Nəsibə Zeynalova
Nəsibə Zeynalova 1916-cı ildə, aprelin 20-də Azərbaycanın teatr fədailərindən biri olan Cahangir Zeynalovun ailəsində dünyaya göz açmışdı. Azərbaycanda realist komik aktyor məktəbinin bünövrəsini qoyan, Milli Dram Teatrının yaranmasında iştirak edən Cahangir Zeynalov qızının iki yaşı olarkən dünyasını dəyişib. Bəlkə də atasız qalan Nəsibə Zeynalova bu itkini yaşamasaydı, teatra, səhnəyə can atmazdı, bu sənətə böyük məhəbbətlə bağlanmazdı. Nəsibə Zeynalova atasının yoxluğunun ürəyində yaratdığı boşluğu teatra, səhnəyə gəlməklə doldurdu. Onun məhz komik aktrisa ampluasını seçməsi də təsadüfi deyildi. Atasının qoyduğu məktəbi davam etdirmək həm borcu idi, həm də bu irsi istedad onun damarlarında qaynayırdı.
Uşaqlıq, yeniyetməlik çağlarında çox əzab-əziyyət çəkən, həyatın hər üzünü görən Nəsibə Zeynalova məhz sənəti, istedadı ilə illərdən sonra çoxlarının qibtə edəcəyi yüksəkliklərə ucaldı. Həyatda həm sənətkar, həm qadın xoşbəxtliyi ona nəsib oldu. Ailəsi, onu çox sevən həyat yoldaşı, babasının adını daşıyan, sənətini davam etdirən oğlu, milyonların sevgisi...
1941-ci ildə Teatr Texnikumunu bitirib Musiqili Komediya Teatrında işləməyə başladı. Nəsibə Zeynalovanın yaradıcılığının ən parlaq dövrü 60-cı illərə təsadüf etdi. O, Musiqili Komediya Teatrının səhnəsində, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu kimi sənətkarlarla həftədə beş dəfə tamaşa oynadıqları günləri tez-tez yada salırdı. Bu teatrın səhnəsində tamaşaya qoyulan "Sevindik qız axtarır" əsərində Xeyransa, "Həmişəxanım"da Həmişəxanım, "Beşmanatlıq gəlin"də Gülnaz, "Gözün aydın"da Nargilə, "Keto və Kote" də Kabato, "Qızılaxtaranlar"da Rəxşəndə kimi obrazlar yaratdı. 1967-ci ildə Azərbaycanın Xalq Artisti, 1974-cü ildə Dövlət Mükafatı Laureatı oldu.
Nəsibə Zeynalova "Hicran"da Qızbacı, "Qayınana"da Cənnət, "Hacı Kərimin Aya səyahəti"ndə Kəblə Fatma, "Altı qızın biri pəri"də Cəhrə qarı, "Ulduz"da Züleyxa obrazları ilə xalqın ürəyində əbədi yer tutdu. Bu obrazların dili ilə söylədiyi bəzi ifadələr dillər əzbərinə çevrildi.
Nəsibə Zeynalovanın yaradıcılıq potensialı nəinki teatr səhnəsində, kinoda da böyük miqyasda açıldı. Aktrisa "Qayınana", "Ulduz" kimi ekran əsərləri istisna olmaqla, kinoda əsasən kiçik rollar oynamasına baxmayaraq, hər bir obrazı yaddaqalan, baxımlı etməyi bacarırdı. "Ögey ana", "Böyük dayaq", "Bizim Cəbiş müəllim", "Qanun naminə", "Bəyin oğurlanması", "Mən mahnı qoşuram", "Qorxma, mən səninləyəm", "Yuxu" və başqa filmlərdə Nəsibə Zeynalovanın yaratdığı obrazlar tamaşaçıların yaddaşında silinməz izlər buraxdı. Aktrisanın bütün obrazlarına nəzər saldıqda görürük ki, Nəsibə Zeynalovanın aktyor sənəti üçün zəngin mimika, obrazı ən xırda incəliklərinədək açmaq bacarığı, milli kolorit, yüksək improvizə qabiliyyəti səciyyəvi idi. Onun təbii, inandırıcı oyun tərzi qəhrəmanlarını tamaşaçıya doğmalaşdırır, yaxınlaşdırırdı.
Teatr sahəsində rolları:
Gülnaz (Beş manatlıq gəlin, S.Rüstəmov)
Nargilə (Gözün aydın, F.Əmirov)
Züleyxa (Ulduz, S.Ələsgərov)
Kabato (Keto və Kote, V.Dolidze)
Rəşxəndə (Qızılaxtaranlar, T.Quliyev)
Qızbacı (Hicran, E.Sabitoğlu)
Qayınana (Cənnət, Z.Bağırov)
Kino sahəsində rolları:
Ögey Ana
Böyük Dayaq
Ulduz
Bizim Cəbiş müəllim
Qanun Naminə
Qayınana
Bəyin Oğurlanması