlər təşkil edərək yer üzünü mat qoya bilərik. Və orta çağda hökmdarlar Əbdülqadirə baş əyən kimi, indi də dünyanın dörd bucağındakı musiqiduyanlar, musiqisevənlər Əbdülqadirin ilahi melodiyalarına dalaraq Ona və Azərbaycana təzim edər. Sorma məndən kim nə olmuş, ya nədür, K-atəş-i eşqün canımda yanədür. Vardı dil, bilmən ki, hansı yanədür, Ömr keçdi, yenə hacət yanədür. Bu, Marağalı Əbdülqadirin doğmaca dilində canlanan yaşantılarındandır və onun bu şeirindəki, sıra-sıra başqa qoşqularındakı eşq odu 6 əsr öncə necə qığılcım saça-saça yanırdısa, elə indi də o cür şölələnməkdədir. Niyə həmin ocağa tapınmaq, o istiyə qızınmaq istəmirik? * * * 1435-ci ilin sonlarında cismən qoca olsa da, ruhən cavan qalmış, özünün təsdiqlədiyi kimi, hələ qələmi əlində, udu dizinin üstündə olan Əbdülqadir vəbanın hüzurunda dayanmalı olur. Dəhşətli sel kimi tüğyan edən vəba çox canları alır. Vəba Əmir Teymur deyildi ki, bütün qəddarlığına baxmayaraq, qəlbi olaydı, hissiyyatı olaydı, başqa yaranmışlarla Əbdülqadirin fərqini anlayaydı. Heratda vəba coşduğu günlərdə Şahrux Rey səmtində qışlaqdaymış. Taun bəlasından xəbər tutunca həm əhali arasında həyəcan artmasın deyə, həm də itkilərin çevrəsinin genişlənməməsi üçün Xorasan tərəflərdən gələn məktubların açılmamasını tapşırır. Bəlkə Heratdan gələn, açılmadan yandırılan məktublardan hansılarınısa elə Əbdülqadir yollayıbmış?.. Daha bunu heç kəs bilə bilməz. Lakin həyatın hər üzünü görmüş, ən çıxılmaz dar macallarda dürüst bir nicat cığırını tapmağı həmişə bacarmış Əbdülqadir axırıncı sayıla biləcək, son sözü, son vəsiyyəti və son ən böyük inamı kimi səslənən məktubunu xeyli əvvəldən yazaraq Gələcəyə göndərmişdi. Elə bir məktub ki, onu əsrlər ötsə də açmamaq, dönə-dönə oxumamaq və təlqin etdiyi doğruya inanmamaq mümkün deyil: Bir gün ki nə şadlıq, nə də şivən qalacaq, Nə əl, nə qələm, nə cismü nə can olacaq, Məndən sizə yadigar qalır kitablarım, Dostlar yadına ruhumu onlar salacaq. Doğru demirmi? * * * 1985-ci ilin aprelində Londondakı məşhur SOTBİ auksionunda növbəti əşya satışa çıxarıldı - cındırından cin hürkən, 1423-cü ildə qələmə alınmış köhnə bir əlyazma. Bu nüsxə vaxtilə Türkiyədə görkəmli musiqişünas Rauf Yekta Bəydə (1871-1935) olmuşdu. Onun ölümündən sonra əldən-ələ keçərək ölkədən kənara aparılmışdı və indi gəlib çıxmışdı dünyanın ən hay-küylü alqı-satqı meydanına. Mərhum Rauf Bəy 1893-cü ildə bu əlyazmanı İstanbulda, bazarda əntiq kitablar satan bir nəfərdən 100 franka almışdı. İndi isə Londonda o əlyazmanın 11 min funt sterlinqə satıldığı elan edildi. Heç yüz il keçməmiş bu nimdaş əlyazmanın qiyməti yüz dəfələrlə artmışdı. Adının açıqlanmasını istəməyən bir nəfər dinməz-söyləməz məbləği ödədi və həmin andan əlyazmanın sahibinə çevrildi. Bu satılan Marağalı Əbdülqadirin "Məqasid ül-əlhan"ı idi. Görən indi o əlyazmanın qiyməti nə qədər olar? Bəs sabah? Bəs yüz il sonra? Ümumən, bu sərvətlərin qiyməti varmı? Nələrimiz haralardadır?..

    Rafael HÜSEYNOV


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Teymurləngi təslim edən

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: Yaver ARANCI

          Cevaplar: 0

          Görüntüleme: 1556


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş