Münəvvər Kələntərli http://img824.imageshack.us/img824/6595/munevver.jpg Azərbaycan.SSR xalq artisti. Onu tez-tez xatırlayırıq. Duzlu-məzəli zarafatları, şirin-şəkər söz-söhbətləriylə canlanır xəyalımızda. Yaddaşımda həmişə filmlərdə gördüyümüz kimidir: gülüşündən, danışığından həyat eşqi yağan, hələ cavan, gümrah, gözəl qadın, şöhrətli xanəndə, aktrisa- Münəvvər Kələntərli. Münəvvər Kələntərlinin çox gözəl səsi olduğunu bilən Yavər Kələntərli onu da oxumağa həvəsləndirir. On yeddi-on

Bu konu 3814 kez görüntülendi 0 yorum aldı ...
Munevver Kelenterli 3814 Reviews

    Konuyu değerlendir: Munevver Kelenterli

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 3814 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Munevver Kelenterli

    Münəvvər Kələntərli




    Azərbaycan.SSR xalq artisti.
    Onu tez-tez xatırlayırıq. Duzlu-məzəli zarafatları, şirin-şəkər söz-söhbətləriylə canlanır xəyalımızda. Yaddaşımda həmişə filmlərdə gördüyümüz kimidir: gülüşündən, danışığından həyat eşqi yağan, hələ cavan, gümrah, gözəl qadın, şöhrətli xanəndə, aktrisa- Münəvvər Kələntərli. Münəvvər Kələntərlinin çox gözəl səsi olduğunu bilən Yavər Kələntərli onu da oxumağa həvəsləndirir. On yeddi-on səkkiz yaşlı Münəvvər Kələntərli üçün yenicə gəldiyi şəhərdə ən doğma yer Opera Teatrı olur. Çünki qardaşı Haşım da, çox sevdiyi əslən şamaxılı Yavər Kələntərli də orada oxuyurdular. Yavər Kələntərlinin köməkliyi ilə Münəvvər Kələntərlinin səsini yoxlayan sənətkarlar onun sənət aləminə gəlişinə xeyir-dua verirlər. Doğrudur, o dövrdə səhnəyə çıxmaq gənc qızlar, gəlinlər üçün çox çətin idi. Amma Münəvvər Kələntərlinin bu barədə bəxti gətirir. Onun doğulub-böyüdüyü ailədə hamı musiqi, sənət vurğunuydu. Evdəkilərdən heç bir maneə görmədən səhnəyə çıxan Münəvvər Kələntərli oxumağa başlayır. Tezliklə radio dalğalarından diktorun səsi gəlir: "Konsertimizə başlayırıq. Oxuyurlar Haşım və Münəvvər Kələntərlilər". Bacı-qardaşın ifa etdiyi xalq mahnıları, muğamlar dinləyiciləri heyran qoyur. Çox keçmir, Münəvvər Kələntərlinin başqa xəyalı da gerçəkləşir. Onu Opera Teatrına işləməyə dəvət edirlər. Bakıda Münəvvər Kələntərliyə Üzeyir Hacıbəyov küçəsində ikiotaqlı mənzil verirlər. Münəvvər Kələntərli xasiyyətcə çox şəniydi. Ortaboylu, dolubədənli, yarlı-yaraşıqlı, xanım-xatın ədalı, gözəlsəsli Münəvvər Kələntərlinin əsl yeri Musiqili Komediya Teatrıydı. Bu, sənətkarların da diqqətindən yayınmır. Münəvvər Kələntərlini həmin teatra çağırırlar. Ona müxtəlif xarakterli komik rollar həvalə edilir. Roldan-rola necə dəyişdiyi, başqalaşdığı hamını heyrətə gətirirdi. "Hacı Kərimin Aya səyahəti"ndə Kəblə Fatma, "O olmasın, bu olsun"da Sənəm, "Gözün aydın"da Gövhər, "Qızılaxtaranlar"da Xədicə, "Ulduz"da Tamam və daha neçə-neçə rolları ustalıqla yaradırdı. Səhnədəki hər görkəmiylə doğma, baxımlı, maraqlıydı. Sanki oynadığı bütün obrazlar, necə deyərlər, boyuna biçilmişdi. "Hacı Kərimin Aya səyahəti"ndə aktrisa Nəsibə Zeynalovayla dublyor idilər. Münəvvər Kələntərli Lütfəli Abdullayevin, Nəsibə xanım isə Bəşir Səfəroğlunun tərəf-müqabili kimi çıxardı səhnəyə. Ailə qurandan 25 yaşı olub. Sevib-seçdiyi Ənvər Qusarlıydı. 1938-ci ildə qızları dünyaya gəlir. Münəvvər Kələntərli ilə Ənvər bir-birlərini çox istəsələr də, evlilik həyatları uzun sürmür. Ayrılmalarının səbəbi Münəvvər Kələntərlinin sənətinə bağlılığıydı. Ənvər Qusarda yaşayırdı. Orada baytar işləyirdi. Münəvvər Kələntərlini dilə tutur ki, mənimlə gedək. Ancaq o, razılıq vermir:
    - Bəs mənim sənətim necə olsun?
    - Rayonda hamı tanıyır məni, adım-sanım, hörmətim var. Həyatımız çox rahat, firavan keçəcək.
    - Qusarda yaşayan idimsə, elə Lənkəranda qalardım. Hər gün səhər Bakıya işə gəlib, axşam Qusara gedə bilmərəm axı. Orada yaşasam, hökmən sənətimdən əl çəkməliyəm. Bunu edə bilmərəm. Validə balacaykən ayrılırlar. Münəvvər Kələntərli ondan sonra ailə qurmadı. Elə Ənvər də axıradək unuda bilmədi Münəvvər Kələntərlini. Aralarındakı hörməti sonadək qorudular. Ənvər hərdənbir gəlirdi Bakıya. Qızına rayondan çoxlu sovqat gətirirdi. Validə də atasını çox istəyirdi. Ənvərin bacıları da arabir gəlirdi Münəvvər Kələntərligilə. Tez-tez zəng vurub hal-əhval tuturdular. Ancaq hər halda, qızının bütün qayğılarını Münəvvər Kələntərli çəkirdi.
    Böyük Vətən müharibəsi illərində müğənnilərin, aktrisaların bir çoxu kimi o da səngərlərə, hospitallara gedir. Döyüşçülərin qarşısında verilən konsert proqramlarında, səhnəciklərdə çıxışlar edir. Oxuyur, oynayır, əsgərlərə müvəqqəti də olsa, bu dünyanın vaxtsız ölüm, faciə üzünü unutdurur. Ancaq çoxları kimi səhnəyə qəlbi qan ağlaya-ağlaya çıxır. Döyüşçülərə baxa-baxa qardaşı Cabbarı düşünür. Ürəyində hey özünə suallar verir: "Görəsən, indi hardadır? Başına nələr gəlib? Sağdırmı?". Yaralı, qolunu-qıçını itirmiş gənc döyüşçüləri gördükcə, bədbin fikirləri başından qovub, uzaqlaşdırmağa çalışır. Cabbarın cəbhədən əvvəlki kimi güclü, şən dönəcəyi günün xəyalını qurur. Ancaq müharibə bütün ümidlərini boşa çıxarır. Qardaşını bir də heç zaman görmür. Cabbar döyüşlərdə həlak olur.
