Otların bəhsi Biri vardı, biri yoxdu, bir Baldırğan vardı. Bu Baldırğan payız və qış aylarında yatardı,yaz və yay aylarında yüksək dağlara, sərin yaylaqlara gedərdi. Sərin sudan içərdi, qaymaqdan yeyib üç arşın qol-budaq atardı. Hər gün özünü öyüb deyərdi: -Görəsən dünyada mənim kimi xoşbəxt varmı? Dünyanın kefi hamısı məndə, gəlinlər, qızlar məni dərib yeyir. Məclislər bəzəyi, otlar yaraşığıyam. Mənim yanımda bal heç bir şeydir. Günlərin bir günündə bir Xımı torpaqdan başını

Bu konu 1401 kez görüntülendi 0 yorum aldı ...
Otların bəhsi 1401 Reviews

    Konuyu değerlendir: Otların bəhsi

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1401 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Otların bəhsi

    Otların bəhsi


    Biri vardı, biri yoxdu, bir Baldırğan vardı. Bu Baldırğan payız və qış aylarında yatardı,yaz və yay aylarında yüksək dağlara, sərin yaylaqlara gedərdi. Sərin sudan içərdi, qaymaqdan yeyib üç arşın qol-budaq atardı. Hər gün özünü öyüb deyərdi:
    -Görəsən dünyada mənim kimi xoşbəxt varmı? Dünyanın kefi hamısı məndə, gəlinlər, qızlar məni dərib yeyir. Məclislər bəzəyi, otlar yaraşığıyam. Mənim yanımda bal heç bir şeydir.
    Günlərin bir günündə bir Xımı torpaqdan başını qaldırıb dünyaya baxırdı, Baldırğanın özünü öyməsini eşitdi. Bərkdən gülüb dedi:
    -Ay Baldırğan, deyəsən özünü tək görmüsən? Məclislər yaraşığı mənəm, mən olan yerdə səni heyvanların qabağına atarlar.
    Baldırğan dedi:
    -Ay zirzibil yoldaşı, sən də başını başlara qatmısan? Səni hər ötən ayaqlar, sonra "xala xətrin qalmasın" yeyərlər.
    Dombalan bunların bəhsini eşitdi. Bərk qəzəbləndi. Elə bir nərə çəkdi ki, yer ayrıldı. Üzünü onlara tutub dedi:
    -Mən olan yerdə siz nə hədlə özünüzü öyürsünüz? Mən ömr uzadıb, dərdlər qovuram.
    Baldırğan gülüb dedi:
    -Sən də elə Xımının tayısan, zibil yoldaşısan.
    Dombalan dedi:
    -Ay ağlı topuğunda, mən məclislərdə gəzirəm. Kababla çığırtma, qayğanaq, bal və yağ ilə bir yerdə otururam. Adamları kökəldirəm, sən nəsən!?
    Xımı dedi:
    -Sən də düz demirsən. Sən o qədər aran suyu içmisən ki, qarnın şişib, qızdırma ağlını aparıb, mən ikinizdən də başam.
    Baldırğan dedi:
    -Ay qarnışişik Dombalan, səni toy məclisində doymaq üçün, amma məni məzə üçün yeyərlər. Sizin ikinizin də mənim yanımda diliniz yoxdur.
    Kişmiş kənardan baxırdı, bunların bəhsini eşidib dedi:
    -Mən burdayam ha... heç özünüzü öyməyin. Mən olan yerdə sizi zibilliyə atarlar. Məni aşa tökərlər, pilov üstündən yeyərlər, mən sancını kəsərəm.
    Dombalan dedi:
    -Sən heç danışma,yeyilməkdən başqa heç şeyə dəyməzsən. Çox zaman heyvanlara yem olursan.
    Xımı dedi:
    -Ədə, sən ki, qurdlar, cücülər yemisən, nə danışırsan?
    Dombalan dedi:
    -Ay Kişniş, mən yaxşı yemlərin zülalını çəkib, cecəyini verirəm sənə. Sən niyə danışırsan?
    Püslül bunların söhbətinə dərin-dərin qulaq asdı. Bərkdən silkələnib dedi:
    -Mən buradayam ha....mən təmizlik yoldaşıyam. Hamınızdan başam. Qızlar, gəlinlər əlindən düşmürəm.
    Bərk gülüşüb, ona dedilər:
    -Sən get, zibil süpürməyinə, ay süpürgə! Bura sənin yerin deyil.
    Birdən Gəndalaş səslənib dedi:
    -Mən olan yerdə heç kəs özünü tərifləyə bilməz. Məskənim gözəl sular kənarı, isti sular içidir. Həkiməm, həkim! Qan mənim qorxumdan axmaz, qaçıb gizlənər. Mən tərsimiş yaraları sağaldıram. Mən şişləri qaytararam.
    Dedilər:
    -Ay Gəndalaş, səni heç heyvan da yeməz. Adamların ağzını acı eləyirsən. İyindən hamı yeddi ağaclıq kənar qaçır. Sən bizlə bəhsə girə bilməzsən.
    Gəndalaş dedi:
    -Mən hamıdan başam. Qorxusundan heç kəs mənə səmt gələ bilməz. Siz qorxaqsınız, hər yetişən sizi yeyər.
    Atquyruğu bunu eşidib dedi:
    -Ay Gəndalaş, deyəsən özündən qoçaq bilmirsən? Qulaq as: -Qorxusundan kimsə mənə dəyməz. Hər kəsə bir sillə vuraramsa, qan qusar.
    Ona gülüb dedilər:
    -Dünyada nə xeyrə, nə də şərə yararsan. Sən otluqdan çıxmısan, nəslini dəyişmisən.
    Quzuqulağı (turşəng) atquyruğunun dibindən başını qaldırıb dedi:
    -Mən hamınızdan başam. Məni gəlinlər, qızlar öz əllərilə dərib yeyərlər. Mən yeməklərin gülüyəm. Məni qəysəbəyə qatarlar. Aşa, şorbaya tökər, məclisdə məzə üçün yeyərlər.
    Gülüşüb ona dedilər:
    -Ay aman, bizdən kənar gəz, dişlərimiz qamaşar.
    Qırxbığım danışığa qarışıb dedi:
    -Nə özünüzü öyürsünüz? Mən pilovların, yeməklərin ləzzətiyəm. Yaxşı məclislərdə mən pilovla ortaya gələrəm, siz kənardan baxırsınız. Öskürməni, qarın ağrısını kəsərəm, adamı kökəldərəm. Mən həkiməm, siz niyə lazımsınız?
    Əvəlik Qırxbığımın səsini eşidib dedi:
    -Mən buradayam ha... Bir az yavaş danış. Mən olan yerdə sən niyə lazımsan? Mən yeddi il qarnı ağrıyanların qarnını yaxşı edərəm. Öskürməni qovaram. Döş ağrısını yaxşı elərəm. Bəlqəmlə səfranı qovaram. Siz adamların qarınlarına girəndə yaşaya bilməzsiniz, amma mən yaşaram, orada olan dərdləri qovub kənara çıxardaram. Mən həkiməm, həkim! Siz nəsiniz? Mənim məskənim bulaqbaşı, gəlinlər, qızlar oylağıdır.
    Unnuca onun sözlərini eşidib dedi:
    -Ədə, nə özünü öyürsən, sən mən ola bilməzsən. Mən çox adamı ölümdən qurtarıram. Məni qatıxlı aşa tökərlər, ləzzətlə yeyərlər.
    Cincilim böyürdən çıxıb dedi:
    -Mənəm, mənəm demə! Mən bağlı adamların qarnını səndən tez açaram. Məni aşa tökərlər. Məndən kətə bişirərlər. Cincilim kətəsi yeyən, deyər bir də yeyim.
    Əməköməci papağını gözünün üstündən yuxarı qaldırıb dedi:
    -Ədə, sən danışdığın işlər mənim işimdir, sən hələ uşaqsan. Mən Ərəstoyam, Ərəsto!
    Qazayağı qaz kimi dikəlib dedi:
    - Deyəsən dərəni xəlvət görmüsünüz, ağzınıza gələni deyib özünüzü öyürsünüz. Heç başqasından danışmırsınız. Mən hamınızdan başam. Məni yeməyən tapılmaz. Mən ömrü uzadaram, sancını kəsərəm, insana qüvvət verərəm.
    Xıncılovuz əlini əsdirib dedi:
    -Bax, orda çaşdın ha! Başqasının işini öz adına çıxırrsan. Ömürləri uzadan mənəm, məni kababla, qızartma ilə, qovurma ilə yan-yana qoyarlar. Amma səni süpürüb atarlar. Xıncılovuzun qovurması dillərdə dastandır. Amma sənin adın it dəftərində də yoxdu.
    Göbələk qəzəblənib dedi:
    -Mən olan yerdə səni kababın, çığırtmanın, qovurmanın səmtinə qoymazlar. Öz yerini tanı! Mən kababdan başam. Məni yeyənlərin canı salamat olar, kökələr.
    Yarpız Göbələyin sözünü kəsib dedi:
    -Özünü çox öymə! Məni qatıqla aşa tökərlər. Özüm baş ağrısının dərmanıyam. Yaxşı yeməklərin yoldaşıyam.
    Yonca gülüb dedi:
    -Çox dava eləməyin! Heç biriniz adam və heyvan kökəldə bilməzsiniz. Amma mən kökəldərəm. Acığım tutanı da öldürərəm. Mənim zəhərim suleymanıdan bərkdir.
    Bat-bat bu sözü eşidib dedi:
    -Mən olan yerdə bir kəs dəlilik adı tuta bilməz. Kim məni dişləsə, o saat dəli edirəm. Mənə sataşmayanın da yarasını sağaldaram. Məndə olan zəhəri Loğman da qayıra bilməz.
    Qayaotu dedi:
    -Pəh, pəh, pəh, təzə həkim gəlibdir. Mən yara sağaldanda, sən heç dünyaya gəlməmişdin. Çibanın yan-yörəsindən heç kəs keçə bilmir. Amma mən onu deşib sağaldaram. Mən qara və sarı yaranın dərmanıyam.
    Bağa yarpağı bu sözdən bərk qəzəblənib dedi:
    -Ay Qayaotu, sən nə hərzə-hərzə danışırsan? Mənim kimi çiban deşib sağaldan hələ anasından olmayıbdır. Mən bütün yaraların hovunu alıram, çirkini çıxardıram. Mənə yara məlhəmi deyərlər, xalis Loğmanam, Loğman!
    Qantəpər gülüb dedi:
    -Siz hamınız mənim şagirdimsiz. Yara sağaltmağı məndən öyrənmisiz. Hələ üstəlik mən qanı da kəsirəm, soyuq dəyən adamı sağaldıram. Görün Loğman mənəm, ya sizsiniz?
    Gülxətminin rəngi dəyişdi, bir nərə çəkib dedi:
    -Mən olan yerdə sizin "loğmanam", - deməyə haqqınız yoxdur. Loğman mənəm. Mən bütün dərdlərin dərmanıyam. Mən bütün yaraları sağaldıram. Hovlanan yaranın dərmanı mənəm.
    Qarğıdalı teli onun hirsləndiyini görüb dedi:
    -Özünü bir balaca yığışdır! Dəvədən böyük fil də var. Heç kəs sağalda bilmədiyi naxoşluqları mən sağaldıram. Böyrək xəstəliyini mən yaxşı edirəm. Adamın ağzından içəri girib orada olan xəstəkiklərə də divan tutub hamını bayıra qovuram.
    Həmərsin onun sözlərini eşidib dedi:
    -Dünyada özünü tək bilmə. İçəridə olan xəstəlikləri mən sağaldıram. Ömrü mən uzadıram. Vərəm məndən qorxur. Şişmiş dalağı mən yatırdıram. Loğman həkimliyi məndən öyrənmişdir.
    Şahdərə otu Həmərsinin sözünü kəsib dedi:
    -Nə belə özünü öyürsən? Bir kişi istərəm ki, sövda xəstəliyini sağaltsın. Amma mən tamam sağaldıram. Kimin sövdası varsa, gəlsin bu saat sağaldım.
    Xıncılım torpaqdan baş qaldırıb dedi:
    -Çox bekara mübahisə edirsiz. Dünyada məndən baş yoxdur. Məclislərdə gəzərəm, qovurmamı yeyən deyər, bir də yeyim.
    Dağdagəzər başını əsdirib dedi:
    -Bir özünüzdən deyəndə, bir də qonşunuzdan deyin. Mən hamınızdan başam. Məclislərdə məni məzə üçün yeyərlər. Aş altına qoyarlar. Yemlərin ən yaxşısını torpağın altında mən yeyərəm. Zir-zibili yenə sizə çatar.
    Çiçəklər, bənövşələr, yasəmənlər, bir də qərənfillər özlərini bir çəmənliyə verib bu danışıqlara qulaq asırdılar. Bu bəhs onların xoşuna gəlmədi. Dedilər:
    -Biz olan yerdə sizin danışmağa haqqınız yoxdur. Bizim ətrimiz ruhları təzələyir. Biz dünyanın yaraşığıyıq, bəzəyiyik. Bizi gəlinlər, qızlar yaxalarına taxarlar.
    Bu sözləri Qızılgül eşitdi, bərk hirslənib dedi:
    -Güllərin, çəmənlərin bəzəyi mənəm. Ətrim hamıya ləzzət verir. Gülabım məclislərdə gəzir. Dərdlər dərmanıyam, ruh təzələyənəm.
    Lalə dedi:
    -Heç özünüzü öyməyin. Siz hamınız tez solarsız. Həmişə həsrətlə yaşar, öz dərdinizə dərman tapmazsız.
    Birdən Dələmə özünü ortaya atıb dedi:
    -Bir kişi istərəm, südü dondurub qatıq və pendir eləyə. Amma mən eləyirəm, mənim məskənim gözəl dağlar, çiçəkli otluqlardır.
    Qanqal ona gülüb dedi:
    -Artıq iş görmürsən. Danış məndən. Həsrətimi ulaqlar, dəvələr çəkər.Toxumu gəlinlər qovurub yeyər.
    Zəyərək dedi:
    -Ay aman, qoymayın, ağzıma tikan batdı. Səni ki, eşşək yeyir. Mənim yağım dərdlər dərmanıdır. Məni qızlar qovurğaya qatıb yeyərlər.
    Bu sözlərin hamısına Üzərlik kənardan qulaq asırdı. Lovğalıqlar onun cinini başına yığdı. Sıçrayıb düz dağın təpəsinə düşdü. Bərkdən nərə çəkib dedi:
    -Deyəsən dərə xəlvət, tülkü bəylik edirsiz? Mən həm həkiməm, həm falçıyam. Mən olan yerə xəstəlik, bəd nəzər ayaq basa bilməz. Mən gözəl gəlinləri, qızları, oğlanları, uşaqları, var-dövləti qoruyaram. Mən sağaltmayan dərdi Loğman da sağalda bilməz. Mənim yanımda hamınızın dili gödəkdir.
    Ona dedilər:
    -Özünü çox öymə! İyin o qədər pisdir ki, heyvan da səni yeməz. Məkanın peyinlik, küllükdür.
    Bəli, hər yerə səs düşdü. Bütün otlar, pəncərlər tökülüb gəldi. Hərə döşünə döyüb özünü öydü. Axırda bu qərara gəldilər ki, gedib soruşsunlar, görsünlər ki, kim haqlıdır.
    Qabaqca Baldırğan, onun dalınca Xımı, o biriləri də Xımıdan dalınca yola düşdülər. Az getdilər, üz getdilər, dərə-təpə düz getdilər, bir çobana rast gəldilər, dedilər:
    -Çoban qardaş, de görək, bizim hansımız başıq, yaxşıyıq?
    Çoban dedi:
    -Əlbəttə, Yonca ilə Dələmə otu, bir də Baldırğan.
    - Sən tərəfkeşlik edirsən. Özünə lazım olanları tərifləyirsən.
    Çobandan ayrıldılar. Çox getdilər, az dayandılar, az getdilər, çox dayandılar, bir arvada rast gəldilər. Ondan soruşdular:
    -De görək, hansımız yaxşıyıq?
    Arvad dedi:
    -Əlbəttə, Quzuqulağı ilə Gicirtkan.
    Dedilər:
    -Sən də düz demirsən.
    Bərkitdilər çarıqların dabanını, qırdılar yerin damarını, təki gedib bir eşşəyə rast gəldilər, ondan soruşdular:
    -De görək, hansımız yaxşı olarıq?
    Eşşək bərkdən anqırıb dedi:
    -Əlbəttə, Qanqal.
    Dedilər:
    -Ay aman, ağzıma tikan batdı.
    Bundan da ayrıldılar. Orda ayla-illə, burda şirin dillə, gedib xəfənəkli bir kişiyə rast gəldilər. Ondan soruşdular.
    -De görək, bizim hansımız yaxşı olarıq?
    Kişi bir xeylaq öskürdükdən sonra dedi:
    -Əlbəttə, Unnuca ilə Əvəlik.
    Dedilər:
    -Sən də düz demirsən.
    Yola düşdülər, dağların dabanıyla, yolların kənarıyla gedib bir yaralanmış adama rast gəldilər. Yaralının qanı axırdı. Ondan soruşdular.
    Yaralı ağzını-gözünü büzüb ufuldaya-ufuldaya dedi:
    -Əlbəttə, Qantəpərlə Gəndalaş, bir də Bat-bat.
    Dedilər:
    -Sən də düz demirsən.
    Belə-belə çox adama rast gəldilər. Hər biri özünə lazım olanı bəyəndi. Axırda gedib bir yüksək dağa çıxdılar. Burada onlar bir həkimə rast gəldilər. Gördülər ki, həkim dərman hazırlamaq üçün çiçək yığır. Hamısı qaçıb onun yanına gəldilər. Dedilər:
    -Həkim! Bizim bəhsimizi sən kəs; de görək, hansımız yaxşıyıq? Sən bizim hamımızı yaxşı tanıyırsan.
    Həkim dedi:
    -Siz hamınız yaxşısınız, dərdlər dərmanısınız. Hərənizin bir işiniz var. Siz Loğmanlar Loğmanı, həkimlər həkimisiniz. Mənim can-ciyərimsiniz. Ancaq ağsaqqalınız Üzərlikdir, onun sözündən çıxmayın. O sizdən də çox bilir, məndən də.
    Həkim bilmədiy, tanımadığı otları, çiçəkləri də öyrəndi, çox şad oldu. Otlar da onun sözünü təsdiq edib, oradaca Üzərliyi özlərinə padşah, Gülxətmi ilə Qantəpəri vəzir, Qarğıdalı teli ilə Əvəliyi vəkil, Bağayarpağı ilə Qayayarpağını xəzinədar seçdilər. Üzərlik ədalətli bir padşah oldu. Otların hər birinə bir vəzifə tapşırdı. Onlar hər biri öz yerinə döndü. Kefləri kök, damağları çağ. İnsanlara və heyvanlara mənfəət verib ömür sürdülər, dövran keçirdilər.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Otların bəhsi

          Kategori: Azerbaycan Edebiyatı

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 1401


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş