PDA

Orijinalini görmek için tıklayınız : Ülviyyə IMANOVA AZƏRBAYCAN VIOLONÇEL MƏKTƏBININ BANISI



Emine
17.05.11, 20:09
[Sadece Kayıtlı Kullanıcılar Linkleri Görebilir]

AZƏRBAYCAN VIOLONÇEL MƏKTƏBININ BANISI

Maraqlı inkişaf yolu keçmiş Azərbaycan musiqi mədəniyyətində XX əsr bir sıra görkəmli simaların irəli çıxması ilə əlamətdar olmuşdur. Onlardan Üzeyir Hacıbəyov və Hüseynqulu Sarabski, Bülbül və Qara Qarayev, Niyazi və Qəmər Almaszadə, Xurşud Ağayeva və Kövkəb Səfərəliyeva və başqa bu kimi təkrarolunmaz sənətkarları göstərmək olar.

Şübhəsiz, adları çəkilən və çəkilməyən musiqi xadimlərinin böyüklüyü yalnız onlara xas olan istedad və sənət vurğunluğu ilə bitmir. Ən əsası odur ki, bu simalar zamanın onlara «bəxş etdiyi» tarixi missiyanı dərk etmiş və onu yüksək səviyyədə həll etmişdilər. Buna görə də onların musiqi sənətinin hər sahəsində – bəstəkarlıq, musiqişünaslıq, ifaçılıq və təhsildə əldə etdikləri nailiyyətlər olduqca önəmli və qiymətlidir.

Azərbaycan ifaçılıq sənətinin ən görkəmli simalarından biri Sabir Hüseynəli oğlu Əliyevdir (9.05.1928–26.10.1983). O, gözəl violonçel ifaçısı, istedadlı müəllim, təşkilatçı və ictimai xadim kimi əbədi olaraq musiqi tariximizə daxil olmuşdur.

S.Əliyevin maraqlı və dolğun həyat və yaradıcılığı Azərbaycan musiqisinin inkişafı ilə sıx bağlıdır və desək ki, o, ömrünü bütövlukdə Azərbaycan musiqisinin, violonçel ifaçılığının çiçəklənməsinə həsr edib, yanılmarıq.

S.Əliyevin yaradıcılığı keçmiş əsrin 50-80-cı illərini əhatə edir. Ümumiyyətlə, həmin illər Azərbaycan musiqisində çox əlamətdar, işgüzar və ciddi axtarışlarla səciyyələnən dövr kimi xatırlanır. Azərbaycanın musiqi-ictimai həyatı nə qədər mürəkkəb, fərqli görünürdüsə, bir o qədər cazibəli, rəngarəng idi və onun axarına yeni-yeni bəstəkar, ifaçılar cəlb olunurdular. S.Əliyev məhz belə musiqiçilərdəndir və, o, tezliklə sözün əsl mənasında birincilər sırasına daxil olur.

S.Əliyev 1951-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirir və hələ tələbə olarkən o, iste’dadı və musiqiyə olan ciddi münasibəti ilə diqqəti cəlb edir. Təbii ki, S.Əliyevə xas olan bu cəhətlər konservatoriyanı bitirdikdə özünü daha qabarıq şəkildə büruzə verir.

Qeyd etdiyimiz kimi, musiqiçinin yaradıcılıq fəaliyyəti geniş və zəngin idi. Ilk növbədə, S.Əliyev özünəməxsus ifa tərzinə malik olan solist idi və onun yüksək professionallığa çatmasında müəllimi, professor I.Turiçin rolu böyük idi.

Onun ifasına əla texnika, gözəl səslənmə, xüsusi sərbəstlik və dərinlik xas idi. Eyni zamanda S.Əliyevin səsləndirdiyi hər bir əsərdə qeyri-adi ifadəlilik, parlaq emosionallıq, ehtiraslılıq aydın hiss olunurdu və bunu onun təkrarolunmaz ifaçılıq üslubunun əsas cəhətləri kimi vurğulamaq olar.

Buna əlavə olaraq, onu da deməliyik ki, bu ifanın arxasında musiqiçinin violonçelə olan sonsuz məhəbbəti dururdu ki, onun həssaslığını daha da gücləndirirdi. Violonçel S.Əliyevin ən yaxın dostu, silahdaşı idi və zaman, gerçəkliklə ünsiyyətdə əsas vasitə kimi çıxış edirdi.

Musiqiçinin yüksək ifaçılığı müxtəlif əsərlərin yazılmasına səbəb olmuşdu və çox zaman o, bu əsərlərin violonçel partiyasını redaktə edirdi. Bir sözlə, Azərbaycan musiqisində violonçel üçün ilk əsərlərin yaranmasında və sonra onların səslənməsində S.Əliyevin əvəzsiz xidmətləri olub.

Bununla yanaşı ifaçı özünü incə zövqlü ansambl musiqiçisi kimi göstərmişdi. O, 1950-ci illərin əvvəllərində yaranan fortepiano triosu1 və Azərbaycan Dövlət Kvartetinin2 fəal üzvü idi. Bu kamera ansambllarının yaranması Azərbaycan musiqisində, bir növ, təkanverici amilə çevrilir və milli kamera-instrumental yaradıcılığının inkişafında olduqca böyük əhəmiyyət kəsb edir. Məlumdur ki, məhz bu dövrdə Azərbaycan bəstəkarlarının yaradıcılığında musiqinin bu sahəsinə geniş maraq oyanır və onlar müxtəlif kamera-instrumental əsərlərin bəstələnməsi ilə məşğul olurlar.

S.Əliyev 1951-1969-cu illər ərzində Dövlət Kvartetində çalışırdı və bu kollektivin, eləcə də fortepiano triosunun uğurlu konsert fəaliyyətində onun da payı var idi.3 O, özünü əsil ansambl hissiyatı olan musiqiçi kimi nümayiş etdirirdi və bu da bir daha onun qeyri-adi yaradıcılıq potensialından xəbər verirdi.

S.Əiyevin fəaliyyətinin digər sahəsi müəllimliklə bağlıdır və 1951-ci ildən başlayaraq ömrünün sonuna qədər o, konservatoriyada violonçel üzrə ixtisas dərslərini aparırdı. Musiqiçi bir müəllim kimi böyük nüfuza malik idi. Məlumdur ki, hər gözəl ifaçı müəllim olmur. Məsuliyyət və fədakarlıq tələb edən müəllimlik heç vaxt asan olmayıb və burada professionallıqdan savayı geniş ürək, həvəs və səbr lazımdır.

Sadaladığımız cəhətlər S.Əliyevdə qabarıq şəkildə özünü büruzə verirdi və demək olar ki, onun yaradıcılığında ifaçılıq və müəllimlik biri-birini tamamlayırdı. Buna əlavə olaraq, onu da qeyd edək ki, istedadlı ifaçı və müəllim eyni zamanda istedadlı təşkilatçı idi. S.Əliyev 1957-83-cü illər ərzində simli alətlər kafedrasının müdiri vəzifəsində çalışırdı və onun rəhbərliyi altında kafedranın nüfuzu möhkəmlənirdi.

S.Əliyev Azərbaycanda violonçel ifaçılığının əsas ənənələrinin yaradıcısıdır və bu gün milli violonçel kadrlarının mövcudluğu onun adı ilə bağlıdır. Təqdirəlayiqdir ki, onlar artıq respublikamızın tanınmış ifaçıları və muəllimləridir və onlarsız müasir Azərbaycan ifaçılıq sənətini və musiqi təhsilini təsəvvür etmək olmaz.

Professor S.Əliyevin tələbələrinin arasında Ramiz Məlik-Aslanov, Rasim Abdullayev, Yuri Abdullayev, Edar Isgəndərov, Nəzmiyə Abbaszadə, Adil Babayev və başqalarını göstərmək olar.

Şübhəsiz, S.Əliyev çox xoşbəxt müəllim idi, çünki onun tələbələri istedadlı, yaradıcı potensiala malik gənclər idi. Nəzərə almaq lazımdır ki, o, hər tələbəsində individual, özünəməxsus cizgiləri görüb, onları üzə çıxarmağa çalışırdı. Əgər S.Əliyev yalnız müəllimliklə məşğul olsaydı, biz bu işinə görə ona minnətdar olmalıyıq.

2003-cü ilin mayın 9-da böyük musiqiçi və böyük insan Sabir Əliyevin 75 yaşı tamam ola bilərdi. O, Azərbaycan musiqi tarixində öz yerini tapmış, öz sözünü demiş musiqiçidir.

Nikbin və həyatsevər S.Əliyev güclü iradəyə malik idi və taleyin hər bir «şıltaqlığına» qalib gəlməyi bacarırdı. O, mənalı və gözəl həyat və yaradıcılıq yolu keçmiş və çox şeyə nail olmuşdur – ailə xoşbəxtliyi, dost-tanış münasibətləri, sevimli tələbələri və bütövlüklə musiqidə «zəbt etdiyi» zirvələr.

Musiqi aşiqi olan Sabir Hüseynəli oğlu Əliyev bizim xatirələrimizdə həmişə işıqlı, gülərüz, yüksəklərə üz tutmuş bir insan kimi qalacaq.



______________

1. Ilk fortepiano triosu aşağıdakı tərkibdə çıxış edirdi: T.Bakıxanov – skripka, S.Əliyev – violonçel, E.Əliyeva – fortepiano.

2. Azərbaycan Dövlət Kvarteti 1951-ci ildə təşkil olunmuşdur və bu tərkibdə çıxış edirdi: A.Əliyev – I skripka, M.Tağıyev – II skripka, R.Seyidzadə – alt, S.Əliyev – violonçel.

3. Azərbaycan Dövlət Kvarteti 1957-ci ildə Ümumittifaq müsabiqəsinin qızıl medalına, sonra Moskvada keçirilən gənclər və tələbələrin VI Beynəlxalq festivalının gümüş medalına layiq görülmüşdür.