    Baxmayaraq ki Münəvvər Kələntərli dövrünün tanınmış, həddindən artıq sevilən aktrisalarındanıydı, amma bugünkü nəslin yaddaşında onu daha canlı şəkildə yaşadan kinofilmlərdə oynadığı obrazlardır. Kino sənətində yolu isə Böyük Vətən müharibəsinin odlu-alovlu illərində çəkilməyə başlayan Üzeyir Hacıbəyovun "Arşın mal alan" filmindəki Xala roluyla başlayıb. Bu filmin çəkilməsi o zaman bütün Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edirdi. "Arşın mal alan"ın çəkilişlərinə ermənilərin Üzeyir bəyin bu şah əsərini mənimsəməyə cəhd etdikləri vaxtda, Stalinin icazəsiylə başlanır. Filmdə rol alan aktyorların əksəriyyəti əsərin müəllifinin seçimiydi. Xala obrazına təsdiq edilən aktrisa - Münəvvər Kələntərlinin cəmi 32 yaşı vardı. "Arşın mal alan" filmin yaradıcı heyəti üçün uğurlu oldu. 1946-cı ildə Moskvada ictimai baxış keçirildi. Əsər yüksək dəyərləndirildi. "Arşın mal alan" filmindəki ifasına görə mükafat alanlar arasında Münəvvər Kələntərli də var idi. O, SSRİ Dövlət Mükafatına layiq görüldü. Bundan sonra kino-studiyaya ayaq açdı. İllər keçdikcə, yaradıcılığına başqa filmlər - "Bəxtiyar", "Qızmar günəş altında", "O olmasın, bu olsun", "Görüş" filmləri yazıldı. Bu kinoların çəkilişlərində maraqlı, yaddaqalan hadisələr baş verirdi. "O olmasın, bu olsun" filmində belə bir səhnə var: Sənəm, yəni Münəvvər Kələntərli, qapının arasından baxır, qəflətən qapı açılır. O yıxılır. Həmin səhnədə, yerə yıxılanda çeçələ barmağı sınmışdı. Kinostudiyada ən rahat aktyorlardan sayılıb. Həmişə bir dubla çəkilib. Ona görə də rejissor Ədil İsgəndərov deyərmiş ki, Münəvvər Kələntərli, bu camaat (çəkildiyi filmlərin rejissorlarını, rejissor assistentlərini, operatorları nəzərdə tuturdu) ən çox səninlə istirahət edir. Kino sənətində yaratdığı hər obrazda həyatdakı Münəvvər Kələntərliyə bənzərliklər var. "Arşın mal alan"dakı Xalaya məxsus şirinlik, şuxluq, səmimiyyət, "Bəxtiyar"dakı Gülcahanda olan canıyananlıq, "Görüş"dəki Münəvvərə xas ötkəmlik, yeri gələndə sərtlik, uzaqgörənlik...
    Çox əliaçıq, səxavətliydi. Heç vaxt kimsənin qapısını paysız döyməzdi. Həssasıydı. Hamını anlaya bilirdi. Bir qızı var idi. Ancaq bütün uşaqlara öz balası kimi baxardı.
    Münəvvər Kələntərli sadə, şən qadınıydı. Amma bəzi obrazlarında məharətlə yaratdığı sadəlövhlükdən çox-çox uzaqıydı. Olduqca ayıq, hər şeyin yerini bilən, son dərəcə ağıllı, tədbirliydi. Necə deyərlər, quşu gözündən vurardı. Çoxlu dostu vardı. Amma ürəyinin qapısı hər kəsin üzünə açıq deyildi. Teatrın özündə elə adamlar var idi ki, onlarla yalnız salamlaşmaqla kifayətlənərdi. Tacikistanda olanda oranın xalq artisti Leyla Şərifovayla tanış olmuşdu. Münəvvər Kələntərli Bakıya qayıdandan bir müddət sonra o bura gəldi. Bakıya qonaq kimi yox, yaşamağa gəlmişdi. Tacikistandan acıq eləmişdi. Leyla Şərifova bir ilə yaxın Münəvvər Kələntərli evində qaldı. Münəvvər Kələntərli onu doğma balasından ayırmırdı. Sonralar Leyla Şərifova Almaniyada yaşayırdı. Azərbaycan barədə danışanda hər zaman deyirdi: "Mənim orada bir anam var idi"...
    Şövkət Ələkbərova, Gülxar Həsənova, Nəsibə Zeynalova, xanəndə Məmməd Salmanovun həyat yoldaşı Ədilə xanım, Sara Qədimova, Rübabə Muradova, Nəcibə Məlikova Münəvvər Kələntərli ilə yaxın rəfiqələriydilər. Tez-tez ya Münəvvər Kələntərligilə yığışar, deyib-gülər, müxtəlif oyunlar oynayardılar. Uduş pulluydu. Ən gülməlisi də o olardı ki, həmişə bir abasıdan, beş, yaxud on qəpikdən oynayardılar. Günlərini maraqlı keçirirdilər. Sevinməyə həmişə səbəb tapırdılar. Çox mehriban idilər. Birinin uğuru hamının bayramıydı. Onlar sənətdə yetişmək üçün can qoymuşdular. Artıq şöhrətləri, ad-sanları, fəxri adları var idi. Ancaq sənətə ilk başladıqları günlərin həyəcanı ilə çıxırdılar səhnəyə. Öz işlərinə çox məsuliyyətlə yanaşardılar. Bir də görürdün, kişili-qadınlı böyük dəstə yığışıb harasa getdi. Qastrola, kino çəkilişlərinə yox, elə-belə, istirahət etməyə. Münəvvər Kələntərli hərdən iyirmi-iyirmi beş nəfəri özüylə Lənkərana - bacısı Xanımbacının evinə qonaq aparardı. Gəzib-dolanır, çalıb-oxuyur, deyib-gülürdülər. Axşam olanda böyük eyvanda yer açırdılar. Ancaq səhərədək yatan kimiydi? Arabir sükut çökərdi. Açıq pəncərədən sakit yay gecəsinin ulduzları sayrışardı. Birdən kiminsə səsi gəlirdi: "Ordan mənim eynəyimi verin, yata bilmirəm. Gözlərimə gün düşür". Hamı başlayırdı gülməyə.
    1939-cu il idi. Filarmoniyada verilən konsert başa çatır. Münəvvər Kələntərli, Cahan Talışinskaya, Sürəyya Qacar, Yavər Kələntərli və Həqiqət Rzayeva şair Əlağa Vahidə yaxınlaşıb, onu əhatəyə alırlar. Aralarında ən dilli-dilavər sayılan Yavər yenə qabağa düşür:
    - Ay Vahid, nə oldu, hər gördüyün qıza, gəlinə qəzəl qoşursan. Bəs bizi niyə ada salmırsan?
    Vahid fikirləşir, bunlar beş nəfərdir, indi mən nə deyim? Ancaq vəziyyətdən tez çıxır. Bədahətən deyir:
    Həqiqətinlə Cahan parlayır Sürəyyatək,
    Münəvvər ölkəmin hər bir zamanda Yavəriyəm.
    Münəvvər Kələntərli mehriban, şən, şux olduğu qədər də ötkəm, zəhmliydi. 1953-cü ildə onu "Vətən" kinoteatrına direktor müavini təyin etdilər. O vaxtlar Bakıda hind filmləri dəbdəydi. Kinoteatrların qarşısında adam əlindən tərpənmək olmurdu. Ağız deyəni qulaq eşitmirdi. Növbədəkilər basabas salır, bir-birlərini itələyirdilər. Yazıq bilet satan qadın da qalırdı çıxılmaz vəziyyətdə, bilmirdi neyləsin. Birdən Münəvvər Kələntərli görünərdi. Növbə üstündə qalmaqal salanlara eynilə "Görüş" filmindəki Münəvvər kimi acıqlanardı:
    - Orda nə səs-küydür? Nə olub?
    O dəqiqə səslər kəsilərdi. Hamı sakitcə sıraya düzülüb, növbəylə kassaya yaxınlaşardı. Satıcı qadın sevinərdi:
    - Münəvvər xanım, nə olar, getməyin. Siz içəri keçən kimi yenə başlayacaqlar qırğın salmağa.
    Münəvvər Kələntərli gülərdi:
    - Bir balaca yer var, ordan sən biletləri verib pulları alırsan. Mən harada duracağam?
    Kinoteatra direktor müavini göndəriləndən sonra teatrdan getdi. Amma filmlərə çəkilirdi.
    Münəvvər Kələntərli sağlam qadınıydı. Düzdür, gənc yaşlarında cərrahiyyə əməliyyatından keçmişdi. Həkimlər böyrəyinin birini götürməli olmuşdular. Sonralar heç xəstələnib eləməzdi. Ancaq başıbəlalı oldu. Moskvaya kino çəkilişinə gedəndə orada sancısı tutur. Xəstəxanaya gedir. Müayinə edən həkimlər: "Korbağırsağınızda cərrahiyyə əməliyyatı lazım olacaq", - deyirlər. Çəkilişlər başa çatandan sonra gəlirlər Bakıya. Yayda Daşkəsənə film çəkilişlərinə getməliydi. Elə gözləyirdi ki... Moskvadan gələndən sonra bir dəfə də ağrısı tutmadı. Özünü gümrah hiss edirdi. Amma çox narahatıydı. Qorxurdu ki, Daşkəsəndə sancıları başlayar, həm film çəkilişləri qalar yarımçıq, həm də ucqar yerdə, xəstəxanadan uzaqda çətin vəziyyətə düşər. Düşünüb-daşındı. Qərara gəldi ki, yayadək cərrahiyyə əməliyyatından keçsin. 1963-cü ilin fevralında öz ayağıyla, qohum-əqrəbanın əhatəsində deyə-gülə xəstəxanaya yollandı. Yoxlamalardan keçdi. Münəvvər Kələntərli kimi sevilən aktyorun cərrahiyyə əməliyyatını xəstəxananın həkimi olan bir professor öz boynuna götürdü. O, Münəvvər Kələntərlini yaxından tanıyırdı. Onu arxayın salmışdı: "Sən heç narahat olma, cərrahiyyə əməliyyatını özüm aparacağam". Qohum-əqrəbanın çoxu xəstəxanadaydı. Münəvvər Kələntərli heç elə bil cərrahiyyə otağına getmirdi. Danışır, hamıyla zarafatlaşırdı. Gülə-gülə əməliyyata yollandı. Qohumlar dayanıb professorun çıxmasını gözləyirdilər. Nəhayət, o, qapıda göründü. - Korbağırsaq boş şeydir. Mən böyrəyini yoxlamışam. Hər şey qaydasındadır.
    Cərrahiyyə əməliyyatından sonra Münəvvər Kələntərli ikicə gün yaşadı. Huşsuz vəziyyətdəydi. Bir dəfə də özünə gəlmədi. Professor böyük səhvə yol vermişdi. Əməliyyat düzgün aparılmamışdı. Həm korbağırsağı kəsəndən sonra düzgün tikməmişdi, həm də qalan böyrəyi zədələmişdi. Azərbaycan SSR Ali Sovetinin deputatı seçilməsini gözləyirdi. Qəzetdə məlumat çıxmalıydı. Elə hey sayıqlayır, rabitəsiz sözlər danışır, heç nə eşitmirdi. Buna baxmayaraq, qəzetdə çap olunmuş məlumatı ona oxudular... Bilinmir başa düşdü, ya yox. Hamı gözləyirdi ki, bəlkə özünə gəldi, heç olmasa, nəsə dedi.
    Amma həkimlər bilirdilər ki, o öləcək. Cərrahiyyə əməliyyatından iki gün sonra, Münəvvər Kələntərli gözlərini həmişəlik yummuşdu. 50 yaşı yenicə tamam olmuşdu Münəvvər Kələntərlinin. Üç-dörd ay qabaq yubileyi Musiqili Komediya Teatrında təntənəylə qeyd edilmişdi. Teatrın o zamankı direktoru, bəstəkar Süleyman Ələsgərovdan tutmuş, ən adi işçiyədək hamı xətrini istəyirdi. Çünki özü yaxşı insanıydı, durduğu yerdə kiminsə qəlbinə toxunmazdı. Elə yəqin, buna görəydi ki, sağlığında hamı onun ətrafına yığışardı. O gün isə Münəvvər Kələntərlinin başına toplaşanların sayı-hesabı yox idi. Dəfn mərasimi əsl nümayişə dönmüşdü. O gün Musiqili Komediya Teatrının səhnəsi bütünlüklə Münəvvər Kələntərlininiydi. Adı çəkiləndə gözlərə şəfqət, dodaqlara gülüş qonan aktrisa həyatı boyu heç zaman etmək istəmədiyi bir işi görürdü. Adamları gülmək yerinə, ağladırdı. Bütün sənətkarlar vida mərasimindəydilər. Sənətin Münəvvəriylə vidalaşırdılar. Lütfəli Abdullayev uşaq kimi ağlayırdı. Aktyor Mobil Əhmədovla zarafatları vardı. Münəvvər Kələntərli ətli-canlı olduğundan, hərdən ona sataşardı: "Ay Münəvvər, bu nədir, ayaqüstə üzülürsən ki, yeməyinə fikir ver də". İndi Mobil Əhmədov də acı-acı göz yaşları tökürdü. Gülxar Həsənova qalxdı səhnəyə. Bacı qədər sevdiyi Münəvvər Kələntərliyə vida sözünü "Segah"la dedi. Səsindəki nalə, fəqan ürəkləri parçalayırdı. Salondakılar hamısı bir-birinə qoşulub hönkür-hönkür ağlayırdı. 24 yaşlı Validəyə anasının vəfatı ağır təsir etmişdi. Atası sağ olsa da, həmişə yanına gəlib-getsə də, onun qayğısını çəkən Münəvvər Kələntərli olmuşdu. O, Validəni təkbaşına böyütdü. Ancaq qızının toyunu görmədi. Validə olduqca gözəgəlimli qız idi. Ağıllı, savadlıydı. Ali təhsilli hüquqşünasıydı. Münəvvər Kələntərlidən fərqli olaraq səsi yoxuydu. Heç görkəmcə də anasına bir o qədər oxşamırdı. O da ayrı cür gözəliydi. Münəvvər Kələntərli kimi ağbəniz olsa da, daha çox atası tərəfə çəkmişdi. Amma taleyi anasına bənzədi. Onun kimi 50 illik ömür payı düşdü qismətinə. Heç övladı da qalmadı. Nə yaxşı, Münəvvər Kələntərli xəbərsiz qaldı qızının başına gələnlərdən. Validə anasının yanında - köhnə qəbiristanlıqda dəfn olunub.
    Münəvvər Kələntərli sənətə gəldiyi gündən, ta sonadək bəxti üzünə güldü. Çox xoşbəxt sənətkar oldu. İstedadını bütün çalarlarıyla göstərməyə fürsət tapdı. Həm dramatik, həm komik aktrisa kimi sözünü dedi. İlahi səsi xalq mahnılarına, muğamlara yeni rəng qatdı. Ancaq həyat ona səadət payını ancaq sənətində verdi. Qadın xoşbəxtliyi olmadı. Gənc yaşında sevdi, sevildi. Ürəyincə olan evlilik qurdu. Həyat yoldaşıyla bir-birlərini başa düşürdülər. Tək bir məsələdə anlaşa bilmədilər. Ənvər Bakıya gəlmədi, Münəvvər Kələntərli də Qusara getmədi. İstəməyə-istəməyə sevdiyi insandan, yeganə qızının atasından ayrıldı. Sonunda bircə balası da onun yoluyla getdi. O da xoşbəxt olmadı. Amma sevgisini bol-bol verən teatr, kino sənəti Münəvvər Kələntərliyə həmişə vəfalıdır.
    Onu həyatda görməyənlər lentlərin yaddaşından tanıyır, tanıdıqca da xanım-xatınlığına, səmimiyyətinə heyran qalırlar.


    Kino sahəsində rolları:
    Arşın mal alan
    O olmasın bu olsun
    Sevimli mahnı
    Görüş
    Qızmar günəş altında


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Munevver Kelenterli

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 3814


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş