Azərbaycan dili (Азәрбaјҹaн дили, آذربايجان ديلی), Türk dilləri qrupuna aid dil. Azərbaycan Respublikasının rəsmi dövlət dilidir.
Azərbaycan dilindən rəsmi dövlət dili olduğu Azərbaycan Respublikasıyla yanaşı İran, İraq, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna ərazisində geniş istifadə olunur.
Azərbaycan Respublikası ərazisində bu dilinin 4 dialekti var:
- Şərq dialekti — Quba, Şamaxı, Bakı, Muğan və Lənkəran dialektikləri
- Qərb dialekti — Qazax, Qarabağ, Gəncə dialektləri
- Şimal dialekti — Nuxa və Zaqatala-Qax dialektləri
- Cənub dialekti — Naxçıvan, Ordubad, İrəvan dialektləri
Dialektlər bir-birindən fonetik xüsusiyyətlərinə görə fərqlənirlər.
Azərbaycan türkcəsi Türkiyə türkcəsinə və qıpçaq türkcəsinə daha yaxındır. Fonetik xüsusiyyətinə görə "ə" foneminin bütün pozisiyalarda işlənmə tezliyi ilə fərqlənir.Fonetik xüsusiyyətləri
Türk dillərindən biri kimi müasir Azərbaycan dili özümlü xüsusiyyətləri ilə fərqlənən fonetik və qrammatik quruluşu olan bir dildir. Öz fonetik qanunauyğunluqlarına görə, bu dildə əmələgəlmə yerinə görə fərqlənən saitlər, yəni ön sıra (i, ü, e, ə, ö) və arxa sıra (ı, u, a, o) saitlər eyni bir söz və ya sözforma daxilində işlənə bilməz ("işıq", "ildırım" kimi "i" saiti ilə başlayan bir neçə söz istisnadır): eyni zamanda bu dildə dilortası samitlərin (g, k) arxasıra, dilarxası saitlərin (k, q, ğ, x) ön sıra saitlərlə bir hecada işlənməsi də mümkünsüzdür.
Azərbaycan dilinin fonem tərkibində 15 sait və 25 samit vardır. Bu 40 fonem Azərbaycan əlifbasında 32 hərflə işarə edilir.
Azərbaycan dilində 9 qısa (i, ü, e, ö, ə, a, o, u, ı), 6 uzun (i:, e:, ö:, ə:, a:, u sait var. Uzun saitlər bu dil üçün səciyyəvi deyil, onlar demək olar ki, yalnız alınma sözlərdə çox az hallarda işlənir.
Fonetik vurğu, bir qayda olaraq, sonuncu hecaya düşür. Fonematik vurğunun yeri sözün mənasından asılı olaraq dəyişmir: alma' - 'alma.
Azərbaycan dilində söz əvvəlində işlənməyən 2 fonem var: ı saiti və ğ samiti.Sintaktik xüsusiyyətləri
Azərbaycan dilinin morfoloji quruluşuna əsas (isim, sifət, say, əvəzlik, zərf, fel) və köməkçi (qoşma, bağlayıcı, ədat, modal sözlər, nida) nitq hissələri daxildir.
İsimlərin kəmiyyət, mənsubiyyət, hal, xəbərlik kateqoriyaları var. Bu kateqoriyalar isimləşən (substantivləşən) digər nitq hissələrinə də aiddir.
Azərbaycan dilində ismin 6 halı (adlıq, yiyəlik, yönlük, təsirlik, yerlik, çıxışlıq), felin 5 (şühudi keçmiş, nəqli keçmiş, indiki, qəti gələcək, qeyri-qəti gələcək) zamanı var. Felin şəkil kateqoriyası 6 formanı (əmr, arzu, şərt, vacib, lazım, xəbər) əhatə edir.
Fellər subyekt, obyekt, hərəkətin münasibətinə görə müxtəlif 5 qrammatik növdə (məlum, məchul, qayıdış, qarşılıqlı-müştərək, icbar) işlənə bilir.
Azərbaycan dilinin sintaktik qanununa görə, bir qayda olaraq, mübtəda cümlənin əvvəlində, xəbər cümlə üzvü sonda, təyin təyin etdiyi sözdən qabaqda gəlir.
Azərbaycan dilində sözyaradıcılığında əsasən morfoloji (dəmirçi, üzümçü, təbliğatçı; dəmirçilik, üzümçülük, təbliğatçılıq; dolça, qazança, otluq, meşəlik; qaldırıcı, endirici; sevinc, gülünc; yavaşca, indicə və s.) və sintaktik (otbiçən, vaxtamuzd, boyunbağı, gündoğan, sarıköynək, əlidolu, adlı-sanlı, qırxayaq, beşaçılan və s.) üsullardan istifadə edilir.