http://img9.imageshack.us/img9/4722/celilmemmedd.jpg Celil Mehmetkuluzade(22 Fevral 1869 , Naxçıvan - 4 Yanvar 1932 , Bakı) XX əsr Azərbaycan ədəbiyyatının ən qüdrətli nümayəndələrindən biri böyük yazıçı, publisist, mütəfəkkir və ictimai xadim Cəlil Məmmədquluzadədir. El arasında səmimiyyət əlaməti kimi "Mirzə Cəlil" adı alan ədib, eyni zamanda, məhşur "Molla Nəsrəddin" jurnalının redaktoru, tənqidi realist üslubun və mollanəsrəddinçilik hərakatının başçısı olmuşdur. Azərbaycan

Bu konu 12009 kez görüntülendi 3 yorum aldı ...
Celil memmedquluzade 12009 Reviews

    Konuyu değerlendir: Celil memmedquluzade

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 12009 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Celil memmedquluzade



    Celil Mehmetkuluzade(22 Fevral 1869 , Naxçıvan - 4 Yanvar 1932 , Bakı)

    XX əsr Azərbaycan ədəbiyyatının ən qüdrətli nümayəndələrindən biri böyük yazıçı, publisist, mütəfəkkir və ictimai xadim Cəlil Məmmədquluzadədir. El arasında səmimiyyət əlaməti kimi "Mirzə Cəlil" adı alan ədib, eyni zamanda, məhşur "Molla Nəsrəddin" jurnalının redaktoru, tənqidi realist üslubun və mollanəsrəddinçilik hərakatının başçısı olmuşdur. Azərbaycan klassikləri ilə bərabər, Şərq və Qərbin böyük sənətkarlarını, böyük filosoflarını oxuyub öyrənmiş Mirzə Cəlil bu hərakatı xalqın mariflənməsinə hərs edir və gənc yazıçıların təşəkkülünə kömək edən dünya mədəniyyətinə də yeni bir yol açır.

    HƏYATI

    Ilk təhsilini əvvəlcə mollaxanada, sonra isə üçsinifli Naxçıvan şəhər məktəbində almışdır. 1887 -ci ildə Qori Müəllimlər Seminariyasin i bitirmiş, İrəvan quberniyasının Uluxanlı, Naxçıvan mahalının Baş Norasen (indiki Sərur rayonunda Cəlilkənd ), Nehrəm kəndlərində müəllimlik etmişdir ( 1887 - 1897 ). Kəndlərdə müəllim işlədiyi illər ədibin gələcək yaradıcılığı üçün zəngin material vermişdir. 1889 -cu ildə yazdığı "Çay dəstgahı" alleqorik mənzum dramı onun ilk əsərlərindəndir. Bir sıra kiçik hekayələrini, "Kişmiş oyunu" komediyasını və "Danabaş kəndinin əhvalatları" ( 1894 ; 1936 ildə nəsr olunmuşdur) povestini də bu dövrdə yazmışdır.
    1903 -cü ildən Tiflisdə nəsr edilən "Şərqi-Rus" qəzeti redaksıyasında işləmişdir. C.Məmmədquluzadənin yazıçı və jurnalist kimi püxtələşməsində"Şərqi-Rus" qəzeti və onun redaktoru M.A.Şahtaxtlının mühüm rolu olmuşdur. "Poçt qutusu" adlı ilk mətbu əsəri, "Kişmiş oyunu", L.N.Tolstoydan tərcümə etdiyi "Zəhmət, ölüm və naxoşluq" hekayələri ilk dəfə bu qəzetdə dərc edilmişdir. Ilk nömrəsi 1906 -ci il aprelin 7 -də (20-d?) çıxan " Molla Nəsrəddin " jurnalının nəşrinə başlamaqla o, Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoydu. Həmin vaxtdan o Molla Nəsrəddin adi ilə tanındı. Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Əbdürəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Ömər Faiq Nemanzadə, Əli Nəzmi, Əli Qəmküsar kimi yazıçı və jurnalistlərlə möhkəm ideya-yaradıcılıq əlaqəsi yarandı. C.Məmmədquluzadənin təbliğ etdiyi dərin demokratizm və azadlıq ideyaları jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırdı. Çar hökuməti onu tez-tez məhkəmə məsuliyyətinə cəlb edir, "Qeyrət" mətbəəsində axtarışlar aparır, bəzən də "Molla Nəsrəddin"in nəsrini dayandırırdı.1920-ci ilin iyun ayında C.Məmmədquluzadə ailəsi ilə birlikdə Təbrizə köçmüş, 1921 -ci ildə orada " Molla Nəsrəddin "in 8 nömrəsini çap etmişdir. C.Məmmədquluzadənin əsərləri bir sira dillərə tərcümə edilmişdir. Azərbaycan Respublikasında bir sıra küçə və mədəni-maarif müəssisəsinə (o cümlədən Naxçivan Dövlət Musiqili Dram Teatrına, Naxçıvan Muxtar Respublika Dövlət ədəbiyyat Muzeyinə) C.Məmmədquluzadənin adi verilmişdir. Keçmiş Astraxan rayonu və şəhəri 1967-ci ildə onun sərəfinə Cəlilabad, vaxtilə müəllimlik etdiyi Baş Norasen kəndi isə Cəlilkənd adlandırılmışdır. Naxçıvanda və Cəlilabadda heykəli qoyulmuşdur. Bakıda və Naxçıvanda ev-muzeyləri, Nehrəm və Cəlilkənd kəndlərində xatirə muzeyləri açilmışdır. Anadan olmasının 100 və 125 illik yubileyləri geniş qeyd olunmuşdur. Son illərdə akademik I.Həbibbəyli ədibin müxtəlif ölkələrdə ( Fransa , Polşa və Iranda ) yaşayan nəvə-nəticələri ilə əlaqə yaratmışdır.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Celil memmedquluzade

          Kategori: Azerbaycan Edebiyatı

          Konuyu Baslatan: Emine

          Cevaplar: 3

          Görüntüleme: 12009


  2. #2
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Celil Memmedquluzade



    C. Məmmədquluzadə - həyat və yaradıclığı haqqında

    İki alma

    Axşam vaxtları gəzməyə çıxanda, hərdənbir balaca oğlumu da yanımca aparıram. Bu dəfə də apardım.
    Və haman balaca oğlum ilə gəzməyə gedəndə, hərdənbir ittifaq düşür ki, ona yeməli şey də alıram ki, məndən razı qalsın. Bu dəfə də balaca oğlum dükanlarda düzülmüş nazü-neməti görəndə məndən yeməli bir şey istədi. Mən o əqidədə deyiləm ki, hər dəfə uşaq ilə bazara gedəndə ona bir şey almaq lazımdır və lakin bunu da demirəm ki, heç bir vaxt almaq lazım deyil. Ancaq bu dəfə heç bir zad almaq istəmirdim; o səbəbə ki, cibimdə çox pulum yox idi. Və bir də istəmədim ki, uşağım hər dəfə bazara çıxanda dadamal öyrənsin.


    ***

    Bir qədər dolandıq, sonra yolumuz çay kənarına düşdü. Amma oğlumu da bidamaq görürdüm. Çün tərbiyə öz qaydasınca, uşağın öz təbiəti - bu da öz qaydasınca. Və onunçün da çox inad etməmək babətindən, dərya kənarında tabağa düzülmüş meyvələrdən iki şahiya iki dənə yaxşı qırmızı alma aldım və ikisini də verdim oğluma. Hərçənd oğlum almaları məndən aldı, amma gördüm ki, könülsüz aldı. Mən ondan bidamaqlığının səbəbini soruşmadım; çünki səbəbi aşkar idi. Bazarda bir az bundan qabaq o məndən iki şey istədi, heç birini almadım, sonra da nemsə qənnadı dükanının qabağından keçəndə şüşənin dalına düzülmüş rəngarəng konfet və şirniyyatdan istədi - almadım.
    Oğlum o dərəcədə məndən narazı imiş ki, mən almaları ona verəndən sonra da genə bir söz danışmaq istəmədi və mən ona verdiyim suallara da çox meyilsiz cavab verdi.
    Dəxi onu belə qaşqabaqlı görəndə mən özüm də bidamaq oldum və Azərneft idarəsinin qabağında duran tramvay vaqonlarının birinə oğlumu qalxızdım və özüm də mindim ki, gələk evimizə.
    Vaqonda hələ bizim ikimizdən başqa bir kəs yox idi. Oğlum boyda bir yetim rus uşağı cır-cındır içində, üz-gözü qapqara çirkli və iyrənc, gəldi durdu qabağımızda və məndən qəpik pul istədi.
    Cibimdə ancaq bir abbası gümüş pul var idi. Mən uşağa bir söz demədim ki, keçib getsin. Bir neçə minik arvad və kişi vaqona girdilər və sağımızda-solumuzda yer tutdular. Burada mənim fikrim getdi yetimə pul verməməyimə və dilənçiyə pul vermək lazımdı, ya lazım deyilmi məsələsi məni başladı məşğul etməyə; hər kəs nə deyir desin, ancaq dilənçi uşağa heç bir şey verməmək mənim xoşuma gəlmədi. Buradan ona işarə etmirəm ki, mən heç bir dilənçiyə yox demərəm; çünki ona bilər ki, bir para filosofların dilənçiyə pul vermək, onu bədbəxt etmək sifəti bəlkə mənə də sirayət edibdir. Ancaq sözün həqiqəti budur ki, bugünkü dilənçi uşağa bir qəpik verməməyim məni burada xarab etdi; o səbəbə xarab etdi ki, haman dilənçi uşaq yaşda mənim atalı və analı oğlum, əyni-başı təzə, qarnı tox, bu saat burada mənim sağ tərəfimdə məndən incimiş oturmuşdu ki, niyə mən ona konfet almadım, ancaq iki alma aldım.
    Vaqonumuz hərəkət edib gedəndə akoşkanın şüşəsinin dalından gördüm ki, haman dilənçi uşaq yerdə durub bir qırmızı almanı ağzına basıb gəmirtləyir. Qabaqça bir şey duymadım; amma haman dəqiqə yanımdakı oğlumun almaları yadıma düşdü və çöndüm uşağa tərəf. Oğlum gülə-gülə mənə yavaşça bunu dedi:
    -Dədə, almanın birini verdim dilənçi uşağa.
    Bir dənə qırmızı alma öz-özlüyündə bir şey deyil; onun qiyməti iki qəpikdir və yeyib qurtarandan sonra heç bir şeydir. Amma mənəvi işlərdə bir almanın dəyəri ola bilər çox böyük olsun. O qədər yüngüllük və könül xoşluğu ki, burada iki qəpiklik almadan mənə gəlib çatdı, nəhayət dərəcədə idi.
    Filosofiya aləminə gəldikdə, qeyriləri dilənçiyə küçədə ianə verməyi nə cür başa düşürlər düşsünlər və insaniyyət mütəxəssisləri bu məsələni nə tövr həll edirlər etsinlər, ancaq mənim balaca oğlum iki almasının birisini bir yetim uşağa verdi.
    Və ola bilər ki, oğlum da yekələndən sonra, bir para alimlərin “küçədə dilənçiyə ianə verməyiniz” nəsihətini eşidəndən sonra, onları küçədə görəndə mənim kimi üz çöndərəcəkdir. Ancaq hələ ki, indi oğlum bu işləri başa düşmür və onunçun da iki almanın birini yetim uşağa verir.


  3. #3
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart

    Buz


    Mən on yaşında, ya bəlkə bir qədər də artıq olardım. Xalam azarlamışdı. Haçı Mirzə Səttar həkimi gətirmişdilər ki, baxsın və müalicə eləsin. Demək, xalamın xəstəliyi o qədər də ağır deyildi və bunu mən ondan ötrü deyirəm ki, o vədələr, yəni qırx il bundan qabaq bizim şəhərdə iki nəfər müsəlman həkimi var idi: biri Hacı Mirzə Səttar idi və digəri Məşədi Nurməmməd idi.
    Müsəlman həkimi dedikdə o deyil ki, bunlar müsəlman idilər. Bu iki nəfərə onunçun müsəlman həkimi deyirdilər ki, bunlar həkimlik təhsillərini müsəlman məmləkətlərində almışdılar. Hacı Mirzə Səttar Təbrizdə oxumuşdu; Məşədi Nurməmməd də elə bizim öz şəhərimizdə nüsxəbənd kitablarının mütaliəsilə və təcrübə ilə həkimliyi öyrənmişdi. Bunların da müalicəsi bir müxtəsərsə nəbzə baxandan sonra ciblərindən xəstəyə kinə, həb və işlətmə verməkdən ibarət idi.
    Bu müsəlman həkimlərindən savayı şəhərimizdə rus həkimləri də var idi. Rus həkimi bunlara o səbəbə deyirdilər ki, bunlar Rusiyada və bəlkə Avropada təhsil tapmışlardı. Və çün bizim camaatın arasında bu etiqad var idi ki, “rus həkimləri” müsəlman həkimlərindən artıq təhsil görmüş və təcrübə hasil etmişdilər, onunçun da ağır xəstəlik ittifaq düşəndə həmişə rus həkimlərini haziq1 hesab edib onları dəvət edərdilər, savayı kasıb-kusubdan. Bunlar iki abbası fayton pulunun, bir manat rus həkiminin həqqi-zəhmətindən və yarım manat aptek xərcindən qaçmaq babətindən Hacı Mirzə Səttara, ya Məşədi Nurməmmədə qane olub beş-altı şahı ilə həkimi də dava-dərmanı da ötüşdürərdilər.
    Demək müsəlman həkim çağırmaq istəyəndə, buradan bilmək olardı azarlının azarı yüngüldür. Amma “rus həkimi gətirənlərin də mənası bu idi ki, xəstənin halı qorxuludur.
    Hacı Mirzə Səttar xalama baxıb gedəndən bir saat sonra gördüm ki, xalamın əri Məşədi Zülfüqar bir köhnə faytonda bir rus papaqlı kişi ilə gəlib yendilər. Bu rus papaqlı kişi rus həkimi imiş. Buradan mən anladım ki, xalamın işi xarabdır. Mən də uzaqda durub həkimin xalama baxmağına tamaşa edirdim.
    Xülasə, baxdı qurtardı və bilmirəm nə dedi, nə demədi və həkim faytona minib gedəndə xalamın əri tələsik mənə bir qəpik verdi və dedi:
    -Bala, tez ol, durma, tez, tez bir qəpiklik buz al gətir, ver evə... həkim deyirdi.
    Və xalamın əri bu sözləri bir də təkid edəndən sonra anama xəlvətcə nəsə dedi. Evdən bir dənə boş dava şüşəsini əlinə alıb mindi faytona, həkimin yanına və sürüb getdilər. Və fayton istəyirdi uzaqlaşa, atam evimizə tərəf ucadan dedi:
    -Ay uşaq, buzu yaddan çıxartmayın.
    Bunlar gedəndən sonra anam da həkim gələndə örtdüyü çarşafı yerə tullayıb çökdü halamın yanına və bu da mənə təkid elədi ki, durmayım, tez qaçım bazara buzun dalıyca; çünki məlum oldu ki, həkim tapşırıb ki, xalamın ürəyinin üstünə buz qoysunlar və ürəyi sakit olmayınca buzu götürməsinlər.
    Mən üz qoydum bazara tərəf. Xəyalımda qoymuşdum gedəm düz baqqal çarşısına və buzu alam gətirəm. Və şəhərdə oradan savayı bilmirdim harada buz satırlar.
    Evimizdən ayrılanda çox da tələsmirdim, amma xalamın yalvarmağı yadıma düşəndə bir qədər ayaq götürdüm; çünki yazıq xalam dərin gözlərini güclə mənə tərəf çöndərib belə yalvarırdı:
    -Qurban olsun sənə xalan, ürəyim pörşələndi, buzu tez gətir.
    Hacı Bayramın küçə qapısının qabağından keçəndə itləri həyətdən başladı hürməyə. Mən əlimə ehtiyat üçün iki daş aldım, qapını örtdüm, keçdim. İt küçəyə çıxmadı və həyətdən itin yorğun “hov, hov” səsi gəlirdi. Bu it hərçənd çox qoca bir it idi və yol ilə ötüb keçənlərlə də bir acığı yox idi və olmazdı. Hacı Bayramın oğlu, mənim küçə yoldaşım Şirəli, mən həmişə onların qapısından ötəndə haman qoca köpəyi çağırardı küçəyə və itini küşkürərdi üstümə və özü də, iti də məni bir qədər qovalardılar, amma tuta bilməzdilər; çünki it o qədər qoca idi ki, bir az mənə tərəf hücumdan sonra tez yorulardı, durardı və ancaq gücsüz və əlacsız durduğu yerdə “hov, hov” edərdi. Və mənə xoş gələn o idi ki, itin bu xasiyyətinə Şirəlinin elə bərk acığı tutardı ki, məni boşlayıb başlardı yazıq qoca iti daşlayıb incitməyə.
    Bu da mənə nəhayət xoş gələrdi. Belə olanda Şirəli itin acığını istərdi çönüb məndən aslın və çox vaxt olardı ki, biz bir-birimizlə söyüşərdik və çox vaxt da elə savaşardıq ki, yol adamları bizi gəlib aralardılar.
    Çünki dəxi Şirəli qapıda görsənməzdi, mən də itin hürməyinə qulaq vermədim və xalamı da mülahizə elədim; yəni bir növ yazığım gəldi və keçdim getdim.
    Baqqal çarşısına yetişdim və bir qəpiyi uzatdım verdim buz satana. Bu da bir çuxur yerə əlini uzatdı, yarpaqların və samanın altından bir yekə buz parçası çıxartdı, mənim bir qəpiyimə baxdı bu buza baxdı, buzu iki böldü və yekəsini bir kələm yarpağına bükdü, verdi mənə.
    Buzun ağırlığı olardı təxminən beş girvənkə. Buzu aldım əlimə və sərin baqqal rastasından çıxdım günün qabağına. Hava şiddəti isti idi. Yayın orta ayı idi və başımın üstündəki nisfünnəharın2 günü əgər bir imam mücüzü ilə göydən yerə düşə bilsəydi, düz mənim kəlləmə düşərdi. Mən istidən qan-tərin içində idim və bir yandan alnımın təri damcı-damcı axırdı və bir yandan da buz şiddətnən əriyib süzələnirdi. Yerdən bir təmiz daş götürmüşdüm, hərdənbir buzun böyrünə vurub əzirdim və basırdım ağzıma və alnıma.
    Gəldim çatdım Hacı Bayramın qapısına. İtin səsi gəlmirdi. Şirəli genə görsənmirdi. Hacı Bayramın darvazasının qabağına yetişəndə özüm də deyə bilmərəm ki, niyə dayandım. İtin genə səsi gəlmir. Heç kəs nə qapıda, nə küçənin bir yanında görükmür; yəqin ki, istinin zərbindən hərə bir kölgə yerə pənah gətirib.
    Adətkərdə olmaq yaman imiş və mənim də adətim buna idi ki, bircə gün olmayıb ki, bu darvazanın qabağından ötüb keçəndə ya it mənim qabağıma çıxmasın, ya Şirəli çıxmasın. Və məlum ki, bunların da biri çıxanda mənim üçün burada məşğuliyyət olmasın, ya iti daşlamayım, ya Şirəliylə söyüşməyim və hərdənbir də onunla dalaşmayım.
    Bəs neyləyim? Bir çarəm buna qaldı ki, yerdən iki dənə qıvraq daş götürdüm, öz evimizə tərəf bir qədər də uzaqlaşdım ki, bir həngamə törəsə mənə əli çatan olmasın. Və geri çönüb daşın birini tulladım Hacı Bayramın darvazasına və qaçdım, daha da uzaqlaşdım.


    Daldan köpəyin səsini eşidirdim. Qoca it xahi-nəxahi3 çıxmışdı qapıya və xahi-nəxahi öz vəzifəsini ifa edirdi.
    Əlimdəki o biri daşı da tulladım. Daş itin başının üstündən ötüb keçdi şaqqıltı ilə dəydi Hacı Bayramın darvazasına. Burada köpək, deyəsən acığa düşdü; çünki mənə tərəf başladı hürməyə. Mən qorxumdan qaçdım, bir qədə uzaqlaşdım və çönüb geri baxanda gördüm ki, itin dalıyca Şirəli də mənə tərəf tücum edir.
    Siz elə bilməyin ki, mən onlardan ehtiyat eləyirdim; bir zərrəcə eləmirdim. Çünki bilirdim ki, köpəyim nə dişi var məni tutsun, nə taqəti var mənə güc gəlsin. O ki Şirəli idi, onun öhdəsindən hər halda gələ bilərdim.
    Buzu qoydum yerə, gördüm ki, od kimi isti torpağa buz cızıltı ilə yapışıb az qaldı havaya uçsun. Suyu axa-axa buzu tez torpağın içindən götürdüm tulladım divarın kölgəsinə və qaçdım yerdəki daşlara tərəf və qabağıma gələn daşları yerdən qapıb başladım Şirəliyə tərəf tullamağa. Bu da mənə baxıb durdu məni daşa basmağa. Köpək də ancaq mən atdığım daşlara özünü çırpırdı və bundan başqa sahibinin oğluna bir qeyri kömək göstərə bilmirdi. Biz həmi bir-birimizi daşlayırdıq, həmi bir-birimizi söyürdük. Söyüşlərimiz bu qəbildən idi: “Ay sənin ananı... filan və filan”.. “Ay sənin bacının... filan və filan”. “Köpək oğlu və it oğlu”, “ söyüşləri burada o qədər vec vermirdi; səbəb bu ki, toqquşmamız adi bir toqquşmalardan deyildi ki, söyüşlər də adi olsunlar. Hətta mən ona burada hirsimdən elə bir söyüş göndərdim ki, Şirəli qeyzindən ağladı və həmin söyüşü ağlaya-ağlaya mənə geri qaytaranda öz atası Hacı Bayram həyətdən eşitdimi, eşitmədimi, ancaq gördüm ki, kişi düz gəldi yapışdı oğlunun qulağından və çəkə-çəkə apardı həyətinə və dübarə həyətdən çıxdı, mənə tərəf səsləndi:
    -Ədə, vələdüzzina, düz yolunnan çıxıb gedə bilmirsən? Mən dinmədim və oturdum divarın dibində. Ürəyim elə yanırdı ki, az qalırdım yerdəki buzu götürəm soxam boğazıma. Buz da öz işində, əriməkdə idi. Genə özümü saxlaşdıra bilmədim və əlimdəki daşnan buzun bir tərəfini əzdim basdım ağzıma və bir alma yekəlikdə qalan buzu istədim qoyam yerə. Ancaq burada xalam yadıma düşdü və istədim duram qaçam evə və qalan buzu yetirəm azarlıya. Və burada baxdım ki, Şirəli durub darvazasının ağzında və mənə tərəf baxır. Mən də dinmədim və düşdüm yola, evimizə tərəf. Burada Şirəlidən elə bir söz eşitdim ki, dəxi məcbur oldum dayanam və ona cavab verəm.
    Şirəli uzaqdan məni haraylayırdı:
    -Hə, beləcə it kimi qorxub qaçarsan ha!
    Allahü-əkbər... Axı bu söz yaxşı söz olmadı. Burada Şirəli mənə hər nə desə idi, genə qulaqardına vurub özümü yetirərdim evə; çünki xalamın ərindən də qorxurdum və bir az da anamdan qorxurdum. Amma, axı, Allah da görür ki, Şirəli nahaq söz danışdı, çünki mən onun nəyindən qorxurdum ki! İndi gedirəm evə.
    Mən çöndüm dayandım və Şirəliyə belə cavab qaytardım:
    -Ədə, köpək oğlu köpək, mən sənin nəyindən qorxurdum?
    -Köpək oğlusan da, it oğlusan da!
    Biz başladıq bir-birimizə yavıq gəlməyə. Ehtiyat üçün buz tikəsini genə qoydum divarın dibinə və o mənə, mən ona yavıq dəldik və bir-birimizə söyə-söyə yetişdik, çatışdıq və düşdük yumruq döyüşünə və sonra da əlbəyaxa olduq.
    Bir az bir-birimizi cırmaqlayandan və kötəkləyəndən sonra bir də gördüm ki, qoca bir kişinin qucağındayam. Bir nəfər də çarşovlu arvad və bir-iki də oğul-uşaq Şirəlini çəkə-çəkə apardılar evlərinə tərəf. Mən istədim qoca kişinin əlindən dartınıb çıxam, hərifin üstünə hücum edəm, burada mən birdən ayıldım, sakit oldum kürəyimdə naqafil bir bərk yumruğu hiss edən kimi başımı qalxızdım.
    Məni vuran xalamın əri idi. Bundan onun hirsi hələ soyumadı: yumruğunu qalxızmışdı genə yendirsin, qoyub qaçdım evə tərəf.
    Xalamın ərini dalımcan gələn görmədim; yəqin ki, o da bazara tərəf getdi. Sonra bildim ki, gəlib evdə məni bazardan gəlmiş görməyib, qayıdıb bazara ki, buzu özü alıb gətirsin.
    Utandığımdan azarlının yanına getmədim; ancaq anam uzaqdan məni görəndə bircə bunu dedi:
    -A balam, sənin görüm ciyərin yansın, necə ki, yazıq azarlı arvadın ciyərini yandırdın.
    Xalam məni çox istərdi; onunçun da sonra mən bildim anam mənə bu qarğışı eləyəndə xalam anama belə deyib:
    -Ay qız, Sara, sən Həzrət Abbas, uşağa elə qarğış eləmə!
    Bir neçə gündən sonra xalam vəfat etdi. Mən o günü nə ağladım və nə də dərd elədim, necə ki, cəmi mənim kimi bacı uşağı xalasının ölümünə nə ağlar və nə də dərd edər.
    Bununla belə bircə şey yadımdan çıxmadı və indiyə kimi məni gahdan bir narahat etməkdədir.
    Nədi o? - Onun adı “buz”dur.
    Xüsusən yay fəsilləri ki, bir tərəfdən bizim isti iqlimdə ki, yayın istisinin şiddətindən nəinki xəstələr, bəlkə salamat adamın da vaxt olur ki, ciyəri yanır.
    Və yay fəsli arabalarda daşınan ağ və təmiz duru buz kərpiclərini görəndə xalam yadıma düşür və öz-özümə deyirəm: o xoşbəxt ki, indi onun ürəyi yanır, bu buzu aparıb ona verəcəklər ki, ürəyi sərinlənsin. Və çox-çox daha da xoşbəxt adamlar var ki, bu buzlar onların ləziz yeməkləri mə marojnalarına sərf olunur. Amma mənim xalam odlu qızdırmanın içində ürəyi yanmaqda olduğu halda, bircə tikəsinə həsrət qaldı və iki gün sonra ölüb getdi.
    Kimin qüsuru ucundan? Mənimmi, ya yox? Kimdədir taqsır? Məndədirmi ki, itlər ilə dalaşmağa məşğul olub xalamın buzunu odlu torpağın içində əritdim? Ya bəlkə günahkar təbiətdir ki, daş kimi bərk bir buzu istidən suya döndərir? Ya bəlkə günah heç birimizdə deyil?! Ondan ötrü ki, mən tək tərbiyə görməyən on yaşında bir uşağın həmin rəftarı çox təbiidir, necə ki, buzun gün qabağında əriməyi təbiidir.
    Məqsəd suallara cavab vermək bə belə-belə fənni məsələləri açmaq deyil. Və heç bir məqsəd yoxdur.
    Ancaq hər bir yay fəsli küçələrdə arabalarda buz sallarını4 görəndə, bir tərəfdən o buzu şampanskilərə və ləzzəti marojnalara işlədən xoşbəxtlər gözümün qabağına gəlir və eyni zamanda xalamın “ciyərinin yanmağı” yadıma düşür.
    Nə qədər ki uşaq idim, yadıma düşməzdi, elə ki yekəlib ağlım kəsdi, buz əhvalatı mənə hər biri yeri düşəndə dərd olur. Bir tərəfdən də on dörd yaşında olduğum vaxt ölümcül azarlı xalamı bir qəpiklik buza həsrət qoymağım yadıma düşür.



  4. #4
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart

    Saqqallı uşaq

    Bu hekayəni nağıl eləməmişdən qabaq bunu istəyirəm deyəm ki, bir para uşaqlarda belə bir pis xasiyyət olur ki, əllərinə karandaş düşən kimi başlayırlar evin divarlarını yazmağa. Hələ çoxusu kömürnən də, təbaşirnən də yazır. Hələ sən kömürü və təbaşiri deyirsən, mən elə pis uşaq görmüşəm ki, əlinə mismarı, ya bıçağı alıb divarları cızıb xarab eləyir.
    Nədənsə, divar yazan uşaqlarnan mənim aram yoxdu; ondan ötrü ki, həylə sən yaxşı uşaqdan və könlün məşq eləmək istəyir, götür kağızı, qələmi, bir yerdə otur və nə qədər kefindir, yaz.
    İndi keçək nağılımıza.
    Mən elə bilirdim ki, bizim uşaqlar özgə uşaqlar kimi o qədər də divar yazan deyirlər; çünki çox nəsihət eləmişdim və onlar da mənə söz vermişdilər ki, divarları yazmayacaqlar. Amma axır vaxtlarda gördüm ki, balkonun divarında, qapının dalında bir xəlvət yerdə bir belə şəkil çəkilib; deyəsən, bir heyvan başıdır, qulaqları da deyəsən var, bir-iki ayağı da var, altında beş dəfə əlif yazılıb və bundan savayı beş-altı yumru şey çəkilib. Bunların hamısı karandaş ilə yazılıb, elə naşı kobud yazılıb ki, bunu uşaqdan savayı heç kəs yaza bilməz.
    Xoşuma gəlmədi, çağırdım uşaqları:
    -Ədə, genə divarları yazırsınız?
    Üçü gəldi durdu yazının qabağında.
    -Hansınız yazmısınız?
    Üçü də dandı.
    -Elədə pəs şeytan yazıb?
    -Dədə, vallah mən yazmamışam.
    -Dədə, mən də yazmamışam.
    Balaca Qurban da “mən yazmamışam” deyə-deyə əllərini üzünə qoyub ağlamağa başladı.
    Mən deyinə-deyinə bir əski tapıb yazıntı təmizlədim və deyinə-deyinə çəkildim getdim. Amma bunu eşidirdim ki, Heydər Teymura deyirdi: - Sən yazmısan. - Teymur da Heydərə deyirdi: - Sən özün yazmısan.
    Burada ağlayan oğlum Qurban qaça-qaça gəldi yanıma, guya ki, bir böyük xəbər gətirib.
    -Dədə, o yazını Heydər yazıb; vallah, dədə, Heydər yazıb.
    Heydər də acıqlı-acıqlı gəldi durdu Qurbanın qabağında və əllərini ata-ata elə hirsnən cavab verdi ki, az qalırdı əllərini soxa uşağın gözünə.
    Mən acıqlandım və üçü də sakit olub istədilər gedələr, mən onları saxladım və bunu dedim:
    Mən bircə bunu soruşdum ki, divara yazdığının mənası nədir?
    Mənası bu imiş: Kəblə Əzim istəyirmiş bir inək çəkə və inəyin altında yazdığı beş cızığın mənası bu imiş ki, mən ona beş manat inək yağından borclu qaldım. Girdə yazılar yumurtadan qalan borcumun hesabı imiş. Mən genə güldüm və uşaqlarımı çağırdım və onlara belə dedim:
    -Uşaqlarım, uşaqlarım, gəlin, bura gəlin.
    Uşaqlar doluşdular və gözləri divara sataşan kimi çox-çox təəccüb elədilər və məndən soruşmağa başladılar:
    -Dədə, bunu kim yazıb?
    Dedim:
    -Balalarım bu yazını yazan da sizin kimi uşaq idi; ancaq bircə təvafütünüz oradadır ki, onun saqqalı var, sizin hələ saqqalınız yoxdur.
    Uşaqlar gülüşdülər və məlum ki, bunların gülüşüb şad olmaqlarına böyük bir səbəb var idi ki, hər bir oxucuya aşikar olsun gərək.


Giriş

Giriş